Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxladığı dövrdə ilkin qiymətləndirmələrə görə, torpaqlarımıza 1,5 milyondan artıq mina basdırılıb. Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın kasetli silahlar koalisiyasının məlumatına görə, Azərbaycan dünyanın mina və partlamamış hərbi sursatlarla ən çox çirklənməyə məruz qalmış ölkələrindən biridir.
44 günlük müharibədən sonra da Qarabağda və Şərqi Zəngəzurda separatçılar tərəfindən minaların geniş şəkildə yerləşdirilməsi ciddi təhlükə yaradıb. Minalar və partlamamış sursatlar onilliklər ərzində insanların həyatını təhlükə altında saxlayır. Bu təhlükə həmin ərazilərdə sosial-iqtisadi inkişafın ləngiməsinə, mədəni irsin bərpasına və yenidənqurma prosesinə, həmçinin keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışına ciddi maneələr yaradır. Hərbi silah kimi düşünülən minaların qurbanları hazırda daha çox mülki şəxslər olurlar. Odur ki, dövlətimiz bununla bağlı ciddi iş aparır.
Xatırladaq ki, 2020-ci il noyabrın 10-dan 2026-cı ilin aprelinədək 261 min 551 hektar ərazi minalardan təmizlənib. Ümumilikdə 246 min 463 mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Bu günədək 259 mina partlayışı hadisəsi qeydə alınıb ki, nəticədə 421 nəfər mina qurbanı olub, onların 72-si həyatını itirib, 349 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Müharibənin Azərbaycanın qələbəsi ilə bitməsinə baxmayaraq, faktlar "yeraltı müharibə"nin hələ davam etdiyini göstərir. Mina hadisələri insanların gündəlik həyat fəaliyyətini məhdudlaşdırır, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan əhali üçün əlavə risklər yaradır. Onu da qeyd edək ki, qurbanlar arasında azyaşlılar, gənclər və qadınların olması mina təhlükəsinin cəmiyyətin ən həssas qruplarına da təsir etdiyini göstərir. Bu, həm də reabilitasiya, sosial müdafiə və psixoloji dəstək kimi əlavə humanitar tədbirlərin vacibliyini ön plana çıxarır.
Xatırladaq ki, 1994-cü il mayın 12-də imzalanmış atəşkəs sazişindən sonra Azərbaycan Ordusunun mühəndis-istehkam qoşunları Füzuli rayonunun işğaldan azad olunmuş 22 kəndində 15 minalanmış sahədən 19 min tank əleyhinə, 22 min isə piyadalar əleyhinə mina taparaq zərərsizləşdirmişlər. Həmin dövrdə ANAMA mövcud deyildi. Bu işi Müdafiə Nazirliyinin mühəndis-istehkam qoşunları görürdü. Nəzərə almaq lazımdır ki, həmin kəndlər cəmi 3 ay işğal altında qalmışdı. Amma buna baxmayaraq, o dövrdə həmin ərazidən ümumilikdə 41 mindən çox mina aşkar edilərək zərərsizləşdirilmişdir.
Mina və partlamamış hərbi sursat təhlükəsi itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərində axtarış və qazıntı işlərinin aparılmasına da ciddi maneə yaradır. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə 300-dən çox kəhriz (yeraltı su mənbələri) mina və partlamamış hərbi sursatlarla çirkləndirilib. Köndələnçay, Tərtər, Qarqar, Xaçın, Həkəri çayları minalarla çirkləndirilib, kanallar dağıdılıb və ətrafı minalanıb.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra Ermənistanın Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar döşəməyə davam etməsi sübuta yetirilmiş faktdır. 2022-ci ildə Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə minanın aşkar edilməsi bunun təsdiqidir. 23 saatlıq lokal xarakterli antiterror tədbirindən sonra, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca 500 mindən artıq mina basdırıldığı faktının aşkarlanması isə düşmənin "yeraltı müharibəsi"nin miqyasını göstərir.
Minatəmizləmə fəaliyyətinin 90 faizindən çoxu Azərbaycanın daxili resursları hesabına aparılır. Bu sahədə bəzi xarici tərəfdaşlarla əməkdaşlıq edilsə də, ümumilikdə xaricdən dəstək məhduddur. Ölkəmiz erməni işğalını təkbaşına aradan qaldırdığı kimi, təcavüzkarın mənfur qalıqlarını da ərazilərindən özü təmizləyir. Hazırda minatəmizləmə Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biridir. Vətən müharibəsində əldə edilən Zəfərdən sonra həmin ərazilərdə geniş quruculuq işlərinin sürətli həyata keçirilməsini və sakinlərin öz yurdlarına təhlükəsiz dönməsini təmin etmək üçün minatəmizləmə xüsusi əhəmiyyət daşıyır və burada aparıcı rol ANAMA-ya məxsusdur.
Bununla yanaşı, BMT Baş katibinin xüsusi təşəbbüsü ilə elan edilmiş Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə ANAMA yanında İctimai Şuranın, mina qurbanları və onların ailə üzvləri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun icra etdiyi Azərbaycanın ilk qadın minaaxtaranları layihəsinin əməkdaşları Qarabağda mütəmadi tədbirlər həyata keçirirlər. Bu tədbirlərin sayəsində Azərbaycanın üzləşdiyi mina probleminin miqyası, hökumətin "yeraltı müharibə" ilə apardığı mübarizə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır.
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın tədbirlər planına əsasən, 2026-cı ilin sonunadək 280 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulub. Proqram çərçivəsində 2022-2025-ci illər ərzində 228. 227 hektar ərazi minalardan tam şəkildə təmizlənib.
Mülki təyinatlı ərazilərin kütləvi şəkildə minalanması beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması ilə yanaşı, həm də insanlıq əleyhinə törədilən cinayətdir. Ona görə də müvafiq beynəlxalq təşkilatlar, bütövlükdə dünya ictimaiyyəti Azərbaycanın çağırışlarına adekvat cavab verməli və bütünlüklə dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilməsi üçün rəsmi İrəvana ciddi təzyiq göstərməlidirlər. Mina qurbanlarının davamlı olmasının əsas səbəbi Ermənistanın üzərinə götürdüyü öhdəliyə zidd olaraq dəqiq mina xəritələrini ölkəmizə verməməsidir. Düzdür, müharibə başa çatandan sonra Ermənistan mina xəritələrinin bir hissəsini Azərbaycan tərəfinə təhvil vermişdi. Lakin araşdırmalar nəticəsində məlum olmuşdu ki, erməni tərəfinin təqdim etdiyi xəritələrin cəmi 25 faizi düzgündür.
Azərbaycan mina probleminə beynəlxalq ictimaiyyətin diqqətinin cəlb olunmasına xüsusi önəm verir. Çünki ölkəmizin ərazisinin 12 faizi minalarla və partlamamış sursatlarla çirklənib. Bu, kənd təsərrüfatı üçün yararlı torpaq fondunun 28 faizi deməkdir.
Bu gün Azərbaycanın milli prioriteti Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Görünən odur ki, bu ərazilərin ermənilər tərəfindən minalanması bərpa-quruculuq işlərinə ciddi maneə olaraq qalmaqdadır. Azərbaycan təkbaşına bu çətinliklə mübarizə aparmaq əzmindədir. Həyata keçirilən minatəmizləmə prosesinə ANAMA-dan əlavə, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, qeyri-hökumət təşkilatı və beş yerli şirkət cəlb edilib. Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi mina terroruna bütün dünya ciddi reaksiya verməli, beynəlxalq təşkilatlar bu ölkənin qanlı əməllərini görməzdən gəlməməlidirlər.
Rəhman SALMANLI,
"Azərbaycan"