İyulun 6-da Zimbabve Milli Assambleyasının sədri Yakob Mudendanın rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə bir sıra görüşlər keçirib.
Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Zimbabve ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Süleymanlı və işçi qrupunun üzvləri ilə görüşdə Azərbaycan ilə Zimbabve arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Mahir Süleymanlı parlamentlərarası əlaqələrin daha da möhkəmləndirilməsinin, qarşılıqlı səfərlərin və parlament diplomatiyasının iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini qeyd edib.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun və komitənin üzvlərinin Zimbabve Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudendanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə Azərbaycanın Afrika dövlətləri ilə əlaqələrin inkişafını xarici siyasətinin mühüm istiqamətlərindən biri hesab etdiyi qeyd olunub. Bu çərçivədə humanitar təşəbbüslərin genişləndirilməsi, iqtisadi əməkdaşlığın təşviqi və parlament diplomatiyasının gücləndirilməsi istiqamətində görülən işlərin qarşılıqlı marağın artmasına və əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə şərait yaratdığı diqqətə çatdırılıb.
Tərəflər təbii ehtiyatların səmərəli idarə olunması və qorunması, enerji təhlükəsizliyinin təmin edilməsi, bərpaolunan enerji mənbələrinin inkişafı, iqlim dəyişikliyi ilə mübarizə və ekoloji təhlükəsizliyin möhkəmləndirilməsi kimi aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Bu istiqamətlərdə təcrübə mübadiləsinin və birgə təşəbbüslərin əhəmiyyəti xüsusi vurğulanıb.
Yakob Mudendanın rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə də görüşüb. Komitə sədri Səməd Seyidov bildirib ki, Azərbaycan ilə Zimbabve arasında münasibətlər son illərdə yüksələn xətt üzrə inkişaf edir. O, parlamentlərarası əlaqələrin dövlətlərarası əməkdaşlığın mühüm istiqamətlərindən biri olduğunu vurğulayaraq, qanunverici orqanlar arasında qarşılıqlı səfərlərin, komitələr və dostluq qrupları səviyyəsində təmasların genişləndirilməsinin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini qeyd edib.
Söhbətdə tərəflər beynəlxalq parlament platformalarında əməkdaşlığın davam etdirilməsinin, inkişaf etməkdə olan ölkələri narahat edən qlobal məsələlər üzrə birgə fəaliyyətin gücləndirilməsinin, beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin, sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təşviqinin əhəmiyyətini vurğulayıblar.