Dövlətin dəstəyini əsirgəmədiyi sənaye parkları və məhəllələrindən gözləntisi çoxdur
İqtisadi inkişaf istehsalın təşkili, investisiyaların cəlb edilməsi, innovasiyaların tətbiqi və davamlı iqtisadi dəyərin formalaşdırılmasıdır. Sənaye parkları məhz həmin məqsədlərə xidmət edən iqtisadi platformalardır. Bu platformaların əsas iştirakçıları olan rezidentlər isə ölkənin sənaye potensialının güclənməsində, idxaldan asılılığın azaldılmasında və ixrac imkanlarının genişləndirilməsində mühüm rol oynayırlar.
Belə bir qurumun yaradılması iqtisadiyyatda yeni istehsal ənənələrinin formalaşdırılması, sahibkarlığın təşviqi və sənaye sahələrinin inkişafı baxımından strateji əhəmiyyət kəsb edir. Parklar sahibkarlara istehsal fəaliyyətini qurmaq və genişləndirmək üçün zəruri infrastruktur təqdim etməklə yanaşı, investisiya risklərinin azaldılmasına və biznes xərclərinin optimallaşdırılmasına da şərait yaradır. Əsas üstünlük vahid sənaye ekosisteminin formalaşmasıdır. Belə ki, müxtəlif istiqamətlərdə fəaliyyət göstərən müəssisələrin eyni ərazidə cəmləşməsi istehsal əlaqələrinin genişlənməsinə, təchizat zəncirinin inkişafına, texnologiya və təcrübə mübadiləsinə imkan verir.
Burada iqtisadi səmərəliliyi müəyyən edən əsas amillərdən biri rezidentlərin fəaliyyəti və həyata keçirdikləri investisiya layihələridir. Çünki parkın yaradılması hələ son nəticə demək deyil. Əsas göstərici burada fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi məhsulların həcmi, çeşidi, satışı və ixrac imkanlarıdır. Rezident statusu əldə edən sahibkarlar dövlətin yaratdığı əlverişli şəraitdən istifadə etməklə yeni müəssisələr qurur, istehsal proseslərini müasir texnologiyalar əsasında təşkil edir, yerli xammal və resurslardan istifadəyə üstünlük verir, eyni zamanda xarici bazarlara çıxış imkanlarını genişləndirirlər.
Azərbaycanın sənaye parklarında rezidentlər üçün yaradılmış stimullaşdırıcı mexanizmlər sahibkarlıq fəaliyyətinin genişlənməsinə əlverişli zəmin yaradır. Belə ki, rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnika və texnoloji avadanlıqlara görə isə ƏDV və gömrük rüsumlarından azad edilirlər. Bundan başqa, dövlət hesabına yaradılan müasir infrastruktur sahibkarlara maliyyə resurslarını birbaşa istehsal layihələrinə yönəltmək imkanı verir.
Sənaye parklarında əldə olunan uğurların, istehsal potensialının genişlənməsinin və ixrac göstəricilərinin yüksəlməsinin əsasında ilk növbədə rezidentlərin həyata keçirdikləri investisiya layihələri və istehsal fəaliyyəti dayanır. Onların təşəbbüsləri, yatırdıqları sərmayələr və yaratdıqları yeni müəssisələr sənaye parklarının inkişafını sürətləndirir, ölkə iqtisadiyyatındakı mövqeyini bir qədər də gücləndirir. Həmin inkişafı konkret rəqəmlər də təsdiqləyir. İqtisadi Zonaların İnkişafı Agentliyinin 2025-ci ilin yekunlarına dair açıqladığı məlumatlara əsasən, bu qurumun idarəçiliyində olan sənaye zonalarında 138 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən bu zonalara 7 milyard manat investisiya yatırılıb, 82 müəssisə fəaliyyətə başlayıb və 9700-dən artıq daimi iş yeri yaradılıb.
Daha diqqətçəkən məqam isə istehsal və ixrac göstəriciləridir. 2015-2025-ci illərdə sənaye zonalarında ümumilikdə 19 milyard manatdan artıq məhsul satılıb, bunun 6 milyard manatdan çoxu ixracın payına düşüb. Təkcə 2025-ci ildə satış həcmi 4 milyard manata yaxın, ixrac isə 1,2 milyard manat təşkil edib. Ötən illə müqayisədə istehsal 21,1 faiz, ixrac isə 13,4 faiz artıb. Bu göstəricilər sənaye parklarının artıq iqtisadi siyasətin perspektiv istiqaməti olmaqla kifayətlənmədiyini, real istehsal və ixrac nəticələri yaradan iqtisadi mexanizmə çevrildiyini göstərir.
Qeyd edək ki, sənaye parkları regionların iqtisadi inkişafında da mühüm rol oynayır. Müxtəlif bölgələrdə belə parkların yaradılması yeni müəssisələrin fəaliyyətə başlamasına, iş yerlərinin artmasına və sahibkarlığın genişlənməsinə şərait yaradır. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Ağdam Sənaye Parkı və "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı da bu istiqamətdə həyata keçirilən mühüm layihələrdəndir. Həmin sənaye zonaları azad edilmiş ərazilərin iqtisadi dirçəlişini sürətləndirir, yerli əhalinin məşğulluğunun təmin olunmasına, sahibkarlıq fəaliyyətinin canlanmasına və yeni iqtisadi əlaqələrin qurulmasına imkan yaradır. Məsələn, Ağdam Sənaye Parkında indiyədək sahibkarlar tərəfindən 145,8 milyon manat investisiya yatırılıb, 1000-ə yaxın daimi iş yeri yaradılıb. Parkda fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi məhsullar həm daxili bazara, həm də xarici ölkələrə yönəldilir. Burada yeni investisiya layihələrinin həyata keçirilməsi davam edir. Belə ki, parkın ən son rezidenti olan "Ağdam Agro Yem" MMC tərəfindən 11 milyon manat investisiya dəyərinə malik heyvan yemləri istehsalı müəssisəsinin yaradılması nəzərdə tutulur. Müəssisədə heyvandarlıq təsərrüfatlarının tələbatına uyğun yem məhsulları istehsal ediləcək. Layihənin reallaşdırılması yerli heyvandarlıq təsərrüfatlarının yemlə təminatının yaxşılaşdırılmasına, idxaldan asılılığın azaldılmasına, eləcə də yerli istehsalın və ixrac imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Sənaye parklarının gələcək inkişafında əsas məsələlərdən biri yalnız istehsal həcmini artırmaq deyil, həm də istehsalın keyfiyyətini, texnoloji səviyyəsini və rəqabətqabiliyyətli olmasını yüksəltməkdir. Müasir sənaye artıq ənənəvi istehsal üsulları ilə kifayətlənmir. Rəqəmsallaşma, avtomatlaşdırma, enerji səmərəliliyi, ekoloji standartlar və innovativ texnologiyalar sənayenin inkişafında əsas meyarlara çevrilir.
Bu baxımdan sənaye parklarının rezidentləri qarşısında yeni imkanlarla yanaşı, yeni vəzifələr də dayanır. İstehsalda müasir texnologiyaların tətbiqi, məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması, yeni ixrac bazarlarının mənimsənilməsi və yerli istehsalın əlavə dəyərinin artırılması gələcək inkişafın əsas istiqamətləri olmalıdır.
Bütün bunlar göstərir ki, sənaye parkları və onların rezidentləri Azərbaycanın iqtisadi inkişaf strategiyasında bir-birini tamamlayan iki mühüm qüvvədir. Dövlətin yaratdığı infrastruktur və stimullaşdırıcı mexanizmlər sahibkarlar üçün əlverişli imkanlar formalaşdırır, rezidentlərin investisiya və istehsal fəaliyyəti isə bu imkanları konkret iqtisadi nəticələrə çevirir.
Əslində, sənaye parklarının uğuru ölkə iqtisadiyyatına nə qədər əlavə dəyər qazandırması, nə qədər yeni iş yeri yaratması, ixrac potensialını hansı səviyyədə artırması və sənayenin texnoloji inkişafına nə dərəcədə töhfə verməsi ilə ölçülür.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"