20 Noyabr 2026 08:20
286
SİYASƏT
A- A+
Çoxvektorlu və strateji tərəfdaşlıq diplomatiyası

Çoxvektorlu və strateji tərəfdaşlıq diplomatiyası


Azərbaycanın dünyanın aparıcı güc mərkəzləri ilə qurduğu bərabərhüquqlu əməkdaşlıq modeli ölkəmizin qlobal nüfuzunun və beynəlxalq etimadın bariz göstəricisidir


Dünya nizamının yenidən şəkilləndiyi həssas dönəmdə hər bir ölkənin xarici siyasət strategiyasının uğuru qlobal proseslərin axarını düzgün qiymətləndirmək və milli maraqları yeni dünya reallıqları ilə məharətlə uzlaşdırmaq qabiliyyəti ilə ölçülür. Məhz bu meyarlar prizmasından yanaşdıqda Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində tutduğu mövqe və nümayiş etdirdiyi diplomatik çeviklik xüsusi diqqət çəkir. 

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və qətiyyətlə həyata keçirdiyi müstəqil, çoxvektorlu xarici siyasət strategiyası Azərbaycanı beynəlxalq arenada qlobal gündəliyin formalaşmasına töhfə verən orta güc statuslu ölkə kimi tanıdıb. Bu gün rəsmi Bakının dünyanın aparıcı siyasi və iqtisadi mərkəzləri - ABŞ, Çin, Böyük Britaniya, Almaniya və bütövlükdə Avropa İttifaqı məkanı ilə qurduğu strateji tərəfdaşlıq münasibətləri ölkəmizin artan diplomatik çəkisinin və etibarlı tərəfdaş imicinin bariz təzahürüdür. 

Son dövrlərdə ölkəmizin xarici siyasət gündəliyində diqqətçəkən mühüm tendensiya dünyanın fərqli güc mərkəzləri ilə əməkdaşlıq formatlarının rəsmiləşdirilməsidir. Bunun parlaq nümunələrindən biri 2026-cı il fevralın 10-da Bakıda Prezident İlham Əliyev və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens tərəfindən Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması oldu. Bu tarixi sənəd Vaşinqton-Bakı münasibətlərini yeni müstəviyə çıxarmaqla yanaşı, ikitərəfli layihələr, Orta dəhlizin nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, regional bağlantılar, eləcə də TRIPP layihəsi və Azərbaycan-Ermənistan normallaşma prosesi kimi həyati əhəmiyyətli istiqamətlərdə konkret fəaliyyət mexanizmlərini müəyyən etdi. 

Qlobal güc mərkəzləri ilə uğurlu diplomatiyanın ən dinamik və məhsuldar istiqamətlərindən biri isə Avropa qitəsi ilə münasibətlərdir. Bu baxımdan 2026-cı il noyabrın 12-də Dublin şəhərində Prezident İlham Əliyev ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem arasında keçirilən görüşdə "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə"nin mübadiləsi xüsusi əhəmiyyət daşıyır. Hər iki ölkə arasında 30 ildən artıqdır ki, enerji sektorunda davam edən və Böyük Britaniyanı Azərbaycanda Avropanın ən böyük investoruna çevirən uğurlu əməkdaşlıq bu sənədlə rəsmi olaraq yeni mərhələyə qədəm qoydu. Bəyannamə ənənəvi tərəfdaşlıq sahələri ilə yanaşı, bərpaolunan enerji, yüksək texnologiyalar, süni intellekt və ölkəmizin müdafiə imkanlarının qorunması və daha da gücləndirilməsi kimi strateji hədəfləri əhatə edir. Son aylarda Britaniyadan Azərbaycana həyata keçirilən yüksəksəviyyəli rəsmi səfərlər də təsdiqləyir ki, London-Bakı tərəfdaşlığı təkcə keçmişin uğurlarına deyil, gələcəyin texnoloji və təhlükəsizlik çağırışlarına hesablanıb. 

Avropa məkanında strateji tərəfdaşlıq şəbəkəsinin genişlənməsi təkcə Londonla məhdudlaşmır və qitənin aparıcı iqtisadi lokomotivi olan Almaniya ilə münasibətlərdə də özünü qabarıq göstərir. 2026-cı ilin iyul ayında dövlətimizin başçısının Almaniyaya rəsmi səfəri zamanı imzalanmış "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə" və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına dair sənəd iki ölkə arasındakı əlaqələrə güclü təkan verib. Noyabrın 17-də Bakıda Almaniyanın xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətinin qəbulu zamanı vurğulandığı kimi, bu ildən etibarən Azərbaycan qazının Almaniyaya ixracına başlanması ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki əvəzsiz rolunu bir daha sübut etdi. Hazırda Bakı-Berlin dialoqu ənənəvi və alternativ enerji, sərmayələr, nəqliyyat-logistika və Orta dəhliz üzrə əməkdaşlıq kimi geniş spektrli məsələləri əhatə edir. 

Azərbaycan bu günədək Avropa İttifaqına üzv olan 10 dövlətlə, ümumilikdə isə 10-dan çox Avropa ölkəsi ilə strateji tərəfdaşlıq haqqında rəsmi bəyannamə və sazişlər imzalayıb. Prezident İlham Əliyevin Dublin Sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski, Litva Prezidenti Gitanas Nauseda, Moldova Prezidenti Maya Sandu, Bolqarıstanın Baş naziri Rumen Radev, Yunanıstanın Baş naziri Kiriakos Miçotakis, Çexiyanın Baş naziri Andrey Babiş, eləcə də Rumıniya və Avropa İttifaqının ali rəhbərliyi ilə apardığı intensiv danışıqlar rəsmi Bakının qitənin siyasi və iqtisadi gələcəyi ilə bağlı strateji müzakirələrin ayrılmaz iştirakçısına çevrildiyini göstərir. Bu görüşlərdə qaz təchizatı və yeni enerji bağlantılarından tutmuş kənd təsərrüfatı, investisiya layihələri və regional sülh gündəliyinə qədər geniş mövzuların müzakirəsi sübut edir ki, Avropa ölkələri Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edirlər. 

Ölkəmiz Şərqin iqtisadi və siyasi nəhəngi olan Çin Xalq Respublikası ilə də hərtərəfli strateji tərəfdaşlıq münasibətlərini uğurla inkişaf etdirir. İki ölkə arasında qəbul edilmiş müvafiq bəyannamə və formalaşmış strateji dialoq mexanizmi Bakının Avrasiya məkanında Şərqlə Qərbi birləşdirən əsas körpü rolunu daha da möhkəmləndirib. Eyni zamanda Mərkəzi Asiya dövlətləri, o cümlədən Özbəkistanla strateji tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi və Qırğızıstanla əbədi dostluq münasibətlərinə dair müqavilənin imzalanması Azərbaycanın vahid geosiyasi və iqtisadi məkanda inteqrasiya təşəbbüslərinin müəllifi olduğunu təsdiqləyir. Beləliklə, Şərq-Qərb oxunda formalaşan bu bərabərhüquqlu tərəfdaşlıq modeli Azərbaycanı qlobal təchizat zəncirlərinin və geoiqtisadi marşrutların əvəzolunmaz mərkəzinə çevirib. 

Önəmli məqam odur ki, Azərbaycanın beynəlxalq sistemdə artan çəkisi təkcə ikitərəfli və regional formatlarla məhdudlaşmır, eyni zamanda qlobal humanitar, iqlim və mədəniyyətlərarası dialoq platformalarında da özünü aydın büruzə verir. Ölkəmizin mötəbər beynəlxalq tədbirlərə və qlobal forumlara yüksək səviyyədə evsahibliyi rəsmi Bakının bəşəriyyəti narahat edən aktual problemlərin həllində təşəbbüskar tərəf kimi çıxış etdiyini ortaya qoyur. Bu gün Azərbaycan həm ənənəvi enerji ehtiyatlarının etibarlı ixracatçısı, həm də "yaşıl enerji" keçidinin regional lideri kimi çıxış edərək Avropa İttifaqı və digər tərəfdaşlarla enerji dialoqunu yeni məzmunla zənginləşdirir. Eyni zamanda Cənubi Qafqazda yeni geosiyasi reallıqların yaradılması, sülh gündəliyinin təşviqi və regional kommunikasiyaların açılması istiqamətində atılan ardıcıl addımlar xarici tərəfdaşların Azərbaycana olan siyasi etimadını daha da möhkəmləndirir. 

Sözsüz ki, bütün bu diplomatik nailiyyətlərin arxasında dayanan əsas amil Prezident İlham Əliyevin nümayiş etdirdiyi prinsipial mövqe, uzaqgörən liderlik və milli maraqlara söykənən siyasətdir. Heç bir geosiyasi blokun alətinə çevrilmədən, bütün güc mərkəzləri ilə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmaq yüksək diplomatik məharət tələb edir. Azərbaycan məhz bu praqmatik və müstəqil siyasət kursu sayəsində həm milli təhlükəsizliyini və suverenliyini etibarlı şəkildə qoruyur, həm də beynəlxalq miqyasda söz sahibi olan aparıcı dövlət statusunu möhkəmləndirir. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

20 noyabr – Ağdam Şəhəri Günü: dağıntılardan dirçəlişə, zəfərdən böyük qayıdışa doğru  

09:11
20 Noyabr

Paytaxtın daha üç rayonunda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirilib

08:55
20 Noyabr

Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində

08:50
20 Noyabr

"Paylaşın ki, çox adam xəbərdar olsun…"

08:45
20 Noyabr

Kiyevdə bir neçə körpü ballistik raketlərlə vurulub - YENİLƏNİB

08:44
20 Noyabr

Zelenski: Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin necə işləyəcəyinin izahına ehtiyac var  

08:42
20 Noyabr

İtkin talelər, cavabsız suallar

08:40
20 Noyabr

Ağdamın dirçəlişi: dağıntılardan quruculuğa, həsrətdən qayıdışa

08:35
20 Noyabr

Uşaq hüquqlarının təmini: müasir çağırışlar və Ombudsmanın rolu

08:30
20 Noyabr

Şərəfli alim və ziyalı ömrü

08:25
20 Noyabr

Çoxvektorlu və strateji tərəfdaşlıq diplomatiyası

08:20
20 Noyabr

Paris anti-Azərbaycan ritorikasına yox, öz problemlərinə köklənməlidir

08:15
20 Noyabr

Milli iradənin və dövlətçilik ənənələrinin daşıyıcısı

08:10
20 Noyabr

Azərbaycan-Vyetnam: uzaq coğrafiya, yaxın münasibət

08:05
20 Noyabr

Ədalətin Zəfər təntənəsi

08:00
20 Noyabr

Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd edilib  

23:50
19 Noyabr

Uzun fasilədən sonra Gürcüstan və Rusiya nümayəndələrinin görüşü olub  

23:16
19 Noyabr

Poniçaladakı partlayışdan 8 saat sonra 3 yaşlı uşaq dağıntılar altından sağ çıxarılıb 

23:00
19 Noyabr

Zelenski: Rusiya il ərzində bütün atəşkəs təkliflərini rədd edib

22:48
19 Noyabr

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir  

22:29
19 Noyabr

Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tutularaq Azərbaycana ekstradisiya edilib  

21:23
19 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!