Ötən həftə açıqlanan iqtisadi göstəricilər, maliyyə bazarlarındakı tendensiyalar və qəbul edilən qərarlar iqtisadi gündəmin əsas istiqamətlərini müəyyənləşdirdi. Bu baxımdan həftənin icmalında ən vacib hadisələri və qısaca onların iqtisadi əhəmiyyətini xatırladırıq.
Həftənin ən mühüm hadisələrindən biri iyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi oldu. İclasda ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsi, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, süni intellekt texnologiyalarının tətbiqi, məlumat mübadiləsinin təkmilləşdirilməsi və rəqəmsal idarəetmə sahəsində koordinasiyanın gücləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Eyni zamanda rəqəmsal iqtisadiyyatın inkişafı, innovasiya ekosisteminin genişləndirilməsi və bu istiqamətdə görüləcək işlərin prioritetləri müəyyənləşdirilib.
İclasda çıxış edən Birici vitse-prezident Mehriban xanım Əliyeva bildirib ki, Prezident İlham Əliyevin cari ilin fevralında keçirdiyi müşavirədə verdiyi tapşırıqlara uyğun olaraq, rəqəmsal inkişaf üzrə fəaliyyət planı təsdiqlənib və qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını əhatə edən yol xəritəsi müəyyənləşdirilib. Mehriban xanım xüsusi vurğulayıb ki, Rəqəmsal İnkişaf Şurasının əsas məqsədi dövlət qurumları arasında koordinasiyanı gücləndirmək, rəqəmsal transformasiyanı sürətləndirmək, innovasiya ekosistemini inkişaf etdirmək, investisiyaların cəlbini təşviq etmək və ölkədə daha səmərəli dövlət idarəetmə sisteminin formalaşdırılmasına töhfə verməkdir. O, həmçinin süni intellekt və kibertəhlükəsizlik sahəsində yeni çağırışlara hazır olmağın vacibliyini qeyd edib.
***
Beynəlxalq iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, ötən həftə Azərbaycanın logistika və hava yükdaşımaları sektorunda rəqəmsallaşma istiqamətində də mühüm addım atılıb.
İyunun 29-da Xəzər regionu və Mərkəzi Asiyanın aparıcı yük aviaşirkəti olan "Silk Way West Airlines" Şanxayda keçirilən "Air Cargo China 2026" sərgisi çərçivəsində "CargoAi" ilə rəqəmsal tərəfdaşlıq sazişi imzalayıb. Əməkdaşlıq çərçivəsində aviaşirkətin xidmətləri "CargoAi" platformasına inteqrasiya olunacaq ki, bu da beynəlxalq ekspeditorlara daşıma imkanlarına daha operativ çıxış, şəffaf tariflər və növbəti mərhələdə rəqəmsal bronlaşdırma imkanı yaradacaq. Tərəfdaşlığın şirkətin rəqəmsal transformasiyasını sürətləndirməsi, müştəri xidmətlərini təkmilləşdirməsi və Bakının qlobal yükdaşıma habı kimi mövqeyini daha da gücləndirməsi gözlənilir.
***
Rəqəmsal transformasiya və innovasiya ekosisteminin gücləndirilməsi ilə yanaşı, ötən həftə beynəlxalq iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində də mühüm addımlar atılıb. Azərbaycanın regional iqtisadi qovşaq kimi mövqeyinin gücləndirilməsi prosesi yalnız infrastrukturla məhdudlaşmır, daha geniş iqtisadi sahələri əhatə edir. Beynəlxalq maliyyə institutları, investisiya platformaları və biznes dairələri ilə əməkdaşlığın genişləndirilməsi bu strategiyanın mühüm tərkib hissəsidir. Məhz həmin əməkdaşlıq formatları ölkənin investisiya cəlbediciliyinin artırılmasına, yeni tərəfdaşlıqların qurulmasına və regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə xidmət edir.
Bu mənada iyulun 2-də Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində bankın və Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) birgə təşkilatçılığı ilə biznes-forum keçirilib. "Bazarların əlaqələndirilməsi və iqtisadiyyatların şaxələndirilməsi: Azərbaycan regional qovşaq rolunda" mövzusunda keçirilən forumda biznes, dövlət və bank sektorunu təmsil edən 170-dən çox nümayəndə iştirak edib. Tədbirdə 60-dan çox özəl və 20-dən çox xarici şirkətin, eləcə də bir sıra dövlət qurumlarının nümayəndələri təmsil olunublar. Forum çərçivəsində Azərbaycanın iqtisadi inkişaf prioritetləri, regional əməkdaşlığın genişləndirilməsi, QDTİB-in ölkədə həyata keçirdiyi layihələr, həmçinin inkişafın maliyyələşdirilməsi sahəsində mövcud tendensiyalar və çağırışlar müzakirə edilib.
***
Ötən həftənin diqqətçəkən hadisələrindən biri nəqliyyat və logistika sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində Azərbaycanın Beynəlxalq Dəniz Təşkilatının yüksəksəviyyəli tədbirində iştirakı olub.
Ölkəmiz Londonda Beynəlxalq Dəniz Təşkilatının (BDT) Texniki Əməkdaşlıq Komitəsinin 76-cı sessiyasında təmsil olunub. Sessiyada texniki əməkdaşlıq fəaliyyətinin nəticələri dəyərləndirilib, üzv dövlətlərdə kadr potensialının gücləndirilməsi, rəqəmsal transformasiya, dənizçilərin peşə hazırlığı, axtarış-xilasetmə sistemlərinin təkmilləşdirilməsi və texniki yardım mexanizmlərinin inkişafı ilə bağlı məsələlər müzakirə edilib. Tədbirin yekununda BDT-nin Texniki Əməkdaşlıq Portalının inkişafı, audit nəticələrinə əsaslanan texniki dəstəyin genişləndirilməsi və üzv dövlətlər üçün məqsədyönlü yardımın gücləndirilməsini nəzərdə tutan qərarlar qəbul edilib.
***
Azərbaycanın beynəlxalq iqtisadi mövqeyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar sərgilər və biznes platformaları vasitəsilə həftəboyu davam etdirilib. Bu mənada Çinin Urumçi şəhərində keçirilən 9-cu Çin-Avrasiya Sərgisinin adını çəkərək, Azərbaycanın orada vahid ölkə stendi ilə təmsil olunduğunu qeyd edə bilərik. Sərgi çərçivəsində ölkənin əlverişli biznes və investisiya mühiti, nəqliyyat-logistika və tranzit potensialı, eləcə də "Made in Azerbaijan" brendi altında istehsal olunan məhsullar beynəlxalq auditoriyaya təqdim edilib. Azərbaycanın sərgidə iştirakı xarici investorlarla əməkdaşlığın genişləndirilməsi, ixrac imkanlarının təşviqi və ölkənin regional iqtisadi tərəfdaş kimi mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Azərbaycanda neftdənkənar sahənin inkişafında və ixrac potensialının artırılmasında "Made in Azerbaijan" brendi xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs yerli məhsulların beynəlxalq bazarlarda tanıdılması, onların rəqabət qabiliyyətinin artırılması və milli istehsalçıların xarici bazarlara çıxışının genişləndirilməsi məqsədilə həyata keçirilir. Dövlət tərəfindən ixrac missiyalarının təşkili, beynəlxalq sərgilərdə vahid ölkə stendi ilə iştirak, xarici bazarların araşdırılması, marketinq fəaliyyətinin dəstəklənməsi, eləcə də yerli şirkətlərin beynəlxalq sertifikat və patentlər əldə etməsinə göstərilən maliyyə dəstəyi "Made in Azerbaijan" brendinin dünya bazarlarında mövqeyinin möhkəmlənməsinə xidmət edir.
***
Beynəlxalq iqtisadi əməkdaşlıq gündəmində yer alan hadisələrdən biri də Avropa İttifaqı ilə tərəfdaşlığın inkişafı istiqamətində aparılan yüksəksəviyyəli təmaslar olub. İyulun 1-də Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Azərbaycana işgüzar səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirilən görüşdə enerji təhlükəsizliyi, Orta dəhlizin inkişafı, nəqliyyat-logistika əlaqələri, rəqəmsal transformasiya və "yaşıl enerji" sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər Azərbaycan-Avropa İttifaqı iqtisadi əlaqələrinin dərinləşdirilməsi və qarşılıqlı investisiya imkanlarının artırılması istiqamətində fikir mübadiləsi aparıblar.
Səfər ölkənin Avropa İttifaqı ilə iqtisadi tərəfdaşlığının gücləndirilməsi, regional nəqliyyat və enerji layihələrinin inkişafı, eləcə də Azərbaycanın strateji tranzit və enerji qovşağı kimi mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
***
Ötən həftəsonu beynəlxalq bazarlarda qiymətli metalların və enerji resurslarının qiymətlərində dəyişkən dinamika qeydə alınıb. Məlumata görə, qızılın qiyməti artım nümayiş etdirərək iyulun 3-də təxminən 7105 AZN/unsiya səviyyəsinə yüksəlib. Qiymətli metallar üzrə bu artım qlobal bazarlarda investor marağının davam etməsi ilə izah edilir.
Neft bazarında isə həftəsonu daha sabit, lakin nisbətən zəifləyən dinamika müşahidə olunub. "Brent" və digər əsas neft markaları üzrə qiymətlər 70-80 dollar/barel intervalında dəyişib. Azərbaycanda "Azeri Light" markalı neftin qiyməti isə təxminən 84 dollar/barel ətrafında formalaşıb.
Z.ƏLİYEVA,
"Azərbaycan"