29 İyul 2026 08:20
523
İQTİSADİYYAT
A- A+
"Kraudfandinq haqqında" qanun Azərbaycanın maliyyə sektorunda nəyi dəyişəcək?

"Kraudfandinq haqqında" qanun Azərbaycanın maliyyə sektorunda nəyi dəyişəcək?


Bu gün qlobal iqtisadiyyatda əsas dəyəri innovativ ideyalar, rəqəmsal həllər və startap təşəbbüsləri yaradır. Lakin hər bir böyük layihənin reallaşması üçün ilk növbədə dayanıqlı maliyyə qaynağı tələb olunur. Bu məqsədlə ölkəmizdə mühüm hüquqi islahat həyata keçirilir. Belə ki, Prezident İlham Əliyevin 2026-cı il 24 iyul tarixli fərmanı ilə "Kraudfandinq haqqında" qanunun tətbiqinə start verildi. Bu addım milli maliyyə bazarının şaxələndirilməsi və rəqəmsal ekosistemin keyfiyyətcə yeni mərhələyə keçməsi baxımından əhəmiyyətlidir.

"Kraudfandinq" hərfi mənada kütləvi maliyyələşdirmə deməkdir. Bu modeldə hər hansı bir biznes ideyası, məhsul və ya sosial layihəsi olan şəxs xüsusi rəqəmsal platforma vasitəsilə öz təşəbbüsünü ictimaiyyətə təqdim edir. Yüzlərlə, hətta minlərlə sıravi vətəndaş və ya kiçik investor bu platforma üzərindən layihəyə kiçik və ya böyük məbləğlərdə vəsait yatırır. Toplanan bu vəsaitlər yekunda böyük bir kapitala çevrilir və ideyanın reallaşmasına imkan verir.

Dünya təcrübəsinə nəzər salsaq görərik ki, bu model Silikon Vadisindən tutmuş Avropa və Asiyanın aparıcı maliyyə mərkəzlərinədək geniş vüsət alıb. Əsas üstünlük ondan ibarətdir ki, kraudfandinq pul toplamaq vasitəsi ilə yanaşı, bazarın nəbzini tutmaq, ideyanın istehlakçılar tərəfindən necə qarşılanacağını öncədən test etmək üçün unikal göstəricidir. Əgər insanlar hələ istehsal olunmamış bir məhsula pul yatırmaq istəyirsə, deməli, bu həmin məhsulun gələcək uğuru üçün demək olar ki, zəmanətdir. Azərbaycanda da insanların informasiya texnologiyaları, süni intellekt, rəqəmsal xidmətlər, aqrar innovasiyalar və yaradıcı sənaye sahələrində böyük potensialı var.

Ölkə prezidentinin imzaladığı fərman qanunun praktiki müstəvidə dəqiq və təhlükəsiz işləməsi üçün dövlət qurumlarının vəzifə bölgüsünü müəyyənləşdirib. Eyni zamanda Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay ərzində kraudfandinq fəaliyyətində istifadəsinə yol verilməyən xarici zonaların siyahısını müəyyənləşdirsin. Əlbəttə, bu tələb maliyyə şəffaflığını təmin etmək, qanunsuz yolla əldə edilmiş vəsaitlərin leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün vacib profilaktik tədbirdir. Eyni zamanda digər qanunvericilik aktlarının yeni qanuna uyğunlaşdırılması üçün vaxt ayrılıb. Fərmana əsasən, DİN informasiya təhlükəsizliyi, kibermühitdə baş verə biləcək dələduzluq halları və hüquqi qayda-qanunun gözlənilməsi sahəsində nəzarət sistemlərinin icrasında yer alacaq. Həmçinin fərmanda ən geniş və məsuliyyətli vəzifələr Azərbaycan Respublikasının Mərkəzi Bankına tapşırılıb. Mərkəzi Bank altı ay ərzində bazarın "oyun qaydalarını" formalaşdıran bir sıra normativ aktları təsdiq etməlidir. Bura müəyyən vacib məsələlər - kraudfandinq platforması operatorunun minimum nizamnamə və məcmu kapitalına qoyulan tələblər, platformaların kiber və texniki təhlükəsizlik standartları, operatorların rəsmi reyestrə daxil edilməsi qaydaları, fərdi investorların riskə düşməməsi üçün onların bir layihəyə və bir platformaya qoya biləcəyi maksimum investisiya limitləri, habelə investorların və layihə müəlliflərinin şikayətlərinə baxılması sistemi ilə hesabatlılıq tələbləri daxildir.

Biznes mühiti üçün bu qanunun qəbulu maliyyələşmə imkanlarının genişlənməsi baxımından əhəmiyyətlidir. Sənəd xüsusilə ali təhsil müəssisələrində təhsil alan, elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan və ya öz startapını qurmaq niyyətində olan gənclər üçün əlverişli ekosistem formalaşdırır. Ənənəvi bank-maliyyə sistemində girov təminatı olmayan gənc sahibkarlar üçün maliyyə resurslarına çıxış imkanları olduqca məhdud idi. Kraudfandinq platformaları isə bu institusional maneəni aradan qaldırır. Artıq gənc təşəbbüskarlar öz ideyalarını və biznes planlarını rəqəmsal platformalar vasitəsilə şəffaf şəkildə təqdim edərək, birbaşa cəmiyyətdən və investorlardan alternativ vəsait cəlb edə biləcəklər. Bu sistem elm, təhsil və biznes sektorları arasında inteqrasiyanı gücləndirməklə yanaşı, universitetlərdə yaranan innovativ ideyaların real iqtisadiyyata kommersiyalaşdırılması prosesini də əhəmiyyətli dərəcədə sürətləndirəcək.

Kraudfandinq həm də pulunu dəyərləndirmək istəyənlər üçün yeni imkandır. Bu vaxta qədər sıravi vətəndaşların öz əmanətlərini dəyərləndirmək üçün seçimləri kifayət qədər məhdud idi, vəsaitlər ya bank depozitlərinə yerləşdirilir, ya da daşınmaz əmlak sektoruna yönəldilirdi. İndi isə hər bir vətəndaş kiçik məbləğlərlə də olsa gələcəyin perspektivli texnologiya, kənd təsərrüfatı və ya xidmət layihələrinə dəstək ola biləcək. Bəlkə də bu gün kiçik bir məbləğlə dəstəklənən startap sabah qlobal miqyaslı böyük bir şirkətə çevriləcək və onun ilkin investorları böyük gəlir əldə edəcəklər.

Sözsüz ki, burada risk faktorunu da unutmaq olmaz. Hər bir yeni biznesin iflas etmək və ya gözlənilən gəliri gətirməmək riski var. Məhz buna görə fərmanda Mərkəzi Banka fərdi investorlar üçün maksimum investisiya limitləri müəyyən etmək tapşırılıb. Bu məhdudiyyət vətəndaşların bütün yığımlarını riskli layihələrə yatırmasının və gözlənilməz maliyyə itkiləri ilə üzləşməsinin qarşısını almağa hesablanıb.

Kraudfandinq bazarının dayanıqlı inkişafı üçün bir neçə mühüm məqam xüsusilə diqqətdə saxlanılmalıdır. Belə ki, rəqəmsal platformaların kiberhücumlardan qorunması və vətəndaşların şəxsi, maliyyə məlumatlarının təhlükəsizliyinin təmin edilməsi birinci dərəcəli məsələdir. Eyni zamanda ideya adı altında yalançı layihələrlə vətəndaşların pulunu mənimsəmək istəyən şəxslərin qarşısını almaq üçün platforma operatorları ciddi filtrləmə və qiymətləndirmə sistemlərinə sahib olmalıdırlar. Bununla yanaşı, əhalinin və gənc sahibkarların kraudfandinq sistemləri, onun riskləri və hüquqi imkanları barədə maarifləndirilməsi işləri də genişləndirilməlidir.

Beləliklə, "Kraudfandinq haqqında" qanun Azərbaycanın maliyyə sektorunda tamamilə yeni bir səhifə açır. Bu, ölkəmizdə təşəbbüskarlıq ruhunu stimullaşdıran, gənclərin yaradıcı potensialını real kapitala çevirən və alternativi olmayan rəqəmsal maliyyə körpüsüdür. Mərkəzi Bankın və digər aidiyyəti qurumların yaxın aylarda hazırlayacağı normativ çərçivə ilə bu daha da şəffaf, etibarlı və cəlbedici olacaq.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın yeniyetmə qadın güləşçiləri dünya çempionatında mübarizəyə başlayırlar

12:27
29 İyul

Nazir: Qarabağla Şərqi Zəngəzurun yaşıl texnologiyalar əsasında inkişafı nümunəvi modelə çevrilib

12:20
29 İyul

Azərbaycan və Pakistan arasında əməkdaşlıq çərçivəsində Bakıda beynəlxalq təlim təşkil olunub

12:13
29 İyul

Neft qiymətləri bahalaşıb 

12:05
29 İyul

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

11:59
29 İyul

Bu gün Beynəlxalq Pələng Günüdür

11:52
29 İyul

ABŞ təhlükəli biotibbi tədqiqatlara federal dəstəyi dayandırıb

11:45
29 İyul

Macarıstan pasportu dünyanın ən güclü pasportlarından biri seçilib

11:38
29 İyul

"Sabah"ın uğuru

11:31
29 İyul

Yaponiyada güclü zəlzələdən sonra onlarla insan itkin düşüb

11:24
29 İyul

ABŞ və Səudiyyə Ərəbistanı İraqda iranpərəst qüvvələrə zərbələr endirib

11:17
29 İyul

Kinomuzun "ana"sı

09:05
29 İyul

Toğrul Sadıqzadənin yaradıcılıq dünyası

09:00
29 İyul

Müğənni ömrünün izləri mahnılarıdır

08:55
29 İyul

Mina terroruna qarşı mübarizəyə beynəlxalq səviyyədə dəstək verilməlidir

08:50
29 İyul

Qəhrəmanlar zamanın deyil, tarixin övladlarıdır - şəhid Rafiq Heydərov kimi

08:45
29 İyul

Zəfər alın yazımızdır

08:40
29 İyul

Büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 57,3 faizə çatıb

08:35
29 İyul

Ölkə iqtisadiyyatının daha bir aparıcı sektoru - yüngül sənaye

08:30
29 İyul

ABŞ Konqresinin növbəti qərəzli addımı erməni lobbisinin çirkin maraqlarına xidmət edir

08:25
29 İyul

"Kraudfandinq haqqında" qanun Azərbaycanın maliyyə sektorunda nəyi dəyişəcək?

08:20
29 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!