Azərbaycan təbiətinin bütün rənglərini özündə birləşdirən, yeraltı və yerüstü sərvətləri ilə seçilən Kəlbəcərin uca dağları, sıx meşələri, alp çəmənlikləri, buz kimi bulaqları, gur çayları, şəlalələri və mineral su mənbələri bu diyara bənzərsiz gözəllik bəxş edir. Ərazinin mürəkkəb geoloji və tektonik inkişaf tarixi onun yeraltı sərvətlərlə də zəngin olmasına şərait yaradıb.
Ölkəmizin dağlıq rayonlarından olan Kəlbəcərin ərazisinin böyük hissəsi dəniz səviyyəsindən 2000 metrdən yüksəkdə yerləşir. Rayonu sanki təbii qala kimi əhatə edən Murovdağ, Şərqi Göyçə, Mıxtökən silsilələrinin bir çox zirvələrinin hündürlüyü 3000 metri keçir. Tərtər çayı və onun çoxsaylı qolları dağların arasından keçərək ərazidə dərin dərələr, yarğanlar, mürəkkəb, bəzi yerlərdə isə keçilməsi çətin relyef formaları yaradıb. Bu sərt coğrafiya əsrlər boyu Kəlbəcərin həyat tərzini, təsərrüfat ənənələrini və insanlarının torpaqla münasibətini müəyyənləşdirib.
Bu gün isə həmin dağların qoynunda tamamilə yeni həyat qurulur. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də Prezident İlham Əliyevin tapşırığı və birbaşa nəzarəti ilə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Yaşayış məntəqələri yenidən qurulur, müasir infrastruktur yaradılır, sosial və iqtisadi layihələr reallaşdırılır, keçmiş məcburi köçkünlər mərhələli şəkildə doğma yurdlarına qayıdırlar.
Kəlbəcərin bərpası yalnız yeni binaların tikilməsi, yolların çəkilməsi, kommunikasiya xətlərinin yaradılması demək deyil. Əsl dirçəliş insanların burada daimi yaşaması, işləməsi, təsərrüfat qurması, gəlir əldə etməsi və gələcəyini doğma torpaqda qurması ilə mümkündür. Buna görə də Böyük qayıdış prosesi çərçivəsində yaşayış məntəqələrinin yenidən qurulması ilə paralel olaraq məşğulluğun təmin edilməsinə, sahibkarlığın inkişafına və özəl investisiyaların cəlbinə də xüsusi diqqət yetirilir.
Burada ilk mərhələdən modul tipli sahibkarlıq subyektlərinin fəaliyyəti üçün şəraitin yaradılması da məhz bu məqsədə xidmət edib. Bununla bir tərəfdən, sakinlərin gündəlik istehlak tələbatının ödənilməsi, digər tərəfdən, yerli əhali üçün məşğulluq imkanlarının yaradılması nəzərdə tutulub. Rayonda həyata keçirilən özəl investisiya layihələrinin mühüm istiqamətlərindən biri də yeni iş yerlərinin açılmasıdır. Belə layihələr Kəlbəcərin böyük iqtisadi potensialının dövriyyəyə cəlb olunmasına, eyni zamanda sakinlərin rayonun sosial-iqtisadi həyatında fəal iştirakına imkan verir.
Böyük qayıdışın ən mühüm göstəricisi isə illər sonra Kəlbəcərdə yenidən evlərin işıqlarının yanmasıdır. Sakinlərin şəhərə qayıdışı nəticəsində hazırda Kəlbəcər şəhərində 162 ailə 681 nəfər məskunlaşıb. Bu rəqəmlərin qarşıdakı dövrdə daha da artması üçün yeni yaşayış sahələrinin yaradılması planlaşdırılır. Şəhərdə üç yeni yaşayış məhəlləsinin tikintisinə gələn il başlanılması nəzərdə tutulur. Hazırda layihələr yekunlaşdırılaraq ekspertiza mərhələsinə təqdim edilib. İkinci yaşayış məhəlləsində 182, üçüncü yaşayış məhəlləsində 476, dördüncü yaşayış məhəlləsində isə 807 mənzilin yaradılması planlaşdırılır. Yeni məhəllələr müasir yaşayış standartlarına uyğun qurularaq su, qaz, elektrik enerjisi və sürətli internetlə təmin ediləcək.
Şəhərin yalnız yaşayış fondu deyil, ümumi siması da dəyişir. Kəlbəcər şəhər parkının layihələndirilməsi artıq yekunlaşıb və parkın tikintisinə gələn il başlanılması nəzərdə tutulur. Şəhərdə inzibati binanın layihələndirilməsi də planlaşdırılıb. Bütün bunlar Kəlbəcərin tədricən müasir, rahat və funksional məkana çevrilməsinin ayrı-ayrı halqalarıdır.
Quruculuq rayonun kəndlərini də əhatə edir. Zar kəndində tikinti işləri artıq yekunlaşmaq üzrədir və yaxın zamanda kəndə köçün başlanması nəzərdə tutulur. Burada 547 fərdi ev, 100 yerlik uşaq bağçası və 528 şagird yerlik məktəb binası inşa edilib. Tikinti tam başa çatdıqdan sonra sakinlərin kəndə köçürülməsi həyata keçiriləcək. Beləliklə, bu yaşayış məntəqələrində yenidən ailələr məskunlaşacaq, məktəb qapıları uşaqların üzünə açılacaq, kənd təsərrüfatı və gündəlik həyat öz axarına qayıdacaq.
Kəlbəcərin adı çəkiləndə ilk yada düşən təbii sərvətlərdən biri də "İstisu"dur. Dəlidağ ərazisində, dəniz səviyyəsindən təxminən 1600 metr yüksəklikdə yerləşən mənbədən çıxan suyun temperaturu 60 dərəcədən yüksəkdir. Zəngin və balanslaşdırılmış mineral tərkibə malik "İstisu" təbii qazlı mineral su kimi tanınır. Mütəxəssislərin rəyinə görə, unikal təbii şəraitdə formalaşan bu su insan orqanizmi üçün faydalı xüsusiyyətlərə malikdir. Bu sərvət Kəlbəcərin gələcək turizm, sağlamlıq və iqtisadi inkişafı baxımından mühüm imkanlardan biridir.
Rayonun təbii üstünlüklərinin iqtisadi dəyərə çevrildiyi ənənəvi sahələrdən biri isə arıçılıqdır. Zəngin flora, geniş alp və subalp çəmənlikləri, təmiz ekoloji mühit Kəlbəcər balına xüsusi keyfiyyət qazandırır. Bu qədim təsərrüfat ənənəsi bu gün yenidən canlanır. Cari ilin mövsümi köç dövründə Kəlbəcər rayonu ərazisinə 3396 fermerə məxsus 148 min 308 arı ailəsinin köçürülməsinə icazə verilməsi bu sahənin miqyasını aydın göstərir. Sentyabrın 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcərdə növbəti Bal festivalının keçirilməsi də təsadüfi deyil. Artıq ikinci dəfə təşkil olunan festival Kəlbəcərin təsərrüfat həyatının dirçəlişinin, yerli məhsul istehsalının və bölgənin turizm imkanlarının tanıdılmasının rəmzlərindən birinə çevrilir.
II Bal Festivalında 40-a yaxın stend qurulub. Ötən illə müqayisədə arıçıların və stendlərin sayının artırılması festivala marağın genişləndiyini göstərir. Burada məqsəd yalnız Kəlbəcər balının satışını təşkil etmək deyil, həm də onun, ümumilikdə isə Azərbaycanda istehsal olunan bal məhsullarının tanıdılmasına imkan yaratmaqdır. Festivalın ənənəvi xarakter alması gələcəkdə Kəlbəcərin kənd təsərrüfatı, turizm və iqtisadi potensialının həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə təbliğinə əlavə imkanlar aça bilər.
Kəlbəcərin iqtisadi həyatının dirçəldilməsində heyvandarlıq və əkinçilik də mühüm yer tutur. 2021-ci ildən etibarən işğaldan azad edilmiş ərazilərə, xüsusilə Kəlbəcərə hər il mövsümi mal-qara köçü həyata keçirilir. Bu il Qarabağ və Şərqi Zəngəzura 400 mindən çox xırdabuynuzlu heyvan köçürülüb. Yeni salınan kəndlərdə və kəndətrafı ərazilərdə fermaların yaradılması üçün torpaq sahələrinin ayrılması gələcəkdə sakinlərin öz təsərrüfatlarını qurmasına və yerli istehsalın genişlənməsinə xidmət edəcək.
Bu gün Kəlbəcərdə şəhər və kəndlər yenidən qurulur, infrastruktur yaradılır, insanlar qayıdır, iş yerləri açılır, sahibkarlıq və kənd təsərrüfatı canlanır, festivallar keçirilir. Otuz ilə yaxın doğma sakinlərinin həsrətində qalan, səssizliyə qərq olmuş bu torpaqlarda həyat yenidən dirçəlir. Kəlbəcərin qarşıdakı illərdə inkişaf perspektivləri də onun təbii sərvətləri qədər genişdir. Həyata keçirilən layihələr, yaradılan yeni imkanlar və doğma yurda qayıdan insanların qurub-yaratmaq əzmi bu qədim diyarın gələcəyinin möhkəm təməllərini yaradır. Bu da onu göstərir ki, illərin sükutundan sonra Kəlbəcər artıq yeni inkişaf mərhələsinə qədəm qoyub.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"