11 İyun 2026 08:35
592
SİYASƏT
A- A+
Ermənistanın qarşısında duran geosiyasi çağırışlar

Ermənistanın qarşısında duran geosiyasi çağırışlar


Bunlar Azərbaycanla sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması və yeni konstitusiyanın qəbuludur 


Ermənistanda formalaşan yeni siyasi mənzərə göstərir ki, Nikol Paşinyan hakimiyyətini qoruyub saxlamağa nail olsa da, onun əvvəlki dövrlərdə malik olduğu siyasi manevr imkanları müəyyən qədər məhdudlaşıb. Hökuməti formalaşdırmaq üçün kifayət qədər mandatın əldə edilməsi Paşinyanın siyasi mövqeyini qorusa da, konstitusion çoxluğa nail olmaması Ermənistanın daxili siyasi proseslərinə, xarici siyasət kursuna və xüsusilə də Azərbaycanla sülh gündəliyinə birbaşa təsir göstərə biləcək bəzi reallıqlar yaradıb.

Milli Məclisin deputatı Elçin MİRZƏBƏYLİ qəzetimizə açıqlamasında deyib ki, Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" və Robert Koçaryanın "Ermənistan" bloku hökumətin fəaliyyətini tam iflic etmək imkanına malik olmasalar da, onun strateji qərarlarının qəbulunu çətinləşdirə, siyasi gündəliyə təsir göstərə, xüsusilə xarici siyasət məsələlərində Paşinyanın manevr imkanlarını məhdudlaşdıra bilərlər. 

E.Mirzəbəyli vurğulayıb ki, İrəvanın yaxın illərdə seçəcəyi ən real strategiya geosiyasi balanslaşdırma siyasəti olacaq: "Ermənistan həm Brüsseldən və Vaşinqtondan siyasi və maliyyə dəstəyi almağa, həm də Moskva ilə iqtisadi əlaqələri qorumağa çalışacaq. Başqa sözlə, Ermənistanın yaxın perspektivdə tam Qərbyönlü kursdan daha çox Qərblə Rusiya arasında manevr siyasəti yürütməsi ehtimalı yüksəkdir. Seçkilərin diqqətçəkən siyasi nəticəsi hakim partiyanın konstitusion çoxluğa nail ola bilməməsidir. Ermənistanın qarşısında duran əsas siyasi və geosiyasi çağırışlar, yəni Azərbaycanla sülh müqaviləsinin imzalanması, regional kommunikasiyaların açılması, dövlət idarəçiliyi sisteminin yenidən təşkili və xüsusilə də yeni konstitusiyanın qəbulu fonunda bu məsələ tamamilə fərqli məna kəsb edir".

Deputat bildirib ki, son illərdə Nikol Paşinyan dəfələrlə Ermənistanın yeni konstitusiyaya ehtiyac duyduğunu bəyan edib. Bu yanaşma yalnız daxili siyasi islahatlarla bağlı deyil. Məlumdur ki, Ermənistan konstitusiyasının preambulasında yer alan və Müstəqillik Bəyannaməsinə istinad edən müddəalar Azərbaycana qarşı ərazi iddialarının hüquqi bazası kimi qiymətləndirilir. Məhz buna görə də konstitusiya dəyişikliyi məsələsi artıq Ermənistanın daxili hüquqi proseduru çərçivəsindən çıxaraq, regional təhlükəsizlik və sülh gündəliyinin əsas elementlərindən birinə çevrilib. Mövcud nəticələr göstərir ki, Paşinyan hökuməti formalaşdırmaq üçün kifayət qədər siyasi dəstək qazansa da, konstitusiyanı istədiyi formada dəyişdirmək üçün zəruri olan institusional üstünlüyə malik deyil. Əslində, seçkilərdən sonra yaranan yeni siyasi reallıq Ermənistanın gələcək inkişaf trayektoriyasının məhz bu məsələ ətrafında müəyyənləşəcəyini göstərir. "Ermənistan konstitusiyasının 202-ci maddəsi konstitusiya dəyişikliklərinin hüquqi mexanizmini kifayət qədər aydın şəkildə müəyyən edir. Həmin maddəyə əsasən, konstitusiyanın əsas bölmələri, o cümlədən dövlət quruluşunun əsaslarını müəyyən edən birinci, ikinci və üçüncü fəsillər, habelə digər fundamental müddəalar yalnız referendum yolu ilə dəyişdirilə bilər. Belə təşəbbüs hüququ parlament üzvlərinin ən azı üçdəbirinə, hökumətə və ya seçki hüququna malik 200 min vətəndaşa məxsusdur. Lakin burada çox vaxt diqqətdən yayınan mühüm hüquqi detal var. Referendumun keçirilməsi üçün təkcə təşəbbüs hüququnun olması kifayət etmir. Layihənin referenduma çıxarılması barədə qərar parlament tərəfindən ümumi deputat sayının azı üçdəiki səsi ilə qəbul edilməlidir. Başqa sözlə, Paşinyanın qarşılaşdığı əsas problem referendum keçirmək deyil, referenduma aparan siyasi-hüquqi yolu açmaqdır. Bəzən belə fikirlər səsləndirilir ki, 200 min seçicinin təşəbbüsü parlament maneəsini aradan qaldıra bilər. Lakin konstitusiyanın mətni bunun əksini göstərir. Hətta tələb olunan sayda imza toplansa belə, referendumun keçirilməsi üçün parlamentin üçdəiki səs çoxluğu ilə qərar qəbul etməsi zərurəti qalır. Deməli, vətəndaş təşəbbüsü referendumun avtomatik elan olunması demək deyil", - deyə deputat əlavə edib.

Konstitusiyanın 202-ci maddəsinin üçüncü hissəsinin müəyyən siyasi manevr imkanları yaratdığını deyən E.Mirzəbəyli bildirib ki, fundamental müddəalara aid olmayan dəyişikliklər üçün parlament layihəni üçdəiki səs çoxluğu ilə qəbul etmədikdə, həmin layihə deputatların azı beşdəüç hissəsinin dəstəyi ilə referenduma çıxarıla bilər. Nəzəri baxımdan bu norma hakimiyyət üçün əlavə alət rolunu oynaya bilər. Lakin Azərbaycana qarşı ərazi iddialarına zəmin yaradan müddəalar Ermənistan konstitusiyasının fundamental hissələrinə aid olduğundan, bu mexanizmin praktik əhəmiyyəti kifayət qədər məhdud görünür. Beləliklə, Paşinyan bir neçə məsələdə siyasi seçim qarşısında qalır. Bunlardan birincisi, müxalifətlə siyasi konsensusun əldə edilməsidir. Lakin seçki kampaniyası dövründə müşahidə olunan sərt qarşıdurma və Ermənistan cəmiyyətindəki dərin siyasi qütbləşmə fonunda belə bir konsensusun əldə olunması asan görünmür. İkinci istiqamət yeni konstitusiya ilə bağlı geniş ictimai səfərbərlik yaratmaqdan ibarət ola bilər. Bu halda 200 min imza hüquqi mexanizmdən daha çox siyasi təzyiq alətinə çevrilə bilər. Hakimiyyət uğurlu kampaniya apararsa, parlamentdə çatışmayan səsləri ictimai rəyin təzyiqi hesabına kompensasiya edə bilər. 

E.Mirzəbəyli qeyd edib ki, ən real görünən ssenari Ermənistanda konstitusiya islahatlarının Azərbaycanla sülh sazişi, Türkiyə ilə normallaşma prosesi və iqtisadi inkişaf perspektivləri ilə əlaqələndirilməsidir: "Əgər Ermənistan cəmiyyətinə yeni konstitusiyanın regional inteqrasiya, investisiya axını, nəqliyyat-kommunikasiya layihələri və uzunmüddətli təhlükəsizlik üçün zəruri olduğu izah edilərsə, bu istiqamətdə müqavimətin müəyyən qədər zəifləməsi mümkündür. Amma bu prosesin özünün də hüquqi nəticələrə gətirib çıxaracağı ehtimalı çox azdır. Bütün hallarda seçkilərin nəticələri göstərir ki, Paşinyan siyasi hakimiyyətini qoruyub saxlayıb, lakin konstitusion üstünlük əldə edə bilməyib. Bu isə o deməkdir ki, qarşıdakı dövrdə Ermənistan siyasətinin əsas mübarizə xətti hökumətin formalaşdırılması deyil, dövlətin gələcək siyasi və hüquqi istiqamətinin necə müəyyənləşdirilməsi ətrafında cərəyan etməsidir. Bu xüsusda yekun sülh sazişinin taleyi də böyük ölçüdə məhz konstitusiya məsələsinin həllindən asılı olacaq. Çünki Ermənistanın Azərbaycanla münasibətlərdə uzunmüddətli və dayanıqlı sülhə nail olması yalnız siyasi bəyanatlarla deyil, həm də öz hüquqi sistemində mövcud olan ərazi iddialarını və həmin iddialara zəmin yaradan müddəaları aradan qaldırmaq iradəsi nümayiş etdirməsindən keçir".

Deputat bildirib ki, sülh sazişinin imzalanması birbaşa regional kommunikasiyaların açılması perspektivlərinə də təsir göstərə bilər. Əgər sülh müqaviləsi imzalanmırsa və ya bu proses qeyri-müəyyən müddətə uzanırsa, regionda genişmiqyaslı nəqliyyat və iqtisadi layihələrin reallaşması da ciddi şəkildə ləngiyəcək. Xüsusilə Zəngəzur dəhlizi (TRIPP) və digər regional nəqliyyat marşrutlarının tam fəaliyyətə başlaması üçün tərəflər arasında siyasi etimadın formalaşması zəruridir. Belə etimad olmadan kommunikasiyaların açılması yalnız texniki deyil, həm də siyasi baxımdan problemli olaraq qalacaq. Bu vəziyyət ilk növbədə Ermənistanın özünə mənfi təsir göstərə bilər. Çünki Ermənistanın əsas geoiqtisadi problemi regional bağlantıların məhdud olmasıdır. Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı qalması logistika xərclərini artırır, investisiya cəlbediciliyini azaldır, tranzit imkanlarını məhdudlaşdırır və enerji təhlükəsizliyini zəiflədir. Belə şəraitdə Ermənistan, əsasən, Gürcüstan üzərindən keçən marşrutlardan və Rusiya bazarından asılı qalmağa davam edəcək. Bu isə ölkənin həm iqtisadi inkişaf tempini məhdudlaşdıracaq, həm də enerji və ticarət sahələrində mövcud asılılıqları aradan qaldırmasına imkan verməyəcək.

E.Mirzəbəyli deyib ki, yeni parlament konfiqurasiyası göstərir ki, Nikol Paşinyan, artıq əvvəlki illərdə olduğu kimi, sərbəst siyasi manevr imkanlarına malik olmayacaq. Əgər növbədənkənar parlament seçkilərinə zərurət yaranmazsa, Ermənistan Avropa İttifaqı istiqamətində səylərini davam etdirməyə çalışacaq. Lakin iqtisadi reallıqlar onu Rusiya ilə əlaqələri qorumağa məcbur edəcək. Azərbaycanla yekun sülh sazişinin perspektivi də məhz Ermənistanın üzərinə götürdüyü öhdəliklərə əməl etməsindən, ərazi iddialarından və həmin iddialara zəmin yaradan hüquqi-siyasi mexanizmlərdən birdəfəlik imtina etməsi ilə bağlıdır. Bunun alternativi yoxdur.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyanın “Cicero” jurnalı: Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir

14:17
18 İyul

Sabah Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

12:53
18 İyul

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

12:32
18 İyul

BMT sammitində Azərbaycanın sülh təcrübəsindən danışılıb

11:19
18 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:17
18 İyul

Azərbaycan nefti 91 dollara satılır

09:23
18 İyul

Bilmək istəyirəm

09:05
18 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb

09:00
18 İyul

Azərbaycanın KOBİA modeli: bir ideyanın bir çox üstünlüyü

08:55
18 İyul

Uzaq Çin "yaşıl enerji" gündəliyində Azərbaycana yaxın tərəfdaşdır

08:50
18 İyul

Azərbaycan-ABŞ münasibətləri: Siyasi bəyanatlardan praktik əməkdaşlığa

08:45
18 İyul

Azərbaycan-ABŞ əlaqələri regionun təhlükəsizlik arxitekturasına müsbət təsir göstərir

08:40
18 İyul

Sarsılmaz birliyi təmin edən siyasət

08:35
18 İyul

"Kəssə hər kim tökülən qan izini"

08:30
18 İyul

Baş prokuror Samux rayonunda vətəndaşları qəbul edib

08:25
18 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

08:20
18 İyul

Heydər Əliyevin xalqımıza əmanət etdiyi hərbi təhsil ocağı

08:15
18 İyul

Qurtuluşun başlanğıcı

08:10
18 İyul

Yüksək etimad və inam ünvanı

08:05
18 İyul

Şuşa Forumu: müdrikliyin və qətiyyətin təntənəsi

08:00
18 İyul

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:04
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!