29 İyul 2026 08:05
554
SİYASƏT
A- A+
İnsan hüquqları bütün bəşəriyyət üçün ortaq dəyər olmalıdır

İnsan hüquqları bütün bəşəriyyət üçün ortaq dəyər olmalıdır


Təəssüf ki, bəzi Qərb dairələri bu universal dəyər üzərindən də manipulyativ siyasət həyata keçirirlər


İnsan hüquqları anlayışı bəşəriyyətin ən böyük universal dəyərlərindəndir. Birləşmiş Millətlər Təşkilatının Dünya İnsan Hüquqları Bəyannaməsi və digər fundamental beynəlxalq sənədlər bu hüquqların bütün insanlar üçün bərabər və ayrılmaz xarakter daşıdığını təsbit edir. Lakin son onilliklərin siyasi praktikası göstərir ki, bu prinsip hər zaman eyni şəkildə tətbiq edilmir. Bir sıra hallarda insan hüquqları anlayışının öz ilkin mahiyyətindən uzaqlaşdırılaraq geosiyasi rəqabətin və siyasi təsir mexanizmlərinin tərkib hissəsinə çevrilməsi böyük təəssüf doğurur. 

Bu gün beynəlxalq münasibətlərdə müşahidə olunan əsas ziddiyətli məqamlardan biri məhz insan hüquqları mövzusunun fərqli şəkildə gündəmə gətirilməsidir. Ayrı-ayrı dövlətlərə münasibətdə sərt tənqidlər səsləndirilərkən digər ölkələrdə baş verən analoji və ya daha ağır hüquq pozuntuları müxtəlif səbəblərlə diqqətdən kənarda qalır. Belə yanaşma insan hüquqlarının universallığı prinsipini zəiflədir, bu anlayışın beynəlxalq nüfuzuna xələl gətirir və onun siyasi təsir vasitəsi kimi qəbul edilməsinə səbəb olur.

Azərbaycan da müstəqilliyini bərpa etdikdən sonra uzun illər ərzində bu cür yanaşmanın təsirlərini öz üzərində hiss edən dövlətlərdən olmuşdur. Xüsusilə ölkənin müstəqil xarici siyasət yürütməsi, enerji təhlükəsizliyi sahəsində strateji layihələr reallaşdırması, regional əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış etməsi və milli maraqlara əsaslanan qərarlar qəbul etməsi fonunda insan hüquqları mövzusu tez-tez siyasi müzakirələrin əsas alətlərindən birinə çevrilmişdir. Diqqətçəkən məqamlardan biri də odur ki, insan hüquqları ilə bağlı bəyanatlar, qətnamələr və müxtəlif hesabatlar əksər hallarda məhz Azərbaycanın mühüm geosiyasi qərarlar qəbul etdiyi və ya strateji layihələr həyata keçirdiyi dövrlərdə daha intensiv xarakter almışdır. Bu isə belə kampaniyaların təsadüfi deyil, müəyyən siyasi məqsədlərə xidmət etdiyini göstərən amillərdən biri kimi qiymətləndirilməlidir.


İkili yanaşmanın mahiyyəti


İnsan hüquqları heç vaxt dövlətlərə siyasi təzyiq göstərmək vasitəsinə çevrilməməlidir. Əgər bu anlayış geosiyasi maraqların alətinə çevrilirsə, onun mənəvi və hüquqi məzmunu zəifləyir, beynəlxalq hüquqa inam azalır və qlobal etimad mühiti zədələnir.

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda jurnalistlərin suallarını cavablandırarkən bir sıra mühüm geosiyasi məsələlərlə yanaşı, insan hüquqları mövzusunda Qərb dövlətlərinin tətbiq etdiyi ikili standartlar, müstəmləkəçilik siyasətinin müasir təzahürləri və beynəlxalq münasibətlər sistemində ədalətin təmin olunması problemlərinə də diqqət yönəltdi.

İnsan hüquqları ilə bağlı beynəlxalq diskussiyalarda ən ciddi problemlərdən biri fərqli və ikili yanaşmadır. Uzun illər müxtəlif beynəlxalq təşkilatlar və bəzi Qərb dövlətləri "insan hüquqları heç bir dövlətin daxili işi hesab edilə bilməz" prinsipini əsas gətirərək müxtəlif ölkələrin daxili proseslərinə münasibət bildiriblər. Amma eyni prinsipin heç də bütün hallarda qorunmadığına hər birimiz şahidik. Bu paradoks xüsusilə müstəmləkəçilik problemi müzakirə edilərkən daha aydın nəzərə çarpır. Əgər insan hüquqları doğrudan da ümumbəşəri dəyərdirsə, onda görəsən, niyə Yeni Kaledoniya, Fransız Polineziyası, Martinika, Sen-Marten və digər dənizaşırı ərazilərdə yaşayan xalqların hüquqları eyni həssaslıqla gündəmə gətirilmir? Niyə onların siyasi hüquqları, sosial problemləri və öz müqəddəratını müəyyən etmək tələbləri beynəlxalq informasiya məkanında lazımi diqqəti almır? Bu cür ziddiyətli yanaşma məhz burada özünü bütün çılpaqlığı ilə göstərir və belə bir həqiqət ortaya çıxır ki, insan hüquqları yalnız siyasi maraqlara uyğun gəldiyi hallarda fəal şəkildə müdafiə edilirsə, bu artıq universal prinsip deyil, geosiyasi alətə çevrilmiş mexanizmdir.

Əsl insan hüquqları müdafiəsi heç bir siyasi blokdan, heç bir regional maraqdan və ya iqtisadi tərəfdaşlıqdan asılı olmamalıdır. Universal prinsiplər yalnız bütün dövlətlərə və bütün xalqlara eyni meyarlarla tətbiq edildiyi halda öz dəyərini qoruyur. Əks halda beynəlxalq sistemdə ikili standartlar dərinləşir, beynəlxalq hüququn legitimliyi zəifləyir və insan hüquqları anlayışına ictimai etimad azalır.

Prezident İlham Əliyev IV Şuşa Media Forumunda Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə xüsusi yer ayırdı. Müasir dünyamızda bu təşkilat müstəmləkəçilik mövzusunu beynəlxalq müzakirələrin mərkəzinə çıxaran ən fəal və səmərəli qeyri-hökumət təşəbbüslərindən biridir. Dövlətimizin başçısı insan hüquqları ilə bağlı məsələlərin ümumbəşəri məsələlər olduğunu vurğuladı: "Bakı Təşəbbüs Qrupu isə bu mövzunu qlobal gündəliyə çıxaran, bəlkə də ilk və ən səmərəli qeyri-hökumət təşkilatıdır. Uzun illər ərzində Fransanın qondarma dənizaşırı əraziləri, əslində isə faktiki müstəmləkələri təzyiqlərə məruz qalıblar. Orada müxtəlif qanunsuz əməllər törədilib, o cümlədən nüvə sınaqları keçirilib. Polineziyada nə qədər nüvə sınağı keçirilib? Bəlkə 100, bəlkə 200, bəlkə də daha çox. Bunun nəticəsində çox sayda insan zərər çəkib. Çox sayda insan həyatını itirib, sağlamlığına ciddi zərər dəyib. Bakı Təşəbbüs Qrupu isə bu məsələni gündəmə gətirdiyinə görə, təəssüf ki, əsassız olaraq hansısa hibrid müharibə aparmaqda ittiham edilir. Bu, tamamilə ədalətsizdir".


Dekolonizasiya hələ də tam başa çatmayıb


XX əsrdə dekolonizasiya prosesi dünya tarixinin ən mühüm hadisələrindən biri hesab olunsa da, müstəmləkəçilik problemi tamamilə aradan qalxmış hesab edilə bilməz. Bu gün də müxtəlif bölgələrdə siyasi, iqtisadi və institusional asılılıq münasibətlərinin müxtəlif formaları mövcuddur. Yeni Kaledoniya buna ən aydın nümunələrdən biridir. Burada kanak xalqı uzun illərdir siyasi hüquqlarının genişləndirilməsi və öz gələcəyini sərbəst müəyyən etmək uğrunda mübarizə aparır. Son illər baş vermiş hadisələr göstərdi ki, bu problem hələ də aktuallığını itirməyib.

Fransız Polineziyasında da müstəqillik tərəfdarları beynəlxalq platformalarda öz hüquqlarının tanınmasını tələb edirlər. Martinikada sosial bərabərsizlik və iqtisadi asılılıq problemləri qalmaqdadır. Sen-Marten və digər dənizaşırı ərazilərdə də oxşar problemlər müşahidə olunur. Bu faktlar göstərir ki, insan hüquqları məsələsinə yanaşma yalnız müəyyən regionlarla məhdudlaşmamalıdır. Əgər hər hansı xalqın fundamental hüquqları pozulursa, həmin problem dünyanın harasında baş verməsindən asılı olmayaraq eyni prinsipiallıqla qiymətləndirilməlidir. Dünyanın harasında olursa-olsun, müstəmləkəçilik təzahürlərinə qarşı mübarizə bəşəri öhdəlikdir. 

Bu baxımdan, Bakı Təşəbbüs Qrupunun fəaliyyəti bütün dünyaya nümunə sayıla bilər. Təşkilat müxtəlif beynəlxalq konfranslar, müzakirələr və platformalar vasitəsilə müstəmləkəçilik mövzusunu beynəlxalq gündəmdə saxlayır, hələ də siyasi asılılıq şəraitində yaşayan xalqların problemlərinin müzakirəsinə çalışır. Bu fəaliyyət tarixi ədalətin bərpasına, insan hüquqlarının həqiqətən universal prinsiplər əsasında qiymətləndirilməsinə xidmət edir.


İkili standartların nəticələri


Beynəlxalq hüququn seçmə qaydada tətbiq olunması yalnız ayrı-ayrı dövlətlər üçün deyil, bütövlükdə beynəlxalq sistem üçün təhlükə yaradır. Halbuki beynəlxalq hüququn əsas prinsiplərindən biri dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət göstərilməsidir. Bu prinsiplərin bir regionda müdafiə olunması, digər regionda isə siyasi maraqlardan çıxış edərək fərqli şərh edilməsi beynəlxalq münasibətlərdə etimadsızlıq yaradır.

Azərbaycan da uzun illər ərzində beynəlxalq hüququn selektiv (ikili standartlar) tətbiqinin mənfi nəticələri ilə üzləşib. Xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi dövründə beynəlxalq hüququn norma və prinsiplərinin ardıcıl tətbiq edilməməsi regionda uzunmüddətli qeyri-sabitliyin əsas səbəblərindən biri idi. Bu "təcrübə" bir daha göstərdi ki, beynəlxalq hüquq siyasi maraqlardan asılı vəziyyətə salındıqda nə ədalətə, nə də davamlı sülhə xidmət edə bilir. 

Prezident İlham Əliyev sözügedən forumdakı çıxışında Fransanın Cənubi Qafqaz siyasətinə də toxundu və qeyd etdi ki, uzun illər ərzində rəsmi Paris Ermənistanı açıq şəkildə dəstəkləyən siyasət yürüdüb, Azərbaycanın ərazi bütövlüyünə münasibətdə qərəzli mövqe nümayiş etdirib. Xüsusilə bəzi Fransa şəhərlərinin və yerli idarəetmə strukturlarının qondarma "Dağlıq Qarabağ respublikası" ilə bağlı qəbul etdikləri qərarlar, eləcə də Fransada uzun müddət qondarma "Dağlıq Qarabağ"ın nümayəndəliyi kimi təqdim olunan strukturun fəaliyyət göstərməsi ölkəmizin haqlı etirazına səbəb olub.

Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz ərazi bütövlüyünü bərpa edəndən sonra Fransa tərəfindən nümayiş olunan qərəzli yanaşma iki ölkə arasında münasibətlərdə ciddi etimadsızlıq yaradıb. Dövlətimizin başçısı IV Şuşa Media Forumunda dedi: "Bilirsiniz, Fransa ilə münasibətlərimizə gəlincə, bəli, Fransanın ölkəmizin suverenliyinə münasibəti və qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınması ilə bağlı Fransada qəbul edilmiş qərarlar münasibətlərimizə müəyyən dərəcədə mənfi təsir göstərib. Hətta bu gün də Fransada mövcud olmayan qondarma "Dağlıq Qarabağ"ın qondarma səfirliyi fəaliyyət göstərir. Lakin bunlar nisbətən kiçik məsələlərdir. Söhbət Fransa ilə münasibətlərimizdən getmir. Söhbət beynəlxalq davranışın fundamental prinsiplərindən gedir". 

XIX və XX əsrlərin Azərbaycanı xarici siyasi mərkəzlərdən idarə olunan, milli iradəsini tam ifadə edə bilməyən bir ölkə idi. Dövlətimizin iqtisadi sərvətləri üzərində qərarlar başqa paytaxtlarda qəbul olunur, siyasi taleyi xalqın iradəsindən kənarda müəyyən edilirdi. Bugünkü Azərbaycan isə tamamilə fərqlidir. Dövlətimiz öz daxili və xarici siyasətini müstəqil şəkildə müəyyənləşdirir, iqtisadi resurslarına özü sahib çıxır, regional və qlobal layihələrin əsas təşəbbüskarlarından biridir. "Bu gün də Bakının ətrafındakı çirklənmiş ərazilərin təmizlənməsi ilə məşğuluq. Sərvətlərimizi istismar edənlərin təbiətimizə vurduğu zərərin aradan qaldırılması üçün milyardlarla vəsait xərcləyirik. Ötən otuz ildən çox müddətdə isə Azərbaycan, artıq qeyd olunduğu kimi, orta gücə malik dövlətə çevrilib. Məhz müstəqilliyin bəhrəsi budur. Sovet İttifaqı dağılanda xatırlayıram ki, Rusiyada bir çox analitiklər deyirdilər: "Bu respublikalar məhv olacaq. Onlar mərkəz olmadan yaşaya bilməyəcəklər". Bəs nə baş verdi? Onların hamısı normal həyat yaşayır. Bəziləri daha firavan, bəziləri isə nisbətən az firavan yaşayır, amma onların heç biri məhv olmadı. Müstəqilliyin üstünlüyü də məhz budur", - deyə dövlətimizin başçısı IV Şuşa Media Forumunda xüsusi qeyd etmişdir. 

Prezident İlham Əliyevin fikrincə, bu inkişaf yolu Azərbaycanın müstəqillik dəyərlərinə sadiqliyinin nəticəsidir və məhz buna görə ölkə bu gün azadlıq uğrunda mübarizə aparan xalqların səsini eşitməyə çalışır. Söhbət hansısa dövlətə qarşı siyasətdən deyil, beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətdən və bütün xalqların bərabər hüquqlara malik olması ideyasından gedir.


Müstəqilliyə can atan xalqlarla həmrəylik


Müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının beynəlxalq gündəmdə saxlanılması müasir insan hüquqları konsepsiyasının mühüm tərkib hissəsidir. İnsan hüquqları yalnız fərdi azadlıqlarla məhdudlaşmır. Bura xalqların azad yaşamaq, öz siyasi gələcəyini müəyyənləşdirmək, milli kimliyini qorumaq və iqtisadi inkişaf yolunu müstəqil seçmək hüququ da daxildir. Bu hüquqların hər hansı siyasi maraq naminə kölgədə saxlanılması beynəlxalq hüququn ruhuna uyğun gəlmir. 

Müasir beynəlxalq münasibətlər sisteminin qarşısında duran əsas çağırışlardan biri insan hüquqları anlayışının yenidən öz universal mahiyyətinə qaytarılmasıdır. İnsan hüquqları siyasi rəqabətin, geosiyasi təsir mexanizmlərinin və ya ideoloji qarşıdurmaların alətinə çevrilməməlidir.

Prezident İlham Əliyev çıxışlarında Azərbaycanın Yeni Kaledoniya, Fransız Polineziyası, Martinika və Sen-Marten kimi ərazilərdə yaşayan xalqların azadlıq və öz müqəddəratını müəyyən etmək hüququna göstərdiyi dəstəyə də toxunur. Bu mövqe Azərbaycanın hansısa dövlətə qarşı yönəlmiş siyasətindən deyil, tarixi təcrübəsindən və beynəlxalq hüququn prinsiplərinə hörmətindən qaynaqlanır. Ölkəmiz hesab edir ki, müstəmləkəçilik yalnız tarixdə qalmalı, xalqlar öz gələcəklərini azad şəkildə müəyyən etmək imkanına malik olmalıdırlar. Bakı Təşəbbüs Qrupunun fəaliyyəti də məhz bu yanaşmanın praktik ifadəsi kimi qiymətləndirilməlidir. Azərbaycan da məhz bu platforma vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətini müstəmləkəçilikdən irəli gələn problemlərə yönəltməyə çalışır. Xüsusi vurğulanmalıdır ki, IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin insan hüquqları və müstəmləkəçilik mövzusunda səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətində son illər formalaşan mühüm istiqamətlərdən birini əks etdirir. Bu yanaşmanın mərkəzində insan hüquqlarına universal prinsip kimi yanaşılması, beynəlxalq hüququn birtərəfli tətbiqinə etiraz və müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsinə dəstək dayanır.

Universal dəyərlərin etibarı yalnız onların hamıya bərabər şəkildə tətbiq edilməsi ilə qoruna bilər. İnsan hüquqları müxtəlif regionlar üçün fərqli meyarlarla qiymətləndirilirsə, bu zaman həm beynəlxalq hüququn legitimliyi, həm də qlobal ədalət anlayışı zədələnir. Buna görə də insan hüquqları ilə bağlı yanaşmalar siyasi maraqlardan deyil, beynəlxalq hüququn fundamental prinsiplərindən, dövlətlərin suverenliyinə hörmətdən və bütün xalqların bərabər hüquqlara malik olması ideyasından çıxış etməlidir. Yalnız bu halda insan hüquqları həqiqətən də bütün bəşəriyyət üçün ortaq dəyər kimi qəbul edilə və beynəlxalq münasibətlərdə ədalətli, etibarlı və sabit sistemin formalaşmasına real töhfə verə bilər.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın yeniyetmə qadın güləşçiləri dünya çempionatında mübarizəyə başlayırlar

12:27
29 İyul

Nazir: Qarabağla Şərqi Zəngəzurun yaşıl texnologiyalar əsasında inkişafı nümunəvi modelə çevrilib

12:20
29 İyul

Azərbaycan və Pakistan arasında əməkdaşlıq çərçivəsində Bakıda beynəlxalq təlim təşkil olunub

12:13
29 İyul

Neft qiymətləri bahalaşıb 

12:05
29 İyul

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

11:59
29 İyul

Bu gün Beynəlxalq Pələng Günüdür

11:52
29 İyul

ABŞ təhlükəli biotibbi tədqiqatlara federal dəstəyi dayandırıb

11:45
29 İyul

Macarıstan pasportu dünyanın ən güclü pasportlarından biri seçilib

11:38
29 İyul

"Sabah"ın uğuru

11:31
29 İyul

Yaponiyada güclü zəlzələdən sonra onlarla insan itkin düşüb

11:24
29 İyul

ABŞ və Səudiyyə Ərəbistanı İraqda iranpərəst qüvvələrə zərbələr endirib

11:17
29 İyul

Kinomuzun "ana"sı

09:05
29 İyul

Toğrul Sadıqzadənin yaradıcılıq dünyası

09:00
29 İyul

Müğənni ömrünün izləri mahnılarıdır

08:55
29 İyul

Mina terroruna qarşı mübarizəyə beynəlxalq səviyyədə dəstək verilməlidir

08:50
29 İyul

Qəhrəmanlar zamanın deyil, tarixin övladlarıdır - şəhid Rafiq Heydərov kimi

08:45
29 İyul

Zəfər alın yazımızdır

08:40
29 İyul

Büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 57,3 faizə çatıb

08:35
29 İyul

Ölkə iqtisadiyyatının daha bir aparıcı sektoru - yüngül sənaye

08:30
29 İyul

ABŞ Konqresinin növbəti qərəzli addımı erməni lobbisinin çirkin maraqlarına xidmət edir

08:25
29 İyul

"Kraudfandinq haqqında" qanun Azərbaycanın maliyyə sektorunda nəyi dəyişəcək?

08:20
29 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!