10 İyun 2026 09:10
200
Mədəniyyət
A- A+
"Günah"ı bir neçə baş mal-qaraya sahib olması idi

"Günah"ı bir neçə baş mal-qaraya sahib olması idi


5-6 ay idi ki, Soltan bəyin qapısını döyməyən, harada olduğunu soruşmayan az adam tapılardı. Kənd soveti, kolxoz şurasının üzvləri, hətta rayon mərkəzindən gələn məsul işçilər də hər qarşılarına çıxandan Soltan kişinin yerini xəbər alırdılar. Kolxoz quruculuğunun "fəal" komsomolçu gənclərindən Soltan bəyin hərdən gecələr evinə gizli gəlib-getdiklərini araşdıranlar da olmuşdu. 

Şamaxının Qaraqışlaq sovetliyinin Eloba kəndinin keçmiş bəyi Soltan Mehdi oğlu Əkbərov 1933-cü ildə 3 illik sürgündən qayıdandan sonra sanki həyatdan küsmüşdü, bəzi həmkəndlilərindən incimişdi. Əmisi Ağababanı və uşaqlarını erməni bolşeviklər 1918-ci ildə gözləri qarşısında vəhşicəsinə qətlə yetirmiş, evlərini talan etmişdilər. O zaman Soltan təsadüf nəticəsində sağ qalmışdı. İndi isə erməni quldurlarından fərqli olaraq, yeni qurulan şura hökuməti o biri əmilərinin və atasının var-dövlətini əlindən almış, özlərini də qolçomaq elan etmişdi. 

Kənddə sovetləşmə, kolxoz quruculuğu başlanandan Soltan kişiyə "sən bizim düşmənimizsən" deyib, ona qara yaxanlar da tapılmışdı. Kəndin hörmətli adamlarından olan Soltan təsərrüfatında daimi işləyən iki fəhləni, eləcə də mövsümi işlərdə çalışan iki kəndlini "istismar" etdiyinə görə 1929-cu ildən 1933-cü il dekabrın 19-dək adı "kulak"ların və səsdən məhrum edilənlərin siyahısına salınmışdı. El-oba məclislərində yuxarı başda əyləşən, məsləhət-məşvərətdə sözü hesaba alınan Soltan kişini yığıncaqlara, tədbirlərə yaxın buraxmırdılar. "Sən mülkədar olmusan, sən qolçomaqsan", - deyə 1929-cu ildə bolşeviklər Soltan bəyin 8 hektar əkin sahəsini əlindən alıb 1 hektarından istifadə etməyə - "orada da nə əkib-becərsə filan qədərini kolxoza təhvil vermək" şərtilə izacə vermişdilər. Üstəlik, mal pəyəsini, şum malasını,  suvuranını, dəvəsini, atını, 2 camışını, 2 inəyini, 4 öküzünü, 60 qoyununu, 10 keçisini, yaşadığı evi, bir sözlə, nəyi varsa, əlindən alıb vermişdilər yeni qurulan kolxoza. Soltan bəyin qapısında bir araba, bir ulaq, 5-6 qoyun-keçi qalmışdı. Bunun üçün də Allahına şükür edən Soltan Əkbərov əkin-biçinlə, qoyun-quzu saxlamaqla külfətini dolandırırdı. Bunu da gözü götürməyən bolşeviklər 1931-ci ildə başladılar təzədən onun qapısını döyməyə ki, şura hökuməti qurulmamışdan əvvəl varlı olmusan, tutulmalısan. Onlar dəfələrlə yaşadığı evə soxularaq - gəvə, kilim, yorğan-döşək, stol-stul, samovar, qab-qacaq... "evdə nə varsa, kolxoza təhvil verməlisən" adı ilə silib-süpürmüşdülər.

1931-ci ildə Soltan Əkbərovu həbs etdilər. İstintaq-sorğu materiallarında "NKVD" müstəntiqinin suallarına cavabında Soltan bəyin əkin sahəsində işləyən kəndlilər etiraf edirlər ki, "Bizi məcbur etməyiblər, işləyib haqqımızı almışıq". Yeni hökumətin "NKVD" işçiləri isə, - "Yox, Soltan bəy, sən günahkarsan, cinayətkarsan - onları istismar etmisən...", - deyirdilər.

Beləliklə, Xalq Daxili İşlər Komissarlığı Kürdəmir rayon şöbəsi tərəfindən toplanan istintaq materiallarına əsasən, bütün varidatı əlindən alındığına baxmayaraq, Soltan Mehdi oğlu Əkbərov əvvəllər mülkədar olduğuna, kolxoza və artelə üzv yazılmadığına, kolxoz quruculuğuna qarşı çıxdığına görə 1931-ci ildən 1933-cü ilədək azadlıqdan məhrum edilərək sürgünə göndərildi. Ailəsi, qohumları yerini-yurdunu da bilmədilər.

Soltan Əkbərov sürgündə olanda həyat yoldaşı Tamam Baxış qızı böyük minnətlə birtəhər kolxoza üzv yazılmışdı. Axı, o dövrlər "xalq düşməni"nin ailəsini kolxoza, uşaqlarını məktəbə yaxın buraxmırdılar. Çoxuşaqlı ana bu qınağı bir az yumşaltmaq üçün azyaşlı 6 uşağını damın altında qoyub gecə-gündüz kolxoz işində çalışır, fərqlənmək istəyirdi. 13 yaşlı Züleyxaya, 10 yaşlı Məmmədə, 9 yaşlı Qarakişiyə, 6 yaşlı Gövsərə və 3 yaşlı Gülxanıma evin böyük qızı 14 yaşlı Zeyvə baxırdı. Evin bütün qayğıları onun öhdəsinə düşmüşdü. Qonum-qonşular Soltan bəyin ailəsi ilə münasibət saxlamağa qorxurdular. İstəyənlər də təsadüfdən-təsadüfə, axşamlar gəlib-gedirdilər. Tamam kolxozun işindən baş açan kimi balalarını başına yığıb həyətindəki dirriklə məşğul olur, toyuq-cücə, qoyun-keçi saxlayır, kimsənin minnətini götürməmək üçün min bir əzab-əziyyətə qatlaşaraq övladlarını böyüdürdü.

Haqsızlığa təkcə Soltan bəy yox, Eloba kəndində çoxları, o cümlədən yaxın qohumu Hacıbaba və Polad bəy də tuş gəlmişdi. Soltan Əkbərov sürgünə göndərilməmişdən bir neçə həftə öncə eşitmişdi ki, kənddə babat dolanışığı olan, qapısında bir atı, beş-on qoyun-keçisi, bir inəyi olan çox adamın mal-qarasını əlindən alıb kolxoza veriblər. Bəzilərini səsvermə hüququndan məhrum etmiş, bir neçəsini də "kulak" adıyla qazamata salmışdılar.

El qınağı ağır olar, deyiblər. Hamı bilirdi ki, Soltan bəy günahsızdı, Soltan kişinin ailəsi o qınağa layiq deyil. Ancaq nadanlar, nanəciblər, yediyi çörəyə kəm baxanlar, qisas arzusunda olanlar, ən nəhayət, bolşevik kommunistlər və komsomolçular bunun fərqinə varmırdılar. Elə buna görə də Soltan Əkbərov 1933-cü ildə sürgündən qayıdandan sonra kəndə, doğma ev-eşiyinə uyuşa bilmirdi. Gələndən kolxoza üzv də yazılmışdı, amma həyatla, özüylə bacara bilmirdi. Odur ki, hamıdan xəbərsiz qonşu kənddə özünə balaca bir həyətyanı sahə almışdı, yurd-yuva düzəltmişdi. Elə kəndə, evinə gizlin gəlib-getməyinin bir səbəbi də o idi ki, yaxın vaxtlarda ailəsini də götürüb sakitcə kənddən birdəfəlik çıxıb getsin.

Soltan Əkbərov haqsızlıqla barışa bilmirdi. Zəmanədən, üzüdönüklərdən inciyəndən elə-obaya qarışmırdı. Gündüzünü-gecəsini meşədə ovçuluq etməklə keçirirdi. Soltan bəy meşədə vəhşi heyvanlarla bir yerdə yaşamağı camaatın var-dövlətindən, kolxoz yaradan kommunistlərlə, komsomolçularla, satqın və simasızlarla bir yerdə yaşamaqdan üstün tuturdu. Qız nəvəsi Səfalı Osmanov deyir ki, mən uşaq olanda böyüklərdən eşitmişdim ki, o vaxt ərki çatan yaxınlar babama təkidlə "A kişi, daşı ətəyindən tök, gəl, evində-eşiyində, ailənin içində yaşa" deyəndə o, "İtlə, pişiklə bir yerdə yaşamağa razıyam, amma kommunistlə, komsomolçuyla yox, nadanla, namərdlə bir kənddə üz-üzə gəlməkdənsə, meşədə heyvanlarla yaşamaq mənə daha rahatdır" deyərmiş.

1937-ci il. Payızın orta ayı idi. Sanki ağaclar da Soltan bəydən üz döndərmişdi. Daş palıddan başqa meşədə barmaqla sayılası qədər yarpağı tökülməmiş ağac qalmışdı, meşə dizəcən saralmış otun və xəzəlin içində idi. Haradansa atlı gedəndə, mal-heyvan keçəndə aydınca görünürdü. Komsomolçular Soltan Əkbərovun gecələdiyi yeri elə xəbər vermişdilər ki, hökumət adamları nəhəng çəkil ağacının altında qarğıdan, qamışdan çatılmış, ağac şaxı ilə örtülmüş balaca koma "evi" tapmaqda heç bir çətinlik çəkmədilər.

Soltan bəy atın fınxırtısına yuxudan hövlnak ayılıb çölə çıxanda gördü ki, əlisilahlı milis nəfərləri onu dörd tərəfdən mühasirəyə alıblar. Yaxınlıqdakı alça ağacına bağladığı atının yüyəni isə həmkəndlisi, təzə kolxoz sədrinin əlində idi. Hökumət adamları Soltan bəyi dan söküləndə Gəgəli kəndinin yaxınlığındakı meşəlikdən çıxarıb kənddəki kolxoz idarəsinin qabağına gətirdilər. Orada da qolunu qandallayıb üzü Kürdəmirə, rayon mərkəzinə tərəf aparanda kənd camaatı bir-birinə dəydi. Gəgəli kəndi məsafəcə Eloba kəndinə yaxın olduğundan Soltan bəyi burada da yaxşı tanıyırdılar. Bəd xəbər bir an içində Elobaya da çatdı. Ailəsi, qardaşları, qohum-əqrəba, bir sözlə, kənddə böyükdən kiçiyə hamı bildi ki, "NKVD" işçiləri Soltan bəyi tutub.

Soltan Mehdi oğlu Əkbərov barəsində 1937-ci il noyabrın 9-da başlanan cinayət işinə 11 gündən sonra - noyabrın 20-də yekun vuruldu. Komsomolçuların şahidlik ərizələrinə istinadən məhkəmə prosesində hətta o da məlum oldu ki, Soltan bəy guya əmiləri və digər yaxın qohumları ilə gizli danışığa girib kolxozun klubunu, ot tayasını yandırmağa cəhd göstərib. İfadəyə fikir verək: yandırmayıb ha, yandırmağa cəhd göstərib. Bunu komsomolçular biliblər. Məhkəmədə Soltan bəyin işinə komsomolçu və bolşeviklərin yazdıqları yalan məlumatlar, cansız kağızlar "şahidlik" ediblər. "Ot tayası niyə yanmayıb, klubda niyə yanğın olmayıb, bu təxribatın qarşısı necə alınıb" - soruşan olmadı. Kommunistlərin və komsomolçuların arayışlarından o da "sübuta yetirildi" ki, Soltan bəy kolxoza nəzərdə tutulan miqdarda vergi ödəməkdən imtina edib, kənd camaatı arasında antisovet təbliğatı aparıb. Nəticədə 5 kənd sakini kolxoz üzvlüyündən çıxıb, başqa-başqa kəndlərdə mövsümi işlərlə məşğul olub.

Əslində, bu adamlar kənddə hamının yaxşı tanıdığı bənna Əli, suvaqçı Məmməd, dülgər Əhməd, bıçaq-qayçı itiləyən dəli Qəşəm, kənkan Əkbər və bu kimi sənət sahibi olan adamlar idi ki, kəndbəkənd gəzib ona-buna müəyyən işlər görür, kiminə hasar çəkir, kiminə ev tikir, kiminə pəyə qurur, kiminə qapı-pəncərə düzəldirdilər.

Beləliklə, komsomolçuların və "fəal" kolxoz üzvlərinin şahidliyi ilə keçən 10 günlük məhkəmə prosesində Soltan Əkbərov Xalq Daxili İşlər Komissarlığının xüsusi üçlüyünün 22 noyabr 1937-ci il tarixli qərarı ilə əmlakı müsadirə olunmaqla 10 il müddətinə uzaq Sibirin şimal sərhədlərinə sürgün edildi.

O gündən "xalq düşməni" kimi tanınan Soltan Əkbərovun ailəsi, yaxınları uzun illər bilməyiblər ki, 50 yaşlı Soltan kişi haradadır, ölübmü, qalıbmı?! 10 il onun ata gözləyən övladları, həyat yoldaşı 1947-ci ildən sonra aidiyyəti ünvanlara müraciətlər yazıb cavablar gözləyiblər. Övladlarının 1958-ci ildə respublika Dövlət Təhlükəsizliyi Komitəsinə müraciətindən sonra məlum olub ki, Soltan Əkbərov Azərbaycan Respublikası XDİK-in xüsusi üçlüyünün, yuxarıda qeyd etdiyimiz 22 noyabr tarixli qərarına əsasən, 29 noyabr 1937-ci ildə cəza müddətini başa vurduqdan sonra Azərbaycana qayıtmamaq şərtilə uzaq Sibirə sürgün olunubmuş. Eyni tarixli qərarla onun yaxın qohumları - Gəgəli kəndinin sakinləri Hacıbaba və Polad Cəbiyev qardaşları da "qolçomaq" adı ilə əmlakları müsadirə olunmaqla həmin gecə Bakıda saat 24.10 dəqiqədə güllələnibmişlər.

1920-ci ildə rus imperiyasının XI qırmızı ordusu tərəfindən işğal olunan Azərbaycanda bu və bu kimi ailə faciələrinin yaranmasında, yaşanmasında yeni hökumətin özü maraqlı idi. Kimliyindən və nəçiliyindən asılı olmayaraq istədiyi tərəflər arasında qarşıdurma yaradır, hədə-qorxu, şantaj və terror yolu ilə əvvəl adamların var-dövlətini, sonra da güllələnməyə məhkum etməklə və ya uzaq Sibirin qarlı-şaxtalı meşələrində, Qazaxıstanın insan yaşayışı mümkün olmayan gedər-gəlməzlərində yaradılmış xüsusi ölüm düşərgələrinə sürgünə göndərilməklə canını alırdı. Bununla da sovet hökuməti camaatın gözünün odunu alır, "Məni bəyənməsən, səni bundan da betər edərəm!" hədəsi ilə yerdə qalanlara ismarıc göndərirdi. 

 

Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Antoniu Joze Sequruya  

12:03
10 İyun

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb

12:02
10 İyun

Qazaxıstan HDQ hərbi qulluqçuları Xəzər akvatoriyasında döyüş təlim tapşırıqlarını yerinə yetiriblər

11:59
10 İyun

Bu ilin yanvar-may aylarında əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

11:43
10 İyun

Yohannesburqda kütləvi atışma nəticəsində 12 nəfər ölüb

11:37
10 İyun

Rusiyanın Çeboksarı şəhəri və Samara vilayəti raket və dron hücumlarına məruz qalıb

11:16
10 İyun

İran XİN Vaşinqtonu Yaxın Şərqdən qoşunlarını çıxarmağa çağırıb

11:08
10 İyun

Ötən gün axtarışda olan 181 nəfər saxlanılıb

11:03
10 İyun

Ölkədə əmək müqavilələrinin sayı artıb

10:59
10 İyun

Avropada müşahidələr tarixində ikinci ən isti may ayı qeydə alınıb  

10:48
10 İyun

Azad edilmiş ərazilərdə 5 hektardan bir parselləşmə işlərinin həyata keçirilməsi nəzərdə tutulur  

10:38
10 İyun

Dünya bazarında qızıl 58 dollar ucuzlaşıb

10:31
10 İyun

BŞDYPİ “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi şirkətlərinə müraciət edib  

10:27
10 İyun

Çinin Azərbaycandakı səfiri II Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü münasibətilə məqalə yazıb

10:24
10 İyun

Dünya birjalarında neftin ucuzlaşması davam edir

10:18
10 İyun

Xəzər dənizində zəlzələ olub

09:36
10 İyun

Azərbaycan nefti 95 dollara satılır

09:27
10 İyun

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

09:26
10 İyun

Mərkəzi Komandanlıq: ABŞ helikopterin vurulmasına cavab olaraq həyata keçirdiyi zərbələri yekunlaşdırıb

09:25
10 İyun

Uzunömürlülüyün sirləri

09:25
10 İyun

Səhnənin və ekranın unudulmaz sənətkarı

09:20
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!