İqtisadiyyatın siması sürətlə dəyişir. Bir vaxtlar bank əməliyyatı üçün növbədə dayanmaq, ödəniş üçün kassaya yaxınlaşmaq, sənəd almaq üçün dövlət qurumuna getmək adi hal idi.
Bu gün həmin əməliyyatların böyük hissəsini bir neçə dəqiqəyə, mobil telefon vasitəsilə həyata keçirmək mümkündür. Rəqəmsallaşma artıq həyatımıza kənardan daxil olan texnoloji yenilik deyil, gündəlik iqtisadi münasibətlərin özünə çevrilir. Dəyişən yalnız xidmətlərin forması deyil. Rəqəmsal texnologiyalar biznesin necə qurulduğunu, maliyyənin necə idarə edildiyini, məhsulun necə satıldığını, dövlət xidmətlərinin necə təqdim olunduğunu da dəyişir. Süni intellektin sürətli yayılması isə bu prosesi yeni mərhələyə çıxarır. Artıq əsas məsələ texnologiyadan istifadə edib-etməmək deyil, ondan nə dərəcədə səmərəli istifadə etməkdir.
Azərbaycan üçün də bu sual getdikcə daha çox iqtisadi məzmun qazanır. Son illər ölkədə yaradılan rəqəmsal infrastruktur, elektron dövlət xidmətləri, nağdsız ödəniş sistemləri və yeni texnoloji platformalar müəyyən baza formalaşdırıb. İndi əsas hədəf həmin bazanı daha çox iqtisadi artıma, yeni biznes imkanlarına, məhsuldarlığa və yüksək əlavə dəyərə çevirməkdir.
Rəqəmlərin göstərdiyi yeni mənzərə
Dövlət siyasətində son illərdə atılan addımlar da rəqəmsal inkişafın artıq yeni mərhələyə keçdiyini göstərir. 2025-ci ildə qəbul edilən Rəqəmsal İnkişaf Konsepsiyası və Süni İntellekt Strategiyası rəqəmsal transformasiya, süni intellektin tətbiqi, elmi-tədqiqat imkanlarının və kadr potensialının gücləndirilməsi üçün vahid istiqamətlər müəyyənləşdirib. Ardınca qəbul olunan 2026-2029-cu illər üçün Rəqəmsal İqtisadiyyat Strategiyası sahibkarlığın rəqəmsallaşdırılması, innovasiyaların təşviqi, rəqəmsal infrastrukturun və bacarıqların inkişafını ön plana çıxarıb. 2026-cı ilin fevralında təsdiqlənən Fəaliyyət Planı isə bu məqsədlərin praktik icra mexanizmlərini müəyyən edib. Başqa sözlə, rəqəmsallaşma Azərbaycanda artıq ayrı-ayrı elektron layihələrin məcmusu deyil. O, getdikcə iqtisadi inkişaf siyasətinin mühüm istiqamətlərindən birinə çevrilir.
Son göstəricilər ölkədə rəqəmsal imkanların sürətlə genişləndiyini təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycanda internetdən istifadə edənlərin əhali üzrə payı 91,5 faizə çatıb. Bu, rəqəmsal xidmətlərin geniş yayılması üçün kifayət qədər böyük istifadəçi bazasının formalaşdığını göstərir. 2026-cı ilin yanvar-avqust aylarında informasiya və rabitə sahəsində real artım 10,7 faiz təşkil edib. Müqayisə üçün həmin dövrdə ölkə üzrə ÜDM 1,2 faiz, qeyri-neft-qaz sektorunda isə 2,1 faiz artıb. Deməli, informasiya və rabitə sahəsinin artım tempi iqtisadiyyat üzrə orta göstəricini əhəmiyyətli dərəcədə üstələyib.
Daha maraqlı mənzərə sektorun daxilində görünür. Eyni dövrdə proqram təminatının hazırlanması və bu sahədə məsləhət xidmətlərinin həcmi 39,4 faiz, internet xidmətləri isə 21,3 faiz artıb. Xüsusilə proqram təminatı sahəsində müşahidə olunan dinamika vacibdir. Çünki rəqəmsal iqtisadiyyatın gücü yalnız rabitə xidmətlərinin genişlənməsi ilə ölçülmür. Əsas məsələ yüksək əlavə dəyər yaradan proqram məhsullarının, məlumat xidmətlərinin və texnoloji həllərin iqtisadiyyatda çəkisinin artmasıdır.
Cibimizdəki "bank" maliyyə davranışı necə dəyişir
Rəqəmsallaşmanın gündəlik həyatda ən aydın göründüyü sahələrdən biri maliyyə sektorudur. Cəmi bir neçə il əvvəl bank kartından daha çox nağd pul çıxarmaq üçün istifadə olunurdusa, indi kart və mobil telefon gündəlik ödəniş vasitəsinə çevrilib. Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə ölkə daxilində kartlarla aparılan nağdsız ödənişlərin həcmi 26 faiz artaraq 99,1 milyard manata çatıb. Ölkədaxili kart əməliyyatlarında nağdsız ödənişlərin payı 67,6 faiz təşkil edib. Apple Pay və Google Pay vasitəsilə aparılan ödənişlərin sayının bir ildə 67 faiz artması da istehlakçı davranışının necə sürətlə dəyişdiyini göstərir. Bu dəyişiklik təkcə ödəniş formasına aid deyil. Maliyyə bazarının özündə də yeni rəqəmsal mühit yaranır. Açıq Bankçılığın tətbiqi bunun mühüm nümunəsidir. 2025-ci ilin oktyabrında 13 bank Açıq Bankçılıq platformasına inteqrasiyanı tam başa çatdırmış, daha 6 bank isə prosesin yekun mərhələsində olmuşdu.
Dünya ilə müqayisədə haradayıq
Rəqəmsal inkişafın real səviyyəsini yalnız ölkədaxili artım göstəriciləri ilə qiymətləndirmək kifayət deyil. Beynəlxalq müqayisə həm mövcud mövqeyi, həm də inkişaf ehtiyatlarını daha aydın göstərir. Beynəlxalq Telekommunikasiya İttifaqının 2025-ci il ICT Development Index göstəricisinə görə, Azərbaycanın indeksi 85,9 bal olub. 2024-cü ildə bu göstərici 80,4 bal idi. Başqa sözlə, bir il ərzində təxminən 7 faizlik yüksəliş qeydə alınıb. Elektron dövlət sahəsində də irəliləyiş görünür. BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində Azərbaycan 2024-cü ildə 9 pillə irəliləyərək 74-cü yerə yüksəlib və "çox yüksək" elektron hökumət inkişafı qrupuna daxil olub. "SİMA" rəqəmsal imzasından istifadə edənlərin sayının 4 milyonu keçməsi də göstərir ki, rəqəmsal xidmətlər artıq məhdud istifadəçi qrupu üçün deyil, geniş əhali təbəqələri üçün gündəlik alətə çevrilir. Bu göstəricilər ölkənin mövqeyinin yaxşılaşdığını təsdiqləyir. Eyni zamanda beynəlxalq müqayisələr göstərir ki, rəqəmsal inkişaf sürətini qorumaq və qabaqcıl mövqelərə yaxınlaşmaq üçün mövcud potensialdan daha geniş istifadə edilməlidir.
Elektron ticarət: sürət yüksək, imkanlar isə daha böyükdür
Rəqəmsal iqtisadiyyatın ən perspektivli istiqamətlərindən biri elektron ticarətdir. 2025-ci ildə Azərbaycanda elektron pərakəndə ticarətin dövriyyəsi real ifadədə 72 faiz artaraq 284,9 milyon manata çatıb. 72 faizlik artım kifayət qədər yüksək göstəricidir. Bununla yanaşı, elektron ticarətin ümumi pərakəndə dövriyyədə payının 0,42 faiz olması bu sahədə istifadə edilməmiş imkanların hələ kifayət qədər böyük olduğunu göstərir. 2026-cı ilin ilk üç ayında elektron pərakəndə ticarətin dövriyyəsinin daha 35,8 faiz artaraq 80,7 milyon manata çatması və ümumi pərakəndə ticarətdə payının 0,51 faizə yüksəlməsi də müsbət dinamikanın davam etdiyini göstərir.
Burada əsas məsələ yalnız insanların internet vasitəsilə daha çox alış etməsi deyil. Daha vacib istiqamət yerli sahibkarların, xüsusilə kiçik və orta biznesin elektron satış imkanlarının genişlənməsidir.
Regionlarda fəaliyyət göstərən sahibkar üçün rəqəmsal platforma yalnız yeni satış kanalı deyil, həm də coğrafi məhdudiyyətləri aradan qaldıran bazar imkanıdır. Yerli məhsulun daha böyük bazara çıxması sahibkarın gəlirini artırmaqla yanaşı, regionlarda iqtisadi fəallığa da əlavə təkan verə bilər.
Yeni mərhələdə diqqət nəyə yönəlməlidir
Azərbaycanın rəqəmsal transformasiya sahəsində əldə etdiyi nəticələr kifayət qədər möhkəm baza yaradıb. Növbəti mərhələnin əsas məsələsi bu bazanın iqtisadi təsirini daha da artırmaqdır.
İlk növbədə, kiçik və orta sahibkarlığın rəqəmsal transformasiyasının genişləndirilməsi vacibdir. Müəssisənin internet səhifəsinin və ya sosial şəbəkədə hesabının olması hələ tam rəqəmsallaşma deyil. Satışın, mühasibatlığın, logistikanın, müştəri münasibətlərinin və ödənişlərin rəqəmsal sistemlərə inteqrasiyası biznes üçün daha konkret iqtisadi nəticə yarada bilər.
Digər mühüm məsələ rəqəmsal bacarıqlardır. Süni intellekt, məlumat analitikası, elektron ticarət, kibertəhlükəsizlik və rəqəmsal maliyyə üzrə biliklər artıq təkcə İT mütəxəssisləri üçün deyil, bir çox peşələr üçün zəruri bacarıqlara çevrilir. Texnologiyanın iqtisadi səmərəsi, nəticədə, ondan istifadə edə bilən insan kapitalının səviyyəsindən asılı olacaq.
Rəqəmsal maliyyənin genişlənməsi təhlükəsizlik məsələlərinin də daim diqqətdə saxlanmasını tələb edir. Mobil bankçılıq və nağdsız ödənişlər çoxaldıqca kiberdələduzluğa qarşı mübarizə, fərdi məlumatların qorunması və əhalinin maliyyə savadlılığının yüksəldilməsi də paralel şəkildə gücləndirilməlidir.
Regionlarda rəqəmsal imkanların genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Burada söhbət yalnız internetə çıxışdan getmir. Region sahibkarlarının elektron ticarətə, rəqəmsal maliyyə xidmətlərinə, onlayn biznes alətlərinə və süni intellekt imkanlarına çıxışının genişlənməsi iqtisadi fəallığın coğrafiyasını da böyüdə bilər. Bunlar mövcud siyasətin zəif tərəfləri kimi deyil, əldə olunan nəticələrdən sonra meydana çıxan və rəqəmsal inkişafın növbəti mərhələsində həlli vacib olan məsələlər kimi qiymətləndirilməlidir.
Azərbaycan rəqəmsal iqtisadiyyatın formalaşması üçün zəruri olan əsas elementlərin böyük hissəsini yaradıb. İnternetdən istifadə genişlənib, elektron dövlət xidmətləri inkişaf edib, nağdsız ödənişlər sürətlə artır, Açıq Bankçılıq tətbiq olunur, süni intellekt və rəqəmsal iqtisadiyyat üzrə yeni strateji sənədlər qəbul edilib.
İndi əsas sual da dəyişir. Məsələ artıq yalnız "nə qədər rəqəmsallaşmışıq" sualına cavab tapmaq deyil. Daha mühüm olan "rəqəmsallaşmadan nə qədər iqtisadi dəyər yaradırıq" sualıdır. Ona görə də növbəti mərhələdə nəticəni yalnız elektron xidmətlərin, rəqəmsal əməliyyatların və internet istifadəçilərinin sayı ilə ölçmək kifayət etməyəcək. Biznes xərclərinin azalması, məhsuldarlığın yüksəlməsi, yeni texnoloji şirkətlərin yaranması, rəqəmsal xidmət ixracının artması, elektron ticarətin genişlənməsi və yüksəkixtisaslı yeni iş yerlərinin yaradılması da əsas nəticə göstəricilərinə çevrilməlidir.
Yaşar MƏMMƏDOV,
ETN-nin İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru