"Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın". Prezident İlham Əliyevin söylədiyi bu sözlər işğaldan azad edilmiş Ağdamın gələcəyinə verilən qətiyyətli vədin ifadəsi idi. Bu gün həmin vəd ardıcıl şəkildə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələrində öz əksini tapır. Şəhərin hər guşəsində aparılan tikinti işləri Azərbaycanın öz tarixi torpaqlarına qayıdışının, milli iradəsinin və iqtisadi qüdrətinin göstəricisidir.
Qarabağın mərkəzində yerləşən Ağdam Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və füsunkar təbiətə malik bölgələrindən biridir. Əsrlər boyu bu torpaq özünəməxsus adət-ənənələri, sənətkarlıq nümunələri, musiqi mühiti və zəhmətkeş insanları ilə tanınıb. Ağdam təkcə yaşayış məntəqəsi deyil, həm də Qarabağın ictimai, iqtisadi və mədəni həyatında mühüm yer tutan şəhər olub. Burada formalaşmış zəngin mədəni mühit, tarixi abidələr, təhsil və mədəniyyət ocaqları xalqımızın mənəvi irsinin ayrılmaz hissəsinə çevrilib. Lakin ötən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Ağdamın inkişafı dayandı, on minlərlə insan öz doğma yurdundan didərgin düşdü. 1993-cü ildə Ağdam uğrunda 42 gün davam edən ağır döyüşlər iyulun 23-də rayon ərazisinin təxminən 73 faizinin işğalı ilə nəticələndi. İnsanlar illərlə yaşadıqları evlərini, ata-baba ocaqlarını, doğmalarının məzarlarını tərk etmək məcburiyyətində qaldılar. Şəhərin yaşayış binaları, məktəbləri, xəstəxanaları, mədəniyyət müəssisələri və digər obyektləri dağıdıldı. Tarixi və dini abidələr vandalizmə məruz qaldı, maddi-mədəni irs nümunələri talan edildi. Ağdamın bir zamanlar həyat qaynayan küçələri tədricən viranəliyə çevrildi. Şəhərdə törədilən dağıntıların miqyası o qədər böyük idi ki, Ağdam beynəlxalq ictimaiyyətdə "Qafqazın Xirosiması" kimi tanınmağa başladı.
2020-ci ildə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər bu həsrətə son qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Qələbə nəticəsində bölgədə yeni reallıqlar yarandı. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal altında qalan əraziləri Azərbaycana qaytarıldı. Beləliklə, Ağdamın azadlığı əlavə hərbi əməliyyatlar aparılmadan təmin edildi və mümkün insan itkilərinin qarşısı alındı. Bu tarixi hadisə xalqımızın yaddaşına qürur və sevinc günü kimi həkk olundu. Ağdamın azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əldə etdiyi mühüm nailiyyətlərdən biri olmaqla yanaşı, Qarabağda genişmiqyaslı quruculuq mərhələsinin başlanğıcını qoydu.
Ağdamın azad olunmasından cəmi üç gün sonra - 2020-ci il noyabrın 23-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rayona səfəri mühüm tarixi hadisə oldu. Dövlət başçısı Ağdam şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı, işğal dövründə dağıntılara məruz qalmış Ağdam Cümə məscidini ziyarət etdi. Həmin səfər təkcə azad edilmiş torpaqlara qayıdışın deyil, həm də gələcək quruculuq işlərinə verilən yüksək siyasi əhəmiyyətin ifadəsi idi. Prezidentin Ağdamın bərpası ilə bağlı müəyyən etdiyi vəzifələr sonrakı illərdə həyata keçirilən irimiqyaslı layihələrin əsas istiqamətləri oldu.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 20 noyabr Ağdam Şəhəri Günü kimi müəyyən edildi. Bu əlamətdar tarix Ağdamın azadlığının, onun sakinlərinin doğma yurda qayıdışının və şəhərin yenidən dirçəlişinin rəmzinə çevrildi. Ağdam Şəhəri Günü həm də xalqımızın keçdiyi ağır tarixi yolun, torpaqlarımızın azadlığı uğrunda göstərilən qəhrəmanlığın və şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyi gündür.
Bu gün Ağdam Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərinin ən mühüm mərkəzlərindən biridir. Şəhərin inkişafı təsadüfi və pərakəndə şəkildə deyil, uzunmüddətli strateji planlaşdırma əsasında həyata keçirilir. "Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ağdamın Baş planı işğaldan azad edilmiş rayonların şəhərləri arasında ilk təsdiqlənən plan olub. Sənəddə şəhərin müasir urbanizasiya prinsipləri əsasında inkişafı, yaşayış və ictimai məkanların yaradılması, nəqliyyat şəbəkəsinin formalaşdırılması, yaşıllıqların genişləndirilməsi və dayanıqlı infrastrukturun qurulması nəzərdə tutulur. Baş plana əsasən, Ağdamın gələcəkdə 100 min nəfərlik əhalisi olan iri şəhərə çevrilməsi hədəflənir. Ağdamın Azərbaycanın dördüncü böyük şəhəri kimi inkişaf etdirilməsi nəzərdə tutulur. Bu məqsəd Ağdamın yalnız əvvəlki yaşayış mühitinin bərpasını deyil, həm də onun yeni iqtisadi və sosial imkanlara malik regional mərkəz kimi formalaşdırılmasını əhatə edir. Müasir şəhərsalma prinsipləri burada insanların rahat yaşayışı, ictimai xidmətlərə əlçatanlığı, ekoloji tarazlığın qorunması və iqtisadi fəaliyyətin genişləndirilməsi ilə uzlaşdırılır.
Şəhərdə aparılan tikinti-quruculuq işləri artıq konkret nəticələrini göstərir. Ağdamın özündə beş yaşayış məhəlləsinin salınması nəzərdə tutulub. Onlardan ikisinin açılışı həyata keçirilib, digərlərinin isə təməli qoyulub. Yeni yaşayış məhəllələri müasir mənzillər, abad həyətlər, mühəndis-kommunikasiya sistemləri və sosial infrastrukturla təmin edilir. Ağdam rayonunda quruculuq işləri şəhərlə məhdudlaşmır. "Böyük qayıdış" proqramı çərçivəsində kəndlərin yenidən qurulması da ardıcıl şəkildə davam etdirilir. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinin birinci mərhələlərinin açılışı həyata keçirilib. Qiyaslı, Salahlı, Kəngərli, Qərvənd, Tağıbəyli, Güllücə, Nəmirli, Soltanlı və Eyvazxanbəyli kəndlərinin təməlinin qoyulması isə rayonun yaşayış coğrafiyasının mərhələli şəkildə bərpa olunduğunu göstərir. Hazırda Ağdam şəhərində 3604 nəfər (1002 ailə) məskunlaşıb. Xıdırlı kəndində 659 ailə olmaqla 2621 nəfər, Kəngərli kəndində 292 ailə olmaqla 1261 nəfər, Sarıcalı kəndində isə 193 ailə olmaqla 814 nəfər yaşayır.
Ağdamın yenidən qurulmasında iqtisadi inkişaf və məşğulluq məsələləri də xüsusi yer tutur. Şəhərin dayanıqlı gələcəyini təmin etmək üçün burada müasir istehsal və xidmət sahələrinin formalaşdırılmasına böyük diqqət yetirilir. Ağdam Sənaye Parkının yaradılması bu istiqamətdə atılmış mühüm addımlardandır. Sənaye Parkında müxtəlif təyinatlı müəssisələrin fəaliyyətə başlaması yeni iş yerlərinin açılmasına, yerli istehsalın genişlənməsinə və sahibkarlıq mühitinin inkişafına imkan yaradır. Bu layihələr Ağdamın yalnız yaşayış məkanı kimi deyil, həm də Qarabağın iqtisadi fəallıq mərkəzlərindən biri kimi inkişafına xidmət edir.
Rayonun nəqliyyat infrastrukturunun bərpası da iqtisadi və sosial dirçəlişin vacib şərtlərindəndir. Bərdə-Ağdam avtomobil və dəmir yolu xətləri, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi şəhərin ölkənin digər bölgələri ilə əlaqələrini genişləndirir. Müasir nəqliyyat şəbəkəsi həm sakinlərin rahat hərəkətini təmin edir, həm də yükdaşımaların, ticarətin və turizmin inkişafına əlverişli şərait yaradır. Bununla yanaşı, elektrik enerjisi, su təchizatı, rabitə və digər kommunal sistemlərin qurulması yeni yaşayış məntəqələrinin fasiləsiz fəaliyyətinə xidmət edir. Ağdamın bərpasında tarixi-mədəni irsin qorunması da mühüm istiqamətlərdəndir. İşğal dövründə zərər görmüş Ağdam Cümə məscidinin bərpa edilərək 2024-cü ilin aprelində istifadəyə verilməsi şəhərin mənəvi həyatında əlamətdar hadisə oldu. İmarət Kompleksinin bərpası, Ağdam Muğam Mərkəzinin açılışı, mədəniyyət və turizm infrastrukturunun inkişafı şəhərin tarixi kimliyinin yaşadılmasına xidmət edir. Bu layihələr bir daha göstərir ki, Ağdamın yenidən qurulması yalnız müasir binaların inşasından ibarət deyil. Əsas məqsəd şəhərin keçmişini, milli-mənəvi dəyərlərini və özünəməxsus mədəni mühitini gələcək nəsillərə çatdırmaqdır.
Bərpa prosesinin mühüm istiqamətlərindən biri də ekoloji təhlükəsizliyin təmin olunmasıdır. Uzun illər işğal altında qalmış ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi yaşayışın və təsərrüfat fəaliyyətinin bərpası üçün zəruri şərtdir. Eyni zamanda yaşıllıqların salınması, parkların yaradılması, təbii mühitin qorunması və müasir ekoloji yanaşmaların tətbiqi Ağdamın sağlam və təhlükəsiz şəhərə çevrilməsinə xidmət edir. Bu işlər gələcək nəsillərin daha əlverişli mühitdə yaşamasına hesablanmış uzunmüddətli inkişaf siyasətinin tərkib hissəsidir. Bir zamanlar dağıntıların, ayrılığın və həsrətin rəmzinə çevrilmiş Ağdam indi dirçəlişin, qayıdışın və quruculuğun ünvanıdır.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"