20 Noyabr – Ağdam Şəhəri Günü Azərbaycan
xalqının tarixi yaddaşında xüsusi yer tutan, milli iradəmizin, dövlətimizin
qüdrətinin və Müzəffər Ordumuzun şanlı Zəfərinin təcəssümünə çevrilən əlamətdar
gündür. Bu tarix təkcə bir şəhərin işğaldan azad olunmasını deyil, həm də uzun
illər doğma yurd həsrəti ilə yaşayan minlərlə insanın qayıdış ümidlərinin gerçəkləşməsini,
Qarabağda yeni həyatın Başlanmasını ifadə edir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər
Ali Baş Komandan cənab İlham Əliyev Ağdam şəhərinin gələcəyinə dair qətiyyətli
mövqeyini ifadə edərək bildirmişdir: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin
şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik.
Heç kimdə bu haqda şübhə olmasın.”
Bu fikirlər Azərbaycanın öz torpaqlarına
sahib çıxmaq əzmini, tarixi ədalətin bərpasına və işğaldan azad edilmiş ərazilərin
yenidən qurulmasına yönəlmiş dövlət siyasətinin mahiyyətini əks etdirirdi.
Ağdam adı özündə qədim tarix və milli
yaddaş daşıyır. Toponimin mənşəyi ilə bağlı geniş yayılmış izahlardan birinə
görə, ad “ağ” və “dam” sözlərinin birləşməsindən yaranaraq işıqlı, ağ ev və ya
ağ dam mənasını ifadə edir. Bu adın tarixən Qarabağ xanı Pənahəli xanın
tikdirdiyi ağ evlə əlaqələndirilməsi də mövcuddur. Ağdamın adı kimi özü də
Qarabağın zəngin tarixi-mədəni irsinin ayrılmaz hissəsidir.
2020-ci il noyabrın 20-də Ağdamın işğaldan
azad edilməsi Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfərin mühüm nəticələrindən
biri oldu. Ağdamın azadlığı Azərbaycanın hərbi-siyasi gücünün, Prezident İlham
Əliyevin qətiyyətli rəhbərliyinin və xalqımızın sarsılmaz birliyinin təntənəsi
idi. Şəhərin azad olunması ilə uzun illər davam edən işğala son qoyuldu,
Ağdamın yenidən dirçəlməsi üçün tarixi imkan yarandı.
Ağdamın azad edilməsində iştirak etmiş hərbi
qulluqçuların qəhrəmanlığının və fədakarlığının dövlət səviyyəsində qiymətləndirilməsi
məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Ağdamın azad
olunmasına görə” medalı təsis edildi. Bu medal Vətən uğrunda mübarizənin, hərbi
şücaətin və tarixi Zəfərin rəmzlərindən biri kimi gələcək nəsillərin yaddaşında
yaşayacaq.
Bu gün Ağdamın simasında biz həm də Zəfərimizin
əbədiləşdirilməsini görürük. Şəhərdə inşa edilən Zəfər muzeyi və açıq səma
altında nümayiş etdirilən dağıntı nümunələri keçmişin acı həqiqətlərini gələcək
nəsillərə çatdırmaqla yanaşı, Azərbaycanın öz torpaqlarını hansı iradə və qətiyyətlə
azad etdiyini nümayiş etdirir. İmarət Kompleksinin bərpası, Pənahəli xanın
irsinin yaşadılması, Xurşidbanu Natəvanın abidəsinin yenidən öz tarixi məkanına
qaytarılması Ağdamın milli-mədəni yaddaşının bərpasına xidmət edir.
Prezident İlham Əliyevin işğaldan azad
edilmiş Ağdama mütəmadi səfərləri şəhərin və rayonun gələcək inkişafının dövlət
siyasətinin prioritet istiqamətlərindən biri olduğunu təsdiqləyir. 2022-ci il
oktyabrın 4-də dövlət başçısının Ağdama səfəri çərçivəsində Bərdə-Ağdam
avtomobil yolunda görülən işlərlə tanışlıq, Eyvazxanbəyli, Xıdırlı, Kəngərli və
Sarıcalı kəndlərində, eləcə də şəhərin daxili yol və kommunikasiya şəbəkəsində,
dəmir yolu və avtovağzal kompleksində, yeni yaşayış məhəlləsində və mehmanxana
layihəsində təməlqoyma mərasimlərinin keçirilməsi genişmiqyaslı quruculuğun əsasını
qoydu.
2024-cü il mayın 28-də Tağıbəyli, Güllücə,
Nəmirli və Şotlanlı kəndlərinin təməllərinin qoyulması Ağdamın kəndlərinin də mərhələli
şəkildə yenidən qurulmasına güclü təkan verdi. Bu layihələr təkcə yaşayış evlərinin
inşası deyil, həm də kənd həyatının bərpası, sosial xidmətlərin təşkili, məşğulluq
imkanlarının yaradılması və dayanıqlı inkişafın təmin olunması baxımından mühüm
əhəmiyyət daşıyır.
2025-ci il mayın 10-da Ağdam Dəmir Yolu və
Avtovağzal Kompleksinin, Kəngərli kəndinin birinci mərhələsinin və Ağdam Muğam
Mərkəzinin açılışı bölgənin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Kəngərlidə
məktəb, körpələr evi-uşaq bağçası, klub-icma mərkəzi və inzibati bina kimi
sosial obyektlərin istifadəyə verilməsi, sakinlərə yeni mənzillərin açarlarının
təqdim edilməsi Böyük Qayıdışın real nəticələrini nümayiş etdirdi.
2026-cı il iyulun 14-də Azərbaycan Prezidenti
İlham Əliyevin və Slovakiya Prezidenti Peter Pelleqrininin Ağdam rayonunun Baş
Qərvənd kəndində aparılan işlərlə tanışlığı, 840 şagird yerlik tam orta məktəbin
təməlinin qoyulması isə Ağdamın beynəlxalq əməkdaşlıq və müasir quruculuq məkanına
çevrildiyini bir daha göstərdi.
Bu gün Ağdam şəhərində və kəndlərində
yaşayış məhəllələri, təhsil və səhiyyə müəssisələri, yol-nəqliyyat
infrastrukturu, mühəndis-kommunikasiya sistemləri yaradılır. Ərazilərin mərhələli
məskunlaşdırılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması dövlətimizin
qarşıya qoyduğu Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsinin göstəricisidir.
Ağdamın gələcək inkişafında turizm
infrastrukturu da mühüm yer tutur. Tarixi İmarət Kompleksi, Qarabağın mədəni
irsi, muğam ənənələri, təbii və coğrafi imkanlar şəhərin turizm potensialını
artırır. Müasir mehmanxanaların, ictimai məkanların, mədəniyyət və istirahət
obyektlərinin yaradılması Ağdamın gələcəkdə regionun mühüm turizm mərkəzlərindən
birinə çevrilməsinə zəmin yaradır.
Ağdamın bugünkü mənzərəsi bir daha sübut
edir ki, Azərbaycan dövləti yalnız torpaqlarını azad etməklə kifayətlənmir, həmin
ərazilərdə müasir həyat qurur, tarixi irsi qoruyur, iqtisadi potensialı hərəkətə
gətirir və insanları doğma yurdlarına qaytarır.
20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın
yaddaşında həm Zəfər, həm də quruculuq tarixidir. Bir zamanlar dağıntıları ilə
düşmənin vəhşiliyini nümayiş etdirən Ağdam bu gün Azərbaycanın yenilməz iradəsinin,
milli həmrəyliyinin və gələcəyə inamının rəmzinə çevrilir.
Ağdam yenidən qurulur, Ağdam yaşayır, Ağdam
öz sakinlərinə qovuşur. Bu dirçəliş Azərbaycan xalqının tarixi qələbəsinin və
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
ardıcıl dövlət siyasətinin parlaq nəticəsidir.
İlqar İLYASOV,
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri