Nüvə stansiyalarında fövqəladə vəziyyət qeydə alınmayıb
Yaponiyanın cənub-qərb sahillərində 7,1 bal gücündə zəlzələ baş verdikdən sonra onlarla insanın yaralandığı və itkin düşdüyü bildirilir. Təxminən 50 min ev işıqsız qalıb.
Çərşənbə axşamı günortadan sonra Yaponiyanın cənubundakı Kumamoto prefekturasında 7,1 bal gücündə zəlzələ baş verib. Yerli media polisə istinadən bir neçə ölüm hadisəsi barədə məlumat yayıb. 50-dən çox insan yaralanıb və xəstəxanaya yerləşdirilib.
Meteoroloji agentliyin bildirdiyinə görə, zəlzələnin episentri Kumamoto prefekturası sahillərində dənizin dibində təxminən 10 kilometr dərinlikdə yerləşib. Sunami xəbərdarlığı verilib, lakin tezliklə ləğv edilib.
Zəlzələdən sonra Kaşima şəhərindəki ticarət mərkəzində partlayış baş verib və bu, ikinci mərtəbənin konstruksiyalarının çökməsinə səbəb olub. 30 nəfərə qədər insan itkin düşmüş hesab olunur. Polis həmçinin Yatsuşiro şəhərində itkin düşmüş şəxslər barədə məlumat alır. Bu məlumatlar tüstü borusunun çökdüyü Nippon Paper şirkətinin fabriki ilə bağlıdır.
Təxminən 300 min insan təxliyə mərkəzlərinə göndərilib. Yüzlərlə hərbi qulluqçu xilasetmə əməliyyatlarına kömək üçün səfərbər edilib.
Yaponiyanın Baş naziri Sanae Takaiçi sakinləri sahildən uzaq durmağa çağırıb. O, rəhbərliyi ilə təcili yardım qrupunun yaradıldığını elan edib və Kumamoto qubernatorunun xahişi ilə qurbanlara kömək etmək üçün Özünümüdafiə Qüvvələrinin 3600 əməkdaşının səfərbər ediləcəyini bildirib. Hökumət məlumat toplamaq və mümkün ziyanı qiymətləndirmək üçün xüsusi qrup yaradıb.
Kyuşuda baş verən təkanlar ən azı 48 min evi elektriksiz qoyub, dəmiryolu hərəkəti, o cümlədən sürət qatarları xidməti dayandırılıb. Yaponiya Nüvə Tənzimləmə Təşkilatının məlumatına görə, "Sendai" (Kaqoşima) və "Genkai" (Saqa) nüvə elektrik stansiyalarında heç bir fövqəladə vəziyyət qeydə alınmayıb.
Güclü təkanlar Cənubi Koreyada, o cümlədən cənub-şərqdəki əsas liman şəhəri Busanda da hiss olunub.
Xatırladaq ki, 10 il əvvəl Kumamotoda baş verən güclü zəlzələ nəticəsində 275 nəfər həlak olmuş, 2739 nəfər yaralanmış və on minlərlə insan evsiz qalmışdır.
Rizvan CƏFƏROV,
"Azərbaycan"