Azərbaycanda
akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura
səfərinə Ermənistan cəmiyyətinin, xüsusilə revanşist dairələrin reaksiyası
regionda sülh və normallaşma prosesinin qarşısında dayanan ciddi
siyasi-ideoloji problemləri bir daha nümayiş etdirir. Xarici diplomatların Azərbaycanın
suveren ərazilərinə səfər etməsi kimi tamamilə legitim və beynəlxalq hüququn
prinsiplərinə uyğun bir addımın Ermənistan daxilində narazılıqla qarşılanması, əslində,
İrəvanda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qəbul edilməsi ilə
bağlı müəyyən dairələrdə hələ də ciddi psixoloji-siyasi problemin qaldığını
göstərir.
Qarabağ
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Azərbaycan dövlətinin
suverenliyi və ərazi bütövlüyü Ermənistan tərəfindən də rəsmi şəkildə tanınıb.
Belə olan halda Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrin ölkəmizin
müxtəlif bölgələrinə, o cümlədən Qarabağ və Şərqi Zəngəzura səfərinə etiraz
edilməsi heç bir məntiqə sığmır. Daha da paradoksal olanı isə bu səfərə görə
xarici diplomatların hədəfə alınması və sosial şəbəkələrdə onlara qarşı
aqressiv kampaniyanın aparılmasıdır.
Diplomatik
korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri mühüm siyasi mesaj daşıyır. Bu səfər
iştirakçı dövlətlərin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə münasibətinin
praktiki ifadəsi kimi qiymətləndirilə bilər. Azərbaycan ərazisində baş verən
proseslərlə bağlı qərar qəbul etmək hüququ yalnız Azərbaycan dövlətinə məxsusdur.
Xarici diplomatların ölkəmizin müxtəlif ərazilərinə səfərinə Ermənistan
daxilindən müdaxilə cəhdləri isə Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi təsiri
bağışlayır.
Ermənistan
cəmiyyətində səfərlə bağlı reaksiyaların diqqət çəkən istiqamətlərindən biri
Qarabağdakı tarixi-mədəni irslə bağlı manipulyativ yanaşmadır. Gəncəsər və
Xudavəng kimi abidələrin yalnız erməni irsi kontekstində təqdim edilməsi, eyni
zamanda həmin ərazilərin mürəkkəb və çoxqatlı tarixi-mədəni keçmişinin nəzərə
alınmaması regionun tarixinin siyasiləşdirilməsinə xidmət edir. Burada daha
mühüm sual ortaya çıxır: Ermənistan Qarabağdakı tarixi irsə münasibətdə belə həssaslıq
nümayiş etdirirsə, nə üçün müasir Ermənistan ərazisində Azərbaycan xalqının əsrlər
boyu yaratdığı tarixi-mədəni irsin mövcudluğunu eyni şəkildə qəbul etmir?
Tarixi
faktların yalnız müəyyən hissəsini seçərək təqdim etmək, bir xalqın tarixi
mövcudluğunu qəbul edib digər xalqın həmin coğrafiyadakı izlərini inkar etmək
obyektiv tarixçilik prinsipləri ilə uzlaşmır. Bu yanaşma həm də Cənubi Qafqazın
ümumi tarixinin birtərəfli təqdim edilməsinə gətirib çıxarır. Qafqaz Albaniyası
irsi məsələsində də oxşar vəziyyət müşahidə olunur. Azərbaycanın Qarabağ və digər
bölgələrində Qafqaz Albaniyasına aid çoxsaylı tarixi-mədəni abidələrin mövcudluğu
elmi ədəbiyyatda və dünya tarixşünaslığında geniş araşdırılıb. Bu irsin siyasi
məqsədlərlə yalnız etnik mənsubiyyət mübahisəsinə çevrilməsi tarixi həqiqətin
araşdırılmasına deyil, onun siyasiləşdirilməsinə xidmət edir.
Azərbaycan
ərazisindəki bütün tarixi və mədəni abidələrin qorunması Azərbaycan dövlətinin
məsuliyyətidir. Dövlət bu irsin qorunması, bərpası və beynəlxalq ictimaiyyətə təqdim
olunması istiqamətində genişmiqyaslı işlər həyata keçirir. Qarabağ və Şərqi Zəngəzurda
aparılan bərpa-quruculuq prosesi də bunun konkret nümunəsidir.
Diplomatik
səfərə qarşı kampaniyanın digər mühüm tərəfi Ermənistan daxilində revanşist
ritorikanın hələ də kifayət qədər güclü olduğunu göstərməsidir. Revanşist qüvvələrin
yalnız müxalif siyasi dairələrlə məhdudlaşmadığı, bəzi hallarda hakim siyasi
mühitə yaxın informasiya resurslarında da oxşar ritorikanın yayılması diqqətdən
kənarda qala bilməz. Bu baxımdan Ermənistan parlamentinin spikeri Ruben
Rubinyanın məsələ ilə bağlı açıqlaması da suallar doğurur. Xarici diplomatların
Azərbaycanın suveren ərazisində hərəkəti ilə bağlı Ermənistan rəsmisinin mövqe
bildirməsi mahiyyət etibarilə Azərbaycanın daxili məsələlərinə münasibət
bildirmək cəhdidir.
Sentyabrın
14-də Ermənistan parlamentində 2022-ci ilin 12-13 sentyabr tarixlərində sərhəddə
baş vermiş döyüşlərdə həlak olan hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla
yad edilməsi də ayrıca siyasi kontekstdə nəzərdən keçirilməlidir. Ermənistan tərəfindən
törədilən hərbi təxribat nəticəsində baş vermiş həmin hadisələrin yalnız birtərəfli
siyasi təqdimatla gündəmə gətirilməsi regionda qarşıdurma yaddaşının
qorunmasına və revanşist emosiyaların güclənməsinə xidmət edə bilər. Sülh
prosesinin əsas şərtlərindən biri keçmiş münaqişənin siyasi və ideoloji alətlərdən
istifadə etməklə yenidən gündəmə gətirilməməsidir. Əgər Ermənistan həqiqətən
davamlı sülh istəyirsə, bu sülh yalnız rəsmi sənədlərlə deyil, cəmiyyətin
siyasi düşüncəsində və informasiya məkanında da öz əksini tapmalıdır.
Ermənistanın
Qarabağdakı tarixi-mədəni irslə bağlı həssaslıq nümayiş etdirərkən Qərbi Azərbaycanda
Azərbaycan xalqının tarixi-mədəni irsinə münasibətdə tamamilə fərqli mövqe
tutması ciddi ziddiyyət təşkil edir. İndiki Ermənistan ərazisində azərbaycanlıların
əsrlər boyu yaşadığı yaşayış məntəqələri, məscidlər, qəbiristanlıqlar, tarixi
tikililər və digər mədəniyyət nümunələri mövcud olub. Lakin müxtəlif dövrlərdə
bu irsin əhəmiyyətli hissəsi dağıdılıb, dəyişdirilib və ya tarixi mənsubiyyəti
barədə məlumatlar aradan qaldırılıb. Nəticədə həmin ərazilərin çoxəsrlik etnik
və mədəni müxtəlifliyi haqqında obyektiv təsəvvür yaratmaq çətinləşdirilib.
Tarixi irsin qorunması universal prinsipdir. Bu prinsip yalnız bir xalqın mədəni
irsinə münasibətdə tətbiq edilə bilməz. Əgər hansısa tərəf öz tarixi irsinin
qorunmasını tələb edirsə, eyni münasibəti digər xalqların irsinə də göstərməlidir.
Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki tarixi-mədəni izlərinin
silinməsi və bu irsin mövcudluğunun inkar edilməsi regionun tarixinin obyektiv
öyrənilməsinə ciddi maneə yaradır. Belə yanaşma qarşılıqlı etimadın
formalaşmasına da xidmət etmir.
Mədəni
irsin qəsdən məhv edilməsi və ya onun tarixi mənsubiyyətinin dəyişdirilməsi
beynəlxalq hüququn mədəni sərvətlərin qorunmasına dair fundamental prinsipləri
ilə ziddiyyət təşkil edir. 1954-cü il Haaqa Konvensiyası və mədəni irsin
qorunmasına dair UNESCO çərçivəsində formalaşmış beynəlxalq mexanizmlər mədəni
sərvətlərin silahlı münaqişələr zamanı qorunmasını və onların məhv edilməsinin
qarşısının alınmasını nəzərdə tutur.
Bütün
bu proseslər göstərir ki, Ermənistan daxilində sülh gündəmi ilə revanşist
düşüncə arasında ciddi mübarizə davam edir. Bir tərəfdən Ermənistan hakimiyyəti
Azərbaycanla sülh və normallaşma haqqında danışır, digər tərəfdən isə cəmiyyətdə
Azərbaycanın suverenliyini şübhə altına alan, tarixi irsə dair əsassız
iddiaları yaşadan və keçmiş münaqişənin emosional gündəmini qoruyan yanaşmalar
meydana çıxır.
Azərbaycan
üçün isə sülh prosesi ilk növbədə ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı
tanınması, dövlətlərarası münasibətlərin normallaşdırılması və bölgədə yeni əməkdaşlıq
mühitinin formalaşdırılması deməkdir. Qarabağ və Şərqi Zəngəzurda həyata
keçirilən genişmiqyaslı quruculuq işləri də məhz müharibədən sonrakı yeni
reallığın göstəricisidir.
Diplomatik
korpusun bu ərazilərə səfəri həmin yeni reallığın beynəlxalq ictimaiyyət tərəfindən
yerində müşahidə olunması baxımından əhəmiyyətlidir. Ermənistan cəmiyyətinin müəyyən
dairələrinin bundan narahatlıq keçirməsi isə artıq Azərbaycanın deyil, Ermənistanın
öz daxilində həll edilməli olan məsələdir.
Əgər
Ermənistan regionda davamlı sülh və sabitlik istəyirsə, bunun üçün ilk növbədə
revanşist ritorikadan, tarixi manipulyasiyalardan və Azərbaycanın daxili məsələlərinə
müdaxilə cəhdlərindən imtina etməlidir. Cənubi Qafqazda yeni mərhələ yalnız
keçmişin qarşıdurma məntiqindən deyil, suveren dövlətlərin bir-birinin ərazi
bütövlüyünə hörmət etdiyi, tarixi faktların siyasiləşdirilmədiyi və mədəni
irsin mənsubiyyətindən asılı olmayaraq qorunduğu bir yanaşmadan keçə bilər.
Vasif Qafarov,
Milli Məclisin deputatı,