Noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin (ASB) 9-cu Zirvə toplantısı Azərbaycanın Avropa siyasi məkanında artan rolunu nümayiş etdirən mühüm diplomatik hadisələrlə yadda qaldı. Azərbaycan Prezidenti İlham Əliyevin sammit çərçivəsində qarşı tərəflərin müraciəti əsasında keçirdiyi yüksəksəviyyəli görüşlər, Böyük Britaniya ilə münasibətlərin rəsmən strateji tərəfdaşlıq pilləsinə yüksəldilməsi və Azərbaycan-Ermənistan sülh gündəliyinin müzakirəsi ölkəmizin Avropa ilə əlaqələrinin getdikcə daha geniş siyasi və iqtisadi məzmun qazandığını göstərdi.
Amma Dublin Sammitinin Azərbaycan üçün əhəmiyyəti yalnız ikitərəfli görüşlərin intensivliyi ilə məhdudlaşmır. 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısının Bakıda keçirilməsi qərarı Dublindəki diplomatik təmaslara xüsusi strateji məna verdi. Bu iki hadisə arasında mühüm siyasi əlaqə mövcuddur: Azərbaycan bir tərəfdən Avropanın təhlükəsizlik, enerji və nəqliyyat gündəliyinin fəal iştirakçısı kimi çıxış edir, digər tərəfdən isə müxtəlif geosiyasi məkanlar arasında dialoqu təşviq edən beynəlxalq platformaların təşkilində daha böyük rol götürməyə hazırlaşır.
Əslində, Dublindən Bakıya uzanan bu diplomatik xətt Azərbaycanın son illər həyata keçirdiyi çoxşaxəli xarici siyasətin məntiqi davamıdır. Avropa ilə strateji tərəfdaşlıqların dərinləşdirilməsi, Cənubi Qafqazda sülh prosesinin irəlilədilməsi, Mərkəzi Asiya ilə bağlantıların gücləndirilməsi və beynəlxalq dialoq platformalarında fəal iştirak vahid xarici siyasət yanaşmasının müxtəlif istiqamətlərini təşkil edir.
Avropanın strateji gündəliyində Azərbaycanın yeri
“Avropa – güclü, təhlükəsiz və əlaqəli” mövzusuna həsr olunmuş Dublin Sammiti Avropa qitəsinin üzləşdiyi mürəkkəb geosiyasi və iqtisadi çağırışların müzakirəsi üçün mühüm platforma oldu. Avropa liderlərinin diqqət mərkəzində təhlükəsizlik və müdafiə, iqtisadi rəqabətqabiliyyətliliyin artırılması, enerji təchizatının dayanıqlılığı, innovasiyalar və nəqliyyat bağlantılarının inkişafı dayanırdı.
50-yə yaxın dövlət və hökumət başçısının iştirak etdiyi sammitin gündəliyi, təbii ki, Azərbaycanın strateji maraqları ilə də bir sıra istiqamətlərdə birbaşa kəsişirdi. Çünki Avropa üçün enerji mənbələrinin şaxələndirilməsi, alternativ nəqliyyat marşrutlarının inkişafı və qonşu regionlarda sabitliyin möhkəmlənməsi nə qədər əhəmiyyətlidirsə, Azərbaycan üçün Avropa bazarlarına çıxış, beynəlxalq investisiyaların cəlbi və regional əməkdaşlığın genişləndirilməsi də bir o qədər vacibdir.
2022-ci ildə Praqada təsis edilmiş “Avropa Siyasi Birliyi”nin əsas üstünlüklərindən biri onun Avropa İttifaqına üzv və üzv olmayan dövlətləri eyni siyasi dialoq müstəvisində birləşdirməsidir. Platformanın qeyri-rəsmi və məşvərətçi xarakteri fərqli mövqelərə malik ölkələr arasında birbaşa təmasların qurulmasına, mürəkkəb məsələlərin daha çevik formatda müzakirəsinə imkan yaradır. Bu baxımdan Azərbaycanın həmin platformaya yanaşmasında da dialoq imkanlarının genişləndirilməsi mühüm yer tutur.
Amma Dublin Sammiti göstərdi ki, Azərbaycanın Avropa siyasi məkanında iştirakı artıq yalnız enerji təchizatçısı və ya regional tranzit ölkəsi statusu ilə izah oluna bilməz. Ölkəmiz təhlükəsizlik, regional sülh, iqtisadi əməkdaşlıq və beynəlxalq bağlantılarla əlaqədar müzakirələrdə də maraqları nəzərə alınan tərəfdaş kimi çıxış edir. Prezident İlham Əliyevin Dublin çərçivəsində Böyük Britaniya, Avropa İttifaqı, Ukrayna, Moldova, Yunanıstan, Bolqarıstan, Çexiya və digər ölkə və qurumların rəhbərləri ilə onların təşəbbüsləri əsasında keçirdiyi görüşlər bu diplomatik fəallığın konkret təzahürü idi.
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni tarixi mərhələ
Bütün bunların fonunda Dublin Sammitinin ən mühüm nəticələrindən biri Azərbaycanla Böyük Britaniya və Şimalı İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimalı İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnham arasında keçirilmiş görüşdə mübadilə olunan sənəd iki ölkə arasındakı uzunmüddətli əməkdaşlığın yeni siyasi çərçivəsini müəyyənləşdirdi.
Bəyannamənin əhəmiyyəti onun qarşılıqlı münasibətlərin əhatə dairəsini daha da genişləndirməsindədir. Sənəd müdafiə və təhlükəsizlik, ticarət, investisiya və iqtisadi artım, eləcə də təhsil və innovasiya olmaqla üç əsas istiqaməti əhatə edir. Bu yanaşma Azərbaycan-Böyük Britaniya münasibətlərinin ənənəvi enerji tərəfdaşlığından daha çoxşaxəli strateji əməkdaşlıq modelinə keçidini nəzərdə tutur.
Böyük Britaniya Azərbaycanın müstəqilliyinin ilk illərindən ölkəmizin iqtisadiyyatına böyük həcmdə sərmayə yatıran əsas tərəfdaşlardandır. Xüsusilə neft-qaz sektorunda 30 ildən artıq davam edən uğurlu tərəfdaşlıq ikitərəfli münasibətlərin möhkəm iqtisadi təməlini formalaşdırıb. Prezident İlham Əliyevin Dublin görüşündə Böyük Britaniyanı Azərbaycanın ən böyük avropalı investoru kimi xarakterizə etməsi bu əməkdaşlığın miqyasını əks etdirir. Yeni mərhələnin fərqləndirici xüsusiyyəti isə enerji sahəsində formalaşmış etimadın digər strateji sektorlara da daşınması imkanlarıdır.
İlk növbədə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi diqqət çəkir. Bəyannamədə hərbi təlimlər, potensialın artırılması, müdafiə sənayesi üzrə mümkün birgə təşəbbüslər, sərhəd idarəçiliyi və hüquq-mühafizə orqanları arasında əlaqələrin gücləndirilməsi nəzərdə tutulur. Bu istiqamətlər tərəflərin münasibətlərinin iqtisadi əməkdaşlıqdan daha geniş təhlükəsizlik ölçüsünə keçdiyini göstərir.
İqtisadi blokda isə bərpa olunan enerji, infrastruktur, Orta dəhliz, ticarətin maliyyələşdirilməsi, kapital bazarları və “yaşıl maliyyə” xüsusi yer tutur. Bu müddəalar Azərbaycanın iqtisadi şaxələndirmə strategiyası baxımından əhəmiyyətlidir. Böyük Britaniyanın maliyyə bazarları, texnologiya və peşəkar xidmətlər sahəsindəki təcrübəsi Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı üçün əlavə imkanlar yaradacaq. Xüsusilə maliyyə və kapital bazarlarında əməkdaşlığın genişləndirilməsi perspektivi diqqətəlayiqdir. Sənəddə maliyyə institutları arasında təcrübə mübadiləsi, kiçik və orta biznesin maliyyələşdirilməsi, yaşıl investisiyalar və beynəlxalq bazarlara çıxışın asanlaşdırılması kimi istiqamətlərin yer alması tərəfdaşlığın uzunmüddətli iqtisadi məzmununu gücləndirir.
Üçüncü istiqamət – təhsil və innovasiya isə əməkdaşlığın insan kapitalı və texnoloji transformasiya üzərində qurulmasını nəzərdə tutur. Süni intellekt, rəqəmsal idarəetmə, elmi tədqiqatlar, texniki və peşə bacarıqları üzrə əməkdaşlıq Azərbaycan üçün xüsusilə aktualdır. Çünki müasir iqtisadi rəqabət bilik, texnologiya və innovasiya potensialından da çox asılıdır. Bəyannamədə illik Strateji Tərəfdaşlıq görüşlərinin keçirilməsinin nəzərdə tutulması isə sənədin mühüm praktiki elementidir. Bu mexanizm əməkdaşlığın davamlı monitorinqinə, prioritetlərin yenilənməsinə və konkret layihələrin izlənilməsinə imkan verə bilər.
Ümumiyyətlə, Dublin Bəyannaməsi Azərbaycan-Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı münasibətlərində mövcud əməkdaşlığın siyasi təsdiqi olmaqla yanaşı, onun gələcək inkişafı üçün daha geniş strateji çərçivə yaradır.
Azərbaycanın Avropa üçün artan strateji əhəmiyyəti
Azərbaycanın Avropa ilə münasibətlərində enerji təhlükəsizliyi mühüm yer tutmaqda davam edir. Xüsusən son illər beynəlxalq enerji bazarlarında baş verən dəyişikliklər, təchizatın şaxələndirilməsi zərurəti və alternativ mənbələrə tələbat ölkəmizin bu sahədə rolunu daha da artırıb.
2022-ci ildə Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması əməkdaşlığın inkişafında mühüm mərhələ oldu. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz tədarükünün genişlənməsi ölkəmizin etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da gücləndirdi. Lakin Azərbaycanın Avropa üçün strateji əhəmiyyəti artıq yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmır. Bərpa olunan enerji layihələri, Xəzərin külək enerjisi potensialı, Günəş enerjisinin inkişafı, Mərkəzi Asiya ilə yaşıl enerji bağlantıları və Qara dəniz üzərindən elektrik enerjisinin ötürülməsi təşəbbüsləri əməkdaşlığa yeni məzmun verir. Bu prosesdə Azərbaycanın üstünlüyü ənənəvi enerji resurslarının ixracatçısı olmaqla yanaşı, gələcəkdə yaşıl enerji istehsalı və tranzitində də mühüm mövqe qazanmaq potensialına malik olmasıdır. Dublin Sammitinin iqtisadi rəqabətqabiliyyətlilik və enerji təhlükəsizliyi gündəliyi də məhz bu istiqamətdə əməkdaşlığın aktuallığını təsdiqləyir.
Digər mühüm amil nəqliyyat və logistika bağlantılarıdır. Qlobal ticarət marşrutlarının dəyişdiyi, geosiyasi risklərin artdığı və təchizat zəncirlərinin dayanıqlılığının strateji əhəmiyyət qazandığı bir dövrdə Orta dəhliz Avropa ilə Asiya arasında alternativ bağlantı kimi ön plana çıxır. Çin və Mərkəzi Asiyadan Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan bu marşrut ölkəmizin coğrafi mövqeyini iqtisadi və geosiyasi üstünlüyə çevirmək imkanlarını genişləndirir.
Orta dəhlizin inkişafı yalnız yeni yolların və logistika infrastrukturlarının qurulması demək deyil. Burada gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal həllərin tətbiqi, sərhəd-keçid proseslərinin sürətləndirilməsi, tarif siyasətinin koordinasiyası və nəqliyyat sistemlərinin qarşılıqlı uyğunlaşdırılması həlledici əhəmiyyət daşıyır. Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, inkişaf etdirilmiş dəmir yolu infrastrukturu, regional bağlantı layihələri bu baxımdan mühüm imkanlar yaradır.
Böyük Britaniya və Şimalı İrlandiya Birləşmiş Krallığı ilə imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsində Orta dəhlizin inkişafına ayrıca yer ayrılması da diqqətəlayiqdir. Bu, layihənin yalnız region ölkələrinin deyil, daha geniş Avropa iqtisadi və siyasi dairələrinin maraq göstərdiyi strateji istiqamətə çevrildiyini nümayiş etdirir. Əslində, enerji və nəqliyyat əməkdaşlığı Azərbaycanın Avropa üçün əhəmiyyətini bir-birini tamamlayan iki istiqamətdə artırır. Bir tərəfdən, ölkəmiz Avropanın enerji təchizatının şaxələndirilməsinə töhfə verir, digər tərəfdən isə Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin gücləndirilməsi üçün mühüm tranzit imkanları təqdim edir. Bu iki amilin birləşməsi Azərbaycanla Avropa arasında münasibətlərin uzunmüddətli strateji xarakterini gücləndirir.
Cənubi Qafqazda sülh gündəliyi
Sammitin mühüm siyasi istiqamətlərindən biri də Dublində Cənubi Qafqazda sülh prosesinin müzakirəsi oldu. Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi görüşdə münasibətlərin normallaşdırılması, nəqliyyat və tranzit bağlantılarının inkişafı, iqtisadi əməkdaşlıq, sərhədlərin delimitasiyası və etimad quruculuğu tədbirləri ətrafında fikir mübadiləsi aparıldı. Bu görüşün əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyi tədricən praktiki əməkdaşlıq məsələləri ilə daha sıx əlaqələndirilir.
2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalar regionda münasibətlərin normallaşdırılması üçün mühüm siyasi zəmin yaratdı. Bundan sonrakı mərhələdə isə əsas məsələ əldə edilmiş nəticələrin davamlı sülhə, qarşılıqlı etimada və konkret iqtisadi əməkdaşlıq mexanizmlərinə çevrilməsidir. Dublin görüşündə nəqliyyat əlaqələrinin bərpası, TRIPP marşrutu üzrə infrastrukturun yaradılması, elektrik şəbəkələrinin gələcək əlaqələndirilməsi və digər praktiki məsələlərin müzakirəsi sülh prosesinin daha geniş regional inkişaf gündəliyi ilə birləşdiyini göstərir.
Bu kontekstdə Böyük Britaniya ilə qəbul edilmiş Strateji Tərəfdaşlıq Bəyannaməsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dəstəyin ifadə olunması diqqətdən qaçmamalıdır. Londonun ikitərəfli dialoq yolu ilə davamlı sülhün əldə edilməsinə dəstəyini təsdiqləməsi Cənubi Qafqazdakı proseslərin daha geniş beynəlxalq siyasi gündəlikdə yer aldığını nümayiş etdirir.
Sülhün iqtisadi ölçüsü də xüsusi vurğulanmalıdır. Regionda nəqliyyat və kommunikasiya əlaqələrinin açılması, sərhədyanı ticarətin inkişafı, yeni tranzit imkanlarının yaradılması və qarşılıqlı investisiyalar Cənubi Qafqazın iqtisadi potensialını artırmağa xidmət edə bilər. Bu baxımdan, Azərbaycan-Ermənistan sülh prosesi yalnız iki ölkənin münasibətlərinə aid məsələ deyil. Onun uğurlu inkişafı Avropa ilə Asiya arasında bağlantıların genişlənməsi və bütövlükdə regionun iqtisadi sabitliyi üçün də əhəmiyyət daşıyır. Razılaşmaların ardıcıl icrası, institusional etimadın formalaşdırılması və praktiki əməkdaşlığın genişləndirilməsi bu prosesin uzunmüddətli nəticələrini müəyyən edəcək.
2028-ci ildə sammitə Bakı evsahibliyi edəcək
Azərbaycanın 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısına ev sahibliyi etməsi ölkəmizin Avropa siyasi məkanında artan iştirakının mühüm göstəricisidir. Bakıda keçiriləcək toplantı Avropa dövlətlərinin və hökumətlərinin rəhbərlərini, eləcə də mühüm beynəlxalq institutların təmsilçilərini bir araya gətirəcək.
Bu hadisənin əhəmiyyətini yalnız böyük beynəlxalq tədbirin təşkili ilə qiymətləndirmək düzgün olmazdı. Sammitə evsahibliyi ölkəmizə diplomatik gündəliyin formalaşdırılmasında, müzakirələrin prioritetlərinin müəyyənləşdirilməsində və tərəfdaşlar arasında təmasların təşviqində daha fəal rol oynamaq imkanı verir.
Bakı Avropanın təhlükəsizlik, enerji, nəqliyyat, innovasiya və regional əməkdaşlıq gündəliyinin müzakirə olunduğu əsas siyasi məkanlardan birinə çevriləcək. Bu, Azərbaycanın milli və regional prioritetlərini daha geniş beynəlxalq auditoriyaya təqdim etməsi baxımından əhəmiyyətlidir. Digər tərəfdən, sammit Avropa İttifaqına üzv və üzv olmayan dövlətlər arasında birbaşa dialoq imkanlarını genişləndirəcək. Azərbaycanın müxtəlif siyasi və iqtisadi mərkəzlərlə münasibətləri Bakıda keçiriləcək toplantının çoxtərəfli müzakirələr üçün əlverişli platforma olmasına töhfə verə bilər. Nəhayət, sammitin keçirilməsi ölkənin beynəlxalq diplomatik tədbirlərin təşkili üzrə mövcud təcrübəsini daha da genişləndirəcək.
Bu baxımdan Dublin və Bakı sammitləri arasında mühüm siyasi ardıcıllıq mövcuddur. Dublin Azərbaycanın Avropa siyasi gündəliyində fəal iştirakını göstərirsə, Bakı bu iştirakın daha yüksək təşkilati və diplomatik səviyyədə davam etdirilməsi üçün imkan yaradacaq.
Azərbaycanın Avropa siyasi məkanındakı fəallığı ölkənin digər geosiyasi istiqamətlərlə əməkdaşlığı fonunda daha geniş məna daşıyır. Son illər ölkəmizin xarici siyasətində Avropa ilə tərəfdaşlıq, Mərkəzi Asiya ilə iqtisadi inteqrasiya, İslam dünyası ilə siyasi koordinasiya və Asiya dövlətləri ilə etimad quruculuğu bir-birini tamamlayan istiqamətlər kimi inkişaf edir. Bu proseslər Azərbaycanın beynəlxalq əlaqələrinin yalnız ayrı-ayrı regional təşkilatlarda iştirakla məhdudlaşmadığını göstərir. Ölkə müxtəlif siyasi və iqtisadi məkanlar arasında ortaq maraqların müəyyənləşdirilməsinə və praktik əməkdaşlıq imkanlarının yaradılmasına çalışır.
Dublin Sammiti də Azərbaycanın qlobal siyasi məkanda rolunun genişlənməsini bir neçə istiqamətdə nümayiş etdirdi və bir daha göründü ki, Azərbaycan dövləti bu gün Avropa siyasi gündəliyində fəal iştirakını gücləndirir, müxtəlif geosiyasi məkanlar arasında əlaqələndirici rolunu inkişaf etdirir və beynəlxalq dialoqun yalnız iştirakçısı deyil, həm də təşkilatçısı kimi mövqeyini möhkəmləndirir.
İradə ƏLİYEVA,
“Azərbaycan”