Yay mövsümü insanların ən çox açıq havaya üz tutduğu, dəniz və hovuz istirahətinin artdığı dövrdür. Günəşli hava və isti temperatur bir çox insan üçün enerji və rahatlıq mənbəyi sayılsa da, bu mövsüm dərimiz üçün ciddi risklər də yaradır. Xüsusilə son illərdə iqlim dəyişiklikləri nəticəsində temperaturun yüksəlməsi və ultrabənövşəyi şüaların daha güclü təsiri dəri problemlərinin artmasına səbəb olur.
Mütəxəssislərin fikrincə, ultrabənövşəyi (UV) şüalar dərinin vaxtından əvvəl qocalmasına, piqment ləkələrinin yaranmasına və dəri xərçəngi riskinin artmasına səbəb olan əsas amillərdəndir. İsti hava isə tərləməni artıraraq məsamələrin tutulmasına, akne və müxtəlif infeksiyaların yaranmasına şərait yaradır. Bu səbəbdən yay aylarında dəriyə qulluq, sadəcə, estetik məsələ deyil, həm də sağlamlığın qorunmasının vacib hissəsidir.
Yayda ən çox rast gəlinən dəri problemləri
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən həkim-dermatoloq Səidə ƏSGƏROVAnın sözlərinə görə, yay mövsümündə dəri problemlərinin sayı əhəmiyyətli dərəcədə artır və xüsusilə həssas dəriyə sahib insanlar daha diqqətli olmalıdırlar: "Yay mövsümündə ən çox rast gəlinən problemlər arasında günəş yanıqları, günəş allergiyası, istilik səpkiləri, göbələk infeksiyaları, aknenin alovlanması, həşərat dişləmələrinə bağlı reaksiyalar, piqmentasiya ləkələrinin artması və herpes infeksiyalarının aktivləşməsi yer alır. Xüsusilə açıq rəngli dəriyə sahib insanlar, həssas dəri tipi olanlar, rozasea xəstələri, melazma və piqmentasiya problemi yaşayan şəxslər, həmçinin akne meyilli dəriyə malik insanlar yayda daha yüksək risk qrupuna daxildirlər. Günəş şüaları bu insanlarda dəridə qıcıqlanmanı və iltihabı daha sürətli artırır".
Dermatoloq bildirib ki, ultrabənövşəyi şüalar dərinin dərin qatlarına təsir edərək kollagen liflərinin zədələnməsinə səbəb olur. Bu isə zamanla dəridə elastikliyin azalmasına, qırışların yaranmasına və erkən qocalma əlamətlərinin meydana çıxmasına gətirib çıxarır. Bundan başqa, uzun müddət günəş altında qalmaq dəri hüceyrələrinin zədələnməsinə və gələcəkdə xərçəng riskinin yüksəlməsinə səbəb ola bilər. Yayda geniş yayılan problemlərdən biri də günəş allergiyasıdır. Bu, dərinin günəş şüalarına qarşı həddindən artıq reaksiyası nəticəsində yaranır. Əlamətləri arasında qaşınma, qızartı, kiçik səpkilər və bəzi hallarda qabarcıqlar yer alır. Bu əlamətlər adətən günəşə məruz qaldıqdan bir neçə saat və ya bir neçə gün sonra ortaya çıxır.
"Yay aylarında ən çox rast gəlinən problemlərdən biri də günəş yanıqlarıdır. Həkimin sözlərinə görə, xüsusilə SPF istifadə edilmədən uzun müddət günəş altında qalmaq dəri yanıqlarına yol açır. Günəşin ən təhlükəli saatları hesab olunan 11:00-16:00 aralığında birbaşa şüalara məruz qalmaq riskini daha da artırır. Günəş yanıqlarının əsas əlamətləri dəridə qızartı, ağrı, yanma hissi və şişkinlikdir. Daha ağır hallarda isə dəridə su toplanması müşahidə oluna bilər. Geniş sahədə qabarcıqlar yaranarsa, güclü ağrı hiss edilərsə, qızdırma, halsızlıq və başgicəllənmə müşahidə olunarsa, mütləq həkimə müraciət edilməlidir. Xüsusilə uşaqlarda və yaşlı insanlarda günəş yanıqları daha ağır keçə bilər", - deyə mütəxəssis qeyd edib.
Yayda herpes infeksiyalarının aktivləşməsi də tez-tez müşahidə olunur. Dermatoloq deyib ki, güclü günəş şüaları və immun sisteminin zəifləməsi virusun yenidən aktivləşməsinə səbəb ola bilər. Eyni zamanda stres və yuxusuzluq da dəri problemlərini artıran əsas amillər sırasındadır. Dəri sağlamlığını qorumaq üçün düzgün həyat tərzi də mühüm rol oynayır. Yay aylarında düzgün dəri baxımı bir çox problemin qarşısını ala bilər. İlk növbədə, dərinin gündə iki dəfə yumşaq təmizləyici vasitə ilə yuyulması tövsiyə olunur. Bu həm məsamələrin təmiz qalmasına, həm də artıq yağ və tərin dəridən uzaqlaşdırılmasına kömək edir. İstifadə edilən nəmləndiricilər də dəri tipinə uyğun seçilməlidir. Yağlı və akne meyilli dərilər üçün yüngül, qeyri-komedogen, gel və ya fluid formalı məhsullar daha uyğundur. Quru dərilər üçün isə krem formalı nəmləndiricilər daha effektiv hesab edilir.
"Günəş qoruyucuları hər kəs üçün vacibdir"
İsti hava və tərləmənin artması göbələk infeksiyalarının yaranması üçün də əlverişli şərait yaradır. Səidə Əsgərova bildirib ki, xüsusilə nəm mühitdə uzun müddət qalmaq, sintetik geyimlərdən istifadə etmək və gigiyenaya diqqət etməmək bu problemlərin yaranma riskini artırır: "Buna görə də yay aylarında pambıq və nəfəs alan geyimlərə üstünlük verilməsi vacibdir. Dəniz və hovuz istifadəsi də dəriyə müxtəlif formalarda təsir edir. Duzlu dəniz suyu bəzi insanlarda psoriazis əlamətlərinin azalmasına kömək edə və dərinin səthini təmizləyə bilər. Lakin həssas və quru dəriyə sahib insanlarda quruluq yarada, ekzemanı ağırlaşdıra bilər. Hovuz suyundakı xlor isə dərinin qoruyucu baryerini zəiflədərək quruluq və qıcıqlanmaya səbəb ola bilər. Atopik dermatitdən əziyyət çəkən insanlarda hovuzdan sonra şikayətlərin artması mümkündür. Buna görə hovuzdan sonra mütləq duş qəbulu və nəmləndirici istifadəsi mütləqdir".
Yay mövsümündə ən vacib qoruyucu vasitələrdən biri SPF tərkibli günəş kremləridir. Səidə Əsgərovanın sözlərinə görə, istifadə olunan günəş qoruyucusunun ən az SPF 30, ideal olaraq isə SPF 50+ olması tövsiyə edilir. Bundan əlavə, məhsulun üzərində "Broad Spectrum" qeydinin olması vacibdir. Bu, kremin həm UVA, həm də UVB şüalarına qarşı qoruma təmin etdiyini göstərir. Suyadavamlı SPF məhsullarına üstünlük verilməsi daha məqsədəuyğundur. Lakin suyadavamlı məhsullar belə tam qoruma təmin etmir və müəyyən vaxtdan sonra yenilənməlidir. Buna görə də SPF kremlər hər iki saatdan bir yenilənməlidir. Üzgüçülükdən, tərləmədən və ya üz silindikdən sonra isə dərhal yenidən tətbiq edilməlidir.
Həkim bildirib ki, günəş qoruyucuları yalnız qadınlar üçün deyil, kişilər və uşaqlar daxil olmaqla hər kəs üçün vacibdir. Bir çox insan SPF məhsullarından yalnız yayda istifadə etsə də, əslində bu vasitələr bütün il boyu tətbiq edilməlidir. Çünki UV şüaları təkcə yayda deyil, qış mövsümündə də dəriyə təsir göstərir. Buludlu havalarda SPF istifadə etməyin vacibliyinə də diqqət çəkən dermatoloq qeyd edir ki, ultrabənövşəyi şüaların böyük hissəsi buludlardan keçə bilir. Buna görə hava günəşsiz görünsə belə, dəri yenə də zərərli təsirlərə məruz qala bilər. Mütəxəssisin sözlərinə görə, günəşdən qorunmaq üçün yalnız krem istifadəsi kifayət deyil. Günün ən isti saatlarında birbaşa günəş altında qalmamaq, papaq və gün eynəyindən istifadə etmək, qoruyucu geyimlər də vacibdir.
"Yay aylarında qidalanma və su qəbulu da dəri sağlamlığına birbaşa təsir edir. Gün ərzində orta hesabla 2-3 litr su qəbul etmək vacibdir. Kifayət qədər maye qəbul edilmədikdə dəridə quruluq, elastikliyin azalması və yorğun görünüş yarana bilər. Gündəlik qida rasionunda meyvə və tərəvəzlərə üstünlük verilməsi də tövsiyə olunur. Xüsusilə antioksidantlarla zəngin qidalar dərinin qorunmasına kömək edir. Giləmeyvələr, pomidor, kök və yaşıl yarpaqlı tərəvəzlər bu baxımdan faydalı hesab edilir. Həddindən artıq şəkərli və yüksək emal olunmuş qidaların qəbulu isə dəri problemlərini artıra bilər", - deyə dermatoloq qeyd edib.
Yay istirahəti və günəşli hava insanların sağlamlığı və psixoloji vəziyyəti üçün faydalı olsa da, bunun təhlükəsiz şəkildə həyata keçirilməsi vacibdir. Dərinin sağlam qalması üçün düzgün qulluq, balanslı qidalanma və günəşdən qorunma qaydalarına əməl etmək əsas şərtlərdən biridir. Sadə görünən profilaktik tədbirlər isə gələcəkdə daha ciddi dəri problemlərinin qarşısını almaqda mühüm rol oynayır.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"