1992-ci il mayın 18-də Laçın rayonu Ermənistan
silahlı qüvvələri tərəfindən işğal edildi. Laçının işğalı Azərbaycan ərazilərinin
işğalına gedən yolun mühüm mərhələlərindən birinə çevrildi. Laçının strateji əhəmiyyəti
onun Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə
yaratması ilə bağlı idi. 1992-ci ildə Şuşa və Laçının itirilməsi ölkənin təhlükəsizlik
və ərazi bütövlüyü baxımından ağır nəticələr doğurdu.
İşğal nəticəsində Laçın əhalisi doğma
yurd-yuvasından didərgin salındı, yüzlərlə insan həlak oldu və itkin düşdü.
Rayonun sosial, mədəni və iqtisadi infrastrukturu dağıdıldı, tarixi-mədəni irsə
ciddi ziyan vuruldu. Azərbaycanın qədim və zəngin tarixə malik bölgələrindən
biri olan Laçın bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. 30 ilə yaxın
işğal altında qalan şəhər və rayon artıq Böyük Qayıdışın ünvanına,
genişmiqyaslı quruculuğun və sürətli inkişafın nümunəsinə çevrilib. Laçının
bugünkü simasında tarixlə müasirlik, Zəfərlə quruculuq, qayıdışla gələcəyə inam
vəhdət təşkil edir.
İşğal illərində Laçında Azərbaycan xalqının
tarixi-mədəni irsinə qarşı məqsədyönlü dağıntılar həyata keçirildi. Mədəniyyət,
təhsil, səhiyyə və digər sosial obyektlər talan edildi və dağıdıldı. Tarixi
abidələrə zərər vuruldu, yaşayış məntəqələrinin adları dəyişdirildi.
Bununla yanaşı, işğal olunmuş ərazilərdə
demoqrafik vəziyyətin dəyişdirilməsinə yönəlmiş qanunsuz məskunlaşdırma siyasəti
aparıldı, təbii sərvətlərdən qanunsuz istifadə edildi.
Azərbaycan Ordusunun 2020-ci ildə Vətən
müharibəsində qazandığı tarixi Zəfər Laçının taleyini də dəyişdi. 10 noyabr -
üçtərəfli bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana
qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri
Azərbaycanın nəzarətinə keçdi. Beləliklə, 30 ildən artıq davam edən həsrətə son
qoyuldu. Laçın yenidən Azərbaycan bayrağı altında öz inkişaf yoluna qədəm
qoydu.
Məhz bu tarixi hadisənin rəmzi olaraq 26
avqust Laçın Şəhəri Günü kimi müəyyən edilib. Prezident İlham Əliyevin 31 iyul
2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərin şəhər günlərinin
təsis edilməsi Laçının tarixində yeni mərhələnin başlanğıcını rəsmiləşdirdi.
Bu gün Laçın Azərbaycanın işğaldan azad
edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma siyasətinin ən
parlaq nümunələrindən biridir.
Laçında inşa olunan müasir binalar, salınan
yollar, yaradılan sosial obyektlər, enerji və istehsal müəssisələri bu böyük
quruculuq siyasətinin real nəticələridir.
Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair
Baş Planın təsdiqlənməsi şəhərin gələcək inkişafının sistemli şəkildə təşkilinə
imkan yaradır.
2026-cı il iyulun 11-də Laçında “Həkəriçay” su
anbarının təməlinin qoyulması isə rayonun gələcək inkişafı baxımından xüsusi əhəmiyyət
daşıyır. Layihəyə əsasən 100 milyon kubmetr ümumi tutuma malik su anbarı
yaradılacaq. Təxminən 172 kilometr uzunluğunda magistral boru kəmərinin inşası
da nəzərdə tutulur. Bu layihənin reallaşması Laçınla yanaşı, Qubadlı, Zəngilan,
Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarında təqribən 700 min insanın
keyfiyyətli içməli su ilə təminatına imkan yaradacaq.
Beləliklə, Laçın təkcə özünün deyil, bütövlükdə
regionun gələcək inkişafında mühüm infrastruktur mərkəzinə çevrilir.
Laçın Beynəlxalq Hava Limanının istifadəyə
verilməsi isə şəhərin strateji və beynəlxalq əhəmiyyətini daha da artırıb.
2025-ci il mayın 28-də istifadəyə verilən hava limanı regionun nəqliyyat
imkanlarının genişləndirilməsində mühüm rol oynayır. Bu hava limanı həmçinin
Qarabağın və Şərqi Zəngəzurun turizm potensialının inkişafına yeni imkanlar
açır. Laçının dirçəlişinin ən böyük göstəricisi isə, heç şübhəsiz, insanların
öz doğma yurdlarına qayıdışıdır. 2023-cü il mayın 28-dən etibarən laçınlıların
doğma şəhərə qayıdışı başlayıb.
Laçında qurulan yeni yaşayış evləri, məktəblər,
uşaq bağçaları, tibb məntəqələri, parklar, yollar və digər sosial obyektlər
qayıdan sakinlərin rahat və təhlükəsiz həyatını təmin etmək məqsədi daşıyır.
Laçında rayonun iqtisadi potensialının
inkişafı üçün də mühüm addımlar atılır. Laçın Aqro-Sənaye Parkında 46 müəssisənin
fəaliyyət göstərməsi nəzərdə tutulur.
2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı”
elan edilməsi isə şəhərin artan mədəni əhəmiyyətinin göstəricisidir.
Laçının bugünkü mənzərəsi Prezident İlham
Əliyevin azad edilmiş ərazilərə ardıcıl səfərlərində müəyyənləşdirilən inkişaf
strategiyasının nəticəsidir. Azərbaycan, Türkiyə və Pakistan liderlərinin
Laçında keçirilən görüşü şəhərin yeni geosiyasi və diplomatik əhəmiyyətini də
nümayiş etdirdi.
Beləliklə, azad Laçın Azərbaycanın Zəfər
tarixinin canlı səhifəsi, Böyük Qayıdışın rəmzi və gələcəyə hesablanmış böyük
inkişafın bariz nümunəsidir.
Könül NURULLAYEVA,
Milli Məclisin deputatı