Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qəzzada toqquşmalar zamanı öldürülən fələstinlilərin sayı 52-yə çatıb

14 May 2018
Qəzza sektorunun sərhədində İsrail ordusu ilə toqquşmalarda qətlə yetirilən fələstinlilərin sayı 52 nəfərə çatıb, 1700-ə yaxın insan yaralanıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu gün səhər başlayan və sabah da davam edəcək etiraz aksiyaları İsrail tərəfinin sərt müdaxiləsi ilə qarşılanıb. Ordu ABŞ-ın səfirliyini Qüdsə köçürməsinə etiraz edən nümayişçilərə odlu silahdan atəş açıb. Yaralananlar arasında 9 müxbirin də olduğu bildirilir.

Ayyarım davam edən aksiyalar zamanı bugünkü itkilər də daxil olmaqla, qətlə yetirilən fələstinlilərin sayı 100-ü ötüb.

Fələstin Səhiyyə Nazirliyi bölgədəki xəstəxanalarda tibbi ləvazimat baxımından ciddi çatışmazlıq yaşandığını bildirib və “təcili yardım” çağırışı edib.

Xatırladaq ki, bu gün Birləşmiş Ştatların İsraildəki yeni səfirliyinin açılış mərasimi keçirilib.