11 Sentyabr 2026 08:30
153
Mədəniyyət
A- A+
Müstəqillik tariximizin yazıldığı ilk ünvan

Müstəqillik tariximizin yazıldığı ilk ünvan


"Azərbaycan" qəzetinin Gəncə dövrü


Mətbuatımızın "Azərbaycan"ı ilk addımlarını 108 il öncə Gəncə şəhərində atıb. 1908-ci il sentyabrın 15-də qəzetin ilk sayı bu şəhərdə işıq üzü görüb. "Azərbaycan"ın Gəncə dövrü uzun sürməyib. Qəzetin cəmi dörd sayı Gəncə ünvanı ilə təqdim olunub. Amma bu qısa zamanda da "Azərbaycan" öz səhifələrində böyük tarix yazıb. 


"Azərbaycan"a gələn yol...


XX əsrin ilk illərindən Rusiyada iğtişaşlar gücləndi. İctimai-siyasi hadisələr kəskinləşməyə, inqilabi hərəkat genişlənməyə başladı. Romanovların 300 illik taxtı sanki burulğana doğru yönəlmişdi. Çarizm həyata keçirdiyi ən kəskin tədbirlərlə, hətta güzəştlər vəd etməklə bunun qarşısını ala bilmirdi. Belə bir vaxtda imperiyanın müstəmləkəsində olan xalqların öz hüquqlarını müdafiə etmək səyləri daha da güclənirdi.  

XX əsrin əvvəlləri xalqımızın milli oyanış və özünüdərk dövrü kimi tarixə yazılırdı. Zamanın nəbzini tutan, soydaşlarını düşdükləri gerilik, cəhalət, ətalət bataqlığından xilas etməyə çalışan mütərəqqi fikirli, vətənpərvər, təəssübkeş ziyalılarımız çarizmin zülmlərinə, ədalətsizliyinə qarşı çıxır, qurtuluş yolu axtarırdılar. Onlar əsrin ilk illərindən bu səbəblərdən təşkilatlanmağa başladılar. 

Azərbaycan xalqının azadlıq mübarizəsində 1917-ci ilin Fevral inqilabının mühüm rolu oldu. Çar hakimiyyəti süquta uğradı. Hakimiyyət Müvəqqəti hökumətin əlinə keçdi. Ancaq siyasi tüğyanın səngiməməsi Müvəqqəti hökumətin də sonunu gətirdi. 1917-ci ilin oktyabrında yenidən inqilab baş verdi və bolşeviklər hakimiyyətə gəldilər. 

Müstəmləkədən qurtulan millətlərin müstəqilliklərini qazanmalarına şərait yarandı. Lakin Vladimr İliç Leninin rəhbərlik etdiyi bolşevik hökuməti Bakı neftini əldən vermək niyyətində deyildi. Azərbaycanın müstəqilliyinin qarşısını almaq üçün bolşevik Rusiyası ilə erməni daşnakları ittifaqa girdilər, məkrli planlar qurdular. I Dünya müharibəsində döyüşmüş hərbçilər Azərbaycana gətirildi. 1918-ci ilin martında bolşevik-daşnak birləşmələrindən ibarət çox güclü silahlı dəstələr Bakıda soyqırımı törətdilər. Azğınlaşmış bolşevik-daşnak dəstələri qətliama son qoymadılar. Azərbaycanın digər bölgələrində də dəhşətli faciələr, kütləvi qətllər həyata keçirməyə başladılar.

Azərbaycan Xalq Cümhuriyyəti belə bir zamanda yarandı. Vətənpərvər övladları Azərbaycanın dövlət müstəqilliyini Tiflisdə elan etməli oldular. 1918-ci il mayın 28-də qurulan Cümhuriyyət hökumətinin Bakıda fəaliyyət göstərməsi də asan olmadı. Çünki Azərbaycanın paytaxtı hələ də bolşevik-erməni dəstələrinə azərbaycanlıların soyqırımı göstərişini verən, qəddar daşnak Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Sovetinin əlində idi.

Azərbaycan Milli Şurasının üzvləri və Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçdü. Cumhuriyyət hökumətinin qurucularının bir gözü gülür, biri ağlayırdı. Çünki bolşevik-daşnak birləşmələri Azərbaycanın müxtəlif bölgələrində vəhşiliklə qırğınlar törətmiş, evləri, yurdları viran qoymuşdular. 

1918-ci il iyulun 31-də Bakı Xalq Komissarları Soveti səlahiyyəti öz üzərindən götürdü. Bakıda əksinqilabçı Sentrokaspi diktaturası yarandı. Azərbaycan xalqına qarşı soyqırımı bundan sonra da davam etdirildi...


Müstəqil hökumətin yol yoldaşı, çiyindaşı...


Ölkənin vəziyyəti ağır, əhalisi yas, ələm içərisində idi. Ancaq müstəqil dövlət qurmağın coşğusu, onu yaşatmağın məsuliyyəti, gələcəyə bəslədikləri ümidlərlə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bütün sahələrdə böyük əzmlə çalışırdılar. Onlar mətbuatın gücünü də nəzərdən qaçıra bilməzdilər. Odur ki, mühüm tədbirlərindən biri mətbuatın inkişaf etdirilməsi oldu.  Bu sahədə mühüm işlər görüldü.

Cümhuriyyət hökumətinin siyasətini vətəndaşlara izah edən mətbu orqana böyük ehtiyac vardı. Yeni qəzetin büdcəsini tərtib etmək, hökumətin təsdiqinə göndərmək, Gəncədəki mətbəəni bu nəşrin çapına hazırlamaq üçün 1918-ci ilin 25 iyununda müvafiq tapşırıq verildi. Mətbəə ləvazimatının Tiflisdən alınması nəzərdə tutuldu. 1918-ci il iyulun 3-də "Azərbaycan Cümhuriyyəti hökuməti xəbərləri"nin nəşrinə başlamaq qərarı verildi. "Hökumət xəbərləri" həftədə iki dəfə buraxılmalı, səhifələrində əsasən milli hökumətin, ayrı-ayrı nazirliklərin qərarları, təlimatları, xəbərləri, elanları və digər məlumatlar dərc olunmalı idi. "Hökumət xəbərləri"nə rəhbərlik xalq maarif nazirinə həvalə edildi. Lakin bu, qaneedici olmadı. Hökumət sentyabrın əvvəllərində Gəncədə "Azərbaycan" adlı qəzetin nəşrinə başlamaq barədə tarixi qərar qəbul etdi.

 1918-ci il sentyabrın 15-də Gəncə şəhərində Yelizavetpol qubernatorunun mətbəəsində "Azərbaycan" qəzetinin ilk sayı işıq üzü gördü. Azərbaycan dilində buraxılmış səhifələrinin başında, qəzetin adı ilə yanaşı qeyd olundu: "Türk və islamçılığa aid məqalələrə "Azərbaycan"ın səhifələri açıqdır".

Müstəqil hökumətin çox ağır vəziyyətdə olduğu bir zamanda mətbuat meydanına çıxan "Azərbaycan" qəzetinin üzərinə böyük vəzifələr və məsuliyyət düşürdü. Bu mətbu orqan Azərbaycan Xalq Cümhuriyyətinin ən mötəbər tribunalarından birinə çevrilməli idi. "Azərbaycan" millətin qürurverici tarixinə, sadəcə, yolyoldaşı olmayacaqdı. Bu qəzet Cümhuriyyət hökumətinin keşməkeşli yoluna yoldaş, çiyindaş olmalı idi. Yeni hökumətin öz vətəndaşlarına ünvanladığı müraciətləri, dostlarına, düşmənlərinə mövqeyini nümayiş etdirməliydi.

"Azərbaycan" qəzetinin ilk sayı A-3 formatda, dörd səhifə həcmində, iki dildə təqdim olundu. Qəzetin iki səhifəsi Azərbaycan, iki səhifəsi isə rus dillərindəydi. Rusca nəşri xırda istisnalarla Azərbaycancanın tərcüməsi idi.


Ölkəyə müjdə ilə gələn "Azərbaycan"


Qəzetin ilk sayı xoş xəbərlər məcmusu oldu. Həmin gün - sentyabrın 15-də  Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu və milli hərbi hissələrimiz Bakını bolşevik-daşnak işğalından azad etmişdilər. Bu misilsiz qalibiyyətlə bağlı xəbərlər, təbrik teleqramları "Azərbaycan"ın birinci sayına bayram ovqatı gətirmişdi. "Bakının süqutu" adlı məqalədə qeyd olunmuşdu: "Bakının süqutu. Dün gecə Azərbaycan Cümhuriyyəti Riyasəti namına Nuri Paşa həzrətləri tərəfindən böylə teleqraf kəşidə edilmişdir: "Bismihil-kərim, Bakı şəhəri 15.9.34 saət 9 əvvəldə qitəatimiz tərəfindən zəbt olundu. Qafqaz İslam Ordusu komandanı Farik Nuri".

Sentyabrın 15-də Nuru Paşa növbəti teleqramda Azərbaycan hökumətini Bakıya dəvət edirdi: "Gəncədə Azərbaycan Cümhuriyyəti Rəyasəti-Alisinə. Azərbaycan Cümhuriyyətinin paytaxtı olan Bakı şəhərini ziyarət etmək üzrə Heyəti-Vükəlanın yarın Bakıya təşriflərinə müntəzirəm, əfəndim. 15.09.18. Yavərani-həzrəti-şəhriyaridən. Farik-Nuri".

Azərbaycan Xalq Cümhuriyyəti Heyəti-Vükəla (Nazirlər Şurası) rəisi Fətəli xan Xoyskinin cavab teleqramı isə belə idi: "Qafqaz İslam Ordusu komandanı səadətli Nuri Paşa həzrətlərinə. Təhti-komandanızda olan cəsur türk əsgərlərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən xilas edildiyi münasibətilə millətin zati-həmiyyətpərvəranələrinizə və dünyanın ən nəcib əsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə iftixar edərim, əfəndim. Heyəti-Vükəla rəisi Fətəli xan".

Qəzet ilk sayında Qafqaz İslam Ordusu Bakını azad edərkən 30 minədək silahlı düşmənin əsir alındığını, çoxlu qənimət ələ keçirildiyini, şəhərdə sakitliyin bərqərar edildiyini yazdı.


Üzü paytaxta doğru...


"Azərbaycan" qəzeti redaksiyasının birinci ünvanı belə idi: Gəncə şəhəri, Bulatov küçəsindəki 26 nömrəli ev... Bu ev müstəqil "Azərbaycan"ın ilk addımlarına, mürəttib çatışmazlığına, kağız və şrift qıtlığı ilə bağlı çətinliklərinə şahid oldu.

 "Azərbaycan" həmin evdə qonaqdır. Hökumət idarələri kimi onun da yolu Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına idi... Qəzetin sentyabrın 19-da işıq üzü görən ikinci sayında bildirilirdi: "Hökumət idarələri hələlik Gəncədə fəaliyyət göstərir. Bu günlərdə hökumət ilk imkan düşən kimi mərkəzi idarələri Bakıya köçürəcəkdir".  

"Azərbaycan" qəzetinin üçüncü sayı sentyabrın 22-də, dördüncü sayı isə sentyabrın 25-də çap olundu. Qəzetin dörd səhifəlik, üç səhifəsi rus, bir səhifəsi Azərbaycan dilində olan dördüncü buraxılışında Bakıya köçmək barədə elan verildi. Rus dilində "Gəncə, 25 sentyabr 1918" sərlövhəli yazıda Azərbaycan hökumətinin 3 aylıq fəaliyyətdən sonra Gəncəni tərk edərək öz paytaxtına köçdüyü qeyd olundu. Məqalədə Gəncənin Azərbaycan dövlətçiliyi tarixində əhəmiyyətli yer tutduğu da vurğulandı. "Azərbaycan"ın həmin sayında "İdarədən" başlığı ilə xəbər verildi: "Qəzetimiz bu gündən Bakıya köçdüyünə binaən hər bir sifarişat üçün bundan sonra bu ünvana müraciət etməli: Bakı, "Azərbaycan" qəzeti idarəsinə".

"Azərbaycan" qəzetinin "Heyəti-idarə"si (Redaksiya heyəti) 1918-ci il sentyabrın 25-də Nazirlər Şurası və mühüm dövlət idarələri ilə birlikdə Bakıya köçdü və müstəqil Azərbaycanın ilk rəsmi qəzetinin on günlük Gəncə dövrü bitdi. "Azərbaycan" qəzeti növbəti, beşinci sayından başlayaraq, tariximizə yeni səhifələri Cümhuriyyət dövlətinin paytaxtından - Bakıdan yazdı...


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri təşkil olunub

09:10
11 Sentyabr

Payız nağılı

09:00
11 Sentyabr

BP artıq "yaşıl enerji" sahəsində də tərəfdaşımızdır

08:50
11 Sentyabr

"Azərenerji" və "China Energy" rəhbərlərinin görüşü olub

08:40
11 Sentyabr

Müstəqillik tariximizin yazıldığı ilk ünvan

08:30
11 Sentyabr

Terrordan ən çox əziyyət çəkən ölkələrdən biri Azərbaycandır

08:20
11 Sentyabr

Qlobal iqlim fəaliyyətinin prioritetləri Bakıda müzakirə olundu

08:10
11 Sentyabr

Avrasiyanın güc mərkəzi

08:00
11 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:59
11 Sentyabr

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:58
11 Sentyabr

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:57
11 Sentyabr

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:56
11 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:55
11 Sentyabr

“Səfərbərlik ehtiyatlarının nomenklaturası”nın təsdiq edilməsi haqqında

01:53
11 Sentyabr

Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi haqqında

01:52
11 Sentyabr

İordaniya mediası Bakı İqlim Fəaliyyəti Həftəsindən yazıb  

22:05
10 Sentyabr

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olub

22:02
10 Sentyabr

Yeni Azərbaycan – zəfərlər partiyası  

21:59
10 Sentyabr

Azərbaycan-Aİ münasibətləri və Cənubi Qafqazda sülh gündəliyi müzakirə olunub

20:45
10 Sentyabr

Səhrada itmiş qədim sivilizasiya tapılıb

20:43
10 Sentyabr

Qalaktikanın fərqli dünyaları

20:03
10 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!