Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nurlana Əliyeva: Azərbaycanda həmişə qadına yüksək ehtiram göstərilib

14 Aprel 2017
 

Azərbaycanda həmişə qadına yüksək ehtiram göstərilib.

Bakı Slavyan Universitetindən (BSU) AZƏRTAC-a bildiriblər ki, bunu ali təhsil ocağının rektoru, professor Nurlana Əliyeva “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır!” mövzusunda keçirilən tədbirdə deyib. Yeni Azərbaycan Partiyasının (YAP) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə keçirilən tədbir ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub.

Rektor vurğulayıb ki, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra qadın problemləri dövlət səviyyəsində həllini tapıb. Ümummilli lider Heydər Əliyev qadınların cəmiyyətdəki nüfuzuna, onların mənəvi potensialına bələd idi. Ulu Öndər bu zərif, həm də çox güclü zümrənin dövlətçilik və müstəqiliyimizin çətin yollarında böyük dayaq olacağına inanırdı. Bu inamla 1995-ci ildə YAP Qadınlar Şurası yaradılıb. AQUPDK-nın qadınların cəmiyyətimizdəki mövqeyini daha da möhkəmlətmək istiqamətində gördüyü işləri yüksək dəyərləndirən N.Əliyeva gənc nəsli belə tədbirlərdə fəallıq göstərməyə çağırıb.

AQUPDK sədrinin müavini Sədaqət Qəhrəmanova bildirib ki, təmsil etdiyi qurum tərəfindən mütəmadi olaraq ali təhsil müəssisələrində müvafiq mövzuda diskussiyalar aparılır. Azərbaycan qadınına ən yüksək qiyməti ümummilli lider Heydər Əliyevin verdiyini deyən sədr müavini diqqətə çatdırıb ki, bu səbəbdən komitə tərəfindən hər il Ulu Öndərin doğum günü ərəfəsində qadınlara həsr edilən yazı müsabiqəsi keçirilir.

BSU-nun ingilis filologiyası kafedrasının müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı üçün miras qoyduğu dəyərlərdən söz açıb. Müstəqilliyin ən ümdə miras olduğunu deyən S.Fətəliyeva bu müstəqilliyin sütunlarının qorunmasında Prezident İlham Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulayıb. Qadınların ölkəmizin siyasi həyatındakı mühüm rolunu qeyd edən Milli Məclisin deputatı təhsildən yayınma, erkən nikah, zorakılıq kimi aktual qadın problemlərinin həlli istiqamətində görülən işləri diqqətə çatdırıb.

BSU-nun prorektoru, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri, Milli Məclisin deputatı, professor Sahibə Qafarova bildirib ki, gender bərabərliyi Azərbaycanda qanunvericilik tərəfindən tam təmin olunub. Azərbaycan nümayəndə heyətinin AŞPA-da kifayət qədər səmərəli fəaliyyət göstərdiyini deyən S.Qafarova vurğulayıb ki, Avropa Şurası Azərbaycanın problemlərinin həllinə həssas yanaşır, ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsini mütəmadi olaraq gündəmdə saxlayır.

Sonda tələbələr mövzu ilə bağlı fikirlərini bölüşüblər.