27 sentyabr 2020-ci ildə uzun illərdən bəri erməni işğalında qalmış torpaqlarımızın azadlığı uğrunda İkinci Qarabağ müharibəsi başladı. Müharibənin birinci günü Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutduğunu, nəticədə mülki əhali və hərbçilərimiz arasında itkilərin və yaralananların olduğunu bəyan etdi.
Dövlətimizin başçısı müraciətində daha sonra Azərbaycan Ordusunun düşmənin hərbi mövqelərinə sarsıdıcı zərbələr endirdiyini və Ermənistan silahlı qüvvələrinin xeyli sayda hərbi texnikasının və canlı qüvvəsinin məhv edildiyini bildirdi.
Silahlı Qüvvələrimiz Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında oktyabrın 4-də Cəbrayıl şəhərini, 9-da isə Hadrut qəsəbəsini düşməndən azad etdi. Ermənistan silahlı qüvvələrinin "məğlubedilməzlik" mifi əməliyyatların elə ilk günlərində darmadağın oldu. Rəşadətli ordumuz oktyabrın 17-də Füzuli şəhərində Azərbaycan bayrağını ucaltdı. Oktyabrın 18-də - Müstəqilliyin Bərpası Günündə Azərbaycanın üçrəngli bayrağı qədim Xudafərin körpüsünün üzərində dalğalanmağa başladı. Bundan iki gün sonra - oktyabrın 20-də isə Zəngilan şəhəri işğaldan azad olundu. Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycanın İran ilə dövlət sərhədi tam nəzarətə götürüldü. Oktyabrın 25-də Qubadlı rayonu düşmənlərdən tamamilə təmizləndi.
Ordusu darmadağın edilən Ermənistanın siyasi rəhbərliyi noyabrın 10-da təslimçilik aktını imzalamağa, üçtərəfli Bəyanatın şərtlərini qəbul etməyə məcbur oldu. 30 illik işğala son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
19-20 sentyabr 2023-cü ildə isə 1988-ci ildən Qarabağda kök salmış erməni separatçılarına və Ermənistan silahlı qüvvələrinin tör-töküntülərinə qarşı keçirilən birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olundu. Xunta rejimi ləğv edildi, onun liderləri həbs edilərək Bakıya gətirildi.
Prezident İlham Əliyevin qətiyyəti, prinsipiallığı, müdrikliyi və uzaqgörənliyi nəticəsində müharibənin davam etdiyi günlərdə diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Ali Baş Komandan müharibə dövründə dünyanın nüfuzlu media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri, Ermənistanın işğalçı ölkə olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Bunun da nəticəsində bir sıra beynəlxalq təşkilatlar və Azərbaycana dost ölkələr ədalətli mübarizəmizdə ölkəmizə mənəvi və siyasi dəstək verdilər.
Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı qələbənin əsasında hərbçilərimizin qəhrəmanlığı və vətənpərvərliyi ilə yanaşı, sarsılmaz Lider-xalq-ordu monolit birliyi, zabit və əsgərlərin vətənpərvərlik ruhu, ləyaqəti, milli birlik və həmrəyliyi dayanır. Məhz düşmən üzərində qazanılan qələbəni də şərtləndirən əsas amillər bunlar oldu.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciətində bu vacib məsələyə toxunaraq bildirdi: "Mən bu gözəl bayram günündə bir daha Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu qeyd etmək istəyirəm. Çünki ancaq böyük xalq əzab-əziyyətlərə baxmayaraq, 30 illik işğala baxmayaraq, - baxmayaraq ki, Ermənistanın arxasında dayanan böyük dövlətlər bizi hədələyirdi, - iradə göstərdi və mənə dəstək verərək Qələbəmizi şərtləndirdi".
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"