Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin bərqərar olması ilk növbədə Ermənistandakı siyasi mühitin sağlamlaşdırılmasından və revanşist ideologiyasının kökünün kəsilməsindən asılıdır.
Əgər Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan etdiyi kimi regionda həqiqi sülhün tərəfdarıdırsa və gündəliyə sadiqdirsə, o halda ilk növbədə daxildəki revanşist elementləri, müharibə tərəfdarlarını tamamilə neytrallaşdırmalıdır. Hazırda revanşist qüvvələrin daxildə maneəsiz fəaliyyəti, şovinist ritorikanı körükləməsi və sülh danışıqlarını baltalamaq cəhdləri fonunda İrəvanın verdiyi sülh bəyanatları inandırıcı görünə bilməz.
Bu baxımdan, Baş nazir Nikol Paşinyanın keçmiş hakimiyyət nümayəndələrinə, revanşist dairələrə və onların rəhbər şəxslərinə qarşı mübarizəsi formal xarakter daşımamalıdır. Hakimiyyəti əllərində saxladıqları dövrdə dövlət resurslarını mənimsəyən, ölkəni fəlakətə sürükləyən müharibə canilərinin məsuliyyətdən yayınmaq cəhdlərinə imkan verilməməli, məhkəmə və istintaq proseslərini ləngitmək üçün özlərini "xəstəliyə" vuran, hüquqi məsuliyyətdən qaçmaq üçün "timsah göz yaşları" tökən revanşist ünsürlərə qarşı prinsipal mövqe qorunub saxlanılmalıdır. Seçki vaxtı özlərini gümrah və güclü göstərən revanşist liderlərin, törətdikləri cinayətlərə görə ədalət qarşısında cavab vermək vaxtı çatanda dərhal xəstəlik maskası arxasında gizlənməyə çalışmaları onların hansı xislətdə olduqlarını ortaya qoyur.
Revanşist dairələrlə mübarizənin miqyası ölkənin daxili ilə məhdudlaşmamalıdır. Paşinyan hökuməti zərərli təfəkkürü körükləyən və daxili siyasətə müdaxilə etməyə çalışan erməni diasporunu da hədəf almalıdır. Çünki baş nazir özü də etiraf edir ki, erməni lobbisi kənar dövlətlərin əlində təsir vasitəsinə çevrilib və xalq diasporun başqa ölkələrə bağlı olduğunu bilmr. "Bu səhifəni bağlamalıyıq", - deyən baş nazir köhnə sistemin qalığı saydığı diasporu və xaricdən gələn radikal təsirləri neytrallaşdırmaqda qərarlı olmalıdır.
İrəvan hökuməti anlamalıdır ki, revanşist qüvvələrin sıradan çıxarılması istiqamətində atılan addımlar yalnız ölkə daxilində qanunun aliliyini təmin etmək baxımından deyil, eyni zamanda Ermənistan xalqı, dövlətçiliyi və bütün Cənubi Qafqaz regionu üçün əhəmiyyət kəsb edir. Çünki revanşist qüvvələrin və radikal dairələrin siyasi səhnədən silinməsi Ermənistanın inkişafına mane olan buxovların qırılması, cəmiyyətin normal mühitə qovuşması deməkdir. Başlıca məqam odur ki, revanşizmin və müharibə ritorikasının zərərsizləşdirilməsi Cənubi Qafqazda dayanıqlı sülhün və regional təhlükəsizliyin bərqərar olması üçün əlverişli zəmin yaradır. Erməni toplumunu illər boyu xəyali düşmən obrazları və fəlakətli macəralarla aldadan qüvvələrin siyasi səhnədən birdəfəlik kənarlaşdırılması həm də region dövlətləri arasında dinc yanaşı yaşama və əməkdaşlıq imkanlarını artırır. Bu mənada Paşinyan hökumətinin nümayiş etdirdiyi qətiyyətli mövqe revanşizmin kökünün kəsilməsi baxımından önəmlidir.
Digər tərəfdən, revanşist ideologiyanın yaşamasını təmin edən əsas amillərdən biri köhnə rejimin illər boyu mənimsədiyi qanunsuz kapitaldır. Paşinyan hökuməti revanşizmin maliyyə damarlarını kəsmək istiqamətində də ciddi addımlar atmalıdır. Çünki iqtisadi resurslardan və maliyyə rıçaqlarından məhrum edilən qüvvələrin cəmiyyətdə təsir imkanlarını qoruması və ya dövlətə qarşı hər hansı ciddi təxribat təşkil etməsi imkansız hala gəlir.
Lakin revanşizmlə mübarizə yalnız köhnə fiqurların neytrallaşdırılması ilə bitmir. Erməni cəmiyyətini illər boyu aşılanan revanşist və şovinist psixologiyadan təmizləmək də zərurətdir. Paşinyanın bəyanatları və revanşist rəhbərləri ifşa etməsi "qəhrəman" cildinə girmiş müharibə canilərinin əsl simasını göstərir. Bu, erməni cəmiyyətinin mövcud reallığı dərk etməsi istiqamətində mühüm addımdır.
Bu proses daxili informasiya məkanının və siyasi mühitin təmizlənməsini də tələb edir. Paşinyan hökuməti daxildə sülh prosesinin əleyhinə işləyən, media və sosial şəbəkələrdə manipulyasiya edənlər, hətta müəyyən siyasi dairələrdə regionda yenidən qeyri-müəyyənlik və sabitsizlik yaratmağa xidmət edən ziddiyyətli açıqlamalar səsləndirənlərə qarşı da adekvat addımlar atmalıdır. Cəmiyyətdə qorxu və nifrət toxumu səpənlərin, sülh danışıqlarını pozmağa yönəlmiş dezinformasiya yayanların qarşısının alınması və revanşist ideologiyanın informasiya ayağının kəsilməsi də mühümdür.
Paşinyan hökuməti cəmiyyətə özünü Qarabağ məsələsinə Ermənistanın əvvəlki hakimiyyətlərdən fərqli yanaşan, Azərbaycanın ərazi bütövlüyünü qəbul edən və ölkəni sülhə aparan siyasi qüvvə kimi təqdim edir. Lakin Qarabağla bağlı hər hansı hadisədən sonra hakimiyyət daxilindən və müxtəlif siyasi dairələrdən eyni reaksiyaların gəlməsi bu iddiaların praktik müstəvidə nə dərəcədə reallaşdığına dair sual yaradır. Sülh yalnız sənəddə qarşı tərəfin ərazi bütövlüyünü tanımaq demək deyil, bu, həmin dövlətin öz ərazisi üzərində suveren hüquqlarını tanımağı da tələb edir. Əks halda, ərazi bütövlüyünün tanınması barədə bəyanatlar formal xarakter daşıyır.
Bu çərçivədə mühüm məsələlərdən biri də sülhün hüquqi və konstitusion əsaslarının yaradılmasıdır. Bakının tamamilə haqlı və əsaslı tələblərindən biri olan Ermənistan konstitusiyasından Azərbaycan ərazilərinə iddiaları özündə əks etdirən müddəaların tamamilə çıxarılması və referendumun keçirilməsi məsələsi Paşinyanın daxili revanşizmlə mübarizəsinin həqiqi sınağına çevrilə bilər. Konstitusiyada nəzərdə tutulan dəyişikliklər eyni zamanda keçmiş rejimlərin miras qoyduğu təhlükəli hüquqi manipulyasiyalara birdəfəlik son qoyulması deməkdir. Məhz referendum yolu ilə bu iddiaların kənara atılması revanşistlərin "böyük Ermənistan" xülyasına vurulan ən böyük hüquqi zərbə olacaq. Revanşistlərin sıradan çıxarılması Ermənistanı təcriddən xilas edərək bu ölkəni regionun iqtisadi layihələrinə qoşulmağa və qonşuları ilə normal münasibətlər qurmağa sövq edən başlıca faktordur.
Eyni zamanda Paşinyan hökuməti Bakının irəli sürdüyü digər şərtləri də qeyd-şərtsiz icra etməlidir. Sülh müqaviləsinin imzalanması üçün keçmiş hakimiyyətin ideoloji platforması olan revanşizmin və müharibə ritorikasının qanunvericilikdə və dövlət institutu səviyyəsində kökündən kəsilməsi labüddür. İrəvanın regional reallıqları qəbul edərək praktiki addımlar atması revanşist dairələrin siyasi manevr imkanlarını tamamilə məhdudlaşdıracaq.
İsmayıl QOCAYEV,
"Azərbaycan"