Son günlərdə Rusiya Federasiyasının informasiya məkanında, sosial media platformalarında Azərbaycan dövlətinə və xalqına qarşı yönəlmiş təhdid, təhqir və təxribat xarakterli çıxışların artması müşahidə olunur. Xüsusilə "YouTube" platformasında yayımlanan "Çistota ponimaniya" verilişində, "Sputnik", "Spas" kimi layihələrdə oxşar məzmunda çıxışların bir-birini əvəzləməsi hadisələrin təsadüfi olmadığını, müəyyən dairələr tərəfindən idarə edilən sistemli kampaniya aparılması ehtimalını gündəmə gətirir.
Xüsusən, 2026-cı ilin iyul və avqust aylarında yayımlanan müxtəlif proqramlarda Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə çağırışlarının olması, dövlətin konstitusiya quruluşuna, ərazi bütövlüyünə qarşı qəbuledilməz ssenarilərin müzakirə edilməsi və milli ədavətin qızışdırılmasına xidmət edən tezislərin irəli sürülməsi dərin narahatlıq doğurur. Bu cür hədyanlar və gərginlik yaradan ritorika dövlətlərarası münasibətlərin ruhuna zidd olmaqla yanaşı, iki qonşu ölkə arasında illərlə formalaşmış tərəfdaşlıq mühitinə də ciddi xələl gətirir. Rusiya mediasında fəaliyyət göstərən bəzi ekspert, aparıcı və rəsmi şəxslərin ifadə etdiyi fikirlər siyasi tənqid çərçivəsindən tamamilə kənara çıxır.
İvan Knyazev, Semyon Uralov və Aleksey Çadayev kimi şəxslərin qatıldığı verilişlərdə Azərbaycanı "Ukrayna ssenarisi" ilə hədələmək, ölkənin parçalanması imkanlarını müzakirə etmək və hətta fiziki zorakılıq elementləri ehtiva edən təxribatçı fikirlər səsləndirmək, sadəcə, fərdi rəy hesab edilə bilməz. Bu cür yanaşmalar cəmiyyətlər arasında dostluq, qarşılıqlı etimad və sabitlik mühitini birbaşa zədələyir.
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ölkəmizin regional mövqeyini daha da möhkəmləndirib, tam müstəqil xarici siyasət yürütmək imkanlarını nümayiş etdirib. Rəsmi Bakının əsas prinsipi milli maraqlara söykənən balanslaşdırılmış və çoxvektorlu siyasət həyata keçirməkdir. Türkiyə ilə müttəfiqlik, Rusiya ilə qonşuluq və tərəfdaşlıq, Avropa İttifaqı ilə enerji əməkdaşlığı və Mərkəzi Asiya dövlətləri ilə inteqrasiya bu kursun tərkib hissəsidir. Lakin görünən odur ki, ölkəmizin müstəqil siyasi xətti bəzi imperial təfəkkürlü dairələrdə qıcıq yaradır. Bu isə, yəni siyasi narazılıqları media təxribatına və dövlətçiliyə qarşı təhdidlərə çevirmək qəbuledilməzdir.
Yaranmış vəziyyətlə bağlı Azərbaycan dövləti öz prinsipial, adekvat və hüquqi mövqeyini aydın şəkildə nümayiş etdirir. Baş Prokurorluq tərəfindən milli ədavətin qızışdırılması, terrora açıq çağırışlar və dövlət əleyhinə yönəlmiş fəaliyyət faktları üzrə müvafiq cinayət işləri açılır, təxribatçılar barəsində qiyabi həbs qərarı çıxarılaraq beynəlxalq axtarışa verilməsi təmin edilir. Eyni zamanda baş verənlərə etiraz olaraq Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Rusiyanın media məkanında Azərbaycan dövləti və xalqı əleyhinə aparılan təhdid, təhqir və təxribat ritorikasına görə rəsmi Bakının ciddi narahatlığı və qəti etirazı qarşı tərəfin diqqətinə çatdırılıb, bu cür hərəkətlərin qarşısının alınması üçün təxirəsalınmaz və təsirli tədbirlərin görülməsi gözləntisi ifadə olunub. Çünki media məkanında idarə olunan bu cür təxribatların cəzasız qalması, rəsmi müstəvidə lazımi reaksiya verilməməsi, əslində, həmin təhdidləri dolayısı ilə təşviq edir və nəticədə Rusiya-Azərbaycan siyasi münasibətlərinin özünə də mənfi təsir göstərir.
İki ölkə arasında münasibətlərin gələcəyi üçün ən doğru yol dezinformasiya və informasiya müharibəsi ssenarilərindən imtina etmək, qarşılıqlı suverenliyə, sərhədlərə və dövlətçilik seçiminə hörmətlə yanaşmaqdır. Bu tip zərərli və təxribatçı ritorikaya qarşı adekvat addımların atılması, hüquqi və siyasi məsuliyyət mexanizmlərinin tətbiq edilməsi regionda dinc və sabit qonşuluq mühitinin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir.
Azərbaycan hər zaman regional sabitliyin, dinc yanaşı yaşamaq prinsiplərinin və qarşılıqlı hörmətə əsaslanan dialoqun tərəfdarı kimi çıxış edir. Ölkəmiz sağlam və konstruktiv münasibətlərin inkişafında maraqlıdır. Lakin konstruktiv dialoq və tərəfdaşlıq yalnız qarşılıqlı öhdəliklər və bir-birinin maraqlarına hörmət çərçivəsində mümkün ola bilər. Ona görə də Rusiya hökuməti daxildəki bəzi dairələrin ölkəmizə qarşı antitəbliğatının qarşısını almalı, təşkilatçıları cəzalandırmalıdır. Azərbaycan dövləti öz suverenliyini, ərazi bütövlüyünü və müstəqil siyasi kursunu heç bir təzyiqə və təhdidə güzəştə getməyəcək. Unutmaq olmaz ki, təzyiq və təhdid dili deyil, yalnız bərabərhüquqlu dialoq və qarşılıqlı etimad dövlətlərarası əlaqələrin sağlam gələcəyini təmin edə bilər.
İsmayıl QOCAYEV,
"Azərbaycan"