11 Sentyabr 2026 09:00
117
İQTİSADİYYAT
A- A+
Payız nağılı

Payız nağılı


"Məxməri mövsüm" Azərbaycan təbiətinin rəngini və ahəngini kəşf etmək üçün qaçılmaz fürsətdir


Artıq  qızılı payızın ayaq səsləri duyulur.  Payızın ovqatı bir ayrıdır, nağıla bənzəyir. Burada nə yayın gurultusu, nə də qışın sərtliyi insanı yorur. Sadəcə sakitlik, rəng və bir az da romantika dolu kövrəklik. Bəlkə də elə buna görə payızda səyahət etmək başqa fəsillərdən fərqlidir.  Bu səyahət insanı təbiətin ən sakit, ən rəngarəng və ən duyğulu halı ilə görüşdürür. Bu baxımdan, payız turizmi  saralmış yarpaqların arasından keçən yollar, dumanlı dağlar, sərin meşələr və yaddaşda uzun müddət yaşayan mənzərələr deməkdir. 

Mövsümün  gəlişi ilə yayın gursəsli, intensiv günlərindən sonra turizm məkanlarında temp tədricən azalır. Bu dövr bir növ mövsümlərarası nəfəsdir. Yəni yay fəslində qonaqlara xidmət göstərən turizm obyektləri və şirkətləri əməkdaşlarının istirahətinə imkan yaradır, eyni zamanda qarşıdakı qış mövsümünə hazırlıqlarını görürlər. Amma bu, o demək deyil ki,  payız  fəsli turizm üçün səssiz bir mövsümdür. 

Turizm üzrə ekspert Kənan Hənifəyev deyir ki, bu müddətdə turizm subyektləri yeni turizm proqramlarının hazırlanması, marşrutların yenilənməsi, xidmətlərin təkmilləşdirilməsi və qış turizmi mövsümünə hazırlıq istiqamətində intensiv işlər həyata keçirirlər: "Payız ayları turizm sektorunda növbəti mövsüm üçün planlaşdırma və heyətlərin peşəkarlığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə Qəbələ, Şahdağ və Tufandağ kimi dağ-xizək mərkəzlərində infrastrukturun texniki baxışdan keçirilməsi, mehmanxana və yerləşmə məkanlarının qış mövsümü üçün rezervasiya sistemlərinin yenilənməsi məhz bu dövrə təsadüf edir. Bundan əlavə, bölgələrdə aqroturizm, sağlamlıq (sanatoriya-kurort) və mədəni turizm istiqamətində payız paketlərinin formalaşdırılması da aktuallıq qazanır".

Yay aylarının sıxlığından və izdihamından dolayı kəşf edə bilmədikləri məkanlar payızda turistlər üçün daha əlçatan olur. Təbiətin sakitləşdiyi, yolların seyrəldiyi bu mövsüm Azərbaycana gələn xarici qonaqlar üçün ölkəni daha yaxından tanımaq imkanı yaradır. Bəlkə də elə buna görə payız aylarında ölkəyə üz tutan turistlərin sayı yay mövsümündən o qədər də fərqlənmir. Yayda daha çox sərin iqlimdən gələn turistlərə rast gəlinirsə, payızda isti ölkələrdən gələn qonaqların sayı artır. Xüsusilə Fars körfəzi ölkələrindən gələnlər üçün Azərbaycanın payızı tamam başqa bir aləmdir. Sarı-qızılı yarpaqlara bürünən meşələr, sakit parklar, al-əlvan rəngə boyanan bağlar onları özünə çəkir. Ərəb ölkələrindən gələn turistlər üçün mülayim, bəzən də yağışlı, çiskinli və küləkli payız havası fərqli bir təəssürat yaradır. Onların öyrəşdikləri isti iqlimdən sonra Azərbaycanın sərin nəfəsi, yağışın şəhər küçələrinə gətirdiyi romantika və dumanlı dağ mənzərələri əsl təbiət tablosuna çevrilir.

Amma payızın sehri yalnız havada və rənglərdə deyil. Bu fəsil həm də bolluq fəslidir. Bağlarda yetişən heyva, nar, xurma, kivi, naringi, portağal, limon və zeytun sanki süfrələrə təbiətin öz əli ilə çəkilmiş rəngli bir tablo gətirir. Yayın meyvələri ilə vidalaşan yollar bu dəfə payızın şirin nemətləri ilə turistlərə "gəl-gəl" deyir. Qubanın "Alma festivalı", Göyçayın "Nar festivalı", Lənkəranın "Çay, çəltik və sitrus meyvələri festivalı", Qəbələnin "Mürəbbə festivalı" payızın rənglərinə daha bir çalar qatır. Bu festivallar hər il özünəməxsusluğu ilə turistləri bölgələrə səsləyir. Burada bolluq bayrama, məhsul isə sevincə çevrilir,  milli musiqi və şənliklər insanda xoş ovqat yaradır. Xarici turist üçün isə bütün bunlar yeni və unudulmaz bir təəssüratdır. O, Azərbaycanın təkcə mənzərələrini deyil, bu torpağın bayram sevincini də özü ilə aparır.

Payızın sakit ritmi bəzən  beynəlxalq tədbirlərin yaratdığı hərəkətliliklə pozulur, ölkənin turizm həyatında yeni bir canlanma başlayır. Bu dinamikanın  turizmə təsirini dəyərləndirən Kənan Hənifəyev  payızda keçiriləcək beynəlxalq idman tədbirlərinin və mövsümi biznes konfranslarının xarici turist axınının artmasına təsir göstərəcəyini söyləyir: "Xüsusilə "Formula-1" Azərbaycan Qran-Prisinin keçirilməsi, eləcə də "Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının oyunları çərçivəsində Bakıda keçirəcəyi qarşılaşmalar zamanı ölkəyə xarici qonaqların səfərinin artacağı gözlənilir. Bu cür beynəlxalq tədbirlər yalnız turist axınının artmasına deyil, eyni zamanda ölkənin turizm imkanlarının xarici auditoriyaya daha geniş təqdim olunmasına, mehmanxana, iaşə, nəqliyyat və digər xidmət sahələrində aktivliyin yüksəlməsinə də şərait yaradır". 

Ekspertin fikrincə, irimiqyaslı beynəlxalq idman və mədəniyyət tədbirləri birbaşa və dolayısı ilə iqtisadiyyatın müxtəlif sahələrinə təsir göstərir. Payız aylarında paytaxta gələn azarkeş və nümayəndə heyətlərinin hesabına  hotel sektorunun gəlirləri artır. Üstəlik, şəhər nəqliyyatı, suvenir satışı, milli mətbəx obyektləri və muzeylərin  qazancının  yüksəlməsinə təkan verir. Bu da öz növbəsində mövsüm risklərini azaldaraq, ölkədə 12 aylıq davamlı turizm modelini formalaşdırır.

İki-üç günlük payız turları da səyahət həvəskarlarının seçimində xüsusi yer tutur. Quba, Qəbələ, İsmayıllı, Şəki-Qax-Zaqatala, Lənkəran, Masallı, Lerik və Astara istiqamətləri payızın rənglərinə bürünən ən sevilən marşrutlardandır. Xüsusilə cənub bölgəsində sitrus bağları, çay plantasiyaları və kənd mənzərələri bu səfərlərə ayrı bir rəng qatır. Payız həm də piyada turlar üçün ideal mövsümdür. Sərin hava, yarpaqlarla örtülən meşə yolları və dağ cığırları insanı təbiətin qoynunda addımlamağa çağırır. Quba və Qəbələnin meşələrindən Lerik və İsmayıllının dağ yollarına qədər hər cığır öz hekayəsini danışır. Belə turlarda yol yalnız gedilən məsafə deyil, təbiətlə qurulan səssiz bir söhbətdir. 

Bütün bunlar onu deməyə əsas verir  ki, Azərbaycanda turizmin inkişafı üçün görülən işlər payız turizminə də yeni nəfəs gətirir. Bu mövsüm ildən-ilə daha çox diqqət çəkir, daha çox insanı yollara çıxarır. Çünki payız, sadəcə, bir fəsil deyil. O, təbiətin insana "bir az dayan, nəfəs al və yaşadığın anın gözəlliyini hiss et" dediyi zamandır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İki qardaş, bir amal

09:30
11 Sentyabr

Bir ömrə sığmayan qəhrəmanlıq dastanı

09:20
11 Sentyabr

Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri təşkil olunub

09:10
11 Sentyabr

Payız nağılı

09:00
11 Sentyabr

BP artıq "yaşıl enerji" sahəsində də tərəfdaşımızdır

08:50
11 Sentyabr

"Azərenerji" və "China Energy" rəhbərlərinin görüşü olub

08:40
11 Sentyabr

Müstəqillik tariximizin yazıldığı ilk ünvan

08:30
11 Sentyabr

Terrordan ən çox əziyyət çəkən ölkələrdən biri Azərbaycandır

08:20
11 Sentyabr

Qlobal iqlim fəaliyyətinin prioritetləri Bakıda müzakirə olundu

08:10
11 Sentyabr

Avrasiyanın güc mərkəzi

08:00
11 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:59
11 Sentyabr

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:58
11 Sentyabr

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:57
11 Sentyabr

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:56
11 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:55
11 Sentyabr

“Səfərbərlik ehtiyatlarının nomenklaturası”nın təsdiq edilməsi haqqında

01:53
11 Sentyabr

Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi haqqında

01:52
11 Sentyabr

İordaniya mediası Bakı İqlim Fəaliyyəti Həftəsindən yazıb  

22:05
10 Sentyabr

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olub

22:02
10 Sentyabr

Yeni Azərbaycan – zəfərlər partiyası  

21:59
10 Sentyabr

Azərbaycan-Aİ münasibətləri və Cənubi Qafqazda sülh gündəliyi müzakirə olunub

20:45
10 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!