05 Avqust 2026 01:00
268
Nazirlər Kabineti
A- A+
2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında

2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında


№ 248


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 iyul tarixli 714 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılsın.

2. Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi təsdiq edilsin (1 nömrəli əlavə).

3. Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya:

3.1. bu Qərarın icrası ilə bağlı dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirsin, onların qarşılıqlı fəaliyyətinin təmin edilməsi və yaranan problemlərin operativ həlli üçün zəruri tədbirlər görsün;

3.2. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təqdimatı əsasında bu Qərarın  3 nömrəli əlavəsində nəzərdə tutulmuş siyahıyaalma qrupunun işçilərinin aylıq vəzifə maaşlarının və siyahıyaalma məntəqələrinə cəlb ediləcək şəxslərin xidmət haqlarının məbləğlərinin müəyyən edilməsi barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

3.3. əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə tədbirlərin icra vəziyyətini mütəmadi nəzərdən keçirsin və bu Qərarın icrasının gedişi barədə hər 6 (altı) aydan bir Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim etsin.

4. Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması 2029-cu il oktyabrın 1-i saat 00:00 vəziyyətinə keçirilsin.

5. Əhalinin siyahıyaalınmasına hazırlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə 2028-ci il oktyabrın 1-dən 31-dək Xaçmaz rayonunda əhalinin sınaq siyahıyaalınması keçirilsin.

6. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi:

6.1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində əhalinin siyahıyaalınmasına hazırlıq işlərinin görülməsini, onun keçirilməsini, yekunlarının işlənilməsini və nəticələrinin dərc edilərək yayılmasını təmin etmək məqsədilə bu Qərarın 3 nömrəli əlavəsində göstərilən vəzifələr üzrə işçilərdən ibarət siyahıyaalma qrupu yaratsın, qrupun işçi sayını hər il üçün həmin əlavə ilə müəyyən edilmiş həddə uyğun formalaşdırsın və işçilərin müddətli əmək müqaviləsi əsasında işə qəbulunu təmin etsin;

6.2. əhalinin siyahıyaalınmasının, o cümlədən sınaq siyahıyaalınmasının başlanmasına 1 (bir) ay qalmış şəhər, qəsəbə və kəndlərdə orta hesabla 20 min nəfər əhalini əhatə edən siyahıyaalma məntəqələri yaratsın və həmin məntəqələri aşağıdakı işçilərlə komplektləşdirsin:

6.2.1. təlimatçı-nəzarətçilər (orta hesabla 5 sayıcıya bir təlimatçı-nəzarətçi hesabı ilə);

6.2.2. sayıcılar (orta hesabla hər 400 nəfər əhaliyə bir əsas və 20 min nəfər əhaliyə bir ehtiyat sayıcı hesabı ilə);

6.3. siyahıyaalma məntəqələrinin işçilərlə komplektləşdirilməsini rayon (şəhər) məşğulluq orqanlarında işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxsləri, iş yerlərində əməkhaqları saxlanılmaqla yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarələrin, müəssisələrin və təşkilatların işçilərini, müəllim və tələbələri, uçot sahəsində səriştəsi olan digər şəxsləri mülki-hüquqi müqavilələr üzrə cəlb etməklə həyata keçirsin;

6.4. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumat bazasına Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə inteqrasiya olunacaq aidiyyəti dövlət orqanlarının (qurumlarının) dövlət informasiya ehtiyatlarında, dövlət reyestrlərində, informasiya sistemlərində, elektron məlumat bazalarında və digər informasiya resurslarında saxlanılan, əhalinin siyahıyaalınması məqsədləri üçün istifadəsi mümkün olan inzibati məlumatların siyahısını 2026-cı il sentyabrın 1-dək müəyyən etsin;

6.5. aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırmaqla, bu Qərarın 6.6-cı bəndinə uyğun olaraq müəyyən edilmiş inzibati məlumatların Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumat bazasına EHİS vasitəsilə inteqrasiyasının təmin edilməsi ilə bağlı müvafiq normativ hüquqi aktlarda zəruri dəyişikliklərə dair təkliflərini hazırlayıb 2026-cı il noyabrın 1-dək Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyaya təqdim etsin;

6.6. dövlət orqanlarının (qurumlarının) dövlət informasiya ehtiyatlarında, dövlət reyestrlərində, informasiya sistemlərində, elektron məlumat bazalarında və digər informasiya resurslarında olan müvafiq məlumatların Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumat bazasına EHİS vasitəsilə inteqrasiyası ilə bağlı aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin;

6.7. 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının hazırlanıb keçirilməsi üzrə təqvim planını 2027-ci il fevralın 1-dək təsdiq etsin;

6.8. əhalinin siyahıyaalınması, o cümlədən sınaq siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsini, onların keçirilməsini, yekunlarının işlənilməsini və nəticələrinin dərc edilərək yayılmasını təmin etmək məqsədilə siyahıyaalmaya cəlb ediləcək şəxslərin əməkhaqqının və xidmət haqlarının ödənilməsi, planşet tipli kompüterlərin, proqram təminatlarının, serverlərin və digər informasiya-kommunikasiya texnologiyaları avadanlıqlarının, eləcə də zəruri digər malların, işlərin və xidmətlərin satın alınması üçün 2027–2030-cu illər üzrə hər növbəti il üçün maliyyə vəsaitinə olan tələbatı müəyyənləşdirib müvafiq büdcə layihəsini hər il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;

6.9. Əhalinin Statistik Reyestrinin yaradılmasına dair təkliflərini 2027-ci il iyulun 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

6.10. Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının (qurumlarının) və elm təşkilatlarının iştirakı ilə əhalinin siyahıyaalınmasının keçirilməsi üzrə siyahıyaalma və sorğu vərəqələrinin layihələrini 2027-ci ilin sonunadək hazırlayıb təsdiq etsin, habelə siyahıyaalma məlumatlarının emalı və yekun nəticələrinin əldə edilməsi üçün zəruri proqram təminatlarının Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin texniki və səmərəlilik baxımından məqsədəuyğunluğuna dair rəyi alınmaqla hazırlanmasını təmin etsin;

6.11. 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsinə dair metodiki sənədləri hazırlayıb təsdiq etsin, əhalinin siyahıyaalınmasının, o cümlədən sınaq siyahıyaalınmasının başlanmasına azı 6 (altı) ay qalmış həmin metodiki sənədlərin və digər materialların, habelə əhalinin məlumatlandırılması üçün nəzərdə tutulmuş əyani vəsaitlərin çapını, reklam çarxlarının hazırlanmasını təmin etsin;

6.12. əhalinin siyahıyaalınmasının əhəmiyyəti, onun mütəşəkkil keçirilməsində vətəndaşların rolu, köməyi və digər məsələlər haqqında media subyektlərində xüsusi maarifləndirici materialların və reklam çarxlarının yayımlanması ilə bağlı zəruri tədbirlər görsün;

6.13. 2028-ci ilin sonunadək əhalinin siyahıyaalınması ilə bağlı şəhər, rayon və şəhər rayonları üzrə təşkilati planların tərtib olunmasını təmin etsin;

6.14. əhalinin siyahıyaalınmasına, o cümlədən sınaq siyahıyaalınmasına cəlb ediləcək təlimatçı-nəzarətçilərin və sayıcıların seçilib təlimatlandırılmasını müvafiq olaraq 2029-cu və 2028-ci illərin avqust-sentyabr aylarında təmin etsin;

6.15. əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə əlaqədar bu Qərarla tənzimlənməyən məsələlərə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının qəbul edilməsi tələb olunduqda müvafiq təkliflərini təqdim etsin;

6.16. Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın katibliyinin funksiyalarını həyata keçirsin.

7. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri və Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti orqanları:

7.1. siyahıyaalma ilə əlaqədar hazırlıq və onun keçirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsini, habelə bu prosesdə yaranan çətinliklərin operativ surətdə aradan qaldırılmasını təmin etmək məqsədilə 2026-cı ilin sonunadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavininin, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin, şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının müavinlərinin sədrliyi ilə əhalinin siyahıyaalınmasına yardım komissiyaları yaratsınlar;

7.2. 2028-ci il oktyabrın 1-dək yaşayış məntəqələrinin adlarının və inzibati sərhədlərinin dəqiqləşdirilməsini, küçələrin adlarının, məhəllələrin, evlərin və mənzillərin nömrələrinin qaydaya salınmasını, şəhər, qəsəbə, kənd və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədləri əsasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təsdiq etdiyi formalar üzrə məlumatların yerli statistika orqanlarına təhvil verilməsini təmin etsinlər, 2028-ci ilin oktyabr ayından 2029-cu ilin sonunadək inzibati ərazi bölgülərinin və yaşayış məntəqələrinin adlarının və onlardakı ünvanların dəyişdirilməsi barədə təklif verilməsini dayandırsınlar;

7.3. 2029-cu il avqustun 1-dək əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üçün siyahıyaalma məntəqələrinin yerləşdirilməsi məqsədilə telefon və internet rabitəsi, habelə digər zəruri avadanlıqla təchiz olunmuş sahələr ayırsınlar.

8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi əhalinin siyahıyaalınması, o cümlədən sınaq siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsini, onların keçirilməsini, yekunlarının işlənilməsini və nəticələrinin dərc edilərək yayılmasını təmin etmək məqsədilə siyahıyaalmaya cəlb ediləcək şəxslərin əməkhaqqının və xidmət haqlarının ödənilməsi, planşet tipli kompüterlərin, proqram təminatlarının, serverlərin və digər informasiya-kommunikasiya texnologiyaları avadanlıqlarının, eləcə də zəruri digər malların, işlərin və xidmətlərin satın alınması üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilmiş maliyyə tələbatı nəzərə alınmaqla 2027–2030-cu illərin dövlət büdcəsinin layihələrində hər il müvafiq məbləğdə vəsaitin nəzərdə tutulmasını təmin etsin.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sahibi və (və ya) operatoru olduqları dövlət informasiya ehtiyatlarından, dövlət reyestrlərindən, informasiya sistemlərindən, elektron məlumat bazalarından və digər informasiya resurslarından bu Qərarın 6.6-cı bəndinə uyğun olaraq müəyyən edilmiş inzibati məlumatların Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumat bazasına EHİS vasitəsilə inteqrasiyasını və həmin məlumatların mütəmadi yenilənməsini təmin etsinlər.

10. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş qaydada və təyin olunmuş müddətdə tabeliklərindəki rejimli obyektlərdə olan şəxslərin siyahıyaalınmasını və siyahıyaalma materiallarının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim olunmasını təmin etsinlər.

11. Bu Qərarın 2 nömrəli əlavəsində göstərilən dövlət orqanları (qurumları) Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş qaydada və təyin olunmuş müddətdə tabeliklərindəki rejimli obyektlərdə olan şəxslərin siyahıyaalınmasını və siyahıyaalma materiallarının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim olunmasını təmin etsinlər.

12. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş qaydada və təyin olunmuş müddətdə xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının siyahıyaalınmasını və siyahıyaalma materiallarının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim olunmasını təmin etsin.

13. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri, şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş qaydada və təyin olunmuş müddətdə mehmanxanalarda, qatarlarda, gəmilərdə, hava və dəniz limanlarında, vağzallarda və stansiyalarda hərəkətdə olan əhalinin siyahıyaalınmasının aparılması üçün zəruri tədbirlərin görülməsini təmin etsinlər.

14. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

14.1. bu Qərarın 6.6-cı bəndinə uyğun olaraq müəyyən edilmiş məlumatların Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumat bazasına EHİS vasitəsilə inteqrasiyasını, habelə məlumat mübadiləsinin fasiləsizliyini, dayanıqlılığını və təhlükəsizliyini təmin etmək üçün zəruri texniki tədbirlər görsün;

14.2. əhalinin siyahıyaalınması dövründə telekommunikasiya şəbəkələrinin işinin dayanıqlılığını təmin etmək üçün zəruri tədbirlər görsün;

14.3. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə bu Qərarın 6.6-cı bəndinə uyğun olaraq müəyyən edilmiş və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumat bazasına EHİS vasitəsilə inteqrasiya ediləcək inzibati məlumatların keyfiyyətinin artırılması üzrə zəruri tədbirlərin görülməsini təmin etsin.

15. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi dövlət informasiya ehtiyatlarından, dövlət reyestrlərindən, informasiya sistemlərindən, elektron məlumat bazalarından və digər informasiya resurslarından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumat bazasına EHİS vasitəsilə inteqrasiya edilən, habelə əhalinin siyahıyaalınmasında əldə olunan fərdi məlumatların işlənilməsinə və mühafizəsinə dair normativ hüquqi aktların tələblərinin təmin olunması ilə bağlı tədbirlər görsünlər.

16. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumat bazasının kibertəhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsünlər.

17. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi siyahıyaalma kadrlarına olan tələbatın ödənilməsi məqsədilə rayon (şəhər) məşğulluq orqanlarında işaxtaran və işsiz kimi qeydiyyata alınmış, uçot sahəsində səriştəsi olan şəxslərin əhalinin siyahıyaalınmasının keçirilməsinə cəlb edilməsində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə kömək göstərsin.

18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi şəhər, rayon və şəhər rayonlarının yaşayış məntəqələri üzrə rəqəmsal kartoqrafiya materiallarını və müvafiq sxematik planları 2028-ci il sentyabrın 1-dək (Xaçmaz rayonu üzrə 2027-ci il sentyabrın 1-dək) Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim etsin.

19. Xaçmaz Rayon İcra Hakimiyyəti əhalinin sınaq siyahıyaalınmasının keçirilməsini təmin etmək məqsədilə bu Qərarın 7.2-ci və 7.3-cü bəndlərində nəzərdə tutulan hazırlıq işlərinin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş təqvim planında nəzərdə tutulmuş müddətdə yerinə yetirilməsini təmin etsin.

20. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı radioda və televiziyada müntəzəm olaraq xüsusi verilişlər təşkil etsin və bununla bağlı həyata keçirilən tədbirlərin geniş işıqlandırılmasını təmin etsin.


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 31 ” “ iyul ” 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında

01:00
05 Avqust

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən su obyektinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında

00:59
05 Avqust

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişiklik edilməsi barədə

00:58
05 Avqust

“Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotu Qaydası”nın, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə sığorta məbləğinin müəyyənləşdirilməsi Qaydası”nın, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanların icbari sığortası üzrə sığorta ödənişinin məbləği və verilməsi Qaydası”nın və “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatı fondundan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

00:54
05 Avqust

Azercell abunəçilərinin nəzərinə

00:53
05 Avqust

Türkiyənin media nümayəndələri Xankəndiyə səfər ediblər

20:20
04 Avqust

Bakı və Abşeronda dəmir yollarının təhlükəsizlik zonasının mühafizəsi gücləndirilir

19:09
04 Avqust

İlqar Vəlizadə: Cənubi Qafqaz beynəlxalq siyasətin müstəqil subyektinə çevrilir 

19:07
04 Avqust

SOCAR və BYD müasir texnoloji həllərin tətbiqi sahəsində birgə əməkdaşlığı nəzərdən keçirib

19:05
04 Avqust

Voleybol üzrə Azərbaycan və Latviya yığmalarının oyunlarının vaxtı açıqlanıb 

18:10
04 Avqust

Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər uzunmüddətli inkişaf strategiyasına əsaslanır 

18:04
04 Avqust

Hörmüzün aqibəti necə olacaq?

18:00
04 Avqust

Dünya Bankı: İnkişaf etməkdə olan ölkələr AI ilə bağlı nikbin olmalıdır

17:55
04 Avqust

Sadə qida əlavəsi xərçəng və viruslara qarşı immuniteti gücləndirib

17:50
04 Avqust

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

17:45
04 Avqust

Oreksin neyronları motivasiyanın əsas açarıdır 

17:40
04 Avqust

Bakı-Bişkek münasibətləri məzmun və miqyas baxımından əhəmiyyətli dərəcədə inkişaf edib

17:38
04 Avqust

Rizvan Nəbiyev: Azərbaycan–İsveçrə parlamentlərarası əlaqələrinin inkişafı üçün böyük potensial var

17:36
04 Avqust

Azərbaycan Mərkəzi Asiya siyasətini ardıcıl şəkildə genişləndirir

17:35
04 Avqust

Türkiyə HHQ-nin yeni komandanı təyin edilib

17:34
04 Avqust

Azərbaycan–İsveçrə münasibətləri: Strateji tərəfdaşlığın yeni inkişaf mərhələsi 

17:00
04 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!