Ölkəmizdə qeyri-neft-qaz sektorunun inkişafı ilə bağlı icra edilən islahatlar sayəsində bu sahəyə aid məhsulların həm istehsalı, həm də ixracı artıb. İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib ki, ölkə üzrə qeyri-neft-qaz məhsullarının ixracı 10 ildə iki dəfə artıb.
"Hesab edirəm ki, bu, biznes ictimaiyyəti üçün inkişafın göstəricisi olan çox yaxşı meyar və göstəricidir. Lakin biznesin böyüməsi ilə bağlı hələ də çağırışlar qalır. Bu, həll etməli olduğumuz mühüm məsələlərdən biridir. Bunun üçün hökumət çoxsaylı dəstək alətləri təqdim edir, - deyə Y.Abdullayev həmçinin qeyd edib ki, bu gün Azərbaycan Biznesinin İnkişafı Fondu şirkətlərin xarici bazarlara çıxışına dəstək göstərən çox vacib qurumlardan biridir: "Maliyyə və dövlət qurumları Azərbaycan biznesinin xarici bazarlarda təşviqinə ciddi dəstək verirlər. Düşünürəm ki, bununla bağlı kifayət qədər uğurlu nümunələrimiz var. Əlbəttə ki, Azərbaycan Dövlət Neft Şirkəti qlobal miqyasda əsas və mühüm oyunçulardan biridir. Bununla yanaşı, Azərbaycanın digər şirkətləri də xarici bazarlarda uğurla fəaliyyət göstərirlər".
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın bu ilin iyun sayını təqdim edib. İcmala əsasən, cari ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,6 faiz artaraq 1,5 milyard dollara çatıb. May ayında isə bu sahə üzrə göstərici 27,2 faiz artımla 396,7 milyon dollar olub. Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixracın dəyəri 23,8 faiz artaraq 144,6 milyon, qeyri-yeyinti məhsulları üzrə 30,7 faiz artımla 288,5 milyon dollara çatıb. 5 ayda ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4,2, pambıq iplik 2,4 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 57, alüminium və ondan hazırlanan məmulatlar 44,6, pambıq lifi 25, meyvə-tərəvəz 18,6, çay 16,8, spirtli və spirtsiz içkilər 6 faiz artıb.
2026-cı ilin yanvar-may aylarında aqrar məhsullar üzrə ixracın dəyəri 414,5 milyon (25,2 faiz artım), aqrar-sənaye məhsulları üzrə isə 160,5 milyon dollar (39 faiz artım) təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracının dəyəri 28,8 faiz artaraq 575,1 milyon dollara bərabər olub. Qeyd olunan dövrdə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci, tomat ikinci, mis filizləri üçüncü yerdə qərarlaşıb. Cari ilin may ayı ərzində isə ixrac edilmiş qeyri-neft sektoruna aid məhsulların siyahısında tomat birinci, qızıl ikinci, çiyələk üçüncü olub.
Yanvar-may aylarında (qeyri-monetar qızıl istisna olmaqla) qeyri-neft sektoruna aid mal ən çox Rusiya Federasiyasına, Türkiyəyə, Gürcüstana, İsveçrəyə, Ukraynaya ixrac edilib. Bu ilin may ayında isə Rusiya Federasiyasına, Türkiyəyə, Gürcüstana, İsveçrəyə, ABŞ-yə daha çox qeyri-neft məhsulları göndərilib.
Cari ilin ilk 5 ayı üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Prime Cotton" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Baku Steel Company" QSC, "AGRARCO" MMC şirkətləridir. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə "SOCAR POLYMER" MMC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar : "AzerGold" QSC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərbaycan Hava Yolları" QSC, "Azərenerji" ATSC, "Socar Cape" MMC, "Naxçıvan Enerji" MMC təmsil olunurlar.
Hesabat dövründə Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") də dünyanın 33 ölkəsindən olan 90-a yaxın şirkətə 6,9 milyon dollar dəyərində telekommunikasiya xidmətləri ixrac edib. Xidmət ixrac olunan ölkələr arasında Birləşmiş Krallıq, Lüksemburq, Türkiyə, Pakistan, İsveç və Misir böyük paya sahibdir. "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 63 faizini təşkil edib.
Rüstəm KAMAL,
"Azərbaycan"