Azərbaycanda uzun illərdir formalaşmış yanaşmaya görə, uşaqlar gələcək peşə seçimlərini maraq və bacarıqlarına deyil, toplaya biləcəkləri bala uyğun müəyyənləşdirirlər. Bu düşüncə tərzi dəyişmədiyi müddətdə təhsil sistemində arzulanan nəticələrə nail olmaq çətin olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, bu gün uşaqlardan tez-tez “balım çatsa həkim olacağam, çatmasa biologiya müəllimi, o da alınmasa aqronom” kimi fikirlər eşidilir.
"Təxminən otuz ildir davam edən bu yanaşma təhsil seçimlərini maraq və bacarıqlardan daha çox imtahan nəticələrinə bağlayır. Bütün diqqətini topladığı bala və gələcəkdə qəbul olacağı ixtisasa yönəltmiş uşaqlarda digər sahələrə maraq formalaşdırmaq asan olmur. Belə olan halda uşağa nə qədər hüquq təhsili versəniz də, onun marağını və motivasiyasını formalaşdırmaq çətinləşir. Buna görə də yanaşmanı dəyişməliyik. Bu, uşağın günahı deyil, cəmiyyətin onun üzərinə qoyduğu yükdür”, – deyə nazir vurğulayıb.
Emin Əmrullayev ibtidai təhsilin keyfiyyətinin artırılmasının xüsusi əhəmiyyət daşıdığını da diqqətə çatdırıb.
"İbtidai təhsil pilləsində tətbiq edilən yeni yanaşmalar gələcəkdə daha keyfiyyətli nəticələrin əldə olunmasına imkan verəcək. Bu gün keçirilən sertifikatlaşdırma imtahanları da məhz ibtidai təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir”, – deyə Emin Əmrullayev bildirib.