İordaniyanın PETRA rəsmi xəbər agentliyi, “əl-Ğad” və “əl-Rəy” qəzetləri, “Jordan Daily”, “Nayrouz” və “al Balad News” xəbər portallarında Azərbaycanda uğurla keçirilən “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW2026) barədə məqalələr dərc olunub.
AZƏRTAC xəbər verir ki, materiallarda tədbirin əhəmiyyətindən və müzakirə olunan məsələlərdən bəhs edilib.
Qeyd olunub ki, Bakı İqlim Fəaliyyəti Həftəsi hökumət nümayəndələrini, biznes dairələrini, investorları, beynəlxalq təşkilatları, akademik ictimaiyyəti və vətəndaş cəmiyyətini bir araya gətirərək praktiki iqlim həllərinin təşviqinə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Məqalələrdə tədbirin ilk dəfə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel keçirildiyi vurğulanıb. Bildirilib ki, bu, Azərbaycanın qlobal iqlim diplomatiyası və dayanıqlı inkişaf sahəsində artan rolunu nümayiş etdirir.
Tədbirin əsas gündəliyini COP29-dan COP31-ə keçid, iqlim maliyyələşməsi, sənayenin dekarbonizasiyası, metan emissiyalarının azaldılması, karbon bazarları və regional enerji əməkdaşlığı təşkil edir.
Yazılarda Bakı İqlim Fəaliyyəti Həftəsinin üçüncü dəfə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığı qeyd olunub. Məqalələrdə, həmçinin enerji keçidi, bərpaolunan enerji mənbələrinin inkişafı, elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji səmərəliliyinin artırılması və rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı müzakirələrin aparıldığı bildirilib.
Xüsusi diqqətin Azərbaycanın regional yaşıl enerji dəyər zəncirlərində rolu, bərpaolunan elektrik enerjisinin ixracı, eləcə də gələcəkdə yaşıl hidrogen sənayesinin inkişafı imkanlarına yönəldiyi qeyd olunub.
Bununla yanaşı, BCAW2026 çərçivəsində süni intellekt və rəqəmsal texnologiyaların iqlim dəyişmələrinə davamlılığın artırılmasında rolu da müzakirə olunub. Xüsusilə Azərbaycanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə əməkdaşlıq çərçivəsində hazırladığı süni intellektəsaslı Fermer Qiymətləndirmə Sisteminin kənd təsərrüfatında iqlim dəyişmələrinə uyğunlaşma və su ehtiyatlarının idarə olunması baxımından innovativ nümunə kimi təqdim edildiyi vurğulanıb.
Yazılarda, həmçinin BCAW2026-nın sentyabrın 11-dək davam edəcəyi, tədbir çərçivəsində 15 əsas dəyirmi masa və çoxsaylı tərəfdaş tədbirlərinin keçirildiyi bildirilib.
Ümumilikdə, Bakı İqlim Fəaliyyəti Həftəsinin COP29-dan sonra Azərbaycanın beynəlxalq iqlim gündəliyində fəal rolunu davam etdirməsinə, investisiyaların cəlb edilməsinə və regional enerji əməkdaşlığının genişləndirilməsinə mühüm töhfə verdiyi vurğulanıb.