Hazırkı dövrdə həyatımızın hər bir sahəsi rəqəmsal platformalara daşınıb. Bank hesablarımız, dövlət sənədlərimiz, şəxsi yazışmalarımız və iş həyatımız bulud texnologiyalarında qorunur. Lakin bu rahatlıq özü ilə böyük təhlükələr də gətirir. Son illərdə müşahidə olunan kiberhücumlardan aydın olur ki, dünyadakı kibertəhlükəsizlik problemi artıq sadə fərdlərin problemi olmaqdan çıxıb. Bu, bütün dövlətlərin milli təhlükəsizliyinə hədəf olan qlobal böhrana çevrilib.
Demək olar ki, xaker qrupları ənənəvi üsulları unudaraq tamamilə yeni, süni intellektə və avtomatlaşdırmaya əsaslanan hücum taktikalarına keçiblər. Dövlət qurumları, nazirliklər, vergi idarələri, nəhəng şirkətlər və sair kiberhücumların qurbanı olurlar. Ən inkişaf etmiş ölkələr belə bu hücumların qarşısında aciz qala bilirlər. Kibercinayətkarlar milyonlarla insanın şəxsi məlumatlarını ələ keçirir və bunlar qaranlıq internetdə satılır. Vəziyyət o həddə çatıb ki, kibertəhlükəsizlik artıq hər bir ölkənin sərhədlərini qorumaq qədər vacib bir məsələdir.
Fransa son aylarda ən miqyaslı kiberhücumlarla üzləşib. Ölkənin strateji əhəmiyyət daşıyan dövlət qurumları güclü zərbələr alıb. Həmin hücumlar dövlət sistemlərindəki boşluqları və rəqəmsal müdafiənin nə qədər kövrək olduğunu ortaya qoyub. Fransa Milli Təhsil Nazirliyi xakerlərin əsas hədəflərindən biri olub. Hücum nəticəsində təxminən 350 milyon hesab rəqəmsal oğruların əlinə keçib. Fransa Dövlət Maliyyə İdarəsindən 700 mindən çox insanın şəxsi məlumatları, o cümlədən milyonlarla kadastr faylı oğurlanıb. Vətəndaşların aylıq gəlirləri, daşınmaz əmlakları, ailə vəziyyətləri və vergi dərəcələri kimi ən gizli maliyyə məlumatları kənar şəxslər tərəfindən oxunub. Baş verən başqa bir hücumda isə 678 mindən çox vətəndaşın məlumatı bir anda sızdırılıb. Fransa mətbuatının yaydığı məlumatlara görə, vergi idarəsi ilə yanaşı, Daxili İşlər Nazirliyi, "France Travail" məşğulluq agentliyi, URSSAF sosial təminat agentliyi, İmmiqrasiya İdarəsi və "France Titres" sənəd təhlükəsizliyi qurumu da kiberhücumlara məruz qalıb. Bütün bu hücumların arxasında "ZeroBytes" adlı təhlükəli xaker qrupunun durduğu bildirilir. Həmin qrup dövlət qurumlarının ən dərin qoruma qatlarını belə yarıb keçməyi bacarıb.
Fransa Maliyyə İdarəsinə edilən hücumda ən təəccüblü məqam odur ki, xakerlər, adətən, çox güclü sayılan ikimərhələli təsdiqi və telefona gələn kodları belə keçə biliblər. İllərdir düşünürdük ki, bu kodlar sistemi tam qoruyur, amma xakerlərin üsulları da getdikcə dəyişir. Hücumçular sistemlərə daxil olmaq üçün müxtəlif hiylələrdən istifadə edirlər. Onlar fişinq üsulu ilə saxta e-poçtlar və rəsmi qurum adından göndərilən mesajlar vasitəsilə istifadəçilərin şifrələrini oğurlayırlar. Sistem oğurluğu zamanı isə istifadəçi sistemdə açıq qalan sessiya tokenləri vasitəsilə izlənilir və onun adından gizlicə əməliyyatlar aparılır. Xakerlər müəyyən üsul ilə istifadəçiyə dayanmadan saxta təsdiq sorğuları göndərərək onu yorur və yanıltmaqla səhvən "təsdiq et" düyməsini sıxmağa məcbur edirlər. Həmçinin sosial mühəndislik yolu ilə insan psixologiyasından istifadə olunur və işçilərdən lazımi məlumatlar hiylə ilə alınır. Bütün bu üsullar göstərir ki, təkcə bir texnologiyaya güvənmək tam təhlükəsizliyi təmin etmir, çünki xakerlər əsasən insan faktorunu və zəif nöqtələri hədəf alırlar.
Bir çox insan məlumatları sızdıqdan sonra problemin bitdiyini düşünürlər. Lakin əsl təhlükə məhz məlumatlar xakerlərin əlinə keçdikdən sonra başlayır. Oğurlanan ad, soyad, doğum tarixi, ünvan və vergi məlumatları birləşdirildikdə kibercinayətkarlar üçün qızıl mədəni yaranır. Bu baxımdan təhlükə bitmir, əksinə daha da böyüyür. İlk olaraq, şəxsiyyət-sima oğurluğu baş verir və oğurlanan məlumatlar əsasında fərdlərin rəqəmsal əkizləri yaradılaraq onların adından saxta müqavilələr və bank əməliyyatları həyata keçirilir. Bundan başqa, hədəfli fişinq hücumları vasitəsilə vətəndaşlara onların real vergi borclarını və ya adlarını əks etdirən çox inandırıcı saxta mesajlar göndərilir, çünki insan öz adını gördükdə şübhələnmir və asanlıqla tələyə düşür. Həmçinin sosial mühəndislik tələləri qurulur, fırıldaqçılar həmin şəxslər haqqında hər şeyi əvvəlcədən bildikləri üçün onlara zəng edib özlərini dövlət məmuru kimi təqdim edirlər və daha böyük pullar tələb edə bilirlər.
Fransada baş verən bu hadisələr bütün dünya dövlətləri və şirkətləri üçün ciddi xəbərdarlıq mesajıdır. Kibertəhlükəsizlik tək bir şifrədən, bir antivirus proqramından və ya tək bir divardan ibarət deyil. Müdafiə sistemi qala divarları kimi qat-qat olmalıdır. Gələcəkdə belə təhlükələrin qarşısını almaq üçün təşkilatlar bir sıra vacib tədbirlər görməlidirlər.
İlk olaraq, kimlik təhlükəsizliyi gücləndirilməlidir və yalnız parol kifayət olmadığı üçün ZTNA (Sıfır Etimad Şəbəkə Giriş Sistemi) ilə şərti giriş siyasətləri tətbiq olunmalıdır. İkinci növbədə, ən az ayrıcalıq prinsipi işləməlidir ki, hər bir işçi, sadəcə, öz işinə aid olan minimum məlumat və sistemlərə daxil ola bilsin və bütün şəbəkə heç vaxt bir nəfərə tam açılmasın. Üçüncü addım kimi, istifadəçilər mütləq maarifləndirilməli, işçilər saxta e-poçtlar və fişinq hücumları barədə məlumatlandırılaraq mütəxəssislər tərəfindən vaxtaşırı təlimlərdən keçirilməlidirlər. Dördüncü davamlı izləmə həyata keçirilməlidir və şübhəli hərəkətlərin erkən aşkarlanması üçün SIEM kimi qabaqcıl izləmə sistemləri qurularaq zərərin qarşısı vaxtında alınmalıdır. Nəhayət, hər bir qurumun əvvəlcədən hazırlanmış dəqiq hadisəyə müdaxilə planı olmalıdır ki, hər hansı bir hücum baş verdiyi anda necə hərəkət ediləcəyini dəqiq bilsinlər.
Dünyada kibertəhlükəsizlik böhranı hər gün dərinləşir və getdikcə daha təhlükəli xarakter alır. Fransa hökuməti bu hücumlardan sonra dövlət qurumlarının təhlükəsizliyini artırmaq üçün süni intellekt sistemlərinin tətbiqinə başlayıb. Lakin texnologiya nə qədər güclü olsa da, zəncirin ən zəif halqası hər zaman insandır. Kiçik diqqətsizlik, bir səhv klik milyonlarla vətəndaşın taleyinə təsir edə bilər. Rəqəmsal əsrdə yaşayırıqsa, təhlükəsizliyimizi də bu dövrün qaydalarına uyğun olaraq maksimum səviyyədə qorumalıyıq. Ehtiyatı heç vaxt əldən vermək olmaz.
Təhminə VERDİYEVA,
"Azərbaycan"