Mingəçevirlilər şəhərin 78 yaşını qeyd etdilər
Hər il olduğu kimi, bu il də Mingəçevir şəhərinin ildönümü böyük coşqu ilə qeyd olundu. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını ifadə etdilər.
Mingəçevir Dövlət Dram Teatrında təşkil olunan tədbirdə şəhərin dünənini və bugününü əks etdirən sərgi ilə tanışlıqdan sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edildi, Dövlət himni səsləndirildi, şəhərin keçdiyi inkişaf yolu ilə bağlı videoçarx nümayiş olundu.
Çıxış edən şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov 1948-ci il noyabrın 11-də şəhər statusu almış Mingəçevirin 78 yaşının tamam olması münasibətilə bütün sakinləri təbrik etdi. Bildirdi ki, ötən illər ərzində şəhər geniş inkişaf yolu keçmişdir: "Şəhərin tikinti-quruculuq işlərində iştirak edən yüzlərlə şəhər sakini Mingəçevirə şan-şöhrət gətirmiş, yüksəlişində, inkişafında töhfələr vermişlər. Onların bir qismi bu gün sıralarımızda yoxdur". İ.İsmayılov sonra Mingəçevirin formalaşmasında və inkişafında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndərin xidmətlərindən danışdı, məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan İES-in Mingəçevirdə tikintisinin həyata keçirildiyini xatırlatdı, şəhər iqtisadiyyatının güclənməsindən bəhs etdi. Vurğuladı ki, Ümummilli Liderin başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan İES ərazisində inşa olunan 1880 MVT-lıq 8 Noyabr Elektrik Stansiyasının açılışı olmuşdur. Hazırda stansiya tam gücü ilə işləyir. Bu il isə sentyabrın 26-da Prezident tərəfindən Bakı Konqres Mərkəzində onlayn formatda Mingəçevir Sənaye Parkında "TEXILE Horizon" MMC-nin (Tekstil Krasteri) layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulmuşdur".
ŞİH-in başçısı onu da bildirdi ki, ötən illər ərzində Prezidentin imzaladığı dövlət proqramlarına uyğun olaraq Mingəçevirdə həyata keçirilən geniş abadlıq-quruculuq işləri sürətlə davam etmişdir: "Sənaye müəssisələrinin istehsal gücü artmış, yeni parklar və xiyabanlar salınaraq əhalinin istifadəsinə verilmişdir. Dövlət başçısının diqqət və qayğısı sayəsində Mingəçevir günbəgün abadlaşır. Ötən illər ərzində 336 yaşayış binasının əsaslı və cari təmir işləri həyata keçirilmişdir. 26 nümunəvi məhəllə yaradılmışdır. Bu il isə 4 nümunəvi məhəllədə işlər aparılır. Nümunəvi məhəllələrdə 15 idman, 16 idman trenajor və 27 uşaq əyləncə meydançaları, 220 söhbətgah, 1094 oturacaq quraşdırılmışdır. Sözünə davam edən natiq söylədi ki, bu il "Şəhərsalma və Memarlıq İli" ilə bağlı Mingəçevirdə "Bakı Abadlıq" MMC tərəfindən 98 binanın fasad hissəsi, 5 yaşayış binasının dam örtüyü təmir edilmiş, park və xiyabanlarda, yaşıllıq zolaqlarında abadlaşma işləri aparılmış, 9000-ə yaxın gül-çiçək, 61 min dekorativ kollar əkilmişdir. Heydər Əliyev prospektində yeraltı keçidin, Gənclər-idman İdarəsinin qarşısının, Dram Teatr meydanının yenidən qurulması nəzərdə tutulmuş, bir neçə məhəllədə yenidənqurma işlərinin aparılması, uşaqlar üçün əyləncə və idman qurğularının quraşdırılması planlaşdırılmışdır".
Prezidentin tapşırığı ilə şəhid ailələrinə, Qarabağ əlillərinə diqqət və qayğının günü-gündən artdığını bildirən İ.İsmayılov bu ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, qarşılaşdıqları problemlərin həllinə dəstək göstərildiyini də dedi. Dövlət başçısının "Mingəçevir çox müasir, gözəl şəhərə çevrilibdir. Artıq Mingəçevir təkcə energetiklər şəhəri deyil, sənaye şəhəridir, mədəniyyət mərkəzidir… Şəhər tamamilə müasirləşib, gözəlləşib, böyük abadlıq-quruculuq işləri aparılır, xiyabanlar, parklar salınır, binalar təmir olunur", fikirlərini yada salan şəhər rəhbəri Mingəçevirin ölkə xaricində də tanındığını vurğuladı: "Mingəçevir Türkiyənin Qars və Gölbaşı bələdiyyələri ilə, Belarusun Polosk, İsrailin Afula, Qazaxıstanın Uralsk, Özbəkistanın Namanqan şəhərləri ilə qardaşlaşıb".
Ölkəmizin energetika paytaxtı olan Mingəçevirdə həyat öz axarı ilə davam edir, insanların güzəranı daha da yaxşılaşır, gənclər, məktəblilər, tələbələr vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərimizə uyğun böyüyürlər. Əhalinin məşğulluğunun təminatı diqqət məkəzində saxlanılır. Şəhərin inkişafına verilən dəstəkdən danışarkən Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri də xüsusi qeyd edilməlidir. Mehriban xanımın "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində şəhərdə inşa olunan müasir məktəblərdə təhsilin keyfiyyəti yüksək səviyyədədir.
Tədbirin sonunda Mingəçevirin inkişafında xidmətlərinə, ictimai həyatında fəal iştiraklarına görə və şəhərin 78 illiyi münasibətilə bir qrup şəxsə şəhər icra hakimiyyətinin fəxri fərmanları təqdim olundu, incəsənət ustaları konsert proqramı ilə çıxış etdilər.
Lazım QULİYEV,
"Azərbaycan"