Jurnalist, yazıçı, dramaturq, şair, tərcüməçi, alim və pedaqoq kimi müxtəlif sahələrdə çalışıb. Bu sahələrin hər biri onun həyatında özünəməxsus yer tutub, biri digərini tamamlayıb. Bəlkə də Aqşin Babayevin yaradıcılıq yolunu mənalandıran, maraqlı edən əsas cəhət elə budur.
Aqşin Babayev 1936-cı il noyabrın 23-də Bakıda dünyaya gəlib. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Jurnalistikaya hələ tələbəlik illərində başlayıb. Sonralar bu sahə onun uzun illər davam edən peşə fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilib.
1959-cu ildən 1991-ci ilədək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Türkiyə, ərəb ölkələri, İran və Cənubi Azərbaycana verilişlər hazırlayan redaksiyalarda fəaliyyət göstərib, sonralar həmin redaksiyalara rəhbərlik edib. 1972-1975-ci illərdə Türkiyədə işləyib. 1976-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində radioda xarici verilişlər üzrə sədr müavini vəzifəsini tutub.
Radio onun fəaliyyətində xüsusi yer tutub. Sədr müavini işləyərkən onun təməlini qoyduğu verilişlərdən biri də Cənubi Azərbaycana yayımlanan proqramlarda səslənən "Körpü"dür. Onun radioya rəhbərliyi dövründə "Araz" radiostansiyasının verilişləri səhər saatlarında yayımlanmağa başlayıb, "Səhər" proqramı efirə çıxıb.
Aqşin Babayevin jurnalist kimi fəaliyyəti respublika mətbuatı ilə məhdudlaşmayıb. O, 1969-1979-cu illərdə ingilis, fransız, alman və ispan dillərində nəşr olunan "Moskou nyus" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri işləyib, Azərbaycanın ictimai həyatı, mədəniyyəti və incəsənəti haqqında yazılar hazırlayıb, Üzeyir bəy Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Tahir Salahov kimi sənətkarların yaradıcılığını tanıdıb.
1991-ci il martın 1-də Milli Məclisdə yaradılan mətbuat xidmətinin ilk rəhbəri Aqşin Babayev olub. 1991-2006-cı illərdə Azərbaycan Respublikası Milli Məclisinin mətbuat katibi vəzifəsində çalışan Aqşin müəllim kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulmasına, parlamentin fəaliyyətinin ictimaiyyətə çatdırılmasına diqqət yetirib. O, həmçinin "Qurtuluş", "Tariximizin faciəli səhifələri: soyqırımı", "Heydər Əliyev və Azərbaycan parlamenti", "Azərbaycan parlamenti və beynəlxalq təşkilatlar", "Müstəqil dövlətimiz və parlamentimiz" kimi nəşrlərin hazırlanmasında iştirak edib. Parlament nümayəndə heyətlərinin tərkibində Fransa və Səudiyyə Ərəbistanına səfərlərindən hazırladığı reportajlar, Türkiyə və İsveçrədən yazdığı publisistik qeydlər də onun jurnalist yaradıcılığının parlaq nümunələridir.
Jurnalistika Aqşin Babayevin həyatında mühüm yer tutsa da, onun ədəbiyyata marağı daha erkən yaşlardan başlayıb. Özü bu barədə deyib: "Ədəbiyyata marağım bəlkə də atamın incəsənət və mədəniyyət sahəsinin adamı olmağından irəli gəlib. Atam həm rəssam, həm rejissor, həm yaxşı tarzən idi. Onun gözəl səsi də vardı. Atam - Əlisəttar Babayev rejissor kimi Leyla Bədirbəyli, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Töhfə Əliyeva və Məmmədəli Əliyevi ilk dəfə səhnəyə çıxarıb… Gözümü açmışam, bu sənətkarları evimizdə görmüşəm".
Aqşin Babayev hələ orta məktəbin yeddinci sinfində oxuyarkən "Bahar" adlı ilk şeirini qələmə alıb. İlk hekayəsi 1958-ci ildə "Oktyabr işıqları" almanaxında dərc olunub. 1964-cü ildə isə "Cazibəli üfüqlər" adlı ilk hekayələr kitabı işıq üzü görüb. Sonralar "Həmişəbahar", "Bir parça həyat", "Ağ ulduzlar", "Bir ürəyin hərarəti", "Ayrılıq", "Söz gülləsi", "Dünyanın axırı" kimi kitabları nəşr olunub. "Kişilər az yaşadı" kitabı Moskvanın "Sovetski pisatel" nəşriyyatında çap edilib.
O, sonralar daha çox hekayə, povest qələmə alsa da, poeziya ilə vidalaşmayıb. Şeirlərinə mahnılar bəstələnib. Amma Aqşin Babayev özünü şair adlandırmayıb. Müsahibələrinin birində deyib: "O ki qaldı şeir yazmağıma, mən özümü şair hesab eləmirəm. Şairliyi özüm üçün bir hobbi hesab etmişəm".
A.Babayev dramaturgiyaya hələ tələbəlik illərində üz tutub. İlk pyesi 1955-ci ildə tamaşaya qoyulub. Sonrakı illərdə əsərləri Musiqili Komediya, Rus Dram, Gənc Tamaşaçılar, Bələdiyyə və Sumqayıt Dövlət Dram teatrlarında səhnələşdirilib. 8 pyesi dövlət teatrlarında tamaşaya qoyulub, ssenariləri əsasında telefilmlər çəkilib. Aqşin Babayev səhnə əsərlərinin taleyindən razılığını müsahibəsində belə dilə gətirib: "Bəxtim hər zaman rejissor cəhətdən gətirib. Nazim Hikmətə həsr etdiyim "Ceviz ağacı" pyesim rejissor Firudin Məhərrəmli tərəfindən İrəvan Azərbaycan Dövlət Dram Teatrında səhnəyə qoyulacaq. Ulu Öndərə həsr etdiyim "Xilaskar" pyesim Sumqayıt Dövlət Dram Teatrında və İrəvan Dövlət Azərbaycan Dram Teatrında səhnələşdirilib. İrəvan Teatrının quruluşunda bu əsər Dağıstanda, Gürcüstanda və Türkiyənin 7 şəhərində səhnəyə qoyulub və rəğbətlə qarşılanıb. Deyə bilərəm ki, "Xilaskar" pyesimin səhnə həyatı tam ürəyimcə olub".
A.Babayev elmi araşdırmalar və tərcümə ilə də məşğul olub. Onun elmi əsərləri Moskva, Ankara və Tbilisidə nəşr edilib. "Nazim Hikmətin yaşamı" kitabı 1989-cu ildə Almaniyada işıq üzü görüb. "Türk ədəbiyyatı müntəxəbatı", "Türk dramaturgiyası", "Cümhuriyyət dövrü türk ədəbiyyatında sosial motivlər", "Azərbaycan və türk dünyası" əsərləri onun türk ədəbiyyatına və ədəbi əlaqələrə marağından yaranıb.
Aqşin Babayev 30-dan artıq xarici filmi Azərbaycan dilinə tərcümə edib. İtalyan dramaturqu Terensinin "Qardaşlar", türk dramaturqu Haldun Tanerin "Kemanlı Əli dastanı" pyeslərini, Əziz Nesinin hekayələrini dilimizə çevirib. Aydın Kazımzadə ilə birlikdə "Azərbaycan kino sənətində ədəbi əsərlərin təcəssümü" kitabını hazırlayıb. "Kino...kino" və "Kino sənətinin təməl daşı" əsərləri də onun kino sənətinə olan marağını əks etdirir.
Aqşin Babayev 35-dən çox bədii və elmi kitabın müəllifi kimi tanınır. Əsərləri müxtəlif ölkələrdə nəşr olunub. "Kişilər az yaşadı" (1986) Moskvada, "Nazim Hikmətin yaşamı" (1989) və "Əyri gözlük" (2016) Berlində, "Nazim və Azərbaycan" (2012) isə İzmirdə çap edilib. Hekayələri ABŞ, Türkiyə, İraq, Moldova və Gürcüstanda oxuculara təqdim olunub.
O, 1961-ci ildən Azərbaycan Jurnalistlər İttifaqının, 1978-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü idi. 1970-ci ildə "Əmək rəşadətinə görə" medalı ilə təltif edilib, 1987-ci ildə Əməkdar jurnalist fəxri adına layiq görülüb. 2004-cü ildə II dərəcəli Dövlət müşaviri rütbəsi alıb.
1967-ci ildən pedaqoji fəaliyyətlə məşğul olan Aqşin Babayev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, universitetin Ədəbi yaradıcılıq və ekran dramaturgiyası kafedrasına rəhbərlik edib. Təhsil ocağındakı fəaliyyəti zamanı gənclərin ədəbi və yaradıcı bacarıqlarının inkişafına diqqət yetirib.
Yazıçı-dramaturq, şair, tərcüməçi, pedaqoq, ictimai xadim, filologiya elmləri doktoru, professor Aqşin Babayev uzun sürən xəstəlikdən sonra 2020-ci il iyunun 10-da dünyasını dəyişib. Ömrünün son illərində "Ən böyük arzunuz nədir?" sualına cavabı belə olmuşdu: "Yaşamaq! Ömür çox qısadır. Keçmişə baxanda hər bir hadisə mənə dünən olubmuş kimi gəlir. Nazim Hikmət demişkən, "Yaşamaq gözəl şeydir, qardaşım". Sonra öz şeirini xatırlamışdı:
Buruq saçlı bir oğlandım, dünəndi,
Birdən-birə saçıma qar ələndi.
Ömrüm-günüm ağ dumana bələndi,
Hardan gəldi, hara getdi bu illər?!...
Bu cavabın arxasında ömrün sürətlə keçdiyinə, geridə qalmış illərə təəssüflə bərabər, çətinliklər qarşısında heç zaman sınmamış, aciz qalmamış, ruhdan düşməmiş bir insanın məğrurluğu və həyat sevgisi vardı...
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"