Yazıçı və şairlər fikirlərini, düşüncələrini sözlə, müğam ustaları musiqi ilə, rəssamlar isə rənglərin dili ilə ifadə edirlər. Bütün bunlar sənət sahiblərindən yüksək istedad, bacarıq və ən başlıcası, peşəkarlıq tələb edir. Belə sənətkarlardan biri də Oqtay Sadıqzadədir.
Özündən sonra bir-birindən maraqlı rəsm əsərləri qoymuş Oqtay Sadıqzadə 1921-ci il fevralın 21-də Xızıda, Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri - yazıçı Seyid Hüseynin və şair Ümgülsümün ailəsində dünyaya göz açıb. Kiçik yaşlarından rəssamlığa böyük həvəs göstərib. Rənglər dünyası hiss etmədən onu özünə cəlb edib. Anası Ümgülsüm xanım oğlunu şeir yazmağa həvəsləndirib, onu poeziya aləminə istiqamətləndirməyə çalışıb. Məqsədinə çatmaq üçün övladına özünün və başqa şairlərin şeirlərini oxuyub. Amma balaca Oqtay atasının da razılığı ilə rəssamlığı seçib. Bu sənətin sirlərinə dərindən yiyələnmək üçün 1935-ci ildə Bakı Rəssamlıq Texnikumuna qəbul olub. 1939-cu ildə təhsilini uğurla başa vurub. Çəkdiyi ilk əsərlər sənətşünaslar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib. Bu da Oqtay Sadıqzadəni yeni və maraqlı əsərlər çəkməyə, yaradıcılıq yollarında daha da inamlı addımlar atmağa həvəsləndirib.
1941-ci ilin yanvarında Oqtay Moskvada oxuyan rəssam dostu Mikayıl Abdullayevdən bu məzmunda məktub alır: "Hörmətli qardaşım Oqtay, salam! Yeni il münasibətilə səni səmimi qəlbdən təbrik edir, cansağlığı, şən həyat və parlaq gələcək arzulayıram. Oqtay, Tretyakovkada "Sovet rəngkarlığı 23 ildə" sərgisi açılıb. Sənin "Çağırışçılar" əsərin ilə Sadıq Şərifzadənin "Kəndli" etüdü asılmışdı. Əsərini görəndə çox sevindim. Bizim gənclər arasında belə bir istedada malik olduğun üçün səni yenidən təbrik edirəm. Asan deyil, o sərgidə P.Konçalovski, İohanson, S.Gerasimov kimi korifeylərin işləri asılıb. Əlbəttə, bu, böyük müvəffəqiyyətdir".
Yaradıcılıq yollarında ilk addımlarını atan Oqtay Sadıqzadə məktubu oxuyandan sonra qazandığı ilk uğurlarına sevinib. Gələcəkdə daha da maraqlı, mənalı əsərlər yaradacağına inam artıb. Amma onun sevinci uzun çəkməyib. Elə bu ərəfədə, 1941-ci ildə repressiyaya məruz qalmış ailənin övladı olduğuna görə Oqtay Sadıqzadə Altay diyarına sürgün olunub. Həmin günlərdə onun 20 yaşı var idi. Bu sürgün Oqtay Sadıqzadə üçün böyük bir həyat məktəbi olub. Rəssam sürgün illərində çox ağır şəraitdə yaşayıb. Amma üzləşdiyi bu çətin şərait onun yaradıcılıq arzularını buxovlaya bilməyib. Bu ağır, dözülməz vəziyyətdə də yaradıcılıq işlərindən ayrılmayıb. Sənəti özünə bir təsəlli, ümid və azadlıq duyğusu bilib. Axır ki, günlərin birində uzun çəkən əzab-əziyyətlərlə dolu sürgün həyatına son qoyulub.
Oqtay Sadıqzadə 1946-cı ildə Bakıya qayıdıb. Həmişə maraq dairəsində olan kitab qrafikası ilə məşğul olmağa başlayıb. Çox keçməyib ki, bu sahədə diqqətçəkən uğurlar qazanıb. Oqtay Sadıqzadə yaradıcılıq işləri ilə yanaşı, təhsilini davam etdirmək arzusunu da unutmayıb. O, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna qəbul olub, arzusunu reallaşdırıb. Oxuduğu illər ərzində rəssamlıq sənətinin sirlərinə dərindən yiyələnib. 1956-cı ildə qrafika ixtisası üzrə ali təhsilini uğurla başa vuraraq vətənə dönüb. Moskvadan qayıtdıqdan sonra Oqtay Sadıqzadə "Azərnəşr"də bədii redaktor kimi əmək fəaliyyətinə başlayıb. Nəşriyyatda çalışdığı ilk illərdən Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası aləminə yeni nəfəs, yeni ruh gətirib. Həmin zamanlarda dünya təsviri sənətinin son nailiyyətlərindən bəhrələnən O.Sadıqzadə ədəbi fikrin qüdrətli simalarından Balzakın, Hüqonun, Turgenevin, Qorkinin, Mirzə Fətəli Axundzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Rəşad Nuri Güntəkinin və başqa söz adamlarının əsərlərinin dərin emosional təsir gücünə malik yaddaqalan obrazlarını yaratmağı böyük ustalıqla bacarıb. Bu əsərlərlə rəssam böyük istedad sahibi olduğunu bir daha təsdiq edib.
Rəssam Oqtay Sadıqzadə Azərbaycanın görkəmli şair və yazıçıları Hüseyn Cavidin bütün pyeslərinə, Cəlil Məmmədquluzadənin, Seyid Hüseynin, Cəfər Cabbarlının bir çox əsərlərinə, Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib", Rəşad Nuri Güntəkinin "Çalı quşu" romanına maraqlı illüstrasiyalar çəkib. Bu illüstrasiyalarla həmin əsərlərə oxucu marağını, oxucu diqqətini daha da artırıb.
Rəssam Oqtay Sadıqzadənin əsərləri obrazların təkrarolunmazlığı, kompozisiya üsullarının bənzərsizliyi və rəngkarlıq həllinin mükəmməlliyi ilə seçilir və sevilir. Ona görə də bu əsərlər elə ilk baxışdan tamaşaçıları heyran qoyur, onları öz sehrinə salır. Müəllifin bu cür bənzərsiz əsərlərindən "Nizami Gəncəvi və dünya mədəniyyəti" adlı monumental silsilə, Qətran Təbrizinin, Xurşidbanu Natəvanın portretləri, "1937-ci il repressiyasının qurbanları" tablosu və "Hüseyn Cavidin aləmi"nin və başqalarının adlarını çəkmək olar.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Milli Azərbaycan Tarixi Muzeyinin, Üzeyir bəy Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun və Bülbülün ev-muzeylərinin tərtibatı zamanı rəssam Oqtay Sadıqzadənin əsərlərinə geniş yer verilmişdir. Oqtay Sadıqzadənin əsərlərində yaratdığı obrazlar canlı, zəngin və düşündürücüdür. Onun fırçasından çıxmış Azərbaycanın elm və mədəniyyət xadimlərinin portretləri elə ilk baxışdan diqqəti cəlb edir. Çünki bu əsərlərin dərin qatlarında insan qəlbinin sirlərinə nüfuz etmək, qəhrəmanlarını sevmək, xeyirxahlığın və humanizmin qələbəsinə inam hissi aparıcı yer tutur.
Görkəmli fırça ustasının əsərləri bir çox dövlət və ev-muzeylərində, həmçinin Dövlət Şəkil Qalereyasında və Almaniya, ABŞ, Kanada, İsrail, Belorus və Pakistanda şəxsi kolleksiyalarda qorunub saxlanılır.
Görkəmli rəssam Oqtay Sadıqzadənin təsviri sənətin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. O, müxtəlif illərdə Azərbaycan Əməkdar incəsənət xadimi fəxri adına, Azərbaycan Xalq rəssamı adına və Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Rəssam "Şərəf" və "Şöhrət" ordenləri ilə də təltif edilib.
Oqtay Sadıqzadə 20 dekabr 2014-cü ildə 93 yaşında Bakı şəhərində vəfat edib.
V.MƏHƏRRƏMOV,
"Azərbaycan"