26 May 2026 15:07
1083
Təhsil
A- A+
2026/2027-ci tədris ili üzrə doktoranturaya yeni qəbul qaydaları açıqlanıb

2026/2027-ci tədris ili üzrə doktoranturaya yeni qəbul qaydaları açıqlanıb


Azərbaycan Respublikasında elmi potensialın gücləndirilməsi, innovativ iqtisadiyyatın tələblərinə cavab verən yüksəkixtisaslı elmi kadrların hazırlanması dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu istiqamətdə atılan addımların növbəti mərhələsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 14 may tarixli sərəncamı mühüm hüquqi və strateji əhəmiyyət kəsb edir. Sözügedən sərəncam ilə "2026-cı il üçün doktorant hazırlığı üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara qəbul" təsdiq edilib. Bu qərar ölkəmizin elmi və akademik mühitində köklü dəyişikliklərin, struktur yenilənmələrinin və keyfiyyət islahatlarının göstəricisidir.

Yeni təsdiq olunmuş qəbul planı və tətbiq ediləcək yeni qaydalar barədə Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan SÜLEYMAN "Azərbaycan" qəzetinə açıqlama verib. O, ölkəmizdə doktorantura təhsilinin həm kəmiyyət, həm də keyfiyyət baxımından tamamilə yeni bir formata keçdiyini bildirib. Qeyd olunub ki, həmin islahatların əsas hədəfi elmi tədqiqatların səmərəliliyini artırmaq, gənc tədqiqatçıları stimullaşdırmaq və respublikanın elmi müəssisələri ilə ali təhsil ocaqları arasında inteqrasiyanı gücləndirməkdir.

Turxan Süleyman diqqətə çatdırıb ki, təsdiq edilmiş plana əsasən, 2026/2027-ci tədris ili üçün respublika üzrə doktorantura səviyyəsinə ümumilikdə 1388 yer ayrılıb: "Bu rəqəm ölkəmizdə elmi fəaliyyətə marağın və dövlət tərəfindən bu sahəyə ayrılan diqqətin əhəmiyyətli dərəcədə artdığını sübut edir. Ötən ilin müvafiq dövrü ilə müqayisə apardıqda, qəbul yerlərinin sayında kəskin artım dinamikası müşahidə olunur. Belə ki, qəbul yerlərinin sayı ötən illə müqayisədə 213 yer, yəni təxminən 18 faiz artırılıb. Bu genişlənmə ölkəmizin müxtəlif sahələr üzrə artan elmi kadr tələbatının ödənilməsinə xidmət edir".

Şöbə müdiri qeyd edib ki, struktur baxımından coğrafi və institusional şaxələnmə kifayət qədər genişdir. Cari tədris ilində qəbul prosesi respublika üzrə 90 müəssisəni əhatə edəcək. Bura ölkənin qabaqcıl universitetləri ilə yanaşı, müxtəlif profilli elmi-tədqiqat institutları və mərkəzləri də daxildir. Qəbulun planlaşdırıldığı elmi istiqamətlərin spektri də olduqca genişdir, belə ki, namizədlərə təxminən 300-ə yaxın fərqli ixtisas üzrə tədqiqat aparmaq imkanı yaradılır. Ayrılmış ümumi yerlərin təsisat daxili bölgüsünə nəzər saldıqda aydın olur ki, yerlərin böyük hissəsi akademik mühitə yönəldilib. Belə ki, plan yerlərinin 65 faizi ali təhsil müəssisələrinin, 35 faizi isə elmi müəssisə və təşkilatların (müxtəlif elmi-tədqiqat institutlarının) payına düşür.

Bildirilib ki, 2026/2027-ci tədris ili üzrə doktorantura qəbulunun ən mühüm və inqilabi xüsusiyyətlərindən biri təhsilin maliyyələşmə modelinin tamamilə dəyişdirilməsidir. Elm və Təhsil Nazirliyinin rəsmisinin qeyd etdiyi kimi, son 2 ildə ölkə üzrə ali təhsil müəssisələrinin doktorantura səviyyəsinə qəbul olan bütün şəxslər istisnasız olaraq yalnız dövlət sifarişi hesabına - tamamilə ödənişsiz əsaslarla təhsil alırlar. Bu, 2026/2027-ci tədris ilində də qətiyyətlə davam etdiriləcək. Növbəti tədris ili üçün ali təhsil müəssisələrinə müraciət edən və qəbul imtahanlarından uğurla keçən bütün doktorantların yalnız dövlət sifarişi üzrə qəbulu proqnozlaşdırılır. Bu addım elmlə məşğul olmaq istəyən istedadlı gənclərin qarşısındakı maliyyə maneələrini tamamilə ortadan qaldırır. Eyni zamanda son iki ildə həyata keçirilən digər bir struktur islahatı ondan ibarətdir ki, doktorantura səviyyəsi üzrə qəbul prosesi yalnız və yalnız fəlsəfə doktoru proqramı üzrə aparılır və bu təcrübə növbəti ildə də qorunub saxlanılacaq. Beləliklə, dövlət resursları hədəfəyönümlü şəkildə birbaşa elmi dərəcə iddiaçılarının keyfiyyətli tədqiqatlarına yönəldilir.

Turxan Süleyman qeyd edib ki, 2026-cı ilin doktorantura islahatları sırasında təhsil tarixində ilk dəfə tətbiq olunacaq ən böyük yenilik SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığının planlaşdırılmasıdır. Bu innovativ proqram ölkəmizdə elmi kadr hazırlığının beynəlxalq standartlara inteqrasiyasını sürətləndirmək məqsədi daşıyır və bir neçə xüsusi göstəriciyə malikdir. Beynəlxalq qabaqcıl təcrübəyə əsaslanaraq yaradılmış bu yeni modeldə ilk dəfə olaraq tədris əsaslı kredit sistemi ilə fəlsəfə doktoru hazırlığı proqramları pilot olaraq tətbiq ediləcək. Ənənəvi doktorantura proqramlarından fərqli olaraq, SABAH fəlsəfə doktoru hazırlığı proqramında tədris müddəti minimum 4 il olaraq müəyyən edilib. Proqramın daxili strukturu iki əsas mərhələyə bölünür: İlk 2 il (1-ci və 2-ci tədris illəri) - Tədqiqat və konkret ixtisas yönümlü fənlərin dərindən tədrisi, nəzəri bazanın formalaşdırılması və kreditlərin toplanması həyata keçirilir. Növbəti 2 il (3-cü və 4-cü tədris illəri) - Hər hansı əlavə fənn tədrisi olmadan, yalnız dissertasiya mövzusu üzrə müstəqil elmi tədqiqatın aparılması və tamamlanması planlaşdırılır.

Nazirlik rəsmisi vurğulayıb ki, SABAH fəlsəfə doktoru hazırlığı proqramına qəbul yalnız dövlət sifarişi əsasında və müstəsna olaraq əyani təhsilalma forması üzrə həyata keçiriləcək. Bu proqramın iştirakçıları üçün maddi və sosial təminat paketi hazırlanıb. Belə ki, bu proqrama qəbul olan gənc tədqiqatçılara qanunvericiliklə müəyyən edilmiş standart doktorantura təqaüdü ilə yanaşı, əlavə olaraq yüksək məbləğdə "SABAH təqaüdü" də veriləcək. Eyni zamanda, doktorantlar qəbul olduqları ali təhsil müəssisələrində elmi-pedaqoji istiqamətdə rəsmi əmək fəaliyyətinə cəlb ediləcəklər. Bu kompleks yanaşmanın nəticəsində gənc tədqiqatçılar həm yüksək məbləğdə təqaüd alacaq, həm də universitetdə çalışaraq əlavə rəsmi əməkhaqqı əldə edəcəklər. Tədqiqatçıların maliyyə müstəqilliyinin təmin olunması onların kənar işlərlə vaxt itirməsinin qarşısını alacaq və bütün diqqətlərini ali təhsil müəssisəsində daha yaxşı elmi araşdırmalar aparmağa yönəltmələrinə güclü stimul verəcək.

Şöbə müdiri əlavə edib ki, SABAH fəlsəfə doktoru hazırlığı proqramı ilkin mərhələdə pilot layihə statusunda fəaliyyətə başlayır. Layihənin effektivliyini yoxlamaq və gələcəkdə daha da genişləndirmək məqsədilə ilkin olaraq ölkənin ən nüfuzlu 4 müəssisəsi seçilib. Həmçinin dövlət üçün strateji əhəmiyyət kəsb edən 7 elmi istiqamət müəyyənləşdirilib və bu istiqamətlər üzrə 80 plan yeri ayrılıb. Pilot layihəyə cəlb olunmuş müəssisələrə BDU, ADNSU, BANM və ARTİ, proqramın əhatə etdiyi strateji elm sahələrinə riyaziyyat, fizika, kimya, biologiya, yer elmləri, texniki elmlər və pedaqogika daxildir.  Bu 4 müəssisədə qeyd olunan 7 elm sahəsi üzrə ayrılmış 80 yer gələcəkdə Azərbaycanın qlobal elmi rəqabətliliyini artıracaq  tədqiqatçıların formalaşması üçün baza rolunu oynayacaq. 

"Nazirlər Kabinetinin 2026-cı il 14 may tarixli sərəncamı ilə təsdiq edilmiş doktorantura qəbul planı və Elm və Təhsil Nazirliyi tərəfindən tətbiq edilən yeni qaydalar, Azərbaycanın elmi kadr hazırlığı sistemində keyfiyyətcə yeni bir dövrün carçısıdır. Qəbul yerlərinin artırılması dövlətimizin elmi potensiala verdiyi dəyərin bariz nümunəsidir. Bütün bunların yaxın illərdə Azərbaycan elminin beynəlxalq arenada nüfuzunun artmasına və ölkə iqtisadiyyatına yüksək texnoloji töhfələr verilməsinə rəvac verəcəyi şəksizdir", - deyə Turxan Süleyman əlavə edib. 


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

20:53
11 İyun

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

20:52
11 İyun

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

20:44
11 İyun

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında 

20:34
11 İyun

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub

20:21
11 İyun

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

20:16
11 İyun

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

20:13
11 İyun

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

20:03
11 İyun

Bakıda elm və innovasiyaların iqtisadi inkişafdakı rolu müzakirə olunub

19:51
11 İyun

“Şuşa KOB evi”ndə 5 ayda sahibkarlara 560-a yaxın xidmət göstərilib  

19:42
11 İyun

Tibbdə ilk: ürək, böyrək və maddələr mübadiləsi xəstəliklərinin bir-biri ilə əlaqəsi sübut olundu  

19:30
11 İyun

Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsalı üzrə yeni zavod tikiləcək

19:21
11 İyun

Kanada 16 yaşından kiçik uşaqlara sosial media qadağası qoyan yeni qanun layihəsini təqdim edib  

19:15
11 İyun

Quş əti və yumurta istehsalında artım hədəfləri açıqlanıb

19:08
11 İyun

Şimali İrlandiyada miqrant əleyhdarlarının iğtişaşları

18:56
11 İyun

Qızılın qiyməti artıb

18:43
11 İyun

Artan xərclər qlobal birjaları sarsıdır, neft isə sürətlə bahalaşır

18:37
11 İyun

Ələt Azad İqtisadi Zonasında yük hava limanının gələn il istifadəyə verilməsi planlaşdırılır  

18:29
11 İyun

Azərbaycan və İran Araz çayının su ehtiyatlarının idarə olunması üzrə əməkdaşlığı gücləndirir  

18:15
11 İyun

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

18:13
11 İyun

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir  

18:12
11 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!