İki ölkənin iqtisadi maraqları yeni əməkdaşlıq perspektivlərindən xəbər verir
Dünyanın iqtisadi xəritəsində yeni tərəfdaşlıqların və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modellərinin əhəmiyyəti getdikcə artır. Qlobal iqtisadi proseslərin sürətlə dəyişdiyi, beynəlxalq ticarət və investisiya münasibətlərinin yeni məzmun daşıdığı bir zamanda Azərbaycan iqtisadi tərəfdaşlıq coğrafiyasını genişləndirməyə xüsusi önəm verir. Bu gün Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edən ölkələrindən biri olan Vyetnamla münasibətlər iqtisadi əlaqələrin şaxələndirilməsi, yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın inkişafından dolayı xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan-Vyetnam iqtisadi münasibətlərinin əsas istiqamətlərindən birini qarşılıqlı ticarət təşkil edir. Azərbaycan-Vyetnam ticarət əlaqələri son illər dəyişkən dinamika nümayiş etdirir. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 594,6 milyon dollar təşkil edib. 2024-cü ildə isə bu göstərici 223,93 milyon dollara qədər azalıb. Rəqəmlər qarşılıqlı ticarətdə mövcud dalğalanmaları göstərməklə yanaşı, iqtisadi əlaqələrin genişləndirilməsi və ticarət dövriyyəsinin artırılması üçün əhəmiyyətli potensialın olduğunu da ortaya qoyur.
Vyetnamın elektronika, tekstil, kənd təsərrüfatı və emal sənayesi üzrə istehsal imkanları Azərbaycan bazarı üçün maraq doğurur. Azərbaycan isə neft və neft məhsulları ilə yanaşı, kənd təsərrüfatı, kimya sənayesi və neftdənkənar digər məhsulların ixracını artıra bilər.
Enerji sektoru iki ölkə arasında əməkdaşlığın ənənəvi və artıq əməli nəticələr vermiş istiqamətidir. Bu əlaqələrin tarixi kökləri də maraq doğurur. Azərbaycan mütəxəssislərinin sovetlər dönəmində Vyetnamın neft sənayesinin inkişafında iştirakı iki ölkə arasında enerji sahəsində əməkdaşlığın formalaşmasına təkan verib. Bu ənənə hazırda SOCAR və Vyetnamın milli neft-qaz şirkəti "Petrovietnam" arasında əməkdaşlıqla davam etdirilir. 2025-ci il mayın 7-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri zamanı SOCAR ilə "Petrovietnam" arasında Əməkdaşlıq Memorandumu imzalanması münasibətlərin inkişafında mühüm mərhələ olub. Sənəd neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, texniki xidmətlər, emal və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün imkanlar yaradır.
2026-cı il oktyabrın 16-da Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Vyetnamın sənaye və ticarət nazirinin müavini Fan Thi Tanq arasında görüş baş tutub. Tədbirdə hər iki ölkənin müvafiq qurumlarının nümayəndələri də iştirak ediblər. Müzakirələr zamanı bildirilib ki, 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox Azərbaycan nefti ixrac olunub. Görüşdə tərəflər neft və qaz hasilatı, neft emalı, neft-kimya və mayeləşdirilmiş təbii qazın tədarükü sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri də yer alıb. Burada neft-qaz hasilatı, emal, neft-kimya, neft-mədən xidmətləri və mayeləşdirilmiş təbii qaz təchizatı imkanları da nəzərdən keçirilib.
Əməkdaşlığın digər perspektivli istiqaməti bərpaolunan enerji sahəsidir. Həmin görüş çərçivəsində Vyetnamın "ROX Group" şirkəti ilə tərəfdaşlıq çərçivəsində Naxçıvanda günəş-elektrik stansiyalarının, Bakı ətrafında isə külək enerjisi layihələrinin həyata keçirilməsi imkanları müzakirə olunub. Bu təşəbbüslər enerji tərəfdaşlığının ənənəvi karbohidrogen sektorundan kənara çıxaraq daha geniş sahələri əhatə edə biləcəyini göstərir.
İki ölkə arasında iqtisadi əlaqələrin dərinləşdirilməsində qarşılıqlı investisiyalar və biznes əlaqələri də mühüm rol oynayır. Azərbaycanın sənaye parkları, əlverişli coğrafi mövqeyi və regional bazarlara çıxış imkanları Vyetnam investorları üçün cəlbedici perspektivlər yaradır. Vyetnamın istehsal, tekstil, elektronika və kənd təsərrüfatı sahələrindəki təcrübəsi isə Azərbaycanda birgə müəssisələrin yaradılması üçün imkanlar açır.
İqtisadi əlaqələrin inkişafında qarşılıqlı investisiyaların təşviqi və biznes dairələri arasında birbaşa təmasların genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, mövcud investisiya əlaqələri gələcək əməkdaşlığın dərinləşdirilməsi üçün geniş potensial yaradır. Hazırda ölkəmizdə Vyetnam investisiyalı 7 şirkət fəaliyyət göstərir. 2025-ci ilin mayında Bakıda keçirilən yüksəksəviyyəli görüşlər, həmin ilin iyulunda Hanoyda Azərbaycan-Vyetnam Birgə Biznes Şurasının ilk iclasının və biznes-forumunun təşkili investisiya əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyətli addımlar olub. Forum çərçivəsində bərpaolunan enerji, kənd təsərrüfatı və tekstil sahələrində əməkdaşlıq memorandumlarının imzalanması yeni layihələr üçün zəmin yaradıb.
Bu istiqamətdə təmaslar indi də davam etdirilir. Bir həftə əvvəl - noyabrın 13-də Azərbaycan nümayəndə heyətinin Vyetnama səfəri iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılması baxımından diqqətəlayiq hadisədir. Səfər Azərbaycan və Vyetnam arasında mövcud tərəfdaşlığın bir qədər də genişləndirilməsi, biznes əlaqələrinin inkişafı və qarşılıqlı maraq doğuran sahələrdə birgə təşəbbüslərin təşviqi üçün əlavə imkanlar yaradır.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da Azərbaycan-Vyetnam iqtisadi münasibətlərinin inkişafı üçün yeni yollar açır. Ölkəmizin əlverişli coğrafi mövqeyi və müasir nəqliyyat infrastrukturu Vyetnamla Avropa arasında yükdaşımaların təşkilində Azərbaycanın rolunu artıra bilər. Xüsusilə Orta dəhliz vasitəsilə Vyetnam məhsullarının Azərbaycan üzərindən Avropa bazarlarına çatdırılması üçün əlavə imkanlar mövcuddur. Ona görə də nəqliyyat marşrutlarının şaxələndirilməsi və logistika əlaqələrinin gücləndirilməsi hər iki ölkənin iqtisadi maraqlarına xidmət edə bilər.
Çin və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan Orta dəhliz Vyetnam üçün də alternativ yükdaşıma imkanları yaradır. Azərbaycan Energetika Nazirliyinin 16 oktyabr 2026-cı il tarixli məlumatına əsasən, Vyetnamla əlaqəli tranzit yüklərinin ölkəmizin ərazisindən daşınması 2025-ci ildə əvvəlki illə müqayisədə 200 faizdən çox, 2026-cı ilin yanvar-sentyabr aylarında isə təxminən 600 faiz artıb. Bununla yanaşı, "Silk Way West Airlines" şirkətinin Vyetnamda nümayəndəliyinin açılması və birbaşa yük aviareyslərinin təşkili ilə bağlı planlar logistika əlaqələrinin genişlənməsinə, yükdaşımaların sürətlənməsinə və iki ölkə arasında ticarət dövriyyəsinin artmasına xidmət edə bilər.
Bütün bunlar Azərbaycan-Vyetnam iqtisadi münasibətlərinin geniş inkişaf potensialına malik olduğunu göstərir. Ticarətin şaxələndirilməsi, enerji və investisiya əməkdaşlığının genişləndirilməsi, eləcə də nəqliyyat-logistika imkanlarından səmərəli istifadə iki ölkə arasında iqtisadi tərəfdaşlığın daha yüksək səviyyəyə çatmasına şərait yarada bilər. Siyasi dialoqun möhkəmlənməsi və qarşılıqlı iqtisadi maraqların uzlaşdırılması isə bu münasibətlərin uzunmüddətli və dayanıqlı inkişafı üçün zəmin formalaşdırır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"