Göygöl rayonu təkcə füsunkar təbiəti ilə deyil, eyni zamanda işgüzar insanları ilə də seçilir. Hər ili uğurlu göstəricilərlə yola salan rayon sakinləri cari ildə də nailiyyətlərin sayını artırmağı qarşılarına məqsəd qoymuşlar. Belə ki, istər kənd təsərrüfatında, istərsə də digər sahələrdə sürətli inkişafa nail olan göygöllülər qazandıqları uğurlarla arxayınlaşmır, sabaha daha ümidlə baxaraq yorulmaq bilmədən çalışırlar.
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azər Əhmədovla söhbət zamanı məlum oldu ki, rayonda ili uğurla başa vurmaq üçün bütün qüvvələr səfərbərliyə alınmışdır. Hamı çalışır ki, üzərinə düşən işi vaxtında və keyfiyyətlə yerinə yetirsin. Bilirlər ki, sahə ilə qəbul olunmuş yeni dövlət proqramı onlardan daha işgüzar olmağı tələb edir. Odur ki, səhər tezdən sahələrə çıxan rayon sakinləri axşama kimi var qüvvə ilə işləyir, bol məhsul uğrunda əzmlə mübarizə aparırlar.
Söhbət zamanı öyrəndi ki, hazırda rayonda 13000 hektar əkin təyinatlı torpaq sahəsi var. Kənd təsərrüfatına yararlı torpaq sahəsindən 9000 hektarı suvarılan, 4000 hektarı isə dəmyə əraziləridir. Əvvəlki illərdə olduğu kimi cari ildə də bu əkin sahələrindən səmərəli istifadə edilərək yüksək göstəricilərə nail olunmuşdur. 2026-cı ilin məhsulu üçün 6247 hektar taxıl səpini aparılmışdır ki, bu da əvvəlki illə müqayisədə 1390 hektar çoxdur. Bu il taxıl sahələrindən məhsuldarlıq əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 sentner artmışdır.
Rayonun əlverişli iqlim şəraiti qədimdən bu ərazidə üzümçülüyün inkişafına imkan yaradır və rayon sakinlərinin il boyu işlə təmin olunmasında mühüm rol oynayır. Hazırda rayon ərazisində 563 hektar suvarılan üzüm bağı var. Bunun 551,5 hektarı texniki sortlar, 11,5 hektarı isə "Təbriz" süfrə üzümü sortudur. Üzüm bağlarından son illər orta hesabla 4632,2 ton məhsul götürülmüşdür ki, bu da ötən illərlə müqayisədə hər hektardan 14,4 senter çoxdur.
Rayonda son illər meyvəçiliyin inkişafına da diqqətlə yanaşılır. Bu işlə əsasən "ŞirinAqro", "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC, "Aqro-Azərinvest" MMC, "Göygöl Şərab Zavodu" ASC və "Az-Ros Garden" QSC məşğul olur. Hazırda rayon ərazisində 890 hektar meyvə bağı var. Meyvə əkinlərinə, xüsusən də intensiv və super intensiv meyvə bağlarının salınmasına maraq artmışdır. Qeyd edək ki, rayon ərazisində intensiv üsulla becərilən 400 hektar meyvə bağı var. 6 hektar ərazidə isə müasir meyvə tingçiliyi təsərrüfatı yaradılmışdır. Meyvəçilik təsərrüfatlarında əsasən xarici ölkələrdən gətirilmiş sortlar becərilir.
Rayonda dəmyə şəraitində kartof istehsalına da maraq xeyli artmışdır. Əsasən daha məhsuldar olan "Nevskiy", "Rodomışskiy", "Oqonyok", "Laymdota", "Əmiri-600", "Telman", "Sevinc", "Ukrayinskiy rozovıy" sortları əkilir. 2026-cı ilin məhsulu üçün rayon ərazisində 265,5 hektar kartof əkini aparılmışdır. Hər hektardan təxminən 10 ton kartof məhsulu götürülmşdür. Gələcəkdə daha çox sahədə kartof əkini aparılması nəzərdə tutulmuşdur. Bundan başqa, hər il rayonda bol tərəvəz məhsulları da yetişdirilir. Xüsusilə yaşıl lobya, bibər, badımcan, süfrə yerkökü, süfrə çuğunduru, sarımsaq, pomidor, xiyar, kələm, baş soğan, keşniş, şüyüd, nanə və sair də əkilir ki, bu da əhalinin bu məhsullara olan tələbatını qismən ödəyir.
Son illər fermerlərin müasir suvarma sistemi ilə təchiz olunmuş intensiv üsulla becərilən moruq əkinlərinə də marağı xeyli artmışdır. Rayon ərazisində ildən-ilə moruq sahələri genişləndirilir. 122 hektar sahədə əsasən "Polka", "Polana" və yerli moruq sortları becərilir. Fermerlər hər il bir hektardan orta hesabla 7-9 ton məhsul götürürlər.
Rayonda heyvandarlığın sürətli inkişafını təmin etmək məqsədilə müxtəlif tədbirlər görülür. Hazırda rayonda 21168 baş iribuynuzlu heyvan, 122788 baş xırdabuynuzlu heyvan, 206742 baş müxtəlif növ ev quşları və 7297 arı ailəsi mövcuddur. Həyata keçirilən tədbirlər nəticəsində heyvandarlıq məhsulları istehsalında da intensiv artımı təmin olunmuş, ət istehsalı 2338,3 ton, süd istehsalı 13448,9 ton olmaqla 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalında 10 ton, süd istehsalında isə 36,3 ton artım olmuşdur.
Onu da qeyd edək ki, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, süni mayalanma şəbəkəsinin genişləndirilməsi məqsədilə rayonda məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, cari ildə süni mayalanmadan 483 baş cins buzov alınmışdır ki, bu da əvvəlki ildəkindən 61 baş çoxdur.
Qeyd edək ki, rayonun Xaqani kəndi ərazisində yeni müasir tipli südlük heyvandarlıq kompleksi yaradılmışdır. Kompleksdə Holşteyn-Friz cinsindən olan heyvanlar saxlanılır. Bundan başqa, rayon ərazisində "Æersey" cinsli damazlıq təsərrüfatı fəaliyyət göstərir. Hazırda təsərrüfatda 79 baş "Æersey" cinsindən olan iribuynuzlu heyvan saxlanılır.
Sabir ƏLİYEV,
"Azərbaycan"