Onun yaratdığı ekran əsərlərinə baxanda yalnız keçmişi görmürük. Həm də həmin dövrün nəfəsini, insanlarını, hadisələrini, sevincini və ağrılarını duyuruq. Tanınmış rejissor, kinooperator, ssenarist, Xalq artisti Muxtar Dadaşov yarım əsrdən artıq davam edən yaradıcılığı ilə milli kinomuzun inkişafına mühüm töhfələr verib, Azərbaycan tarixinin və mədəni həyatının bir çox səhifələrini kino dili ilə yaddaşa çevirib...
Kiçik addımlarla böyük sənətə...
Muxtar Dadaşov 1913-cü il sentyabrın 11-də Bakıda dünyaya gəlib. Bu şəhərin sənət və mədəniyyət mühiti onun dünyagörüşünün formalaşmasına mühüm təsir göstərib. Uşaqlıqdan incəsənətə maraq göstərən Muxtarın taleyi çox erkən yaşlarında səhnəyə bağlanıb. 1924-cü ildə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsinə çıxanda onun on bir yaşı olub. Dörd il sonra isə Cəfər Cabbarlının "Sevil" pyesinin ilk tamaşasında Gündüz rolunu oynayıb. Beləcə, Muxtar Dadaşov uşaqlıq illərindən kiçik addımlarla böyük sənətə üz tutub. İllər keçəcək, o uşaq boya-başa çatacaq, Azərbaycan kino sənətinin tanınmış simalarından biri olacaq, aktyor, operator, rejissor, ssenarist kimi fəaliyyət göstərəcəkdi.
Teatr mühiti, səhnənin ab-havası, görkəmli aktyorlarla birgə çalışmaq və sənətin incəliklərini öyrənmək marağı Muxtar Dadaşovun sənət yolunu müəyyənləşdirib. 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayan Muxtar Dadaşov tamaşalarda müxtəlif rollar da oynayıb.
Səhnə yalnız ona həvalə edilən obrazın daxili aləminə varmağı, hadisəni tamaşaçıya çatdırmağı deyil, həm də ətrafında baş verənləri diqqətlə müşahidə etməyi, insanları tanımağı öyrədib. Sonralar operator və rejissor kimi fəaliyyət göstərərkən bu təcrübə Muxtar Dadaşov üçün çox gərəkli olub.
Gənc sənətkar 1931-ci ildə kinostudiyada operator assistenti kimi fəaliyyətə başlaması ilə yeni yaradıcılıq aləminə düşüb. Sənədli və bədii filmlərin çəkilişlərində iştirak edib. İlk gündən kamera onun üçün sadəcə texniki vasitə olmayıb. Onunla insanları, hadisələri lentə almaq Muxtar Dadaşova cəlbedici, əsrarəngiz görünüb.
Ali operator təhsili almaq, sənəti daha dərindən öyrənmək istəyi ilə Moskvaya gedib. Orada təhsil almaqla bərabər, aktyorluq fəaliyyətini də davam etdirib, filmlərdə çəkilib.
Aktyor, operator, rejissor, ssenari müəllifi
Moskvada təhsilini başa vurduqdan sonra vətənə qayıdan Muxtar Dadaşov kinostudiyada operator kimi fəaliyyətini davam etdirib. 1935-ci ildə Abdulla Şaiqin "Oyunçu bağa" hekayəsi əsasında çəkilən "Rəqs edən bağalar" filminin qurluşçu operatoru olub. Sonrakı illərdə o, "Kəndlilər", "Yeni horizont", "Vətən oğlu" kimi bədii, eləcə də bir sıra sənədli filmlərin çəkilişlərində operator kimi çalışıb.
O həm operator, həm rejissor, həm də ssenari müəllifi kimi kino sənətinin inkişafına böyük xidmətlər göstərib. 1965-ci ildə lentə alınan "Arşın mal alan" filminin ssenari müəlliflərindən biri, 1968-ci ildə Xalq yazıçısı Süleyman Rəhimovun "Mehman" povesti əsasında ekranlaşdırılan "Qanun naminə" bədii filminin isə quruluşçu rejissoru və ssenari müəllifi Muxtar Dadaşov olub. O, 1974-cü ildə çəkilən "Bakıda küləklər əsir" bədii filminin quruluşçu rejissoru və ssenari müəlliflərindən biridir.
Muxtar Dadaşovun sənət dünyasında operator, rejissor və ssenarist kimi iştirak etdiyi sənədli filmlərin də xüsusi yeri olub. "Lökbatan", "Neft simfoniyası", "Ordenli Azərbaycan", "Sovet Azərbaycanı", "Arazın o tayında", "Səhər nəğməsi", "Səadət yolu ilə", "Bizim Azərbaycan", "Doğma torpaq, Azərbaycan", "Sabir", "Nəriman Nərimanov", "Kür", "Əbədi qardaşıq", "Respublikam haqqında həqiqət" və başqa sənədli filmləri ilə Azərbaycan kino salnaməsinin zənginləşməsində mühüm rol oynayıb.
Müharibə illərinin kinoxronikasını yaradanlardan biri
Dövrünün mühüm ictimai-siyasi hadisələrini, insanlarını, Azərbaycanın təbiət mənzərələrini əks etdirən sənədli filmlər çəkə-çəkə onları tarixə çevirirdi. Bunu özü də bilirdi. Muxtar Dadaşov üçün hər kadrın arxasında bir tarix, bir insan taleyi, bir yaddaş dayanırdı. Odur ki, heç bir mövzuya səthi yanaşmayıb. Çəkilişlərə başlamazdan əvvəl araşdırıb, materiallar toplayıb, arxivlərə müraciət edib, hadisənin mahiyyətini öyrənməyə çalışıb. "Nəriman Nərimanov" sənədli filmini hazırlayarkən Nəriman Nərimanovun Genuya konfransındakı çıxışını əks etdirən kadrları Moskva arxivlərindən tapması sənətkarın işinə nə dərəcədə ciddi və məsuliyyətli yanaşdığını göstərir.
Alman faşizminə qarşı müharibə dövrünün kinoxronikasının yaradılmasında Muxtar Dadaşovun xüsusi xidmətləri olub. 1943-cü ildə hitlerçilərin cinayətlərini araşdıran komissiyanın sərəncamına göndərilən sənətkar köməkçisi İsmayıl Əfəndiyevlə birlikdə faşistlərin törətdikləri vəhşilikləri lentə alıb. Sonralar həmin kadrlar Nürnberq məhkəməsində sübut kimi nümayiş etdirilib.
1944-cü ildə rejissor müharibə mövzusunda "Bakı döyüşür" adlı sənədli film ekranlaşdırıb. Filmdə Azərbaycanın müharibə dövründəki vəziyyəti, xalqın arxa cəbhədəki əməyi, tanınmış ziyalılar və neftçilər öz əksini tapıb. Səməd Vurğun, Üzeyir bəy Hacıbəyli, Yusif Məmmədəliyev və başqa tanınmış insanların həmin dövrə aid görüntüləri bu gün milli kino salnaməmizin qiymətli sənədlərindəndir.
Muxtar Dadaşov "Sovet Azərbaycanı" filmindəki uğuruna görə, 1951-ci ildə Kann Beynəlxalq Kino Festivalında xüsusi mükafata layiq görülən ilk azərbaycanlı rejissor olub. Sənədli filmlərindən "Səadət yolu ilə" ona 1956-cı ildə Moskvada keçirilən Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin qızıl medal, "Nəriman Nərimanov" 1967-ci ildə Tbilisidə keçirilən Zaqafqaziya və Ukrayna respublikaları kinofilmlərinin zona festivalında tarixi-inqilabi mövzunun ən yaxşı təcəssümünə görə mükafat, "L.İ. Brejnev Bakıda" 1980-ci ildə Dövlət mükafatı qazandırıb.
Yaradıcılığı dövlət tərəfindən də yüksək qiymətləndirilib. Sənətkar müxtəlif illərdə Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına, "Şöhrət" ordeninə layiq görülüb.
1977-1983-cü illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Sənədli Filmlər Birliyinin bədii rəhbəri vəzifəsində çalışan Muxtar Dadaşov artıq yalnız filmlər çəkməyib. O, həm də kino sənətinin inkişafına təsir göstərib, gənc sənətçilərin yetişməsinə öz təcrübəsi ilə yol göstərib.
Sənətkar uzun yaradıcılıq yolu keçib. Əlli ildən artıq kino sənətinə xidmət edib. Həmin illər Azərbaycan kino tarixinin mühüm bir mərhələsidir.
Muxtar Dadaşov 1998-ci il mayın 7-də dünyasını dəyişib. Ancaq onun sənət ömrü bitməyib. Çünki yaratdığı bədii və sənədli filmlər yaşayır. Onun kamerasından keçən insanlar, hadisələr, mənzərələr artıq tarixə çevrilib. Muxtar Dadaşov kamera ilə zamanı lentə alırdı. Zaman isə onun özünü və yaratdıqlarını yaddaşında saxladı...
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"