Milli maraqlara və dayanıqlı gələcəyə əsaslanan dövlət siyasəti
"Milli prokurorluq orqanları cinayətkarlığın bütün təzahürlərinə qarşı mübarizənin ön sırasında dayanırlar"
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və davamlı tərəqqi strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün çağırışları və milli maraqlar əsasında ardıcıl şəkildə həyata keçirilməsi ölkəmizin siyasi, iqtisadi və hüquqi əsaslarının daha da möhkəmlənməsinə, inkişafında yeni keyfiyyət mərhələsinin başlanmasına şərait yaratmışdır.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın son illərdə keçdiyi zəfər yolu xalqımızın milli yaddaşında əbədi yer tutan hadisələrlə zəngin olmuşdur. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası hər bir azərbaycanlıda haqlı qürur və iftixar hissi doğurmaqla yanaşı, dövlətimizin qarşısında yeni üfüqlər açmış, ölkənin gələcək inkişaf prioritetlərini daha aydın müəyyənləşdirmişdir.
Yaranmış tarixi reallıq işğaldan azad edilmiş torpaqların dirçəldilməsini, Böyük qayıdışın təmin olunmasını, regional sabitliyin möhkəmləndirilməsini və iqtisadi əlaqələrin genişləndirilməsini strateji gündəliyin ön sırasına çıxarmışdır.
2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Zirvə görüşündə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin razılaşdırılmış mətninin paraflanması regionda formalaşmış yeni siyasi reallığın növbəti mühüm mərhələsi olmuşdur. Sonrakı dövrdə ticarət və tranzit əlaqələrinin təşəkkül tapması əldə edilmiş razılaşmaların praktiki müstəviyə keçdiyini göstərmişdir.
Bölgəmizin yeni siyasi mənzərəsi Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi ilə müşayiət olunmuş, bu kontekstdə Amerika Birləşmiş Ştatları ilə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ikitərəfli əməkdaşlığın hüquqi-siyasi əsaslarını gücləndirmişdir.
Dövlət başçısı cənab İlham Əliyevin "Sülh Şurasının Nizamnaməsi"nin imzalanma mərasimində və həmin qurumun ilk iclasında iştirakı ölkəmizin dialoq və təhlükəsizlik təşəbbüslərində artan rolunu bir daha nümayiş etdirmişdir.
Eyni zamanda türk dünyası ilə münasibətlərin dərinləşdirilməsi də ötən müddətdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Qəbələdə Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşünün keçirilməsi siyasi, iqtisadi, nəqliyyat və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə xidmət etmişdir.
Azərbaycanın mötəbər beynəlxalq platformaların keçirildiyi mərkəzə çevrilməsi ölkəmizə göstərilən yüksək etimadın və artan nüfuzunun mühüm göstəricilərindəndir.
Bu baxımdan COP29-dan sonra respublikamızda təşkil edilən ikinci ən böyük beynəlxalq tədbir olan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası qlobal urbanizasiya gündəliyinin aktual məsələlərinin müzakirəsi ilə yanaşı, Azərbaycanın bu sahədə formalaşdırdığı təcrübənin dünya ictimaiyyətinə təqdimatı baxımından xüsusi əhəmiyyət daşımışdır.
Bu platformanın mövzu dairəsi ölkə daxilində həyata keçirilən uzunmüddətli siyasətin prioritetləri ilə də uzlaşır. Cari ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması yaşayış məkanlarının çağdaş tələblərə uyğun qurulmasına, tarixi-memarlıq irsinin qorunmasına, dayanıqlı prinsiplərin tətbiqinə və xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə verilən önəmin ifadəsidir.
Ölkəmizin parlaq gələcəyinə hesablanmış siyasi xəttində dövlət idarəçiliyinin texnoloji transformasiyası və rəqəmsal imkanların genişləndirilməsi də mühüm istiqamətlərdən biri kimi müəyyən edilmişdir.
Məhz bu çərçivədə cənab Prezidentin sədrliyi ilə keçirilmiş "Azərbaycanın yeni rəqəmsal arxitekturası"na həsr olunan müşavirədə süni intellektin tətbiqi, vahid informasiya sistemlərinin formalaşdırılması və xidmətlərin daha çevik modelə keçirilməsi yalnız texnoloji yenilənməni deyil, idarəçilikdə səmərəliliyin, şəffaflığın və operativliyin yüksəldilməsini nəzərdə tutan uzunmüddətli inkişaf xəttini ifadə edir.
Xüsusi vurğulanmalıdır ki, dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin reallaşdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti də mühüm yer tutmuşdur.
Sosial və humanitar təşəbbüslər, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət, milli irsin qorunması istiqamətində görülən işlər, Heydər Əliyev Fondunun xətti ilə dini və memarlıq abidələrinin bərpası geniş quruculuq prosesinin mənəvi və ictimai məzmununu tamamlayaraq, ölkənin tərəqqisinin yalnız iqtisadi göstəricilərlə deyil, insan amilinə, tarixi yaddaşa və mədəni dəyərlərə verilən önəmlə də ölçüldüyünü nümayiş etdirmişdir.
Məhz belə bir tarixi mərhələdə hüquq-mühafizə orqanlarının, o cümlədən prokurorluğun üzərinə düşən vəzifələrin miqyası genişlənmişdir. Qanunun aliliyinin təmin edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı barışmaz mübarizə, dövlət və cəmiyyət maraqlarının qorunması ilə yanaşı, texnoloji yeniliklərin yaratdığı risklərə çevik hüquqi cavab verilməsi, şəffaflığın artırılması və ictimai etimadın möhkəmləndirilməsi prokurorluq orqanlarının qarşısında duran əsas vəzifələr sırasında yer almışdır.
Azərbaycan Prokurorluğunun müasir inkişaf yolu
Bu gün Azərbaycan Prokurorluğunun əməkdaşları və veteranları milli prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünü və peşə bayramını böyük qürur hissi ilə qeyd edirlər. 1918-ci il oktyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə əsası qoyulmuş bu təsisat ötən dövr ərzində mürəkkəb tarixi mərhələlərdən keçərək ölkəmizin hüquq sistemində özünəməxsus yer tutmuşdur.
Prokurorluğun müasir hüquqi dövlətin mühüm institutu kimi formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə ayrılmaz surətdə bağlıdır. Ulu Öndərin təşəbbüsü ilə hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyada prokurorluğa ayrıca maddənin həsr olunması onun hüquqi statusunun möhkəmləndirilməsində tarixi mərhələ olmuşdur.
Bu dövrdə "Prokurorluq haqqında" qanunun qəbul edilməsi, əməkdaşların sosial və hüquqi təminatının gücləndirilməsi, 17 iyul 1998-ci il tarixli sərəncamla 1 oktyabrın prokurorluq işçilərinin peşə bayramı günü elan olunması quruma göstərilən xüsusi diqqət və qayğının bariz nümunəsi olmuşdur.
Dahi rəhbərin prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda söylədiyi "Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram" sözləri qurumun dövlətçilik sistemində tutduğu mövqeyə verilən yüksək qiyməti əks etdirməklə bu gün də hər bir əməkdaş üçün böyük etimad və məsuliyyət meyarı olaraq qalır.
Sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş ardıcıl hüquqi islahatlar prokurorluq orqanlarının strukturunun və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə, kadr potensialının gücləndirilməsinə, maddi-texniki təminatın müasirləşdirilməsinə, rəqəmsal idarəetmə imkanlarının genişləndirilməsinə və beynəlxalq əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsinə imkan vermişdir.
Bu baxımdan prokurorluğun bugünkü fəaliyyət modelində tarixi ənənələrə sadiqliyin müasir yanaşmalarla, institusional sabitliyin isə çevik idarəetmə prinsipləri ilə uzlaşdırılması əsas götürülmüşdür.
Aparılan sistemli yenilənmə ilə səmərəliliyin artırılması, struktur bölmələrin müasir çağırışlara uyğunlaşdırılması, şəffaflıq və hesabatlılığın gücləndirilməsi, vətəndaşlarla kommunikasiyanın təkmilləşdirilməsi, əməkdaşların sosial təminatının və iş şəraitinin yaxşılaşdırılması prokurorluğun konstitusion vəzifələrinin daha effektiv icrasına xidmət etmişdir.
Qanunun aliliyinin təmin olunması və cinayətkarlığa qarşı sistemli mübarizə
Ölkədə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi istiqamətində hüquq-mühafizə orqanlarının əlaqələndirilmiş fəaliyyəti, preventiv tədbirlərin gücləndirilməsi, istintaq işinin səmərəli təşkili və cinayətlərin törədilməsinə şərait yaradan səbəblərin vaxtında müəyyən edilərək aradan qaldırılması bu sahədə müsbət nəticələrin əldə olunmasına mühüm töhfə vermişdir.
Görülən ardıcıl tədbirlər son illərdə kriminogen vəziyyətin sabit saxlanılmasına, cinayətkarlığın ümumi dinamikasında müsbət meyillərin möhkəmlənməsinə və törədilmiş əməllərin açılma səviyyəsinin yüksəlməsinə imkan vermişdir.
Prokurorluq orqanları tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərlik istintaq orqanlarının fəaliyyətində qanunçuluğun təmin olunması, yol verilən pozuntuların vaxtında aradan qaldırılması, cinayət işlərinin tam və obyektiv tədqiqi, eləcə də proses iştirakçılarının hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşımışdır.
Ötən peşə bayramından keçən dövr ərzində ibtidai araşdırma mərhələsində qanunların düzgün icrasının təmin olunması məqsədilə daxili işlər orqanlarında 23177, vergi orqanlarında 1701, ədliyyə orqanlarında 541, gömrük orqanlarında 326, Dövlət Sərhəd Xidmətində 175, dövlət təhlükəsizliyi orqanlarında 100, fövqəladə hallar orqanlarında 37 cinayət işinin ibtidai araşdırılmasına prosessual rəhbərlik həyata keçirilmişdir.
Bununla yanaşı, müasir dövrdə cinayətlərin yalnız kəmiyyət göstəriciləri deyil, xarakteri, törədilmə üsulları və istifadə olunan vasitələr də əhəmiyyətli dərəcədə dəyişmişdir.
İnformasiya texnologiyalarından istifadə edilməklə törədilən əməllər, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, korrupsiya, ekoloji və digər mürəkkəb hüquqpozmalar bu istiqamətdə daha çevik, peşəkar və kompleks yanaşmaya zərurət yaratmışdır.
Mövcud reallıqlar cinayətkarlığa qarşı mübarizədə yalnız baş vermiş faktlara hüquqi qiymət verilməsi ilə kifayətlənmədən, risklərin qabaqcadan müəyyənləşdirilməsini, analitik imkanların gücləndirilməsini, qanunazidd halları doğuran səbəb və amillərin aradan qaldırılmasını ön plana çıxarmışdır.
Bu isə müasir texnologiyalardan və qabaqcıl kriminalistik metodlardan geniş istifadəni, dövlət qurumları arasında operativ məlumat mübadiləsini və peşəkar potensialın yüksəldilməsini zəruri edir.
Keyfiyyətli istintaq və cəzanın labüdlüyü qanunçuluğun təminatının mühüm şərti kimi
Cinayətlərin tam, hərtərəfli və obyektiv araşdırılması, təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması, əsassız cinayət təqibinə yol verilməməsi prokurorluğun fəaliyyətində başlıca prinsiplər kimi daim rəhbər tutulmuşdur.
Qeyd olunmalıdır ki, istintaqın keyfiyyətinin yüksəldilməsi, sübutların müasir kriminalistik imkanlarla toplanması və qiymətləndirilməsi, irəli sürülmüş versiyaların ardıcıl yoxlanılması bu sahədə görülən işlərin əsasını təşkil etmişdir.
Bu baxımdan cari ildə də cinayətlərin açılması və cinayət məsuliyyətinin labüdlüyü prinsipinin həyata keçirilməsi istiqamətində görülmüş məqsədyönlü tədbirlər konkret nəticələrlə müşayiət olunmuşdur.
Xüsusi vurğulanmalıdır ki, daxili işlər və digər hüquq-mühafizə orqanları ilə birgə aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində təkcə bu il ərzində əvvəlki illərdən bağlı qalmış 9 qətlin üstü açılmışdır.
Eyni zamanda cari ildə qeyri-aşkar şəraitdə törədilmiş 15 qəsdən adam öldürmə cinayəti isti izlərlə açılmaqla təqsirli şəxslərin qısa müddətdə məsuliyyətə cəlb olunması təmin edilmişdir.
Onların sırasında uzun illər əvvəl törədilmiş və mürəkkəbliyi ilə seçilən xüsusilə ağır əməllərin açılması bu prinsipin zaman keçdikcə öz əhəmiyyətini itirmədiyini bir daha göstərmişdir.
Bu məqamda Ulu Öndər Heydər Əliyevin "Hər bir cinayətkar qanun qarşısında cavab verməli və bilməlidir ki, törətdiyi əməlin cəzası qaçılmazdır" sözləri dövlətin bu sahədə prinsipial mövqeyinin aydın təcəssümü olmuşdur.
Aradan uzun illərin keçməsinə baxmayaraq, ağır cinayətlərin açılması zərərçəkmişlərin və onların yaxınlarının cavabsız qalmış suallarına hüquqi cavab verilməsinə, cəmiyyətdə ədalətə və qanunun gücünə inamın möhkəmləndirilməsinə xidmət edir. Bu, eyni zamanda aydın mesajdır: cinayət törədən şəxs zamanın keçməsinin onu məsuliyyətdən xilas edəcəyinə ümid etməməlidir.
Bununla yanaşı, istintaq fəaliyyətinin nəticələri yalnız təqsirli şəxslərin məsuliyyətə cəlb olunması ilə məhdudlaşmır. Vurulmuş ziyanın bərpası və əmlak xarakterli tələblərin təmin edilməsi də vacib istiqamətlərdən olmuşdur.
Cari il ərzində prokurorluq orqanlarında istintaqı aparılan, o cümlədən korrupsiya hüquqpozmaları ilə bağlı cinayət işləri və qəbul edilmiş digər prosessual qərarlar üzrə vurulmuş maddi ziyanın 88 milyon 249 min manatının ödənilməsi təmin edilmiş, habelə 4 milyon 494 min manat dəyərində əmlak üzərinə həbs qoyulmuşdur.
Korrupsiyanın qarşısının alınmasında sistemli və preventiv yanaşma
Korrupsiya hüquqpozmalarının vaxtında aşkarlanması, təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi və dövlətə vurulmuş ziyanın ödətdirilməsi prokurorluq orqanlarının bu sahədə fəaliyyətinin əsas istiqamətlərini təşkil etmişdir.
Cari il ərzində ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində vətəndaşların 8339, o cümlədən 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş 6009 müraciətinə baxılmış, əldə edilən məlumatlar üzrə qanunvericiliklə nəzərdə tutulan tədbirlər görülmüşdür.
Ötən müddətdə müraciətlərin araşdırılması ilə yanaşı, korrupsiya cinayətlərinin və digər qanun pozuntularının törədilməsinə şərait yaradan hallarla bağlı prokuror təsir tədbirləri də tətbiq edilmiş, aidiyyəti dövlət qurumlarına, müəssisə və təşkilatlara 84 təqdimat göndərilmiş, 65 halda vətəndaş və vəzifəli şəxslərə rəsmi xəbərdarlıq edilmişdir.
Əməliyyat-axtarış fəaliyyəti üzrə də konkret nəticələr əldə olunmuş, Baş İdarənin müvafiq qurumları tərəfindən həyata keçirilmiş tədbirlər üzrə 14 şəxs cinayət başında yaxalanmış, əməliyyat üsul və vasitələri ilə əldə edilmiş məlumatlar əsasında 55 cinayət işi başlanmışdır.
Müasir dövrdə korrupsiya cinayətlərinin transmilli xarakter daşıması, qanunsuz gəlir və aktivlərin müxtəlif yurisdiksiyalarda gizlədilməsi beynəlxalq əməkdaşlığın rolunu daha da artırmışdır.
Əlamətdar haldır ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu 132 ölkənin 245 ixtisaslaşmış dövlət qurumunu birləşdirən BMT-nin Korrupsiyaya qarşı Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin - GlobE Network-un idarəetmə strukturunda 15 ölkədən biri kimi təmsil olunmuşdur.
Beynəlxalq platformalarda fəal iştirakın növbəti nümunəsi cari ilin iyununda Vyanada Baş Prokurorluq, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Birləşmiş Ərəb Əmirliklərinin müvafiq qurumunun birgə təşkilatçılığı ilə şəhərsalma və tikinti sahəsində ekoloji cinayətlər və korrupsiya məsələlərinə həsr olunmuş xüsusi sessiyanın keçirilməsi olmuşdur.
Korrupsiyaya qarşı mübarizədə dövlətlərarası əməkdaşlığın inkişafına töhfə verəcək təşəbbüslərin davamı olaraq cari ilin 27-28 oktyabr tarixlərində Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı fəaliyyət göstərən hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünün keçirilməsi nəzərdə tutulmuşdur. Belə mötəbər tədbirin Bakıda təşkili ölkəmizin bu sahədə çoxtərəfli əməkdaşlığa verdiyi önəmin göstəricisidir.
Bu sahədə prinsipial mövqenin qorunması, cinayət təqibinin səmərəliliyinin artırılması, preventiv tədbirlərin gücləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarından məqsədyönlü istifadə qarşıdakı dövrdə də əsas vəzifələr sırasında qalacaqdır.
Dövlət başçısı cənab İlham Əliyevin "Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır… biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq" sözləri rəhbər tutulmaqla, bu sosial bəlaya qarşı ardıcıl fəaliyyət qətiyyətlə davam etdiriləcəkdir.
Ədalət mühakiməsinin həyata keçirilməsində dövlət ittihamının rolu
Prokurorluğun konstitusion funksiyalarından biri olan məhkəmələrdə dövlət ittihamının müdafiəsi cinayət mühakimə icraatında qanunçuluğun və ədalət prinsiplərinin təmin edilməsində mühüm yer tutur. Dövlət ittihamçısının hüquqi mövqeyi iş üzrə toplanmış sübutların obyektiv qiymətləndirilməsinə, əməlin düzgün tövsifinə və cəzanın onun xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun tələb olunmasına əsaslanır.
Məlumat üçün bildirim ki, cari il ərzində dövlət ittihamçılarının iştirakı ilə məhkəmələrdə 13864 şəxs barəsində 12510 cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilmişdir.
Bu müddətdə qanunsuz və ya əsassız hesab edilən məhkəmə qərarlarına qarşı protest hüququndan da istifadə edilmiş, ümumilikdə 474 apellyasiya və 210 kassasiya protesti verilmişdir. Baxılmış protestlərdən 364-ü apellyasiya, 75-i isə kassasiya instansiyasında təmin olunmuş, bir qismi üzrə məhkəmə baxışı hazırda davam edir.
Cari ildə təcavüz, işğal, soyqırımı, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və digər xüsusilə ağır əməllərə dair işlər üzrə dövlət ittihamının müdafiəsi ayrıca əhəmiyyət kəsb etmişdir.
Beynəlxalq təcrübədə bu qəbildən olan xüsusilə ağır cinayətlərin təkzibedilməz sübutlarla təsdiq edilməsinə, hətta müvafiq məhkəmə qərarlarının qəbul olunmasına baxmayaraq, təqsirli şəxslərin real məsuliyyətə cəlb edilməsi heç də hər zaman mümkün olmur.
Xüsusi vurğulanmalıdır ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət suverenliyinin tam bərpasından sonra xalqımıza qarşı müharibə və digər xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan şəxslər ədalət mühakiməsi qarşısına çıxarılmış, hüquq-mühafizə orqanlarının uzun müddət apardığı istintaq və sübutetmə işi hüquqi nəticəsini tapmışdır.
Ümumilikdə 2500-dən artıq epizod üzrə 16 Ermənistan vətəndaşı barəsində müvafiq hökmlərin çıxarılması Azərbaycan Respublikasına və xalqımıza qarşı uzun illər ərzində törədilmiş ağır əməllərə hüquqi qiymət verilməsi baxımından xüsusi əhəmiyyət daşımışdır.
Qazanılmış təcrübə nəzərə alınmaqla, qarşıdakı dövrdə dövlət ittihamının müdafiəsi sahəsində vahid hüquqi yanaşmanın qorunması, cəzanın əməlin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun tələb olunması, apellyasiya və kassasiya protestlərinin əsaslandırılmasının gücləndirilməsi, habelə məhkəməyə göndərilən işlərin prosessual keyfiyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılacaqdır.
İctimai maraqların qorunması
Prokurorluğun cinayət təqibindən kənar fəaliyyəti dövlət və ictimai maraqların, eləcə də cəmiyyətin həssas təbəqələrinə aid şəxslərin qanuni mənafelərinin qorunmasında mühüm yer tutur. Bu məqsədlə cari ildə də qanunvericilikdə nəzərdə tutulmuş mülki və inzibati hüquqi vasitələrdən istifadə edilmişdir.
Xüsusilə uşaqların hüquq və qanuni mənafelərinin müdafiəsi ön planda saxlanılmış, baş verə biləcək ağır nəticələrin qabaqcadan qarşısının alınması məqsədilə valideyn hüquqlarının məhdudlaşdırılmasına dair 4 mülki iddia qaldırılmışdır.
İctimai maraqların qorunması istiqamətində digər hüquqi təsir vasitələrindən də istifadə edilmiş, müxtəlif qanun pozuntuları ilə bağlı 146 inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır.
Cəzanın məqsədinə nail olunması ilə bağlı məsələlər də prokurorluğun diqqət mərkəzində saxlanılmışdır. Hökm və digər yekun məhkəmə qərarlarının icrası, xarici dövlətlərin məhkəmələrinin hökmlərinin tanınması, amnistiyanın tətbiqi, habelə cəzadan azad etmə və onun çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunmasına baxılmasında prokurorun iştirakı təmin edilmişdir.
Cinayət təqibindən kənar fəaliyyət çərçivəsində ətraf mühitin və təbii sərvətlərin mühafizəsinə də xüsusi önəm verilmişdir. Ekoloji təhlükəsizliyin artıq yalnız təbiətin qorunması məsələsi deyil, insanların sağlamlığı, gələcək nəsillərin yaşayış mühiti və ölkənin dayanıqlı inkişafı ilə birbaşa bağlı ümumdövlət əhəmiyyətli məsələ olması bu sahəyə daha geniş yanaşmanı şərtləndirmişdir.
Ekoloji qanun pozuntularının vaxtında aşkarlanması, təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi və vurulmuş ziyanın ödətdirilməsi məqsədilə cari ildə də ardıcıl tədbirlər görülmüşdür.
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən qanunsuz ağac kəsilməsi, yerin təkindən istifadə qaydalarının pozulması və digər ekoloji hüquqpozmalarla bağlı 97 cinayət işi başlanmış, təbiətə vurulmuş ziyanın 1 milyon 78 min manatının ödətdirilməsi təmin edilmişdir.
Ətraf mühitə yetirilən zərərin bir çox hallarda sonradan tam bərpasının mümkün olmaması risklərin vaxtında müəyyənləşdirilməsini, aidiyyəti qurumlarla məlumat mübadiləsinin gücləndirilməsini və qanun pozuntularına şərait yaradan səbəblərin aradan qaldırılmasını zəruri edir.
Bu baxımdan 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması fonunda təbii sərvətlərin qanunsuz istismarına qarşı mübarizənin gücləndirilməsi, ekoloji ziyanın bərpası, şəhərsalma proseslərində təhlükəsizlik və ictimai maraqların uzlaşdırılması qarşıdakı dövrün əsas hədəfləri sırasında olacaqdır.
Hərbi prokurorluq orqanları hərbi sahədə hüquq qaydasının möhkəmləndirilməsinə mühüm töhfə verir
Silahlı Qüvvələrdə qanunçuluğun qorunması və hərbi intizamın gücləndirilməsi, hərbi qulluqçuların hüquq və qanuni mənafelərinin etibarlı müdafiəsi, xidmət əleyhinə cinayətlərin vaxtında araşdırılması Hərbi Prokurorluğun əsas fəaliyyət istiqamətlərini təşkil etmişdir.
Müdafiə qabiliyyətinin təmin olunmasında hüquq qaydasının mühüm rolu nəzərə alınaraq, qanun pozuntularını doğuran səbəb və şəraitin müəyyən edilməsi, onların aradan qaldırılması, aidiyyəti qurumlarla qarşılıqlı əlaqənin səmərəliliyinin artırılması istiqamətində zəruri tədbirlər görülmüşdür.
Bu işlərin nəticələri müvafiq göstəricilərdə də öz əksini tapmışdır. Cari ildə qeydə alınmış cinayətlərin 98,7 faizinin açılması təmin edilmiş, ümumi cinayətlərin, eləcə də hərbi xidmət əleyhinə ayrı-ayrı əməllərin sayında azalma müşahidə olunmuşdur. Cinayət işləri üzrə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş ziyanın 6 milyon 592 manatı ödətdirilmişdir.
Hüquqpozmaların qarşısının alınmasında hərbi idarəetmə orqanları ilə əlaqələndirilmiş fəaliyyətə də xüsusi önəm verilmişdir. Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq arasında 2026-cı il üçün imzalanmış birgə tədbirlər planı intizamın qorunması, şəxsi heyətin hüquqi biliklərinin artırılması və əməkdaşlığın sistemli əsasda qurulmasına xidmət etmişdir.
Bu müddətdə hərbi qulluqçuların, onların ailə üzvlərinin və digər vətəndaşların qaldırdıqları məsələlərə həssas yanaşılması məqsədilə fəaliyyət göstərən "962 - Etimad xətti"nə daxil olmuş müraciətlər operativ araşdırılaraq qanunvericiliyə uyğun tədbirlər görülmüşdür.
Qarşıdakı dövrdə də Hərbi Prokurorluğun fəaliyyəti Silahlı Qüvvələrdə hüquq qaydasının möhkəmləndirilməsinə, hərbi qulluqçuların qanuni mənafelərinin qorunmasına və müraciətlərə çevik reaksiya verilməsinə yönələcəkdir.
Rəqəmsallaşma və süni intellekt: müasir fəaliyyətin yeni imkanları
Rəqəmsal texnologiyaların, xüsusən süni intellektin sürətli inkişafı müasir dövrün əsas çağırışlarından birinə çevrilmişdir. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyasının, daha sonra "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın təsdiqi bu yeni reallığa sistemli yanaşmanın hüquqi və təşkilati bazasını formalaşdırmış, ayrı-ayrı təşəbbüslərin vahid dövlət siyasəti çərçivəsində həyata keçirilməsinə zəmin yaratmışdır.
Müəyyən olunan bu kursun əlaqələndirilmiş icrası məqsədilə Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının yaradılması dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə, texnoloji yeniliklərin milli maraqlar və təhlükəsizlik tələbləri ilə uzlaşdırılmasına xidmət edən vahid mexanizm formalaşdırmışdır.
Bu ümumi xətt prokurorluq orqanlarının işinin də rəqəmsal dövrün tələblərinə uyğunlaşdırılmasını zəruri etmişdir. Cinayətlərin bir qisminin elektron mühitdə törədilməsi, sübut əhəmiyyətli məlumatların informasiya sistemlərində və rəqəmsal daşıyıcılarda formalaşması istintaq və digər prosessual fəaliyyət zamanı müasir kriminalistik, texniki və analitik vasitələrdən daha geniş istifadəni ön plana çıxarmışdır.
Cari ildə cinayət və cinayət-prosessual qanunvericiliyə edilmiş dəyişikliklər rəqəmsal mühitdə cinayət təqibinin hüquqi əsaslarını genişləndirmiş, məhkəməyədək icraatın elektron qaydada aparılması və elektron sübutlardan istifadə ilə bağlı yeni imkanlar yaratmışdır.
Həmin yeniliklərin prokurorluq orqanlarında praktiki tətbiqini və işin vahid rəqəmsal mühitdə təşkilini təmin etmək məqsədilə "Elektron Prokurorluq" informasiya sisteminin funksionallığı təkmilləşdirilmiş, aidiyyəti modullar yeni tələblərə uyğunlaşdırılmış, əlavə həllər yaradılmış və digər dövlət informasiya resursları ilə inteqrasiya imkanları artırılmışdır.
Süni intellekt sahəsində də praktiki addımlar atılmış, bir neçə model hazırlanaraq əməkdaşların istifadəsinə verilmiş və beləliklə, gündəlik fəaliyyətdə yeni analitik vasitələrin tətbiqinə başlanılmışdır.
Bu sahədə əsas hədəf rəqəmsal texnologiyaların və süni intellektin imkanlarından prokurorluğun konstitusion funksiyalarının daha keyfiyyətli icrası üçün səmərəli istifadə etməklə yanaşı, fərdi məlumatların, elektron sübutların və informasiya təhlükəsizliyinin etibarlı qorunmasını təmin etməkdir.
Qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquqlarının müdafiəsi və vətəndaş məmnunluğu
Prokurorluq orqanları tərəfindən qanunvericiliyin müasir tələblərə uyğun təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması, praktikada meydana çıxan çətinliklərin vaxtında həlli və vahid yanaşmanın formalaşdırılması əsas istiqamətlər sırasında yer almışdır. Bu sahədə normayaratma prosesinə xüsusi önəm verilmiş, hüquq normalarının ardıcıl tətbiqinə yönəlmiş işlər görülmüşdür.
Cari il ərzində Baş Prokurorluq tərəfindən Konstitusiya Məhkəməsinə 5 sorğu hazırlanaraq göndərilmiş, baxılan işlər üzrə 5 yazılı rəy təqdim edilmişdir. Həmin sorğu və rəylər hüquqi məsələlərin aydınlaşdırılmasına, normativ müddəaların düzgün şərhinə töhfə vermişdir.
İnsan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi prokurorluğun bütün fəaliyyət istiqamətlərində əsas meyarlardan biri olaraq qalır. Müraciətlərə obyektiv yanaşılması, qəbul edilən qərarların əsaslı və qanuni olması, əməkdaşların davranışında peşə etikası normalarına riayət edilməsi bu prinsipin praktik ifadəsidir.
Vətəndaş müraciətləri yalnız fərdi məsələlərin həlli vasitəsi deyil, eyni zamanda cəmiyyətdə narahatlıq doğuran halları və hüquqi münasibətlərdə meydana çıxan problemləri müəyyən etməyə imkan verən mühüm informasiya mənbəyidir. Səyyar qəbullar bu cəhətdən vətəndaşlarımızın bilavasitə dinlənilməsinə və qaldırılan məsələlərin yerində öyrənilməsinə xidmət edən mühüm mexanizmdir.
Dövlət başçısı cənab İlham Əliyevin tapşırığına əsasən, cari ilin yanvar-sentyabr ayları ərzində 24 rayon və şəhərdə ümumilikdə 754 vətəndaş tərəfimdən qəbul edilmiş, prokurorluq orqanlarının səlahiyyətlərinə aid məsələlərin qanunauyğun həlli ilə bağlı müvafiq göstərişlər verilmişdir.
Qarşıdakı dövrdə də qanunvericiliyin təkmilləşdirilməsinə dair təşəbbüslərin davam etdirilməsi, müraciətlərə baxılmasının keyfiyyətinin yüksəldilməsi, səyyar qəbulların keçirilməsi və insan hüquqlarının etibarlı müdafiəsinə yönəlmiş tədbirlərin gücləndirilməsi diqqətdə saxlanılacaqdır.
Kadr potensialının gücləndirilməsi və peşəkarlığın artırılması
Prokurorluğun qarşısında duran mürəkkəb və məsuliyyətli vəzifələrin layiqincə yerinə yetirilməsində əməkdaşların yüksək hazırlığı və mənəvi keyfiyyətləri xüsusi əhəmiyyət daşıyır. Ümummilli Lider Heydər Əliyevin "Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran hər bir məmurumuz üçün əsas meyar olmalıdır" sözlərində də prokuror peşəsinin dərin hüquqi biliklə yanaşı, prinsipiallıq, vicdanlılıq və dövlətə sədaqət tələb edən mahiyyəti dolğun ifadə olunmuşdur.
Xüsusi vurğulanmalıdır ki, prokurorluq orqanlarına qulluğa qəbulun 2002-ci ildən başlayaraq, müsabiqə əsasında həyata keçirilməsi kadr korpusunun yüksəkixtisaslı gənc hüquqşünaslar hesabına yenilənməsində mühüm rol oynamışdır.
Cari ildə də bu istiqamətdə ardıcıl iş aparılmış, müsabiqədə uğur qazanmış 51 gənc hüquqşünas prokurorluq orqanlarında fəaliyyətə başlamış, eyni zamanda 30 ştat vahidinin komplektləşdirilməsi məqsədilə sayca 28-ci növbəti müsabiqə elan olunmuşdur.
Əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və yeni iş metodlarına yiyələnməsi məqsədilə də ardıcıl tədbirlər görülmüşdür. Analitik düşüncə, böyük həcmli məlumatların təhlili, rəqəmsal vasitələrdən səmərəli yararlanma və beynəlxalq hüquqi əməkdaşlıq mexanizmlərindən düzgün faydalanma müasir prokuror üçün zəruri bacarıqlar sırasında yer almışdır.
Əsas hədəf müasir çağırışlara cavab verən, yüksək hüquqi hazırlığa, geniş dünyagörüşünə və möhkəm mənəvi prinsiplərə malik yeni nəsil prokurorluq əməkdaşlarının yetişdirilməsi, onların potensialından səmərəli istifadə olunması və peşəkar inkişafı üçün zəruri imkanların yaradılmasıdır.
Beynəlxalq hüquqi əməkdaşlıq yeni mərhələdə
Cinayət təqibinin səmərəliliyi bir çox hallarda xarici yurisdiksiyalarda əldə edilməsi tələb olunan sübutlardan, axtarışda olan şəxslərin qaytarılmasından və cinayət yolu ilə əldə edilmiş aktivlərin izlənilməsindən asılı olmuşdur. Bu baxımdan digər ölkələrin səlahiyyətli qurumları ilə birbaşa əlaqələrin, qarşılıqlı hüquqi yardım və ekstradisiya mexanizmlərinin genişləndirilməsinə xüsusi önəm verilmişdir.
Son beş ildə 236 şəxsin ölkəmizə ekstradisiyasının təmin olunması, xarici dövlətlər tərəfindən beynəlxalq axtarışa verilmiş 93 nəfərin isə aidiyyəti ölkələrin səlahiyyətli orqanlarına təhvil verilməsi bu sahədə əməkdaşlığın konkret nəticələrindəndir.
Qurumlararası münasibətlərin inkişafında yüksəksəviyyəli qarşılıqlı təmaslar da mühüm rol oynamışdır. Cari ildə rəhbərlik etdiyim nümayəndə heyətlərinin Bəhreyn, Gürcüstan, Çin, Mərakeş, Slovakiya, Türkiyə və Qazaxıstana işgüzar səfərləri çərçivəsində həmkarlarla keçirilmiş görüşlərdə əməkdaşlığın perspektiv istiqamətləri müzakirə edilmiş, Türkiyə, Vyetnam, Özbəkistan, Monqolustan və Çin prokurorluqları rəhbərlərinin ölkəmizdə apardıqları danışıqlar isə birbaşa dialoqun genişlənməsinə əlavə təkan vermişdir.
Bununla yanaşı, ikitərəfli münasibətlərin müqavilə-hüquqi bazasının genişləndirilməsi də cari ilin diqqətçəkən nəticələrindən olmuşdur. Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu ilə Anlaşma Memorandumunun, Vyetnam Baş Prokurorluğu ilə isə əmlakın bərpası və ətraf mühitin qorunması da daxil olmaqla bir sıra sahələri əhatə edən Əməkdaşlıq Proqramının imzalanması qarşılıqlı fəaliyyət üçün yeni hüquqi imkanlar yaratmışdır.
Türk Dövlətləri Təşkilatı çərçivəsində prokurorluqlar arasında münasibətlər də yeni məzmunla zənginləşdirilmişdir. Cari ilin sentyabrında Qazaxıstanın Türküstan şəhərində TDT-yə üzv dövlətlərin Baş Prokurorları Şurasının 5-ci iclasında ədliyyə, təhlükəsizlik və qanunun aliliyi sahələrində birgə fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə edilmiş, dövlət ittihamı üzrə Anlaşma Memorandumu imzalanmışdır. Növbəti iclasın Azərbaycanda keçirilməsi barədə qəbul olunmuş qərar ölkəmizin həmin platformadakı fəal iştirakının davamı olmuşdur.
Çoxtərəfli əlaqələr sahəsində Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli tərəfdaşlıq davam etdirilmiş, təşkilatın nümayəndə heyətinin Bakıya səfəri münasibətlərin dərinləşməsi baxımından əhəmiyyətli olmuşdur.
Milli prokurorluq orqanlarının əldə etdiyi təcrübənin beynəlxalq səviyyədə paylaşılmasına da önəm verilmiş, cari il ərzində Baş Prokurorluğun 3 əməkdaşı Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) və İnterpol-un fəaliyyətinə mütəxəssis qismində cəlb olunmuşlar.
Qarşıdakı dövrdə də xarici ölkələrin prokurorluq orqanları və nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, ekstradisiya, hüquqi yardım, cinayət yolu ilə əldə edilmiş aktivlərin geri qaytarılması və digər istiqamətlərdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir.
Bu gün yaranmasının 108-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Prokurorluğu ölkəmizin yeni inkişaf mərhələsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.
Müasir çağırışlara uyğunlaşmaq, xidməti fəaliyyətdə keyfiyyəti daim yüksəltmək və cəmiyyətin prokurorluğa olan etimadını möhkəmləndirmək qarşıda duran əsas hədəflərdir.
Sonda dövlət başçısını və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, prokurorluq işçiləri bundan sonra da qanunçuluğun təmin olunmasına, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılmasına, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunmasına, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə bütün qüvvə və bacarıqlarını sərf edəcəklər.
Kamran ƏLİYEV,
Azərbaycan Respublikasının baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri, Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti, hüquq elmləri üzrə fəlsəfə doktoru