“Sıfır tullantı” yanaşmasının Azərbaycan moda sənayesində real və işlək bir modelə çevrilməsi mümkündür. Bunun üçün isə moda istehsalına yanaşmanı dəyişmək lazımdır. Tekstil tullantısına artıq sadəcə istifadə olunmayan material kimi deyil, yenidən dəyər qazandıra biləcək xammal kimi baxılmalıdır.
Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının dosenti Fəxriyyə Xələfova bildirib.
O qeyd edib ki, ilk növbədə geyim istehsalı müəssisələrində tekstil tullantılarının ayrıca toplanması və çeşidlənməsi sistemi yaradılmalıdır. Parça qalıqları, istehsal zamanı yaranan kiçik materiallar və istifadə olunmayan tekstillər müxtəlif kateqoriyalara ayrılaraq yenidən istehsala qaytarıla bilər. Məsələn, kiçik parça qalıqlarından aksesuarlar, çantalar, dekorativ məhsullar və yeni geyim elementləri hazırlamaq mümkündür.
“Burada dizaynerlərin də rolu çox böyükdür, köhnə və artıq istifadə olunmayan geyimlərdən tamamilə yeni və fərqli dizaynlar yaratmaq olar. Bu, həm tullantını azaldır, həm də hər bir məhsula özünəməxsus xarakter verir. Xüsusilə gənc dizaynerlər üçün bu istiqamət yeni yaradıcılıq imkanları aça bilər.
Lakin bunun real sənaye modelinə çevrilməsi üçün yalnız dizaynerlərin təşəbbüsü kifayət deyil, stimullaşdırıcı mexanizmlər, biznes üçün güzəştlər, təkrar emal infrastrukturu və tekstil istehsalçıları ilə emal müəssisələri arasında əməkdaşlıq sistemi formalaşdırılmalıdır. Eyni zamanda, istehlakçıların da bu prosesə cəlb edilməsi vacibdir”, - deyə F.Xələfova qeyd edib.
F.Xələfova gənc dizaynerlərin dayanıqlı moda sahəsində hazırlanmasının da əhəmiyyətini vurğulayıb. Bildirib ki, təhsil müəssisələrində ekoloji dizayn, təkrar emal, tullantısız istehsal prinsiplərinin öyrədilməsi, yerli və beynəlxalq layihələr, müsabiqələr və sərgilər vasitəsilə gənc istedadların dəstəklənməsi faydalı ola bilər.
F.Xələfova azərbaycanlı dizaynerlərin bu istiqamətdə imkanlarını yüksək qiymətləndirib. Onun sözlərinə görə, ölkənin zəngin milli tekstil irsi və ənənəvi sənətkarlıq nümunələri dayanıqlı moda üçün mühüm imkanlar yaradır.
“Azərbaycan xalçaları, milli ornamentlər, kəlağayı, müxtəlif toxuculuq və əl sənəti ənənələri müasir dizaynla birləşdirilərək həm estetik, həm də dayanıqlı moda nümunələrinə çevrilə bilər. Məncə, bizim üstünlüyümüz məhz milli irslə müasir yanaşmanı birləşdirə bilməyimizdir”, - deyə dizayner bildirib.
F.Xələfova köhnə geyimlərin toplanması mexanizminin yaradılmasını da vacib hesab edir. Onun fikrincə, şəhərlərdə xüsusi tekstil toplama məntəqələrinin yaradılması, mağazalarda köhnə geyimlərin qəbul edilməsi və onların çeşidlənərək təkrar istifadəyə və ya emala göndərilməsi tullantıların azalmasına kömək edə bilər.
Onun sözlərinə görə, “Sıfır tullantı”nın real sənaye modelinə çevrilməsi üçün stimullaşdırıcı mexanizmlər, biznes üçün güzəştlər, təkrar emal infrastrukturu, eləcə də tekstil istehsalçıları ilə emal müəssisələri arasında əməkdaşlıq sistemi formalaşdırılmalıdır.
“Ən əsas dəyişiklik isə düşüncə tərzində olmalıdır. Biz “istehsal et, istifadə et və at” modelindən “istehsal et, istifadə et, yenidən istifadə et və təkrar emal et” modelinə keçməliyik. Əgər bu yanaşma həm istehsalçı, həm dizayner, həm də istehlakçı tərəfindən qəbul olunarsa, “Sıfır tullantı” Azərbaycan moda sənayesi üçün sadəcə bir şüar deyil, real və davamlı iqtisadi modelə çevrilə bilər”, - deyə F.Xələfova bildirib.