Maliyyə Monitorinqi Xidmətinin (MMX) İdarə Heyətinin sədri Zaur Fətizadənin imzaladığı yeni qərarla elektron köçürmələr üzrə məlumat və sənədlərin təqdim edilməsi qaydalarına dəyişiklik edilib.
MMX-dən AZƏRTAC-a bildirilib ki, maliyyə institutlarının Maliyyə Monitorinqi Xidmətinə məlumat və sənədlər təqdim etməli olduqları elektron köçürmə əməliyyatının məbləği 20 min manat və ya ona ekvivalent xarici valyuta müəyyən edilib.
Bundan başqa, fiziki şəxslər (sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən şəxslər istisna olmaqla) tərəfindən bir təqvim ayı ərzində ümumilikdə 50 min manatdan artıq elektron köçürmə həyata keçirildikdə, həmin ay ərzində aparılan növbəti elektron köçürmələr barədə də məlumat təqdim edilməlidir.
Bu tələblər POS-terminalla aparılan və ekvayrinq əməliyyatlarına şamil edilmir.
Qeyd edək ki, əvvəlki qərarda dəyişikliklərin 1 oktyabr 2026-cı ildən qüvvəyə minməsi nəzərdə tutulurdu. Yeni qərarla bu tarix 1 yanvar 2027-ci il olaraq müəyyənləşdirilib.
14.46
Maliyyə institutlarının Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim etməli olduqları elektron köçürmələrlə bağlı yeni qayda qüvvəyə minir.
AZƏRTAC xəbər verir ki, Maliyyə Monitorinqi Xidmətinin qərarına əsasən, maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatları üzrə bir təqvim ili üçün minimum hədd 20 min manat və ya ona ekvivalent xarici valyuta məbləğində müəyyən edilib.
Yeni qaydaya görə, müştərinin bir təqvim ili ərzində elektron köçürmələrinin məbləği 20 min manata çatdıqdan sonra onun hər növbəti elektron köçürməsi barədə məlumat Maliyyə Monitorinqi Xidmətinə təqdim ediləcək. Buraya hesablararası köçürmələr, hesab açmadan həyata keçirilən köçürmələr, bank hesabından elektron pul kisəsinə və virtual aktiv hesabına və ya cüzdanına, habelə elektron pul kisəsindən və virtual aktiv hesabından və ya cüzdanından bank hesabına köçürmə və digər elektron köçürmə əməliyyatları daxildir.
Bundan başqa, öhdəlik daşıyan şəxslər mövcud müştəriləri olan hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri barədə məlumatları 2027-ci il 31 dekabradək Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidirlər. Qərar 2026-cı il oktyabrın 1-dən qüvvəyə minir.