Erməni diasporunun Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının 10-cu görüşündə imzalanmış İstanbul Bəyannaməsinə qərəzli münasibətinin heç bir əsası yoxdur. Əslində, İstanbul Bəyannaməsinə qərəzli münasibət təkcə konkret sənədə verilən reaksiya deyil. Bu yanaşma son illərdə Cənubi Qafqazda baş verən fundamental geosiyasi dəyişikliklərin erməni siyasi dairələri tərəfindən necə qəbul olunduğunu nümayiş etdirən növbəti nümunədir.
Milli Məclisin deputatı Sevinc FƏTƏLİYEVA qəzetimizə açıqlamasında deyib ki, erməni diaspor təşkilatları İstanbul Bəyannaməsini Ermənistanın iştirakı olmadan regionun gələcəyi ilə bağlı qərarların verilməsi kimi təqdim etməyə və bundan narahatlıq olduğunu göstərməyə çalışır: "Məsələyə obyektiv yanaşdıqda ortaya tamamilə fərqli mənzərə çıxır. Baş verən proseslər hər hansı dövlətin kənarda saxlanılması deyil, regionda formalaşmış yeni siyasi reallıqların beynəlxalq səviyyədə qəbul edilməsidir. Uzun illər ərzində Ermənistan və onu dəstəkləyən müxtəlif dairələr regional prosesləri keçmiş münaqişənin prizmasından qiymətləndirməyə çalışırdılar. Qarabağ məsələsi həm regional əməkdaşlıq layihələrinin, həm də nəqliyyat-kommunikasiya təşəbbüslərinin qarşısında əsas maneə kimi çıxış edirdi. Lakin Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi tarixi qələbə və 2023-cü ildə ölkənin bütün ərazisində suverenliyinin tam bərpa olunması ilə regionda yeni geosiyasi mərhələ başlandı. Bu mərhələnin əsas xüsusiyyəti ondan ibarətdir ki, artıq regional gündəliyi münaqişə deyil, əməkdaşlıq, nəqliyyat, enerji təhlükəsizliyi və iqtisadi inteqrasiya məsələləri müəyyən edir. İstanbul Bəyannaməsi də məhz bu yeni konseptual yanaşmanın siyasi ifadələrindən biri kimi çıxış edir".
Deputatın sözlərinə görə, erməni diasporunun narazılığı ilk növbədə sənəddə, ümumilikdə regionla bağlı beynəlxalq müzakirələrdə Azərbaycanın təşəbbüslərinin və irəli sürdüyü strateji konsepsiyaların getdikcə daha geniş dəstək qazanması ilə bağlıdır. Son illərdə Orta dəhliz, "Şərq-Qərb" nəqliyyat marşrutu, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq, qlobal enerji təhlükəsizliyi və regional bağlantılar kimi məsələlər beynəlxalq gündəliyin mühüm hissəsinə çevrilib. Bu tarixi proseslərin mərkəzində isə məhz Azərbaycan dayanır. "Əslində, bu reaksiya Ermənistanın regionda dəyişən roluna verilən cavabdır. Uzun müddət Ermənistan özünü regional proseslərin ayrılmaz iştirakçısı kimi təqdim etməyə çalışsa da, reallıq göstərdi ki, regional layihələrə qoşulmaq üçün ilk növbədə konstruktiv siyasət yürütmək lazımdır. Azərbaycan və Türkiyə tərəfindən irəli sürülən əməkdaşlıq platformaları dəfələrlə Ermənistan üçün də açıq elan olunub. Lakin İrəvan uzun illər bu imkanlardan istifadə etmək əvəzinə qarşıdurma siyasətinə üstünlük verib. Bu gün isə vəziyyət köklü surətdə dəyişib", -deyə Sevinc Fətəliyeva əlavə edib.
O bildirib ki, regionun gələcəyi artıq münaqişələrin dondurulması üzərində deyil, kommunikasiyaların açılması, iqtisadi inteqrasiya və qarşılıqlı faydalı əməkdaşlıq müstəvisində qurulur. Bu proseslərdə iştirak etmək istəyən hər bir dövlət yeni reallıqları qəbul etməlidir. Erməni diaspor təşkilatlarının əsas problemi də məhz budur. Onlar hələ də keçmiş siyasi təsəvvürlərlə hərəkət edir, regionun dəyişdiyini qəbul etmək istəmirlər. Halbuki beynəlxalq ictimaiyyət getdikcə daha aydın şəkildə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır, regionda yaranmış yeni vəziyyəti tam qəbul edir.
Deputat qeyd edib ki, son illərdə Azərbaycanın beynəlxalq nüfuzunun artması, COP29-a evsahibliyi etməsi, Avropanın enerji təhlükəsizliyində mühüm strateji tərəfdaşa çevrilməsi, Orta dəhlizin əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış etməsi və türk dünyasında inteqrasiya proseslərinə verdiyi töhfələr ölkəmizin regional çəkisini əhəmiyyətli dərəcədə artırıb: "Nəticədə regionla bağlı qəbul olunan mühüm siyasi qərarlarda və strateji sənədlərdə Azərbaycanın mövqeyi həlledici amilə çevrilib. Bu baxımdan, İstanbul Bəyannaməsi ətrafında yaranan müzakirələr, əslində, daha geniş tendensiyanın tərkib hissəsidir. Söhbət təkcə bir sənəddən deyil, Cənubi Qafqazda yeni siyasi düzənin formalaşmasından gedir. Bu yeni düzənin əsas xüsusiyyəti isə ondan ibarətdir ki, regionun gələcəyi artıq işğal və separatizm üzərində deyil, beynəlxalq hüquq, dövlətlərin suverenliyi və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində qurulur. Regionda baş verən proseslər göstərir ki, yeni geosiyasi reallıqlar artıq keçmişin mifləri əsasında deyil, Azərbaycanın formalaşdırdığı və beynəlxalq ictimaiyyət tərəfindən getdikcə daha geniş qəbul edilən gündəm əsasında inkişaf edir".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"