Naxçıvanın enerji sistemində "yaşıl enerji"nin rolu getdikcə artır. Günəşli iqlim, əlverişli təbii şərait və geniş ərazilər regionda bərpaolunan enerji layihələrinin inkişafı üçün ciddi imkanlar yaradır. Bu potensialın artıq konkret layihələrə çevrilməsi Naxçıvanın enerji sektorunda yeni mərhələnin başlanmasından xəbər verir.
Milli Məclisin deputatı Aydın HÜSEYNOV qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin Naxçıvana son səfəri də bu baxımdan mühüm əhəmiyyət daşıdı. "Yaşıl enerji" layihələrinə göstərilən diqqət və bu istiqamətdə 258 milyon manat vəsaitin ayrılması qarşıdakı illərdə bu sahədə işlərin genişlənməsinə ciddi dəstək verəcək. Ayrılan vəsait yeni enerji güclərinin yaradılması və infrastrukturun inkişafı baxımından mühüm imkanlar açır. "Naxçıvanın ən böyük üstünlüyü günəş enerjisi sahəsindədir. Hazırda "Şəms -1" və "Qərbi Üfüq" Günəş-Elektrik stansiyalarının yaradılması istiqamətində işlər aparılır. Ümumi gücü 50 MVt olan bu layihələr regionda günəş enerjisinin sənaye miqyasında inkişafına yeni təkan verir. Naxçıvanın bərpaolunan enerji potensialı günəşlə məhdudlaşmır. Rəsmi sənədlərdə və dövlət başçısının əvvəlki çıxışlarında regionda külək və su enerjisi imkanlarının da olduğu qeyd edilib. Bu mənbələrin gələcəkdə günəş enerjisi ilə birlikdə inkişaf etdirilməsi daha da şaxələndirilmiş enerji sisteminin formalaşmasına kömək edə bilər", - deyə o əlavə edib.
Deputat qeyd edib ki, qarşıda duran əsas məsələlərdən biri istehsal olunacaq enerjinin səmərəli şəkildə sistemə inteqrasiyasıdır. Bunun üçün elektrik şəbəkəsinin gücləndirilməsi, ötürücü xətlərin inkişafı və enerji saxlanc imkanlarının artırılması vacibdir. Bu istiqamətdə görüləcək işlər Naxçıvanın gələcək enerji potensialından daha geniş istifadə etməyə şərait yaradacaq.
A.Hüseynov bildirib ki, Naxçıvanın üstünlüklərindən biri də onun mühüm coğrafi mövqeyidir: "Regionun Türkiyə ilə əlaqələrinin genişlənməsi, Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı proseslər və Orta dəhlizin inkişafı Naxçıvanın yaxın gələcəkdə mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsi üçün yeni imkanlar yaradır. Enerji və nəqliyyat infrastrukturunun paralel inkişafı bu potensialı daha da gücləndirə bilər. Beləliklə, Naxçıvan qarşıdakı illərdə iki mühüm istiqamətdə böyük rol oynaya bilər: "yaşıl enerji" və regional tranzit. Günəş enerjisinin genişləndirilməsi, külək və su enerjisi imkanlarının qiymətləndirilməsi, enerji şəbəkəsinin yenilənməsi və nəqliyyat əlaqələrinin gücləndirilməsi regionun iqtisadi çəkisini əhəmiyyətli dərəcədə artıra bilər".
Deputat sonda vurğulayıb ki, Naxçıvanın əsas üstünlüyü təbii və coğrafi imkanların bir məkanda cəmlənməsidir. Bu imkanların ardıcıl investisiyalar və müasir infrastrukturla birləşdirilməsi regionu Azərbaycanın gələcək enerji və nəqliyyat xəritəsində daha mühüm mövqeyə çıxaracaq.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"