27 İyul 2022 01:00
2102
Mədəniyyət
A- A+
Gəncənin muzeyləri onun tarixi, maddi və mənəvi dəyərlərinin güzgüsüdür

Gəncənin muzeyləri onun tarixi, maddi və mənəvi dəyərlərinin güzgüsüdür

 

Muzeylərin hər bir xalqın tarixi, maddi və mənəvi dəyərlərinin qorunmasında, öyrənilməsində müstəsna əhəmiyyəti var. Tariximizin müxtəlif dövrlərini özündə yaşadan, ona şahidlik edən muzeylər həm də xalqımızın maddi-mənəvi xəzinəsi sayılır. Bu baxımdan son illər Gəncədə aparılan genişmiqyaslı quruculuq işləri yeni muzeylərin yaranması ilə də müşayiət olunur. Hər biri görkəminə, yerləşdiyi binanın möhtəşəmliyinə, qeyri-adi gözəlliyinə və zənginliyinə görə istər sakinlərin, istərsə də qonaqların böyük marağına səbəb olur. Şəhərdə apardığımız sorğular onu deməyə əsas verir ki, dövlət başçısının qırmızı lent kəsdiyi və yüksək qiymətləndirdiyi muzeylər insanların daha çox maraq göstərdikləri məkanlardır.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyevlə söhbət zamanı dedi ki, ata-babalarımızın həyat tərzi, onların yaratdıqları maddi-mədəni abidələr bizim üçün necə maraqlıdırsa, indiki tarix də gələcək nəsillər üçün böyük maraq doğuracaqdır. Söz yox ki, bu məsul vəzifə indi yaradılan muzeylərin üzərinə düşür. Bu baxımdan Gəncədə son illər yaradılan muzeylər öz zənginliyi ilə seçilir. Şəhər icra hakimiyyəti bu muzeylərin müxtəlif tapıntılarla zənginləşdirilməsi üçün müxtəlif tədbirlər həyata keçirir. Məhz bunun nəticəsidir ki, evlərdə saxlanılan və maddi-mədəni irsimizi əks etdirən çoxlu sayda eksponatlar həmin muzeylərə təqdim olunur ki, bu da muzeylərin zənginləşməsinə, tariximizi özündə əks etdirən eksponatların qorunub saxlanmasına səbəb olur.

Gəncəlilərin müqəddəs məkan saydıqları muzeylərdən biri də Ümummilli Lider Heydər Əliyev Mərkəzində yerləşir. Muzey Ulu Öndərin keçdiyi zəngin həyat yolunu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirir. Burada Heydər Əliyevin uşaqlıq və gənclik illəri ilə yanaşı, onun zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Ulu Öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri və Azərbaycan Respublikasının Prezidenti kimi 1993-2003-cü illərdə həyata keçirdiyi böyük işlər, Azərbaycan xalqının rifahı, gözəl gələcəyi naminə apardığı düşünülmüş siyasət, ölkəmizin hərtərəfli sosial-iqtisadi inkişafına yol açan layihələr, ordu quruculuğu, xarici siyasət, mədəniyyət və digər sahələrə dair maraqlı fotolar, müxtəlif sənədlər, o dövrlərə aid kitablar, qəzetlər və digər materiallara muzeydə geniş yer verilib. Burada Ulu Öndərin Gəncə şəhərinə müxtəlif illərdə tarixi səfərlərini əks etdirən kitablar və qəzetlər də nümayiş etdirilir.

Muzeydə  Gəncənin son illərdə keçdiyi əsaslı sosial-iqtisadi inkişaf yoluna, Prezident İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğının bariz nümunələrinə də geniş yer ayrılıb. Ekspozisiyada informasiya-kommunikasiya texnologiyalarının imkanlarından da peşəkarlıqla istifadə olunması diqqəti cəlb edir.

Heydər Əliyev Mərkəzində oxu zalı, elektron kitabxana, xarici dil kursları, "IDEA" İctimai Birliyi resurs mərkəzi, videokonfrans salonu, hərtərəfli təchizatı olan iclas və konfrans zalları var.

Bu gün səfərdən geri dönən hər bir gəncəli şəhərin girişinə - Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə-Kompleksinə yaxınlaşarkən daxili bir qürur, mənəvi rahatlıq duyur. Zaman etibarı ilə qısa bir vaxtda tikilib başa çatan bu möhtəşəm abidə yüksək səviyyədə, tarixi ənənələrə uyğun inşa edilmişdir. Yeni yaradılan bu abidə şəhərin 5 qapısından biri olan "Məqbərə qapısı"nın bərpa olunan variantıdır. Burada sağ cinahda İran-Turan müharibəsinin əks olunduğu pannolarda türk sərkərdəsi Əfrasiyabın fars hökmdarı Keyxosrovu məğlub etməsi və romalıların Gəncəyə hücumu, usta Bəndərin rəhbərliyi ilə gəncəlilərin xarəzmlərə, Cavad xanın isə ruslara qarşı mübarizə səhnələri, sol cinahda isə Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Gəncəyə gəlişi, 1920-ci ilin mayında bolşevizmə qarşı tarixi Gəncə üsyanı və nəhayət, Ümummilli Lider Heydər Əliyevin Gəncədə vətəndaş müharibəsinin qarşısını alması və Milli Qurtuluş hərəkatının Gəncədən başlaması salnaməsi əks olunmuşdur. Kompleksin sol cinahında Ulu Öndər Heydər Əliyevin, sağ cinahda isə Prezident İlham Əliyevin Gəncə ilə bağlı fikirləri həkk olunmuşdur. Kompleksə xüsusi əzəmət verən dəmir darvazalar quraşdırılmışdır.

Darvazalar 1063-cü ildə gəncəli usta İbrahim Osman oğlu tərəfindən düzəldilən Qədim Gəncə qapılarının eskizləri əsasında hazırlanmışdır. Burada həmin qapıların 1139-cu ildə zəlzələ nəticəsində Gəncə dağılarkən gürcü çarı Demetre tərəfindən Gürcüstana aparılması və Kutaisinin Helat Monastırında saxlanması haqqında məlumatla da tanış olmaq mümkündür.

Qalanın hər iki tərəfindəki birinci mərtəbələrdə və yeraltı keçiddə dahi Azərbaycan şairi Nizami Gəncəvinin sələfləri və xələflərinin şəkillərindən ibarət qalereya yaradılmışdır. Gəncənin 26 görkəmli şəxsiyyətinin abidəsi qoyulmuşdur. Muzeyin sağ tərəfində ikinci mərtəbədə Gəncənin hərb tarixi muzeyi yaradılmışdır.

Qalanın üçüncü mərtəbəsində Gəncə əhalisinin məişəti, mədəniyyəti, həyatı haqqında məlumat verən etnoqrafik muzey yaradılmışdır. Tarix boyu sənətkarlıq mərkəzi olmuş Gəncədə 30-dan çox sənət sahəsinin yüksək səviyyədə inkişaf etməsindən xəbər verən nümunələr öz nəfisliyi ilə göz oxşayır.

Qalanın dördüncü mərtəbəsində Gəncənin qədim və zəngin süfrə mədəniyyətini, qonaqpərvərlik ənənələrini yaşatmaq məqsədilə milli kulinariya mətbəxi yaradılmışdır. Muzeydə Gəncə şəhərində mövcud olmuş Azərbaycanda ilk dövlət əhəmiyyətli qədim tikililərin rəsm və fotoları nümayiş etdirilir.

Görkəmi tamamilə dəyişdirilən, gündüzlər gözəlliyi, axşamlar isə işıq selinə bürünməsi ilə göz qamaşdıran Nizami Gəncəvi məqbərəsinin yaxınlığında təkrarolunmaz görkəmi ilə diqqəti cəlb edən bir muzey də var. Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən Nizami Gəncəvi muzeyi  Prezident  İlham Əliyevin Gəncəyə on ikinci səfəri zamanı açılmışdır.

Burada Ulu Öndər Heydər Əliyev və Nizami Gəncəvi guşələri yaradılmış, şairin həyat və yaradıcılığını əks etdirən monitor quraşdırılmışdır. Muzeydə dahi mütəfəkkirin həyat və yaradıcılığı haqqında geniş məlumatlarla zəngin elektron məlumat köşkü vardır. Nizami Gəncəvinin zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzeydə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Nizami Gəncəvinin yubileylərinin keçirilməsi, məqbərəsinin bərpa edilməsi, əsərlərinin tərcümə və tədqiq olunması ilə bağlı sərəncam və qərarları sərgilənir. Dahi şairin 800, 840 illik yubileyləri münasibətilə nəşr olunan kitab və monoqrafiyalar nümayiş etdirilir. Şairin 870 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən nəşr olunan "Xəmsə" və monoqrafiyalar Avstriya, Rusiya, Almaniya, Böyük Britaniya milli kitabxanalarında, Misirin İskəndəriyyə Kitabxanası, Fransanın Strasburq Kitabxanası və ABŞ-ın Metropol Muzeyində qorunan nadir "Xəmsə" əlyazmalarının və miniatürlərinin orijinalları və nüsxələrindən ibarət guşə yaradılmışdır. Muzeydə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən ölkəmizə gətirilmiş orijinal "Xəmsə" əlyazmaları və Qurani-Kərimin ən qədim nümunəsi diqqəti cəlb edir. Nizami Gəncəvinin irsinin öyrənilməsində muzeyin əhəmiyyəti olduqca böyükdür.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bir müddət Gəncədə fəaliyyət göstərmişdir. Həmin dövrdə müstəqilliyini elan etmiş Xalq Cümhuriyyətinin yerləşdiyi binada zəngin materiallarla təmin edilmiş cümhuriyyət muzeyi yaradılmışdır. Hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin yerləşdiyi binada Azərbaycan Xalq Cümhuriyyətinin üç aylıq  Gəncə dövrü haqqında zəngin materiallar nümayiş etdirilir. Burada Azərbaycanın ilk Baş naziri Fətəli xan Xoyskinin iş otağı yerləşir. Otaqda o zamandan qalan əşyalar və sənədlər ilk vaxtlar olduğu kimi qorunub saxlanılır.

Bundan başqa, muzeyin zallarında Həsən bəy Ağayev, Xudadat bəy Rəfibəyli, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov və başqa cümhuriyyət liderlərinin şəkilləri, onların qəbul etdikləri qanunlar və qərarlar nümayiş etdirilir. Həmçinin Qafqaz İslam Ordusunun xilaskar missiyasına və onun komandanı Nuru Paşaya həsr olunan sənədlər də var. Azərbaycanın ilk dövlət xəritəsi və İstiqlal Bəyannaməsi də bu muzeydə qorunub saxlanılır.

Şəhərin mərkəzində klassik memarlıq üslubunda tikilmiş və görkəmi ilə diqqəti cəlb edən bir bina da var. Binanın qarşısındakı bağ və Məhsəti Gəncəvinin möhtəşəm heykəli ümumi ansamblı tamamlayır.

Gəncənin digər muzeyləri də sakinlərin və turistlərin maraq dairəsinə daxildir. Mir Cəlal Paşayevin ev-muzeyi, Nizami Gəncəvinin və İkinci Dünya müharibəsində ilk Sovet İttifaqı Qəhrəmanı olmuş İsrafil Məmmədovun xatirə-ev muzeyləri, Müasir İncəsənət Muzeyi, görkəmli şair Mirzə Şəfi Vazehin ev-muzeyi, eləcə də Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə təmir edilən tarix-diyarşünaslıq muzeyi buraya gələn turistlərin Gəncənin tarixi, onun görkəmli övladları, müasir incəsənəti haqqında dolğun məlumatlar əldə etmələri üçün zəngin eksponatlara malikdir.

 

Sabir ƏLİYEV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi

01:07
12 İyun

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

23:19
11 İyun

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

23:01
11 İyun

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

22:37
11 İyun

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

22:18
11 İyun

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq  

21:47
11 İyun

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

20:53
11 İyun

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

20:52
11 İyun

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

20:44
11 İyun

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında 

20:34
11 İyun

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub

20:21
11 İyun

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

20:16
11 İyun

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

20:13
11 İyun

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

20:03
11 İyun

Bakıda elm və innovasiyaların iqtisadi inkişafdakı rolu müzakirə olunub

19:51
11 İyun

“Şuşa KOB evi”ndə 5 ayda sahibkarlara 560-a yaxın xidmət göstərilib  

19:42
11 İyun

Tibbdə ilk: ürək, böyrək və maddələr mübadiləsi xəstəliklərinin bir-biri ilə əlaqəsi sübut olundu  

19:30
11 İyun

Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsalı üzrə yeni zavod tikiləcək

19:21
11 İyun

Kanada 16 yaşından kiçik uşaqlara sosial media qadağası qoyan yeni qanun layihəsini təqdim edib  

19:15
11 İyun

Quş əti və yumurta istehsalında artım hədəfləri açıqlanıb

19:08
11 İyun

Şimali İrlandiyada miqrant əleyhdarlarının iğtişaşları

18:56
11 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!