19 Avqust 2026 10:15
978
İQTİSADİYYAT
A- A+
Torpaqların konsolidasiyası: Ölkəmizin kənd təsərrüfatında yeni inkişaf imkanı

Torpaqların konsolidasiyası: Ölkəmizin kənd təsərrüfatında yeni inkişaf imkanı


Milli Məclisdə kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası ilə bağlı qanunvericilik dəyişikliklərinin qəbul edilməsi aqrar sahənin gələcək inkişafı baxımından mühüm addımdır. Bu qərarı yalnız torpaq münasibətlərinin hüquqi tənzimlənməsi kimi deyil, kənd təsərrüfatında istehsal xərclərinin azaldılması, texnoloji imkanların genişləndirilməsi və fermer təsərrüfatlarının rəqabətqabiliyyətinin yüksəldilməsi istiqamətində struktur islahatı kimi qiymətləndirmək lazımdır.

Azərbaycanda həyata keçirilmiş torpaq islahatları kənd əhalisinin torpaq mülkiyyətinə çıxışını təmin etmiş və xüsusi mülkiyyətə əsaslanan fermer təsərrüfatlarının formalaşmasına imkan yaratmışdır. Bununla yanaşı, sonrakı dövrdə torpaq sahələrinin vərəsəlik, alqı-satqı və digər səbəblərlə xırda hissələrə bölünməsi yeni iqtisadi problem ortaya çıxarmışdır. Bəzən bir fermerə məxsus torpaqlar vahid ərazidə deyil, bir-birindən uzaqda yerləşən bir neçə kiçik sahədən ibarət olur. Kağız üzərində torpağın ümumi sahəsi dəyişməsə də, onun istehsal imkanları və təsərrüfat dəyəri zəifləyir.

Kiçik və pərakəndə yerləşmiş torpaq sahələrində istehsalın maya dəyəri, bir qayda olaraq, daha yüksək olur. Traktorun, kombaynın və digər kənd təsərrüfatı texnikasının bir sahədən digərinə daşınması əlavə yanacaq, əmək və vaxt itkisi yaradır. Torpaq sahələrinin sərhədləri çoxaldıqca əkin üçün tam istifadə olunmayan hissələr meydana çıxır, suvarma şəbəkəsinin qurulması bahalaşır, torpağın becərilməsi, məhsulun yığılması və daşınması çətinləşir. Eyni zamanda səpin, gübrələmə, dərmanlama və məhsul yığımı kimi aqrotexniki tədbirlərin vaxtında və vahid qaydada həyata keçirilməsi mümkün olmur. 

Başqa sözlə, torpaq sahələrinin xırdalığının ayrı-ayrı fermerlərə aid lokal problem deyil, bütövlükdə Azərbaycan kənd təsərrüfatının istehsal səmərəliliyinə təsir göstərən struktur məsələdir.

Aydın məsələdir ki, fermerə məxsus 10 hektar torpağın vahid ərazidə yerləşməsi ilə həmin torpağın beş-altı müxtəlif sahəyə parçalanması iqtisadi baxımdan eyni nəticə vermir. Vahid sahədə texnikadan, əmək resurslarından və suvarma imkanlarından daha səmərəli istifadə etmək mümkündür. Torpaq pərakəndə yerləşdikdə isə fermer hər bir sahəyə ayrıca getməli, texnikanı dəfələrlə daşımalı və işə hazırlamalı, məhsulu ayrı-ayrılıqda toplamalı və nəql etməlidir. Nəticədə eyni həcmdə məhsulun istehsalı üçün daha çox yanacaq, əmək və vaxt sərf olunur, məhsul vahidinə düşən xərc isə artır.

Bu problem xüsusilə taxılçılıq, pambıqçılıq, yem istehsalı və geniş sahə ilə yüksək mexanikləşmə tələb edən digər istiqamətlərdə özünü daha aydın göstərir. Lakin bütün kiçik torpaq sahələrinin mütləq səmərəsiz olduğunu söyləmək də düzgün olmazdı. İstixana təsərrüfatı, tərəvəzçilik, giləmeyvəçilik, tingçilik və yüksək əlavə dəyər yaradan bəzi məhsullar üzrə kiçik sahələr də uğurla fəaliyyət göstərə bilər.

Buna görə konsolidasiyanın məqsədi bütün torpaqları mexaniki şəkildə böyütmək deyil. Məqsəd məhsulun növünə, ərazinin xüsusiyyətlərinə və istifadə olunan texnologiyaya uyğun iqtisadi cəhətdən optimal istehsal vahidləri yaratmaq olmalıdır.

Torpaqların konsolidasiyası nəticəsində bir mülkiyyətçiyə məxsus, lakin müxtəlif ərazilərdə pərakəndə yerləşən sahələr daha əlverişli ölçüdə, formada və yerləşmədə yenidən təşkil edilə bilər. Burada məqsəd fermerin torpağını əlindən almaq və ya onun mülkiyyət hüququnu məhdudlaşdırmaq deyil, mövcud torpaq sahələrindən daha səmərəli istifadə üçün şərait yaratmaqdır. Xüsusilə vurğulanmalıdır ki, konsolidasiya məcburi xarakter daşımır və yalnız torpaq mülkiyyətçisinin razılığı əsasında həyata keçirilir. Qəbul edilmiş qanunvericilik dəyişikliklərində torpaqların ekvivalent bazar dəyərinin qorunması, verilən sahənin dəyəri əvvəlki torpaqdan aşağı olduqda isə qiymət fərqinin mülkiyyətçiyə ödənilməsi nəzərdə tutulur. Beləliklə, torpaq sahibinin mülkiyyəti üzərində sərəncam vermək hüququ saxlanılır, konsolidasiya isə onun razılığı və əmlak mənafelərinin qorunması prinsipləri əsasında həyata keçirilir. 

Bununla yanaşı, qəbul edilmiş dəyişikliklər yalnız mövcud torpaq sahələrinin konsolidasiyasını deyil, onların gələcəkdə yenidən xırdalanmasının qarşısının alınmasını da nəzərdə tutur. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaqların alqı-satqı, digər özgəninkiləşdirmə və vərəsəlik hallarında bölünməsinə yalnız yaranan hər bir yeni torpaq sahəsinin 5 hektardan az olmaması şərti ilə yol veriləcək. Bu ölçüdə bölgü mümkün olmadıqda torpaq onun üzərində yerləşən təsərrüfatla birlikdə satıla, vərəsələr isə öz paylarını pul şəklində ala bilərlər. Bu yanaşmanın əsas məqsədi kənd təsərrüfatı torpaqlarının nəsildən-nəslə daha kiçik və iqtisadi cəhətdən səmərəsiz hissələrə parçalanmasının qarşısını almaqdır. Bununla belə, həmin mexanizmin tətbiqi zamanı vərəsələrin və kiçik torpaq sahiblərinin qanuni mənafelərinin qorunması xüsusi əhəmiyyət daşıyacaqdır. 

Konsolidasiya ilk növbədə texnikadan istifadə xərclərini azalda bilər. Vahid və düzgün formalı sahələrdə şumlama, səpin, gübrələmə, dərmanlama və məhsul yığımı daha sürətli həyata keçirilir. Suvarma və meliorasiya sistemlərinin qurulması asanlaşır. Fermerin torpağa nəzarəti, məhsulun mühafizəsi və logistikanın təşkili yaxşılaşır. Bütün bunlar məhsul vahidinə düşən xərclərin azalmasına və fermer gəlirlərinin artmasına şərait yaradır.

Məsələnin digər mühüm tərəfi aqrar emal sənayesidir. Emal müəssisələri fasiləsiz və standart keyfiyyətli xammala ehtiyac duyur. Pərakəndə və kiçik istehsal şəraitində eyni məhsulun keyfiyyəti, yetişmə vaxtı və tədarük həcmi arasında böyük fərqlər yarana bilər. Daha nizamlı istehsal sahələri isə fermerlə emal müəssisəsi arasında uzunmüddətli müqavilələrin bağlanmasını, məhsul istehsalının əvvəlcədən planlaşdırılmasını və dəyər zəncirinin daha dayanıqlı qurulmasını asanlaşdırır.

Bu baxımdan torpaqların konsolidasiyası yalnız torpaq siyasəti deyil. O, eyni zamanda ərzaq təhlükəsizliyi, aqrar emal, regional inkişaf və ixrac siyasəti məsələsidir. İstehsal sahələrinin səmərəli təşkili kənd təsərrüfatında yaradılan dəyərin artırılmasına və kənd əhalisinin gəlir imkanlarının genişlənməsinə xidmət edə bilər.

Almaniya, Niderland, Danimarka, Türkiyə və Şimali Makedoniya kimi ölkələrin təcrübəsi göstərir ki, uğurlu konsolidasiya yalnız torpaq sahələrinin sərhədlərinin dəyişdirilməsi ilə başa çatmır. Proses kənd yollarının çəkilməsi, suvarma və drenaj sistemlərinin yenilənməsi, kadastr məlumatlarının dəqiqləşdirilməsi, torpağa çıxışın yaxşılaşdırılması və kənd ərazilərinin ümumi inkişafı ilə əlaqələndirilir. Başqa sözlə, konsolidasiya xəritə üzərində aparılan sadə texniki dəyişiklik deyil, kənd təsərrüfatının istehsal məkanının yenidən təşkilidir.

Xarici təcrübənin Azərbaycan üçün əsas dərsi budur: torpağın sahəsini böyütmək hələ öz-özlüyündə inkişaf demək deyil. Konsolidasiya yol, suvarma, meliorasiya, logistika, aqrar xidmətlər və bazara çıxış imkanları ilə tamamlanmalıdır.

Qanunun qəbul edilməsi mühüm başlanğıcdır, lakin nəticəni əsasən tətbiq mexanizmi müəyyən edəcək. İlk növbədə mülkiyyətçilərin razılığı formal deyil, real olmalıdır. Fermer hansı torpağı verdiyini, hansı torpağı aldığını və bu dəyişiklik nəticəsində hansı iqtisadi üstünlüklər əldə edəcəyini əvvəlcədən aydın şəkildə bilməlidir.

Torpaqlar yalnız hektar göstəricisinə görə müqayisə edilməməlidir. Torpağın münbitliyi, su təminatı, yerləşməsi, relyefi, yola və bazara çıxışı onun real dəyərinə ciddi təsir göstərir. Suvarılan və yol kənarında yerləşən bir hektar torpaqla su təminatı zəif və əlçatmaz ərazidə yerləşən bir hektar torpağı bərabər hesab etmək olmaz. Buna görə qiymətləndirmə müstəqil, peşəkar və şəffaf aparılmalıdır.

Konsolidasiya layihələrinin əvvəlcə seçilmiş rayonlarda pilot qaydada həyata keçirilməsi daha məqsədəuyğun olardı. Bu, mümkün çatışmazlıqları vaxtında görməyə, fermerlərin münasibətini öyrənməyə və tətbiq qaydalarını təkmilləşdirməyə imkan verər. Pilot ərazilər seçilərkən torpaqların parçalanma səviyyəsi, suvarma imkanları, istehsal ixtisaslaşması və fermerlərin prosesdə iştirak marağı nəzərə alınmalıdır.

Kiçik torpaq mülkiyyətçilərinin prosesdən kənarda qalmasına da yol verilməməlidir. Konsolidasiya yalnız torpağın satılması və ya iri təsərrüfatın mülkiyyətinə keçməsi demək deyil. Mülkiyyət hüququ saxlanılmaqla torpaq mübadiləsi, uzunmüddətli icarə, kooperativ istehsal və birgə texnika xidmətləri kimi müxtəlif mexanizmlərdən istifadə etmək mümkündür.

Milli Məclisdə qəbul edilən dəyişikliklər Azərbaycan kənd təsərrüfatının uzun müddətdir mövcud olan struktur problemlərindən birinin həllinə real imkan yaradır. Düzgün və şəffaf tətbiq edilərsə, torpaqların konsolidasiyası məhsulun maya dəyərini azalda, fermer gəlirlərini artıra, emal sənayesinin xammal bazasını gücləndirə və kənd təsərrüfatının rəqabətqabiliyyətini yüksəldə bilər.


Yunus SADIQOV, 

ETN İqtisadiyyat institutunun şöbə müdiri, iqtisad elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ozon çirklənməsi Amazon meşələrinin CO₂ udma qabiliyyətini azaldıb  

18:04
07 Oktyabr

“Instagram”ın yeni funksiyası araşdırılır

17:57
07 Oktyabr

“Səbail”dən hücuma yeni silah Serbiyadan gəldi

17:47
07 Oktyabr

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

17:16
07 Oktyabr

 Google ABŞ-də 11 nüvə reaktorunun modernləşdirilməsinə sərmayə qoyur

17:06
07 Oktyabr

Bratislava ilə Bakı arasında turizm körpüsü

17:03
07 Oktyabr

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

16:55
07 Oktyabr

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

16:46
07 Oktyabr

Qlobal iqlim təhlükəsizliyində Azərbaycan nümunəsi

16:31
07 Oktyabr

Beynəlxalq idman ictimaiyyətinin Azərbaycana olan yüksək etimadının əyani göstəricisi

16:22
07 Oktyabr

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

16:17
07 Oktyabr

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir  

16:10
07 Oktyabr

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  

16:07
07 Oktyabr

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

16:04
07 Oktyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

16:02
07 Oktyabr

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

16:01
07 Oktyabr

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir  

15:54
07 Oktyabr

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib  

15:52
07 Oktyabr

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb  

15:49
07 Oktyabr

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

15:37
07 Oktyabr

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB 

15:37
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!