Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Həkimlər uşaqlar üçün “Facebook” messencerini bağlamağı tələb edirlər

30 Yanvar 2018
ABŞ-ın “Reklamsız uşaqlıq naminə” (Campaign For a Commercial-Free Childhood) təşkilatı “Facebook”un 13 yaşdan kiçik uşaqlar üçün nəzərdə tutulan “Messenger Kids” proqramını bağlamağı tələb edir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, təşkilatın nümayəndələri sosial şəbəkənin banisi Mark Sukerberqə bu barədə açıq məktub ünvanlayıb. Sənədi 110-dan çox həkim, pedaqoq, psixoloq və uşaqlarla işləyən digər mütəxəssislər imzalayıb.

Məktub müəlliflərinin fikrincə, messencer vasitəsi ilə ünsiyyət uşağın inkişafina mənfi təsir göstərir. Onlar sosial şəbəkələr və yeniyetmə depressiyası arasında əlaqənin müəyyən olunması üzrə tədqiqatların nəticələrinə əsaslanırlar.

“Azyaşlı uşaqlar sosial şəbəkələrdə ünsiyyət qurmağa hazır deyillər. Onlar internet vasitəsi ilə ünsiyyətin qəlizliyini başa düşmək üçün yetərincə böyüməyiblər və bu, əksər hallarda anlaşmazlığa və münaqişələrə gətirib çıxarır”, - deyə müraciətdə vurğulanır.

Qeyd edək ki, “Facebook” sosial şəbəkəsi “Messenger Kids” proqramını ötən ilin dekabr ayında istifadəyə verib.