Cari ilin əvvəlindən Azərbaycan dünyanın 157 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib. Bu müddətdə 107 ölkəyə məhsul ixrac edilib, 145 ölkə ilə idxal əməliyyatları aparılıb. Ən son rəsmi göstəricilərə əsasən, ticarət dövriyyəsinin həcminə görə ölkəmizin ilk beşliyə daxil olan əsas ticarət tərəfdaşları İtaliya, Türkiyə, Çin, Rusiya və ABŞ-dir.
İlin ilk dörd ayında Azərbaycanın ən çox məhsul ixrac etdiyi Avropa İttifaqına (Aİ) üzv ölkələr İtaliya, Yunanıstan və Bolqarıstan olub. Bu müddətdə həmin ölkələrə müvafiq olaraq 3 milyard 709 milyon 589,52 min, 336 milyon 604,47 min və 335 milyon 603,44 min dollar dəyərində mal ixrac edilib.
Dövlət Statistika Komitəsinin Dövlət Gömrük Komitəsinə istinadən verdiyi bu məlumat da təsdiqləyir ki, Azərbaycanın ən çox mal ixrac etdiyi Aİ-yə üzv ölkə İtaliyadır. Yeri gəlmişkən, sözügedən dövr ərzində Azərbaycan İtaliyadan 153 milyon 889,28 min ABŞ dolları dəyərində mal idxal edib. İtaliya ilə ticarət əlaqələrinə aid bu göstəricilər Azərbaycanın ümumi ixracının 31,23, ümumi idxalının isə 2,79 faizini təşkil edib.
Ümumiyyətlə, İtaliya Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşı və Aİ məkanında əsas ixrac bazarıdır. İllik ticarət dövriyyəsi on milyardlarla dollarla ölçülür və bu ticarətin əsası enerji daşıyıcılarının (xam neft və təbii qaz) ixracıdır. 2025-ci ildə Azərbaycan və İtaliya arasında ticarət əməliyyatlarının həcmi illik müqayisədə 4,1 faiz artaraq 11,86 milyard dollar təşkil edib. Bu rəqəmin təxminən 11,3 milyard dolları Azərbaycanın bu ölkəyə olan ixracının payına düşür. 2024-cü ildə isə illik ticarət dövriyyəsi 11,39 milyard dollar olub. Bu faktlara əsasən, İtaliya Azərbaycanın ümumi ticarət dövriyyəsində təxminən 24-25 faizlik paya sahibdir.
İtaliya Azərbaycan xam neftinin ən böyük alıcısı və "Cənub qaz dəhlizi" vasitəsilə təbii qazın əsas istehlakçılarından biridir. Ötən il Azərbaycandan İtaliyaya 9,5 milyard kubmetr təbii qaz və təxminən 10 milyon ton neft tədarük olunub. Göründüyü kimi, İtaliya Azərbaycandan əsasən enerji daşıyıcıları idxal edir. Bu ölkə illərdir Azərbaycan məhsullarının, xüsusən də neft-qaz sektoru məhsullarının dünyadakı ən böyük alıcısı və əsas ticarət tərəfdaşımızdır.
İtaliya ölkəmizin ixrac etdiyi xam neftin (əsasən Azeri Light və Azeri Blend) yarıdan çoxunu alır. Azərbaycan nefti İtaliyanın ümumi neft idxalında mühüm paya malikdir. "Cənub qaz dəhlizi"nin Avropa qolu olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə nəql edilən təbii qaz İtaliyanın enerji təhlükəsizliyində əsas rol oynayır və Azərbaycan ölkənin ən böyük qaz təchizatçılarından biridir. Başqa sözlə, İtaliyaya milyardlarla kubmetr "Şahdəniz" təbii qazı nəql olunur və bu, həmin ölkənin qaz balansında ikinci yeri tutur.
Lakin bunlar o demək deyil ki, İtaliya bizdən digər məhsullar almır. İtaliyaya ixracın strukturunda qeyri-neft sektorunun məhsullarının da öz yeri var. Bu, plastik kütlələr, alüminium, meyvə-tərəvəz və toxuculuq məhsullarıdır.
İtaliyadan Azərbaycana idxalı göstərən rəqəmlərə də nəzər salaq. İdxal rəqəmləri ixracla müqayisədə xeyli kiçikdir. 2025-ci ildə Azərbaycanın İtaliyadan idxalı 518,1 milyon dollar təşkil edib. Ölkəmizə 2095 fərqli məhsul kodu üzrə müxtəlif təyinatlı mallar daxil olub. İtaliyadan əsasən nəqliyyat vasitələri, sənaye avadanlıqları, maşın və mexanizmlər gətirilir. Qeyd olunduğu kimi, illik həcmi yarım milyard dollar civarında olan bu idxal daha çox qeyri-neft sektorunu əhatə edir.
Beləliklə, İtaliyadan idxal olunan əsas məhsul qrupları: maşın və mexanizmlər - sənaye avadanlıqları, qazanlar, turbinlər və digər mexaniki qurğular. Digər bir qrup əczaçılıq məhsulları - dərman vasitələri və tibbi ləvazimatlardır. İdxalda qida və kənd təsərrüfatı məhsulları, o cümlədən müxtəlif konservləşdirilmiş ət məhsulları, zeytun yağı və içkilər də özünə yer alır. İtaliyadan eləcə də nəqliyyat vasitələri və onların hissələrini də idxal edirik. Bu qrupa avtomobillər və müxtəlif texniki nəqliyyat vasitələri daxildir. İtaliyadan alınan məhsullar arasında digər sənaye malları da var. Bunlar ən müxtəlif sahələri əhatə edir. Bu sırada kosmetika, mebel, dəri məmulatları və qara metallardan hazırlanan məmulatlar dayanır.
Flora SADIQLI,
"Azərbaycan"