Sevda Məmmədəliyeva daşıdığı məşhur soyadın kölgəsində qalmayıb
İnsanın mənəvi dünyasını formalaşdıran amillər arasında doğulduğu və yaşadığı yer qədər ailəsindən, nəslindən, mənsub olduğu xalqın tarixindən gələn dəyərlər də mühüm rol oynayır. Sevda xanım Məmmədəliyevanın həyat və fəaliyyətinə nəzər salarkən bu məqamı xüsusi qeyd etmək istəyirəm. İnsan dünyaya bir məkanda gəlir, amma bəzən onun mənəvi kökləri başqa bir məkanda, özünün heç vaxt unutmadığı bir torpaqda dərinləşir.
Sevda xanım Bakıda dünyaya gəlib. Ancaq onun mənəvi dünyasının mühüm bir qatında Ordubadın özünəməxsus ruhu, bu qədim diyarın elmə, maarifə, sözə və düşüncəyə verdiyi dəyər dayanır. Bu, ilk növbədə akademik Yusif Məmmədəliyevin adıdır. Azərbaycan elminin dünya miqyasında tanınmasına böyük töhfə vermiş bu görkəmli şəxsiyyət bizim milli qürur mənbəyimizdir.
Belə bir dahinin ailəsində dünyaya göz açmış Sevda Məmmədəliyeva 1962-ci ildə Bakı şəhər 6 saylı orta məktəbi eksternat qaydası ilə və Bakı şəhər 2 saylı Uşaq Musiqi Məktəbini bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuş və 1967-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. Elmi fəaliyyətə Azərbaycan Elmlər Akademiyası sistemində başlayan Sevda Məmmədəliyeva 1972-ci ildə "Benzolun və onun törəmələrinin butadien ilə alkenilləşmə reaksiyasının və sintez birləşmələrin bəzi çevirilmələrinin tədqiqatı" mövzusunda namizədlik, 1993-cü ildə "Kimya və ekologiyanın qarşılıqlı təsirinin sosial-fəlsəfi aspektləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmiş, 1997-ci ildə professor elmi adına layiq görülmüşdür. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Sevda xanım 1967-1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmış, 1983-1999-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində dosent, professor, kafedra müdiri işləmişdir. 1999-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə mədəniyyət nazirinin müavini vəzifəsinə təyin olunmuş və 2023-cü ilə kimi bu məsul işdə bir sıra uğurlara imza atmışdır.
Sevda Məmmədəliyevanın həyat yolunda diqqətimi çəkən məqamlardan biri onun elmi maraqlarının, düşüncəsinin zamanla yeni istiqamətlər qazanmasıdır. Kimya təhsili almış, neft-kimya sahəsində elmi mühitdə yetişmiş bir tədqiqatçının sonradan sosial fəlsəfə və kulturologiya sahəsində özünəməxsus elmi mövqe qazanması təsadüfi keçid kimi qiymətləndirilməməlidir. Bu transformasiyanı dünyanı müxtəlif bilik sahələrinin qarşılıqlı əlaqəsində anlamaq cəhdi kimi qavramağın tərəfdarıyam. Elmin bir sahəsində qazanılan təfəkkür vərdişləri başqa bir sahədə də insanın düşüncə üfüqünü genişləndirə bilər. Bu baxımdan Sevda xanımın elmi yolunda mühüm bir ardıcıllıq görürük: hadisələrin mahiyyətinə nüfuz etmək, onlar arasındakı əlaqələri üzə çıxarmaq və əldə olunan biliyin insan həyatındakı mənasını anlamaq.
Sevda Məmmədəliyevanın elmi fəaliyyətinin əsas istiqamətlərindən biri müasir elmdə inteqrasiya proseslərinin fəlsəfi təhlilidir. Onun tədqiqatlarında müxtəlif elm sahələrinin bir-birindən təcrid olunmuş şəkildə inkişaf edə bilməyəcəyi fikri mühüm yer tutur. Bu yanaşma xüsusilə ekologiyanın fəlsəfi-metodoloji əsaslarının araşdırılmasında özünü göstərir. Alimin əsərləri arasında "Kimya və ekologiyanın fəlsəfi-metodoloji nöqteyi-nəzərdən qarşılıqlı təsiri", "Ekoloji problem və onun həlli yolları", "Ekologiya və texnika", "Mədəniyyət, təhsil, ekologiya" kimi mövzuların yer alması təsadüfi deyil. Bu əsərlərin adlarının özündə belə bir elmi maraq görünür: insanın yaratdığı texnologiyalar, təbiətin qanunları, cəmiyyətin inkişafı və mənəvi məsuliyyət arasında hansı münasibətlər mövcuddur?
Bu sətirlərin müəllifinin elmi fəaliyyətində də təbiət, canlı sistemlər və onların davamlılığı ilə bağlı məsələlər mühüm yer tutur. Bitkilərin ətraf mühitin dəyişən şəraitinə uyğunlaşma mexanizmlərini, fotosintetik sistemlərin fəaliyyətini, bioloji müxtəlifliyin qorunmasının elmi əsaslarını araşdırarkən bir həqiqətlə daim qarşılaşırıq: canlı aləmdə heç nə təcrid olunmuş vəziyyətdə mövcud deyildir. Bir sistemdə baş verən dəyişiklik digər sistemlərə də təsir göstərir. Bioloji tədqiqatlarda eksperimental nəticələrlə üzə çıxan bu qarşılıqlı asılılıq sosial fəlsəfədə başqa müstəvidə, insanın təbiətə və cəmiyyətə münasibətində öz əksini tapır.
Sevda xanımın ekologiyaya fəlsəfi yanaşması məhz bu nöqtədə xüsusi maraqla qarşılanır. Ekologiyanı sadəcə ətraf mühitin qorunması ilə bağlı biliklər toplusu kimi anlamaq kifayət etmir. Ekologiya insanın öz varlığı, gələcəyi və digər canlılarla münasibəti haqqında düşünməsinə səbəb olan ciddi bir dünyagörüşü məsələsidir. Təbiəti qorumaq üçün əvvəlcə onun dəyərini anlamaq, bu dəyəri ictimai şüurun və gündəlik davranışın bir hissəsinə çevirmək lazımdır. Sevda Məmmədəliyevanın ekoloji mədəniyyət və etika problemlərinə müraciəti də elmi biliyin bu mənəvi tərəfini ön plana çıxarır.
S.Məmmədəliyevanın elmi fəaliyyətinin digər mühüm istiqaməti mədəniyyət və insan münasibətlərinin, qloballaşma şəraitində milli mədəniyyətin qorunmasının və inkişafının fəlsəfi təhlilidir. "Azərbaycanda mədəniyyət siyasəti", "Qloballaşma dövründə mədəniyyət", "Mədəniyyət və insan" kimi əsərləri bu marağın müxtəlif tərəflərini əks etdirir. Bu mövzuların hər biri böyük bir elmi və ictimai məsuliyyət tələb edir. Çünki mədəniyyət haqqında söz demək, əslində, xalqın yaddaşından, özünü tanımasından, gələcək nəsillərə hansı dəyərləri ötürəcəyindən danışmaqdır. Alim bu istiqamətlərdə əldə etdiyi tədqiqat nəticələrini sosial fəlsəfə və kulturologiya istiqamətləri üzrə təşkil olunan çoxsaylı beynəlxalq və respublika elmi tədbirlərində, forum, simpozium və konfranslarda məruzə etmişdir. Onun elmi yaradıcılığı 130-dan çox əsəri, o cümlədən 12 monoqrafiya və kitabı əhatə edir.
Sevda Məmmədəliyevanın 1999-cu ildən Azərbaycanın mədəniyyət nazirinin müavini kimi fəaliyyətə başlaması onun elmi və ictimai fəaliyyətində məhz bu istiqamətdə yeni bir mərhələnin əsasını qoymuşdur. Bu vəzifədə o, beynəlxalq əlaqələr, qeyri-maddi mədəni irs və xalq sənəti, elm və təhsil, həmçinin muzey siyasətinin inkişafı və bu istiqamətlərdə həyata keçirilən tədbirlərin əlaqələndirilməsinə rəhbərlik etmişdir. Alimin təşəbbüsü və iştirakı ilə mədəniyyət siyasətinin elmi əsaslarının işlənməsinə, milli mədəniyyətin beynəlxalq təcrübə kontekstində öyrənilməsinə xüsusi diqqət yetirilmişdir. Avropa Şurasının "STAGE" layihəsi çərçivəsində Azərbaycanın mədəniyyət siyasətinə dair Milli Məruzənin hazırlanmasında iştirakı bu fəaliyyətin mühüm nəticələrindən biri idi.
Sevda xanımın beynəlxalq fəaliyyətində mədəniyyətlərarası dialoqun inkişafı xüsusi yer tutur. 2008-ci ildə Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı çərçivəsində irəli sürülən "Bakı Prosesi" təşəbbüsünün formalaşması və inkişafında iştirak etmiş, 2011-2019-cu illərdə keçirilən I-V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının Təşkilat Komitəsinin sədr müavini və "Bakı Prosesi" Beynəlxalq İşçi Qrupunun rəhbəri kimi fəaliyyət göstərmişdir. Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsində və onun Bürosunda uzunmüddətli təmsilçiliyi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədr müavini kimi fəaliyyəti ölkəmizin beynəlxalq mədəni əməkdaşlıq əlaqələrinin genişlənməsinə verdiyi töhfələri tamamlayır.
Milli-mədəni irsin qorunması və dünya miqyasında tanıdılması Sevda xanımın fəaliyyətinin vacib istiqamətlərindən biri olmuşdur. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş 17 Azərbaycan irs nümunəsinin (Azərbaycan aşıq sənəti, xalça toxuculuğu sənəti, tar ifaçılıq sənəti, Qarabağ atçılıq oyunu Çovqan, kəlağayı incəsənəti və onun simvolizmi, Lahıc misgərlik sənəti, lavaş hazırlanması mədəniyyəti, Novruz bayramı, dolma hazırlanması ənənəsi, kamança ifaçılıq sənəti, Naxçıvanın ənənəvi qrup rəqsləri, Dədə Qorqud irsi və s.) nominasiya sənədlərinin və elmi əsaslandırmalarının hazırlanmasına rəhbərlik etməsi onun bu sahədəki xidmətlərinin əhatəsini göstərir. AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyevanın 2019-cu ildə Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının təşkilində, eləcə də Şəkinin tarixi mərkəzi ilə Xan sarayının Dünya İrs Siyahısına daxil edilməsi prosesində iştirakı da xüsusi qeyd olunmalıdır. 2020-2023-cü illərdə işğaldan azad edilmiş ərazilərdə İşğal və Zəfər muzeyləri komplekslərinin elmi konsepsiyalarının hazırlanmasına rəhbərlik etməsi də tarixi yaddaşımızın qorunması istiqamətində gördüyü işlərin davamı idi.
Sevda xanımın ictimai-siyasi fəaliyyəti də onun bioqrafiyasında ayrıca yer tutur. 1998-ci ildə keçirilmiş prezident seçkilərində Ümummilli Lider Heydər Əliyevin vəkili olması onun ictimai-siyasi proseslərdə iştirakının əhəmiyyətli məqamlarından biridir. Sevda xanımın ictimai fəaliyyətində atasının elmi irsinin yaşadılması da xüsusi yer tutur. Hazırda onun təsisçisi və sədri olduğu Akademik Yusif Məmmədəliyev Fondu bu istiqamətdə fəaliyyət göstərir.
Sevda xanımın həyat yoluna bütövlükdə nəzər saldıqda elm, dövlət idarəçiliyi, beynəlxalq əməkdaşlıq və milli-mədəni irsin qorunması arasında ardıcıl bir əlaqə görürük. O, elmi bilik və təcrübəsini müxtəlif fəaliyyət sahələrində tətbiq etməklə Azərbaycanın mədəni sərvətlərinin beynəlxalq miqyasda tanıdılmasına, mədəniyyətlərarası dialoqun inkişafına və milli yaddaşın yaşadılmasına töhfə vermişdir. Alimin fəaliyyətinin əsas məzmunu da bu istiqamətlərin vahid məqsəd ətrafında birləşməsindədir.
Sevda xanımın həyat yolunda diqqətçəkən başqa bir məqam da elmə, təhsilə və mədəniyyətə xidmətin müxtəlif formalarda davam etməsidir. Universitet auditoriyasında müəllimlik, elmi tədqiqat, monoqrafiyalar, beynəlxalq layihələr, dövlət idarəçiliyində fəaliyyət - bunların hər biri fərqli bacarıq və məsuliyyət tələb edir. Ancaq hamısını birləşdirən əsas xətt insana, biliyə və cəmiyyətin inkişafına xidmət etmək istəyidir.
Bir məsələni xüsusi vurğulamaq istərdik. Yusif Məmmədəliyevin elmi şöhrəti övladı üçün böyük mənəvi sərvət olduğu qədər həm də məsuliyyətdir. Belə bir irsin kölgəsində qalmaq da mümkündür, onun mənasını öz fəaliyyətinlə yenidən açmaq da. Sevda xanımın həyat yolunda ikinci məqamı görürük. O, atasının kimya sahəsində yaratdığı elmi məktəbi təkrarlamağa çalışmadı. Öz elmi maraqlarını seçib, başqa bir istiqamətdə - sosial fəlsəfə, ekologiya və kulturologiya sahələrində araşdırmalar apardı, özünəməxsus, təkrarsız nəticələr əldə etdi. Bununla da ailədən gələn intellektual ənənəni müstəqil elmi mövqeyə çevirə bildi.
Bu, mənəvi və intellektual irsin ən doğru davamlı formalarından biridir. Çünki elmi irsə sədaqətin təməlindəki düşüncə yüksək mədəniyyəti, mənəvi məsuliyyəti, zəhmətə və biliyə ehtiramı qorumaqdır. Yusif Məmmədəliyevin elmi həyatında təbiətin və maddənin qanunlarını dərindən öyrənmək, onları insanın və ölkənin inkişafı naminə tətbiq etmək istəyi vardı. Sevda Məmmədəliyevanın elmi və ictimai fəaliyyətində isə insan, cəmiyyət, mədəniyyət və təbiət arasındakı münasibətlərin fəlsəfi dərki ön plana çıxır.
Sevda Məmmədəliyevanın elmi, ictimai və dövlətçilik fəaliyyətinə verilən yüksək qiymət onun çoxsaylı yerli və beynəlxalq mükafatlarında da öz əksini tapmışdır. Bu təltiflər sırasında Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2016-cı ildə 3-cü dərəcəli, 2019-cu ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif olunması xüsusi yer tutur. 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsi onun uzunillik xidmətlərinə verilən növbəti yüksək qiymətdir. Bu gün dünyada ekoloji böhran, iqlim dəyişmələri, bioloji müxtəlifliyin azalması, texnoloji inkişafın etik sərhədləri, mədəni kimliyin qloballaşma qarşısında qorunması kimi problemlər getdikcə daha çox aktuallıq qazanır. Bu məsələlərin heç biri tək bir elmin imkanları ilə həll edilə bilməz. Bioloqun, riyaziyyatçının, filosofun, iqtisadçının, mühəndisin, tarixçinin və mədəniyyətşünasın düşüncəsi bir-birini tamamlamalıdır. Bu baxımdan Sevda Məmmədəliyevanın elmi yaradıcılığında müxtəlif bilik sahələrinin əlaqəsinə verilən önəm bu günün elmi çağırışları ilə səsləşir.
Alim ömrünün ən böyük dəyəri onun yaratdığı əsərlərlə yanaşı, həm də cəmiyyətin düşüncəsində açdığı yeni pəncərələrdir. Bəzən bir elmi nəticə laboratoriyanın divarları arasında qalır, bəzən isə illər sonra bütöv bir ictimai düşüncə istiqamətinə çevrilir. Sevda xanımın ekologiya, mədəniyyət, insan və cəmiyyət haqqında araşdırmalarının əhəmiyyəti də bu geniş müstəvidə dəyərləndirilməlidir.
Bulaqların bir gözəlliyi də ondadır ki, onlar axdıqca öz mənbəyini unutmur. Mən Sevda xanımın ömür yolunu düşünəndə Ordubadın dağlarından süzülüb gələn, müxtəlif məcralardan keçərək öz suyunu qoruyan bir bulağı xatırlayıram. Onun mənbəyində Yusif Məmmədəliyev kimi böyük bir alimdən ruh almış mənəvi irs, axarında isə Sevda Məmmədəliyevanın öz zəhməti, düşüncəsi və yaradıcılığı vardır. Bu heç zaman qurumayacaq bulağın suyu Azərbaycan elminə, mədəniyyətinə və insan yaddaşına qarışaraq öz yolunu durmadan davam etdirir.
İradə HÜSEYNOVA,
akademik