Son illərdə qlobal geosiyasi gərginliklər, təchizat zəncirlərində yaranan fasilələr və ənənəvi ticarət marşrutlarında risklərin artması Orta Dəhlizin strateji əhəmiyyətini əhəmiyyətli dərəcədə yüksəldib. Bu şəraitdə Azərbaycan öz coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirərək Avropa ilə Asiyanı birləşdirən əsas tranzit və logistika mərkəzlərindən birinə çevrilməkdədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Aslan Əzimzadə səsləndirib.
O bildirib ki, Azərbaycan üçün bunun bir neçə mühüm üstünlüyü var: “İlk növbədə tranzit daşımalarının artması qeyri-neft sektorunun inkişafını sürətləndirir və ölkənin büdcəsinə əlavə gəlirlər gətirir. Eyni zamanda, logistika, nəqliyyat, anbar təsərrüfatı, sığorta, gömrük və rəqəmsal xidmətlər kimi sahələrdə yeni investisiyalar və iş yerləri yaranır ki, bu da özü-özlüyündə məşğulluğun artmasına gətirib çıxarmaqdadır. Bu isə iqtisadiyyatın diversifikasiyası baxımından strateji əhəmiyyət daşıyır. Bundan əlavə, Azərbaycanın beynəlxalq nəqliyyat şəbəkəsində rolu artdıqca ölkənin geoiqtisadi və geosiyasi çəkisi də güclənir”.
Ekspertin sözlərinə görə, Orta Dəhlizin inkişafı istiqamətində həyata keçirilən infrastruktur layihələri regionun iqtisadi xəritəsini əhəmiyyətli dərəcədə dəyişir: “Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin imkanlarının artırılması, avtomobil yollarının və logistika mərkəzlərinin modernləşdirilməsi, eləcə də rəqəmsal gömrük və sərhəd keçid sistemlərinin tətbiqi yükdaşımaların sürətinə və səmərəliliyinə müsbət təsirini göstərir. Bu investisiyalar Azərbaycanın sadəcə tranzit ölkəsi deyil, yük axınlarının idarə olunduğu regional logistika habına çevirməkdədir. Nəticədə Cənubi Qafqaz beynəlxalq ticarətdə daha mühüm mövqe qazanır və regiona xarici investisiya marağı artır.
Almaniya və digər Avropa ölkələrinin Orta Dəhlizə artan marağı isə yeni əməkdaşlıq imkanları yaradır. Avropa İttifaqı təchizat layihələndirməyə, logistika risklərini azaltmağa və Mərkəzi Asiya ilə iqtisadi əlaqələri genişləndirməyə çalışır. Bu baxımdan, Azərbaycan etibarlı tərəfdaş kimi onun plana çıxıb. Gələcəkdə logistika infrastrukturu, dəmir yolu nəqliyyatı, liman idarəçiliyi, rəqəmsal ticarət və sənaye sahələrində birgə investisiya layihələrinin həyata keçirilməsi mümkündür. Xüsusilə Almaniyanın logistika texnologiyaları, sənaye və innovasiya sahəsindəki təcrübəsi Azərbaycanın nəqliyyat imkanlarının daha da inkişafına mühüm töhfə verə bilər. Ümumilikdə hesab edirəm ki, Orta Dəhliz artıq təkcə alternativ nəqliyyat marşrutu deyil, Avrasiya məkanında yeni iqtisadi əməkdaşlıq modelinin formalaşmasına xidmət edən strateji platformadır. Azərbaycan isə bu prosesdə həm coğrafi mövqeyi, həm də son illərdə həyata keçirdiyi infrastruktur və institusional islahatlar sahəsində əsas partnyorlardan birinə çevrilərək uzunmüddətli iqtisadi inkişaf və regional liderlik üçün mühüm imkanlar əldə edir”, - deyə o fikrini yekunlaşdırıb.