13 Noyabr 2026 10:05
108
İQTİSADİYYAT
A- A+
Hörmüz boğazındakı böhranın qlobal inkişafa mənfi təsirləri dərinləşir

Hörmüz boğazındakı böhranın qlobal inkişafa mənfi təsirləri dərinləşir


Dünya ticarət yollarında yaranan gərginliyin qlobal iqtisadiyyata mənfi təsirləri getdikcə artır. Qitələri və okeanları birləşdirən strateji dəniz yollarında, xüsusilə də dünya ticarətinin və enerji tədarükünün əsas keçidlərindən olan Hörmüz boğazındakı ən kiçik ləngimə belə bu gün ardıcıl fəsadlar yaradır. 

Bu mühüm boğazdakı fasilələr qlobal enerji təhlükəsizliyini, ərzaq təminatını və sosial rifahı birbaşa təhdid edir. Hörmüz boğazından keçən daşımaların və xüsusilə yanacağın bahalaşması kənd təsərrüfatı üçün əhəmiyyət daşıyan gübrənin, gündəlik tələbat mallarının və ərzağın qiymətini sürətlə artırır. Bununla da boğazda başlayan gərginlik dalğası qlobal inflyasiya fırtınasına çevrilərək dünyanın hər bir yerində ailə büdcələrini sarsıdır.

Beynəlxalq maliyyə qurumlarının, o cümlədən Beynəlxalq Valyuta Fondunun proqnozları da mənzərənin nə qədər ciddi olduğunu ortaya qoyur. İnkişaf etməkdə olan ölkələrdə iqtisadi artımın ötənilki 4,5 faiz səviyyəsindən bu il 3,7 faizə enəcəyi, qlobal inflyasiyanın isə 4,7 faizə yüksələcəyi gözlənilir. Bu statistikanın arxasında milyonlarla insanın taleyi və hökumətlərin üzləşdiyi ağır sınaqlar dayanır. Bir tərəfdə, artan yaşayış xərcləri qarşısında çətinlik çəkən ailələr, digər tərəfdə isə xarici maliyyə öhdəlikləri ilə təhsil, səhiyyə kimi əsas ictimai xidmətlərin maliyyələşdirilməsi arasında balans tapmağa çalışan dövlətlər var. Ən təhlükəli məqam isə odur ki, Hörmüz boğazındakı böhranın yaratdığı və müvəqqəti görünən bu iqtisadi çətinliklər illər boyu böyük zəhmətlə əldə edilmiş  nailiyyətləri sıradan çıxara və uzunmüddətli geriləməyə yol aça bilər.

Məhz buna görə də böhrandan ən çox zərərçəkən və maliyyə imkanları məhdud olan ölkələrin borc yükünü artırmadan dəstəklənməsi istiqamətində konkret addımlar atılır. Ötən il ərzaq təhlükəsizliyinin gücləndirilməsini və ən az inkişaf etmiş ölkələrin dayanıqlılığının artırılmasını hədəfləyən Doha Fəaliyyət Proqramı çərçivəsində ümumi dəyəri 21 milyon dollar olan iki saziş imzalanıb. Birincisi (10 milyon dollar), ən az inkişaf etmiş ölkələrdə ərzaq təhlükəsizliyinin və kənd təsərrüfatı dayanıqlılığının gücləndirilməsini, ikincisi (11 milyon dollar) isə BMT-nin müvafiq Ali Nümayəndəliyi vasitəsilə Doha Fəaliyyət Proqramının əsas prioritetlərinin icrasını və bu ölkələrin iqtisadi böhranlara qarşı müqavimətinin artırılmasını əhatə edir. Beynəlxalq gündəlikdə duran əsas prioritetlərin icrasını sürətləndirmək məqsədilə bu ilin dekabrında keçiriləcək Doha Forumunda qlobal müzakirələrin davam etdirilməsi, 2027-ci il martın 25-27-də isə Dohada Ən Az İnkişaf Etmiş Ölkələr üzrə Doha Fəaliyyət Proqramının yüksəksəviyyəli qiymətləndirmə toplantısının təşkili planlaşdırılır. Bütün bu təşəbbüslər qlobal ticarət yollarının təhlükəsizliyini qorumaqla yanaşı, iqtisadi böhranların inkişaf proseslərinə vurduğu zərəri minimuma endirməyə xidmət edir.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!