15 Sentyabr 2026 08:30
150
Mədəniyyət
A- A+
Böyük amal: istiqlal salnaməçiləri

Böyük amal: istiqlal salnaməçiləri


Bu il sentyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin dəyərlərindən biri, milli dövlətçilik tariximizin aynası "Azərbaycan" qəzetinin nəşrə başlamasından 108 il ötür. Qəzetin keçib gəldiyi bu uzun yol xalqın milli inkişaf tarixinin yazılı salnaməsini yaradan, keçmişlə bu gün, bu günlə gələcək arasında mənəvi körpü olan, nəsillərdən-nəsillərə soraq gətirən bir mətbu orqanın ictimai düşüncəmizdə nə qədər böyük rol oynadığını göstərir. Bu qəzet zəmanəsinin tanınmış ziyalılarının, maarifçilərinin, millət sevdalılarının bir araya gəldikləri düşüncə mərkəzi idi. "Azərbaycan" böyük bir ictimai tribuna idi. Milli dövlətçilik tariximizin həm cümhuriyyət mərhələsinin, həm də müstəqilliyimizin bərpasından sonrakı dövrlərinin obyektiv işıqlandırılmasında, fakt materialları ilə sənədləşdirilməsində bu mətbu orqanın misilsiz rolu vardır.     

İlk nömrəsi Azərbaycanımız üçün  son dərəcə mühüm yer tutan 15 sentyabr Bakının azad edilməsi günündə çap olunmuşdu. Son nömrəsi isə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğradığı - 27 aprel 1920-ci ildə çıxmış və uzun müddət nəşrini dayandırmışdır. Cümhuriyyətin süqutu ilə qəzetin müəlliflərinin bir çoxu repressiyalarla üzləşərək "qırmızı terror"un qurbanı olmuş, bir qismi isə təqiblərdən yaxa qurtarmaq üçün xaricə üz tutaraq ömürlərini qürbətdə başa vurmuşlar.  

Qəzetə müxtəlif dövrlərdə Ceyhun bəy Hacıbəyli, Üzeyir bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim redaktorluq etmişdi. Müəlliflər sırasında isə zəmanəsinin ən böyük fikir adamları, ictimai-siyasi xadimləri, qələm sahibləri vardı. Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Ömər Faiq Nemanzadə, Məhəmməd Ağa Şahtaxtlı, Mirzəbala Məmmədzadə, Cəfər Cabbarlı, Əhməd Cavad, Məhəmməd Hadi, Seyid Hüseyn, Əmin Abid, Fərhad Ağazadə, Şəfiqə Əfəndizadə və başqaları... Təkcə elə bu adlar, bu imzalar qəzetin nə qədər böyük nüfuza, ictimai rəyə təsir gücünə malik olduğunu və 108 il əvvəldən soraq gətirən saralmış vərəqlərində nə qədər  qiymətli bir mənəvi irsi yaşatdığını göstərir. "Azərbaycan" bir çıraq idi.

Bir fakt xüsusi vurğulanmalıdır: ilk nömrəsindən böyük nüfuz qazanmasında, qarşıya qoyduğu məqsədlərə çatmasında qəzetin ilk baş redaktorlarının böyük əməyi olmuşdur. 


Dövlətçilik ideyasının tribunası


Qəzetin ilk bir neçə nömrəsi baş redaktorun imzası göstərilmədən "Heyəti-idarə", "Heyəti-təhririyyə" ifadələri ilə redaksiya heyəti adından təqdim edilmişdir. 1918-ci ilin oktyabrından 1919-cu ilin 16 yanvarına qədər isə qəzetə baş redaktor kimi Ceyhun bəy Hacıbəyli rəhbərlik etmişdir. Ceyhun bəyin redaktorluğu Azərbaycan Xalq Cümhuriyyətinin informasiya siyasətinin formalaşdığı ən mürəkkəb dövrə təsadüf olunurdu. Onun rəhbərliyi ilə qəzet Azərbaycan dövlətçiliyi, istiqlal ideyası və milli siyasi düşüncənin əsas tribunasına çevrilməyə başladı.

Publisist, ədəbiyyatşünas, ictimai xadim kimi tanınan Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli dahi bəstəkar və publisist Üzeyir bəy Hacıbəylinin və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının banilərindən bəstəkar Zülfüqar Hacıbəyovun kiçik qardaşı idi. Bu il Ceyhun bəyin anadan olmasında 135 il ötür. O, 3 fevral 1891-ci ildə Şuşada doğulmuş, ibtidai təhsilini maarifçi ziyalı Haşım bəy Vəzirovun rəhbərlik etdiyi ikisinifli rus-tatar məktəbində almış, daha sonra Bakıdakı Realnı Məktəbdə oxumuşdur. Sonralar Peterburq və Sarbonna universitetlərində təhsilini ali səviyyədə davam etdirmişdir.

Ceyhun bəy ədəbi-publisistik fəaliyyətinə 1905-ci ildən başlamış, bu dövrdə qələmə aldığı məqalələr, felyetonlar və hekayələr dövrün aparıcı mətbu orqanlarında işıq üzü görmüşdür. C. Hacıbəylinin 1907-ci ildə "Proqres" qəzetində dərc edilmiş "Pristav Ağa" felyetonu xüsusilə diqqətəlayiqdir. Satirik üslubda yazılmış bu felyeton müəllifin cəmiyyətin sosial-ictimai problemlərinə tənqidi münasibətini və ictimai qınaq vasitəsilə maarifçilik ideyalarını təbliğ etmək cəhdini nümayiş etdirir. 

1908-ci ildə o, azərbaycanlı sənayeçi və xeyriyyəçi Murtuza Muxtarovun maddi dəstəyi ilə Peterburq Universitetinin Hüquq fakültəsində təhsil almağa başlayır, lakin bir ildən sonra Parisə yollanır. Burada əvvəlcə Sorbonna Universitetində, ardınca Ali Politexnik Elmlər Məktəbində oxuyur. Təhsilini başa vurub Azərbaycana qayıtdıqdan sonra Ceyhun bəy milli mətbuat tariximizdə özünəməxsus yer tutan bir sıra mətbuat orqanları ilə sıx əməkdaşlıq edir. O, "Kaspi", "Baku", "İrşad", "Tərəqqi" və digər bu kimi qəzetlərə publisistik məqalələr yazır, dövrün maarifçilik və milli dirçəliş ideyalarının təşəkkülündə fəallıq göstərir, ictimai-siyasi fikrin formalaşmasına ciddi töhfələr verir.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bərqərar olduqda Ceyhun bəy Hacıbəyli  "Azərbaycan" qəzetinin baş redaktoru təyin edilir. Onun "Azərbaycan" qəzetindəki fəaliyyəti sadəcə texniki-redaktə işi deyildi, eyni zamanda dövlət quruculuğunun ideoloji dayaqlarının möhkəmləndirilməsi, istiqlal təfəkkürünün ictimai şüura yeridilməsi baxımından strateji mahiyyət daşıyırdı.

C.Hacıbəyli ümumilikdə 443 nömrəsi çıxan qəzetin 88 nömrəsinə redaktorluq edib. "Azərbaycan"da dərc etdirdiyi yazılar bu insanın mahir publisist olduğunu təsdiqləyir. Qırmızı imperiya təhlükəsinin real olduğunu dərk etsə də, Bakının erməni-bolşevik quldurlarından azad olunması münasibətilə "Tarixi gün" adlı məqaləsində yazırdı: "15 sentyabr bütün türk və islam aləminin ən səadətli və şövkətli günlərində nədd olunacağı şübhəsizdir. Haman gün türk və islam tarixinə zərin (qızılı) bir səhifə işğal edəcəkdir" ("Azərbaycan" qəzeti, 3 oktyabr 1918).  

1919-cu ildə C.Hacıbəyli Azərbaycan nümayəndə heyətinin tərkibində Versal Sülh Konfransında iştirak etmək üçün Parisə yollanır. Nümayəndə heyətinin məsul katibi təyin olunan Ceyhun bəy redaktoru olduğu qəzetin 1919-cu il 9 yanvar tarixli 83-cü nömrəsində "Möhtərəm oxucularımıza" adlı müraciətində yazırdı: "Vətən və millət yolunda əlimdən gələn xidməti və öhdəmə düşən vəzifəmi qəzetimizin müdiri sifəti ilə ifaya məşğul ikən vətən övladlarının xahiş və əmrinə müti olaraq Cahan Sülh Konfransına döndərilməklə üzərimə daha ağır və məsuliyyətli, lakin müqəddəs bir vəzifə düşdü. Bu böyük xidməti möhtərəm yoldaşlarım ilə bərabər ifa üçün Avropaya getmək lazım olduğuna görə qəzet idarəsi işindən müvəqqəti olaraq ayrılıb əziz vətənimizin istiqlalı məsələsinin istədiyimiz yoldakı həlli-hüsn ifasından asılı olan məsul vəzifəmizin haqqında var qüvvəmizlə çalışacağımızı əlavə etməyi və möhtərəm oxucularımıza kamali-sidq və səmimiyyət ilə xudahafiz deməyi özümə fərz bildim". Bu beynəlxalq tədbir Azərbaycanın müstəqilliyinin tanıdılması üçün mühüm diplomatik təşəbbüslərdən biri olur və Ceyhun bəy burada həm rəsmi təmsilçi, həm də publisist olaraq fəaliyyət göstərir.

Bu məsul və şərəfli vəzifə ona 1920-ci ildə süquta uğrayan Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin son tapşırığı idi. Ceyhun bəy bir daha vətənə qayıda bilməsə də, Azərbaycana ömrünün axırınadək xidmət edir: son nəfəsinədək Azərbaycanla yaşayır, onun istiqlalı uğrunda ideoloji mübarizə aparır, ölkəmizin mədəniyyətini xaricdə təbliğ edir, onun mötəbər, xoşməramlı və fədakar təmsilçisi olur.

Ceyhun bəy Hacıbəylinin mühacirətəqədərki yaradıcılığında publisistika mühüm yer tutur. Ədibin publisistikasının özünəməxsus məziyyətləri var: bu keyfiyyətlər mövzu rəngarəngliyində və peşakarlıqda daha qabarıq təzahür edir. Onun publisistik məqalələri məktəb, təhsil, siyasət, cəhalət və fanatizmin, nadanlığın tənqidi, xeyriyyəçilik, Qars qaçqınları, mətbuat məsələləri, ədəbi-mədəni mühit, tarixi şəxsiyyətlər, onların xidmətlərinin dəyərləndirilməsi və sairə məsələlərə həsr olunurdu. Görkəmli yazarın "Zülmət və işıq", "Qan düşmənçiliyi", "İslamın biliciləri", "Kömək lazımdır", "Bizdə cəmiyyət varmı?", "Böyük ehtiyac", "Unutmayın", "Qardaş köməyi", "Nəhayət və nə vaxt", "Ordan-burdan", "Bu bayramın fitrəsi", "Qaçqınların məsələsi haqqında", "Sərhəddə", "Dəri məsələsi" və sair onlarca məqaləsində qaldırılan məsələlər bir çox cəhətdən bu gün də aktual və əhəmiyyətlidır. 

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və Bakıda kommunist rejimi qurulduqdan sonra Ceyhun bəy Hacıbəyli Parisdə qalmış, mühacirət həyatı yaşamağa məcbur olmuşdur. Orada "Azərbaycan ilk müsəlman Respublikası" kitabını nəşr etdirir, "Revyudömonde musulman" jurnalında Andranikin başçılıq etdiyi erməni millətçi-şovinistlərinin Azərbaycanda törətdiyi soyqırımında 30 min insanı vəhşicəsinə qətlə yetirməsindən bəhs edən böyük məqalə ilə çıxış edir. Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasını fransız dilinə çevirərək, onun səhnəyə qoyuluşunda iştirak edir. Hüseyn Cavid, Cəfər Cabbarlı haqqında məqalələr yazır. 1928-ci ildə böyük azərbaycanlı ensiklopedist alim-filosof Abbasqulu ağa Bakıxanov haqqında bir sıra məqalələri çapdan çıxır. 1933-cü ildə "Aziatik-revyu" jurnalında bu gün də əhəmiyyətini itirməyən "Qarabağ azərbaycanlılarının dialekti" adlı elmi məqaləsi işıq üzü görür. Ceyhun bəy Hacıbəyli Parisdə fransız dilində nəşr olunan "Qafqaz", Münhendə isə Azərbaycan və rus dillərində çıxan "Azərbaycan" jurnalının redaktoru kimi çalışır, milli-mədəni yaddaşın qorunması və yayılması istiqamətində ciddi fəaliyyət göstərir.

Görkəmli ədibin diqqətçəkən publisistika nümunələrindən biri irihəcmli memuarı "Bir il xəyallarda və ... bütöv bir ömür" adlanır. Fransız dilində qələmə alınmış memuar mövzusunun genişliyi, aktuallığı, toxunulan problemlərin taleyüklülüyü, tarixi və ədəbi dəyəri baxımından mühacirət ədəbiyyatının ən parlaq və nadir nümunələrindəndir.

Qəlbi daim Azərbaycanla, vətənin istiqlalı ilə döyünən Ceyhun bəy Hacıbəyli 22 oktyabr 1962-ci ildə Parisdə vəfat etmiş, Sen-Klu qəbiristanlığında dəfn olunmuşdur. Ceyhun bəy Hacıbəylinin yazılı irsinin böyük bir qismi görkəmli ictimai xadim Ramiz Abutalıbovun səyi sayəsində Azərbaycana gətirilmiş və hazırda Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunmaqdadır.

 

Xalqa yol göstərən publisistika


1919-cu ilin yanvarından cümhuriyyətin süqutu gününə - 28 aprel 1920-ci ilə qədər "Azərbaycan" qəzetinə böyük yazar, dahi bəstəkar Üzeyir bəy Hacıbəyli baş redaktorluq etmişdir. O, redaktorluq fəaliyyətinə başlayanda artıq peşəkar jurnalist idi. Üzeyir bəyin mətbuatda 900-ə yaxın məqalə və felyetonları çap olunmuşdur ki, bunlardan 200-ə yaxını "Azərbaycan" qəzetinin payına düşür. O, tutarlı yazıları ilə gənc, müstəqil respublikanın düşmənlərinə cavab verir, ermənilərin törətdikləri qırğınlardan bəhs edir, xalqa öz dostunu da, bədxahını da tanıdırdı. "Azərbaycan" qəzetinə qara yaxanları, böhtan atanları da özlərinə layiq sözlərlə, məqalələrlə susdururdu. Üzeyir bəy qəzetin məsləki haqqında yazırdı: "Danışırlar ki, "Azərbaycan" qəzeti guya "Müsavat" partiyasına məxsus firqəvi bir qəzet imiş. Bu fəqərə barəsində bunu bəyan etməyi lazım bilirəm ki, qəzetimiz partiya qəzeti deyildir. Azərbaycan qəzetinin məsləki Vətən istiqlalı yolunda çalışmaqdan ibarətdir".

Qəzetin inkişafında Üzeyir bəyin mühüm rolu olmuşdur. Redaksiyaya rəhbərliklə yanaşı, "Azərbaycan"da onun çoxsayda baş məqalələri, parlamentin iclaslarından maraqlı reportajları, teatr və musiqiyə həsr olunmuş tənqidi yazıları çap edilirdi. Üzeyir bəy həm gündəlik hadisələrdən bəhs edir, həm perspektivə diqqət yönəldir, qaranlıq mətləblərə işıq salırdı. Onun hər gün baş verən cari hadisələrə də baxışı fərqli idi. "İçimizdəki Denikinlər", "İstiqlal və istiqbal ümidi", "İstefa münasibətilə", "Azərbaycan istiqbalı", "Azərbaycan parlamanı", "Qarabağ hadisatı", "Ermənistan və Azərbaycan münasibatı", "Nə istəyirlər", "Qara təhlükə" və başqa məqalələrində xalqı ehtiyatlı olmağa, istiqlaliyyətini qorumağa səsləyirdi. Bu yazıları indi oxuduqca sovetlərin onlara nə üçün qadağa qoyduğu aydın şəkildə dərk edilir. O yazırdı ki, millətin azadlığı və bütövlüyü onun mübarizə ruhundadır. Bu ruhu sarsıtmaq istəyənlər, Qafqazda güclü bir türk dövlətinin mövcudluğunu gözü götürməyənlər, bu tarixi reallığın qarşısını almağa çalışanlar çoxdur... Ədib bu cür bədxahların millətin azadlıq ideallarını, mübarizə əzmini sarsıda bilməyəcəklərini vurğulayırdı: "Bir vaxt yetişər ki, millət bir ruh və bir cisim olub son və qəti qərarını elan edər".

"Azərbaycan" qəzetinin saralmış arxiv səhifələri böyük publisistin ürək ağrıları, həyəcanlı fikirləri, sarsıntıları ilə doludur. Onun milli azadlıq ideallarını tərənnüm edən, vətənpərvərlik ruhunda yazılmış publisistik əsərləri sanki bugünkü tariximizin aynasında öz əksini tapıb. O, "Qurtuluş" adlı məqaləsində ("Azərbaycan", 15 sentyabr 1919, ¹274) yazırdı: "Qurtuluş və xilasımız yolunda canlarını qurban verib bizə bu dünyada cənnət arzulayıb, özlərini o dünyada behiştə vasil edən möhtərəm şəhidlərin əziz məzarları üzərinə fatiəxan olmaqla özlərini yad və ruhlarını şad etmək hər bir azərbaycanlının müqəddəs borcudur".

Qəzetin redaktoru olduğu müddətdə Üzeyir bəy Hacıbəyli cümhuriyyət dövründə özünün ən möhtəşəm əsərlərindən birini - Azərbaycanın Dövlət himnini bəstələyir və ən poetik yazısını üçrəngli bayraımıza həsr edərək onu "Bayrağımız sarsılmaz" başlığı ilə qəzetdə dərc edir. Yazı həcmcə kiçik olsa da, mənaca dərin, publisistik nöqteyi-nəzərdən çox dəyərlidir. Buradakı hər sətir, hər fikir Ü.Hacıbəylinin publisistikasına epiqraf kimi də götürülə bilər: "Müqəddəs bayrağımızın münəvvər rəngləri, günəşin ziya və şəfəqləri kimi təcəlli edir. Zülmət dostu olan sağ və sol düşmənlərimizin xain gözləri bu nurlardan qamaşır". 

Üzeyir bəy Hacıbəyli milli məsələdən danışarkən heç bir düşüncə məhdudluğuna yer vermir, məsələlərə əsl humanizm mövqeyindən yanaşır, xalqlar arasında bərabərlik, əmin-amanlıq, mehribanlıq ideyasını təbliğ edirdi. O, insanın idealları ilə əxlaqını üzvi vəhdətdə görürdü. Göstərirdi ki, yalnız özünü düşünən, hər işdə, hər başlanğıcda öz mənfəətini güdən adam yüksək ideallardan uzaq olub insanlara zərər verəcək, daha dərindən baxdıqda isə görəcəksən ki, özü də axırda müflis olub peşmanlıqla ömrünü başa vurur. Biz bədbəxtliklərə bir də ona görə düçar oluruq ki, bu sadə həqiqəti anlamırıq. Üzeyir bəyin publisistikasının xalqla, xalqın mübarizəsi, gündəlik problemləri ilə bağlı olması onun demokratik görüşlərinin saflaşmasına kömək etmişdir. Ədibin publisistik əsərləri üçün səciyyəvi olan ilk böyük keyfiyyət ideyalılıq, aydın məslək və əqidəlilik idi.

Azərbaycanın istiqlalı məsələsi "Azərbaycan" qəzetinin və onun redaktorunun ətrafdakı bütün hadisələrə, partiyalara, siyasətçilərə münasibətdə əsas meyar olaraq qalırdı. O, qəzetdə işıq üzü görmüş "Yersiz çıxış" ("Azərbaycan", 3 sentyabr 1919, ¹267) adlı məqaləsində cümhuriyyətin qısa müddətdə gördüyü işləri ümumiləşdirir, sosialistyönümlü siyasilərin milli hökumətə qarşı qərəzli çıxışlarını nəzərdən keçirirdi. Böyük yazar Azərbaycan Xalq Cümhuriyyətinə münasibətdə bəzi ölkələrin ikili siyasətinə də toxunurdu. Üzeyir bəy digər yazısında - "Qarabağ haqqında" məqaləsində ("Azərbaycan", 30 yanvar, 1919, ¹101) o dövrdə yenicə formalaşan milli ordumuzun gücünə güvənərək vurğulayır ki, əgər erməni hökuməti Azərbaycan Xalq Cümhuriyyəti ilə müharibə edərsə, öz halının fəna olacağına heç bir şübhə yoxdur.

"Azərbaycan" qəzetindəki fəaliyyəti və onun siyasi publisistikası böyük yazarı birmənalı olaraq cümhuriyyət liderləri ilə bir cərgəyə qoyur. 23 aylıq cümhuriyyət dövrü Üzeyir bəyin həyatında ən azad və müstəqil, yüksək ruh və şövq, ən dərin vətən və millət sevgisi, səmimi məsləkdaşların əhatəsində qurmaq və yaratmaq ehtirası ilə yaşadığı işıqlı bir zamandır. Üzeyir bəy Hacıbəyli kimi şəxsiyyətlər xalqların taleyindəki ən uca zirvələrdir. Zamanın hansı mərhələsində olursa olaq, bu zirvələrdən düşən işıq yolumuzu aydınladır, cəmiyyəti ali məqsədlərə doğru yönləndirir.


İstiqlal mücahidi


"Azərbaycan" qəzetinin rusdilli nəşrinə 28 noyabr 1918-ci ildən Şəfi bəy Rüstəmbəyli rəhbərlik edib. Son nəfəsinədək əqidəsindən dönməyən, məsləkinə sadiq qalan bu böyük ziyalı cümhuriyyət dövrünün rusca yazan jurnalisti, "Azərbaycan"ı yaradan insanların sırasında dayanan mühərrir, həm də qəzetin tarixində parlamentə üzv seçilən ilk redaktor kimi də qalıb. 

Şəfi bəy Mustafa bəy oğlu Rüstəmbəyli adı təkcə "Azərbaycan" qəzetinin deyil, ümumiyyətlə, Azərbaycanın istiqlal tarixində əbədi qalan görkəmli şəxsiyyətlərdəndir. O, 1893-cü ildə Ağdaş qəzasının Məmmədli kəndində dünyaya gəlmiş, orta təhsilini Gəncə klassik gimnaziyasında almışdır. 1911-ci ildə Kiyev Universitetinin Hüquq fakültəsinə qəbul olunmuşdur. Həmin ilin sonunda universitetdə yaradılmış "Azərbaycan Həmyerlilər Cəmiyyəti"nin ("Zemlyaçestvo") rəhbərlərindən biri seçilmişdir. 

1917-ci ilin aprelində Bakıda çağırılmış Azərbaycan müsəlmanlarının qurultayında Azərbaycana muxtariyyət verilməsini qətiyyətlə tələb edən şəxslərdən biri olur. Elə həmin ilin mayında o, Moskvada keçirilən Rusiya müsəlmanlarının qurultayında iştirak edir. 1917-ci ilin iyun ayında azadlıq mübarizlərinin bir araya gəlməsi nəticəsində yaradılan Türk Ədəmi-Mərkəziyyət Müsavat Partiyasının Mərkəzi Komitəsinin 8 üzvündən biri də Şəfi bəy olur.

Nəhayət, müstəmləkə zülmünə qarşı mübarizə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə bitir. Cümhuriyyətin yaranmasında fəal iştirak edən Şəfi bəy İstiqlal Bəyannaməsini - Azərbaycanın müstəqilliyi barədə sənədi imzalayan Milli Şuranın 27 nəfər üzvündən biri olur. O, "Azərbaycan"ın rus dilində nəşrinin redaktoru təyin edilir. Bu nəşr sadəcə Azərbaycan dilində çıxan qəzetin rus dilinə tərcümə edilmiş variantı deyildi. O, Azərbaycan Xalq Cümhuriyyətinin rusdilli informasiya və siyasi tribunasına çevrilmiş əhəmiyyətli nəşr idi. Azərbaycan Xalq Cümhuriyyəti çoxmillətli və mürəkkəb siyasi mühitdə fəaliyyət göstərirdi. Ona görə Azərbaycan dövlətçiliyinin mahiyyətini, hökumətin siyasətini və ərazi-siyasi mövqeyini rusdilli ziyalılara, şəhər əhalisinə, xarici diplomatik dairələrə və regionu rusdilli informasiya məkanından izləyən auditoriyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyırdı. Şəfi bəy baş redaktor kimi nəşrin rusdilli yazarları ilə birgə bu missiyanı uğurla yerinə yetirirdi. O, özü də qəzetdə mütəmadi məqalələrlə çıxış edirdi. Bu məqalələrdə görkəmli yazarın vətənə, millətə sədaqəti, azadlıq, istiqlal ehtirası parlaq şəkildə təzahür edirdi.

Ş.Rüstəmbəyli "Düşünmək vaxtıdır" məqaləsində "Daşnaksütyun" partiyasının şovinist, qarşıdurma və terrorçuluq xəttini tənqid edərək yazırdı: "Bizim üçün vacibdir ki, erməni xalqı, nəhayət, "Daşnaksütyun" partiyasının siyasi avantürasının məhvə məhkumluğunu başa düşsün, nə qədər ki, gec deyil ondan üz döndərsin, öz qonşuları ilə səmimi və mehriban yaşamaq yoluna qədəm qoysun. Başqa yol onlar üçün daim fəlakətli olacaqdır". Qəzetin maraq doğuran yazılarından biri də jurnalistin tanınmış ictimai xadim və publisist Əhməd bəy Ağayevlə siyasi hadisələr haqqında müsahibəsidir. 

Şəfi bəy Rüstəmbəyli qəzetdə ən müxtəlif janrlara müraciət edirdi. Məsələn, 1918-ci il dekabrın 7-də "Azərbaycan Respublikasının yaranma tarixi" adlı qəzet oçerkini yazır. O, bu məqaləni "Azərbaycan" imzası ilə verir. Əslində isə bu, kiçik bir tarixi əsərdir. Belə ki, yazıda Azərbaycanın ovaxtkı vəziyyəti, eləcə də onu əhatə edən Rusiya, Türkiyə, Gürcüstan kimi ölkələrin durumu, bizə münasibəti öz əksini tapır. 

Şəfi bəy və onun qəzeti cümhuriyyətin son günlərinədək birlik, azadlıq, istiqlal qayəsi ilə işləyib, məqsədini, məramını dəyişməyib. Şəfi bəy 1919-cu ildə milli mətbuat haqqında ilk qanunu işləyərək onun parlament tərəfindən qəbul edilməsinə nail olur. O, "Azərbaycan"ın baş redaktoru olmaqla yanaşı, 1920-ci il martın əvvəllərindən nazir müavini vəzifəsini də icra edirdi.

1920-ci il aprelin 27-də keçirilən son iclasda M.Ə.Rəsulzadə çıxış edir. Deyir ki, bizim partiya təslim olmağın əleyhinədir. Lakin vətəndaş qarşıdurmasına getməmək üçün və bir sıra başqa şərtlərə görə (6 belə şərt vardı) onlar hakimiyyəti verməyə məcburdurlar. Stenoqramda yazılıb ki, hakimiyyəti təhvil vermək məsələsi elan olunanda arxadan səs gəlir. Baxıb görürlər ki, Şəfi bəy hönkürtü ilə ağlayır...

 1920-ci ilin 28 aprelindən sonra Şəfi bəy Rüstəmbəyli Tiflisə köçməli olur. Lakin digər cümhuriyyət liderləri kimi onun da Azərbaycanda qalan doğmaları təqib olunur. Şəfi bəyin atası Mustafa bəy və qardaşı Hacı bəy amansızcasına qətlə yetirilirlər. 1921-ci ilin fevralında Gürcüstan da qırmızı ordu tərəfindən işğal olunur. Bundan sonra Şəfi bəy Rüstəmbəyli İstanbula köçüb qalan həyatını mühacirətdə keçirir. Türkiyədə dünyasını dəyişib son mənzilinə də orada qovuşur. 67 illik ömrünün 40 ilini qürbətdə keçirsə də, hər an qəlbində Azərbaycanı gəzdirib, son nəfəsində də "Azərbaycan", "Vətən" deyib.


"Qırmızı terror"un qurbanı


Mətbuat həqiqətən tarixdir. Və bu tarixi araşdırarkən adlarına rast gəldiyimiz və heç zaman unutmayacağımız görkəmli simaların ağrılı-acılı, keşməkeşli həyatları ilə üzləşirik. Onlar böyük amal və məsləkləri uğrunda təqib və təzyiqlərə məruz qalsalar da, əqidələrindən dönməmiş, Vətənin istiqlalı uğrunda mübarizə aparmışlar. Belə mücahidlərdən biri də tanınmış jurnalist, tənqidçi və tərcüməçi Xəlil İbrahim oğlu İbrahimovdur.

4 iyul 1919-cu il tarixli 216-cı nömrədən 265-ci sayına qədər "Azərbaycan" qəzetinin baş redaktoru (rusdilli variant) Xəlil İbrahim olmuşdur. O, 1892-ci ildə Şuşada doğulmuşdur. İbtidai təhsilini rus-tatar məktəbində almışdır. 1907-ci ildə atası vəfat etdikdən sonra ailəsi ilə Bakıya köçmüş, təhsilini burada davam etdirmişdir.

Xəlil İbrahim 1914-cü ildən ədəbi-bədii fəaliyyətə başlamış, Birinci Dünya müharibəsi illərində, beynəlxalq məsələlərə, müharibənin dəhşətlərinə həsr olunmuş "Dəhşətli yanğın qarşısında", "Avropa müharibəsi nə qədər baha ilə bitəcəkdir", "Alban inqilabı", "Kənd həyatından səhnələr" və bir sıra ictimai-siyasi publisistik məqalələrlə çıxış etmişdir.

"Azərbaycan" qəzetində çalışdığı illərdə Xəlil İbrahim milli teatr və mədəniyyətinin inkişafı və problemlərilə bağlı onlarla məqalə və resenziyalar yazmış, dil islahatı, terminoloji lüğətlərin hazırlanması, Azərbaycan əlifbası problemləri, Azərbaycan (türk) ədəbi lüğətinin hazırlanmasında fəal iştirak etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və respublikada kommunist rejimi qurulduqdan sonra Xəlil İbrahim cümhuriyyətin qabaqcıl xadimlərindən biri kimi 1923-cü ildə həbs olunmuş, günahı sübuta yetirilmədiyindən bir qədər sonra azad edilmişdir. O, 1937-ci ilə qədər ayrı-ayrı vəzifələrdə çalışmaqla xalqının inkişafı ilə bağlı müxtəlif problemlər haqqında qəzetlərdə yazılarla çıxış etmişdir. 

Xəlil İbrahimin tərcüməçi kimi Azərbaycan ədəbiyyatı qarşısında xidmətləri də böyükdür. O, Şekspirin, Şillerin, A.Tolstoyun və bir sıra başqa Qərbi Avropa və rus yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. 1937-ci ilin qırmızı terroru, əfsuslar ki, bu vətənpərvər ziyalıdan da yan keçməmişdir. O, noyabr ayında "xalq düşməni" kimi həbs olunmuş, 4 ay sonra, 1938-ci ildə güllələnmiş, Stalinin ölümündən sonra bəraət almışdır. 

Bu qəzetin ilk baş redaktorları olmuş şəxsiyyətlərin kimliyi, milli düşüncə tariximizdəki rolları da "Azərbaycan" qəzetinin əzəmətini göstərir. Bu qəzetin rəhbərliyində onlar Azərbaycanın istiqlal salnaməçiləri idilər. 

Ceyhun bəy Hacıbəyli, Üzeyir bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyov, Xəlil İbrahim kimi ziyalılarımız "Azərbaycan" qəzetinin tariximizdəki müstəsna mövqeyini daha da ucaldıb, ona yeni bir dəyər qazandırıblar. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şəhid övladları Şuşa və Xankəndiyə səfər etmişlər

09:50
15 Sentyabr

Qızıldan kağıza, Trans-Xəzərdən "yaşıl enerji"yə

09:40
15 Sentyabr

Vuçiç sentyabrın 27-də Serbiya Prezidenti vəzifəsindən istefa verəcək

09:36
15 Sentyabr

Onur Beyhan: "Bir respublikanın doğuşundan strateji müstəqilliyə: Azərbaycanı anlamaq"

09:30
15 Sentyabr

İqlim dəyişikliyi yalnız ekoloji problem deyil

09:25
15 Sentyabr

Ölkəmizdə yeni tədris ili başlayır

09:20
15 Sentyabr

Azərbaycan-Meksika tərəfdaşlığı yeni mərhələyə yüksəlir

09:10
15 Sentyabr

Bakının azadlığından Qarabağın azadlığına qədər...

09:00
15 Sentyabr

Çanaqqaladan Bakıya uzanan qardaşlıq yolu

08:50
15 Sentyabr

Keçmiş məcburi köçkün: 32 ildir Bakıdayıq, bu gün doğma torpağımıza qayıdırıq

08:45
15 Sentyabr

108 il öncə tariximizin şərəf və qürur səhifəsi yazılmışdır

08:45
15 Sentyabr

Səbinə Yusif: Qırmızı Bazar qəsəbəsinə köçdüyümüz üçün çox sevincliyik

08:42
15 Sentyabr

Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür

08:40
15 Sentyabr

Bakı-Brüssel münasibətləri: qlobal reallıqlara əsaslanan strateji tərəfdaşlıq

08:40
15 Sentyabr

Xocavəndə qayıdan keçmiş məcburi köçkün: Bu, bizim üçün unudulmaz bir gündür

08:39
15 Sentyabr

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 50 ailə yola salınıb

08:38
15 Sentyabr

SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb

08:34
15 Sentyabr

Sudanın Darfur bölgəsində son 40 ilin ən quraq mövsümü yaşanır

08:33
15 Sentyabr

Böyük amal: istiqlal salnaməçiləri

08:30
15 Sentyabr

"Azərbaycan" zəmanəmizin ideya-siyasi tribunasıdır

08:20
15 Sentyabr

Azərbaycanın dövlətçilik tarixini yazan qəzet

08:10
15 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!